Məhkəmə qərarları › İş №2(103)-1849/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1849/2022

30.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1849/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-3867/21) iddia təmin olunaraq Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/ynın 275 saylı bağ sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı ******* №-li çıxarış ləğv olunmuşdur. Cavabdehlər qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 10 sentyabr 1983-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bundan sonra o, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 25 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunmuş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin ½ hissəsinə onun, ½ hissəsin isə Cavabdeh2 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh1 mübahisəli bağ sahəsinin 24 fevral 2019-cu il tarixli müqaviləyə əsasən ona bağışlandığını və bununla da həmin daşınmaz əmlakla bağlı əmlak maraqları yarandığını bildirərək Xətai Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin həmin şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktları ilə maraqlarına toxunan şəxs kimi Ali Məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin sədri Mülki Prosessual Məcəllənin 403-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təqdimat vertmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi qismən – mübahisəli bağ sahəsində payların müəyyən edilməsi hissəsində ləğv olunmuş və yeni apellyasiya baxışına göndərilmişdir. O, Cavabdeh2 ilə rəsmi nikahda olduqları vaxt, yəni 05 iyun 2018-ci il tarixdə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/ynın 275 saylı bağ sahəsinin satılmasına, bağışlanmasına etirazının olmaması ilə bağlı ərizə vermiş və həmin ərizə Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. Nikahları pozulduqdan sonra o, 12 dekabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə əmlaklarda, o cümlədən mübahisəli bağ sahəsində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda, iddianın təmini tədbiri kimi həmin əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iş üzrə keçirilən məhkəmə iclasında iştirak edərək izahat vermiş, lakin 25 fevral 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı elə həmin tarixdə ərizə yazmış, məhkəmə iclasından bir gün əvvəl – 24 fevral 2019-cu il tarixdə bağ sahəsini qardaşı – iş üzrə digər Cavabdeh1 bağışlamışdır. Göründüyü kimi, daşınmaz əmlakın bağışlanması müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış olsa da, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirməmiş və görünüş üçün bağlanmış, müqavilənin bağlanmasında məqsəd bağ evini Cavabdeh1 mülkiyyətinə keçirmək, bununla həmin əmlakı birgə nikah dövründə əldə edilmiş əmlak siyahısından çıxarmaq olmuşdur. Əgər Cavabdeh2 mübahisə predmeti olan bağ sahəsini bağışlamaq niyyətində olsa idi, bunu daha əvvəl edə bilərdi. Beləliklə, Cavabdeh2 mübahisəli əmlakın bölünməsi ilə bağlı məhkəmənin icraatında işin olduğunu bildiyi və şəxsən məhkəmə iclasında iştirak etdiyi halda, məhkəmə iclasından bir gün əvvəl həmin əmlakı bağışlamaqda əsl niyyəti hədiyyə alan – Cavabdeh1 zənginləşdirmək olmamışdır. Bundan başqa, Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin məzmunundan görünür ki, o, mübahisəli əmlakın bağışlanmasını şikayətində qeyd etməmiş, şikayətinin dəlillərini bölünmüş əmlakın artıq bağışlanması ilə deyil, iddia ərizəsində göstərilən əmlakların onun şəxsi vəsaiti hesabına alınması ilə əsaslandırmış, apellyasiya şikayətinin qoşmasına bağışlama müqaviləsini əlavə etməmişdir. Eyni zamanda, Cavabdeh2 apellyasiya baxışı zamanı da bağ sahəsinin bağışlanmasına dair məhkəməyə sənəd təqdim etməmiş, bu hal məhkəmə baxışı zamanı müəyyən edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsində öz əksini tapmamışdır. 2020-ci ilin iyul ayında isə Cavabdeh1 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş və apellyasiya şikayətində göstərmişdir ki, iddiaya baxılan zaman işdə iştirak etməyə cəlb edilməmiş, mülkiyyətində olan mübahisəli bağ sahəsi onun xəbəri və məlumatı olmadan bölünmüşdür. Bağışlama müqaviləsi məhkəmə qətnaməsinin çıxarılmasından bir gün əvvəl bağlanmış, növbəti gün – 25 fevral 2019-cu il tarixdə Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq yataq vəziyyətində olduğundan, həmin tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, mübahisəli əmlakın bağışlanması ilə bağlı məhkəməyə məlumat verməmişdir. Bununla da, Cavabdeh2 məqsədi əmlakın bağışlanmasını məhkəmədən gizlətmək olmuşdur. Eyni zamanda, Cavabdeh1 müqavilə bağlanan anda bağışlanan əmlakla bağlı məhkəmə mübahisəsindən xəbərsiz olması inandırıcı deyildir və onun hazırda həmin qətnaməni mübahisələndirməsi əsassızdır. Göründüyü kimi, cavabdehlər müqaviləni sırf görünüş üçün bağlamış, onların müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətləri olmamışdır. O, mübahisəli əmlakın bağışlanmasından Cavabdeh1 iş üzrə üçüncü şəxs qismində cəlb edilmə və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə ərizəsi üzrə keçirilən 30 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında xəbər tutmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi və Bakı şəhəri Xətai rayonunda yerləşən iki otaqlı mənzil onun öz şəxsi vəsaiti hesabına alınmış, iddiaçı əmlakların alınmasına heç bir vəsait xərcləməmişdir. İddiaçının həmin əmlaklar üzərində heç bir hüququ olmasa da, əmlakların aralarında bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. Belə bir iddia qaldırılandan sonra o, məcbur olub iddiaçının əvvəllər verdiyi razılıq ərizəsi əsasında bağ sahəsini qardaşı Cavabdeh1 bağışlamışdır ki, qardaşı yaşlı vaxtında ona qulluq etsin. İddiaçının bağ sahəsi üzərində heç bir hüququ yoxdur, o, öz əmlakını qardaşına bağışlamışdır. Ona görə də hesab edir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh1 da iddia qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsini təxminən bir neçə il əvvəl öz şəxsi vəsaiti hesabına 7000 manata almışdır. Lakin bağ sahəsini öz adına rəsmiləşdirə bilmədiyindən bacısı İradənin adına almışdır. Bacısı ilə münasibətləri həmişə çox yaxşı olmuşdur, hazırda da belədir. Bir müddət bundan əvvəl bacısı ilə İdrisin münasibətləri pisləşmiş və onlar boşanmışlar. X1rşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, bacısının ailə münasibətlərinin pisləşməsindən, İdrisin əmlak tələbinə dair iddiasından məlumatlı olmuşdur. Mübahisəli bağ sahəsi faktiki olaraq ona məxsus olduğundan İradə həmin bağ sahəsini ona bağışlamaqla, əmlakını özünə geri qaytarmışdır. O, bağışlama müqaviləsi bağlanan zaman bağ sahəsinin bölünməsi ilə bağlı məhkəmənin icraatında işin olmasını bilmişdir. İdrisin bağ sahəsinin bağışlanmasından xəbəri olmamışdır. Bağ sahəsinin bölünməsi ilə bağlı qətnamənin olmasını yaxın vaxtlarda bilmiş və qətnamədən apellyasiya şikayəti vermişdir. Hesab edir ki, bağ sahəsi onun öz vəsaiti hesabına alındığından onun əmlakıdır, ona görə də bağışlama müqaviləsi tam qanunidir. Cavabdehlərin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, bağışlama müqaviləsi 24 fevral 2019-cu il tarixdə bağlanmış, iddiaçı isə iddia ərizəsini 2021-ci ildə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı onun atası, Cavabdeh2 anası, digər Cavabdeh1 isə dayısıdır. Mübahisəli bağ sahəsi valideynlərinə məxsus olmuşdur. Torpaq sahəsi dörd tərəfdən mişar daşları ilə hasara alınmışdır, dəmir darvazası vardır. Torpaq sahəsində bir mərtəbəli 3 otaqlı yarımçıq tikili vardır, pəncərələri yoxdur. Atası ilə anası ailə münasibətləri pisləşdiyindən boşanmışlar. Boşanandan sonra atası Dübəndidə yerləşən bağ sahəsinin və Xətai rayonundakı mənzilin bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmış və həmin əmlaklar valideynləri arasında bölünmüşdür. Atasının vəkili keçən il sentyabr ayının 30-da ona zəng edərək bildirmişdir ki, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında məlum olmuşdur ki, anası məhkəmə mübahisəsi gedən zaman bağ sahəsini dayısı Zeynala bağışlamışdır. Bundan sonra o, dayısıgilə gedərək, ondan bu barədə soruşmuş, o isə “mən bilmirəm, get anandan soruş” demişdir. Bu zaman dayısının arvadı da onların yanında olmuş və o Zeynala “görürsən, sənə dedim vaxtında bunu İdrisə de, əvvəl-axır bu işin üstü açılacaq” demişdir. O, evə gələrək dayısı ilə olan söhbəti atasına danışmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, sübutları düzgün qiymətləndirilməmiş və nəticədə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən 1 illik kəsici müddətin buraxıldığını nəzərə almamışdır. Belə ki, bağışlama müqaviləsi 24.02.2019-cu il tarixdə bağlansa da, hazırkı iş üzrə iddia bundan bir il sonra qaldırılmışdır. Cavabdehlərin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh2 10 sentyabr 1983-cü ildə rəsmi nikaha daxil olmuş, 16 oktyabr 2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Nikah pozulduqdan sonra İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 25 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunmuş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin ½ hissəsinə onun, ½ hissəsin isə Cavabdeh2 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonradan iddiaçının keçmiş qaynı və cavabdehin qardaşı olan Cavabdeh1 mübahisəli bağ sahəsinin 24 fevral 2019-cu il tarixli müqaviləyə əsasən ona bağışlandığını və bununla da həmin daşınmaz əmlakla bağlı əmlak maraqları yarandığını bildirərək işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktları ilə maraqlarına toxunan şəxs kimi Ali Məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin sədri Mülki Prosessual Məcəllənin 403cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təqdimat vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi qismən – mübahisəli bağ sahəsində payların müəyyən edilməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya baxışında olan həmin işin icraatı hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İşdən həmçinin görünür ki, mübahisəli bağ sahəsinin bağışlanması müqaviləsi ərarvad arasında əmlak bölgüsünə dair iş üzrə qətnamə çıxmazdan bir gün əvvəl, yəni 24 fevral 2019-cu il tarixdə bağlanmışdır. Müqavilə bağlanarkən iddiaçının Cavabdeh2 ilə rəsmi nikahda olduqları vaxt, yəni 05 iyun 2018-ci il tarixdə verdiyi razılıq ərizəsi əsas götürülmüşdür. Cavabdeh2 həmin ərizədən birgə nikah dövründə, yəni ərizənin yazıldığı 05 iyun 2018-ci il tarixdən məhkəməyə müraciət etdiyi 12 dekabr 2018-ci il tarixədək keçən müddət ərzində istifadə etməmiş, həmin ərizə əsasında bağ sahəsinə dair hər hansı əqd bağlamamışdır. Yalnız rəsmi qaydada boşandıqdan sonra tərəflər arasında əmlak bölgüsünə dair mübahisəyə baxılarkən məhkəmə qətnaməsi çıxmazdan bir gün əvvəl o, bağ sahəsini qardaşına bağışlamışdır. İddiaçının tələbi mübahisəli bağ sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv oolunması barədədir. İddiaçının fikrincə, bağışlama müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış olsa da, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirməmiş, görünüş üçün bağlanmış, müqavilənin bağlanmasında məqsəd bağ evini Cavabdeh1 mülkiyyətinə keçirməklə həmin əmlakı birgə nikah dövründə əldə edilmiş əmlaklar siyahısından çıxarmaq olmuşdur. Əgər Cavabdeh2 mübahisə predmeti olan bağ sahəsini qardaşına bağışlamaq niyyətində olsa idi, bunu daha əvvəl də edə bilərdi. İddiaçı həmçinin göstərmişdir ki, müqavilə bağlanarkən Cavabdeh1 həmin bağ sahəsinə dair məhkəmə mübahisəsindən xəbərdar olmuşdur. Cavabdehlər müqaviləni sırf görünüş üçün bağlamış, onların müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətləri olmamışdır. O, mübahisəli əmlakın bağışlanmasından Cavabdeh1 iş üzrə üçüncü şəxs qismində cəlb edilmə və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə ərizəsi üzrə keçirilən 30 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında xəbər tutmuşdur. Cavabdeh2 iddiaya etirazını mübahisəli bağ sahəsinin əldə edilməsində iddiaçının heç bir rolu olmadığı, bağ sahəsinin onun öz şəxsi vəsaiti hesabına alınması ilə əsaslandırmışdır. Digər Cavabdeh1 isə iddiaya etirazını mübahisəli bağ sahəsinin faktiki olaraq ona məxsus olması, bağışlama müqaviləsi bağlanmaqla əmlakının özünə qaytarıldığı ilə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, bağışlama müqaviləsi bağlanan zaman bağ sahəsinin bölünməsi ilə bağlı məhkəmənin icraatında işin olması ona məlum olmuşdur. Lakin iddiaçının bağ sahəsinin bağışlanmasından xəbəri olmamışdır Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır: Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mübahisəli bağ sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə ər-arvadın ümumi vəsaiti hesabına əvəzli əqd əsasında əldə edildiyinə görə ər-arvadın, yəni iddiaçının və Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab olunur. Qeyd olunan daşınmaz əmlakın arvad (Cavabdeh2) tərəfindən ərin (iddiaçının) razılıq ərizəsi əsasında öz qardaşına – Cavabdeh1 bağışlanması barədə müqavilə uydurma əqddir. Belə ki, həmin müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Lakin məhkəmə araşdırması zamanı cavabdehlər arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibətin olmadığı müəyyən edilmişdir. Belə ki, işin hallarından görünür ki iddiaçı Cavabdeh2 ilə aralarındakı nikah pozulduqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri əmlakların (Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin) bölünməsi tələbinə dair iddia ərizəsi, eyni zamanda, iddianı təmin etmə tədbiri kimi həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə ilə məhkəmə müraciət etmiş, bu hərəkətləri ilə də mübahisəli bağ sahəsinə dair vermiş olduğu razılıq ərizəsinin artıq onun iradə ifadəsinə zidd olduğunu nümayiş etdirmişdir. Cavabdeh2 məhkəmə iclasında mübahisəli bağ sahəsinin onun öz vəsaiti hesabına alındığını, iddiaçının həmin bağ sahəsində payının olmadığını, yaşlı vaxtında qardaşı – Cavabdeh1 ona baxsın deyə məcbur olub bağ sahəsini sonuncuya bağışladığını bildirmişdir. Digər Cavabdeh1 isə izahatında mübahisəli bağ sahəsinin məhz onun vəsaiti hesabına alındığını, lakin öz adına rəsmiləşdirə bilmədiyindən bacısı İradənin adına aldığını, bağışlama müqaviləsi bağlamaqla faktiki olaraq öz əmlakını geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 bağ sahəsinin onun tərəfindən alınmasına, əgər onun tərəfindən alınmışdırsa öz adına rəsmiləşdirməsinə mane olan halların nədən ibarət olmasına, bağ sahəsı alınan zaman ailəli olduğu halda, niyə bağ sahəsini öz ailə üzvlərindən birinin adına deyil, Cavabdeh2 adına almasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda, iddiaçının mübahisəli bağ sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmasından xəbərdar olduğunu bildirmişdir. Cavabdeh2 mübahisəli bağ sahəsini öz vəsati hesabına aldığını, Cavabdeh1 isə bağ sahəsini öz şəxsi vəsaiti hesabına aldığını və bacısının bağ sahəsini ona bağışlamaqla faktiki olaraq əmlakını özünə geri qaytardığını bildirməklə bir-birinə zidd izahatlar vermiş, bununla da müqaviləni vahid niyyətlə bağlamadıqlarını nümayiş etdirmişlər. Belə olan halda, Cavabdeh2 mübahisəli daşınmaz əmlakı heç bir əvəz almadan qardaşına – Cavabdeh1 bağışlamaq istəyində olması ağlabatan deyil. Bağışlama müqaviləsi bağlanan zaman Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında mübahisəli bağ sahəsinin və Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin bölünməsi ilə bağlı mülki iş olmuş, iş üzrə məhkəmə baxış iclasları 05 fevral və 25 fevral 2019-cu il tarixlərə təyin edilmiş, Cavabdeh2 05 fevral 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və 25 fevral 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə xəbərdar olunmuşdur. 25 fevral 2019-cu il tarixdə isə məhkəməyə ərizə ünvanlayaraq yataq vəziyyətində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Bir gün əvvəl isə 24 fevral 2019-cu il tarixdə mübahisəli bağ sahəsini qardaşı – Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 də bağışlama müqaviləsi bağlanan zaman bağ sahəsinə dair məhkəmənin icraatında məhkəmə mübahisəsinin olduğunu bilmişdir. Göründüyü kimi, bağışlamanın motivi hədiyyə verən Cavabdeh2 tərəfindən hədiyyə alanın, yəni Cavabdeh1 zənginləşdirilməsi deyil, mübahisəli bağ sahəsindən iddiaçıya düşəcək paydan sonuncunu məhrum etmək olmuşdur. Məhkəmə daha sonra qeyd etmişdir ki, əgər Cavabdeh2 bağ sahəsini öz qardaşına – digər Cavabdeh1 bağışlamaq niyyəti həqiqi olsa idi, bunu həmin bağ sahəsi ilə bağlı məhkəmənin icraatında iş olan zaman deyil, başqa vaxt edə bilərdi. Beləliklə, Cavabdeh2 bağışlamanın ağlabatan motivini izah etmədiyinə görə məhkəmə hesab etmişdir ki, bağışlamanın motivi barədə iddiaçının məhkəməyə bildirdiyi məlumat doğrudur. Cavabdeh2 bağ sahəsinin iddiaçı ilə aralarında bölünməsini istəmədiyinə görə onu öz adından çıxarıb və qardaşının adına keçirib. Göründüyü kimi, bağışlama müqaviləsinə əsasən bağ sahəsi formal olaraq Cavabdeh2 adından digər Cavabdeh1 adına keçirilmişdir. Göstərilən hallar təsdiq edir ki, bağışlama müqaviləsi yalnız görünüş üçün bağlanmışdır, ona görə də həmin müqavilə uydurma əqddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1. maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.3. maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1. maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun çoxsaylı qərarlarında əqdin etibarlılıq şərtləri ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Məhkəmə göstərilənlərlə yanaşı iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə də hüquqi qiymət verərək onu əsassız saymışdır. Belə ki, X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 354.1. maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2. maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar)». Hazırkı iş üzrə İddiaçı iddiası bağ sahəsinin bağışlanması müqaviləsinin uydurma əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan bağ sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlıdır. Məhkəmə bunu nəzərə alaraq cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsində Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşdırılmış olması ilə bağlı gəldiyi qənaəti əsassız hesab etmişdir. Bundan başqa, iddia müddətinin tətbiqi barədə ərizədə iddiaçının razılıq ərizəsi verilən vaxt, məhkəmə iclasında isə həmin ərizəni ləğv etdirdiyi vaxt bağışlama müqaviləsindən məlumatlı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan hissədə də ərizəyə hüquqi qiymət verərək qeyd etmişdir ki, işin tədqiq olunan hallarına əsasən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, bağışlama müqaviləsi Bakı şəhəri Xətai Rayon Məhkəməsində qətnamənin çıxarılmasından bir gün əvvəl – 24 fevral 2019-cu il tarixdə bağlanmış, Cavabdeh2 25 fevral 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı həmin tarixdə məhkəməyə ərizə göndərmişdir. Cavabdeh2 qətnamədən vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi əsası kimi bağışlama müqaviləsinin olmasını göstərməmiş, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasında bağışlama müqaviləsi barədə məlumat verməmiş, həm apellyasiya baxışı zamanı, həm də hazırkı iş üzrə keçirilən məhkəmə iclasında hər iki əmlakı - Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzili və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsini öz vəsaiti hesabına aldığını bildirmişdir. İş üzrə Cavabdeh1 isə məhkəmə iclasında bacısı – Cavabdeh2 ilə münasibətlərinin həmişə, hazırda da çox yaxşı olduğunu, bağışlama müqaviləsi bağlanan zaman mübahisəli bağ sahəsinin bölünməsi ilə bağlı iddiaçı və bacısı arasında məhkəmə mübahisəsinin olmasından xəbərdar olduğunu bildirmişdir. 2020-ci ilin iyul ayında isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, bağ sahəsinin bölünməsindən bu yaxınlarda məlumatlı olduğunu, həmin əmlakın öz vəsaiti hesabına alındığını və 24 fevral 2019-cu il tarixdə Cavabdeh2 tərəfindən ona bağışlandığını, əmlakın bölünməsi nəticəsində onun mübahisəli bağ sahəsi ilə bağlı əmlak maraqlarının yarandığını bildirmiş və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar 30 sentyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) məhkəməyə bağışlama müqaviləsini və çıxarışı təqdim etmiş və iddiaçının nümayəndəsi (vəkili) həmin məhkəmə iclasında qeyd olunan sənədlərin surətlərini rəsmi qaydada əldə etmişdir. Cavabdeh1 nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında işə baxılan zaman işə cəlb edilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Cavabdeh1 bacısı ilə həmişə mehriban münasibətdə olduğu, bağışlama zamanı mübahisəli bağ sahəsinin bölünməsi ilə bağlı məhkəmə mübahisəsinin olmasından xəbərdar olduğu halda, onun 2020-ci ilin iyul ayında məhkəməyə ünvanladığı ərizədə ona bağışlanan əmlakın bölünməsindən bu yaxınlarda xəbərdar olması ilə bağlı dedikləri həqiqətə uyğun deyildir. Göründüyü kimi, nə birinci, nə də apellyasiya instansiyasında mübahisəli bağ sahəsinin bağışlanması ilə bağlı cavabdehlər tərəfindən məhkəməyə məlumat verilməmiş, məqsəd əmlakın bağışlandığını məhkəmədən gizlətmək olmuşdur. İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən və birinci instansiya məhkəməsində işə baxılan müddətdə razılıq ərizəsi verdiyini unutmuş, apellyasiya məhkəməsinin icraatında işə baxılan zaman Cavabdeh2 həmin bağ sahəsi ilə bağlı hər hansı əqd bağlamasının qarşısını almaq məqsədi ilə 17 may 2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi-vəkili 27 iyul 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə göndərərək, məhkəmənin 14 iyul 2019-cu il tarixli qətnaməsinin icra edilməsi üçün icra şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu, eyni zamanda işə baxılan zaman bağışlama ilə bağlı hər hansı məlumatın olmadığı və məhkəməyə bu barədə sübut təqdim edilmədiyi halda, onun bağ sahəsinin bağışlanmasından məlumatlı olması ağlabatan və inandırıcı deyildir, eyni zamanda işin halları ilə təkzib olunur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbini bütünlüklə əsaslı saymışdır. Cavabdehlər məhkəmənin gəldiyi nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. Şikayətin əsas dəlilləri məhkəmə tərəfindən işin hallarının tam araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi, iddia müddətinin keçməsinin nəzərə alınmaması və nəticədə maddi hüquq normalarının düzgün tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin (kəsici müddətin) buraxılmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticəni maddi hüquq normalarına istinad etməklə düzgün əsaslandırmışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ilə Ali Məhkəmə sədrinin təqdimatı təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi qismən – mübahisəli bağ sahəsində payların müəyyən edilməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmənin həmin qərarından cəmi 7 gün sonra İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Qeyd olunan hal da iddiaçının müddəti buraxmadığını bir daha təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdehlər öz etirazlarının əsası kimi istinad etdikləri faktları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar