Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1852/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-386/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********10000 abonent hesabına aktlar əsasında 2017-ci il üzrə 604,80 manat, 2018-ci il üzrə 2004,40 manat, 2019-cu il üzrə 1409,40 manat, 2020-ci il üzrə 2743,20 manat, 2021-ci il üzrə 4240,80 manat, 2022-ci il üzrə 4086,72 manat olmaqla, cəmi 15089,32 manat məbləğində zərər hesablanmışdır.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3495/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Cavabdeh xeyrinə 447,60 manat məbləğində pul tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 15.385,33 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacı aktlar tərtib edilməklə əsassız olaraq böyük məbləğdə borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında sayğacdan kənar xətt istifadə olunması qaz itkisi kimi qiymətləndirilmişdir. Halbuki, Cavabdeh əməkdaşları onun qonşusunun sayğacını çəkərək, aktı onun sayğacına yazmışdırlar. Onun bu qanunsuz qoşulmadan və ümumiyyətlə bu hadisələrdən xəbəri olmamış, nə də ki, heç vaxt qeyri-qanuni qazdan istifadə etməmişdir. Lakin bütün bunlara baxmayaraq əsassız olaraq borc hesablanmış və ümumilikdə 15.385,33 manat borc yazılmışdır. Həmin qaz sayğacına qeyri-qanuni müdaxilə etmək imkanı və yaxud niyyəti olmamışdır.
5. Məhkəmə-trasaloji ekspertizasının 3-16-16/2-10/5851-9/6115-3/1247 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi aşkar edilməmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-386/2023 nömrəli, 22 noyabr 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000 olan sayğaca) hesablanmış 15.089,32 manat məbləğində borcun silinməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən mühəndis-texniki, trasaloji və mühasibat ekspertizası təyin edilmiş və həmin ekspert rəyinə əsasən iddiaçının ünvanında cavabdeh Birliyə məxsus qaz xəttindən başqa qeyri-qanuni hər hansı bir xəttin olması müəyyən edilməmişdir. Qaz xəttinə qeyri-qanuni qoşulmanın mövcud olmasını və iddiaçının təqsiri ucbatından qeyri-qanuni qaz sərfi nəticəsində itirilmiş qazın baş verməsini isə cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın iddiaçının hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. Bununla da «Qazdan istifadə Qaydaları» haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab etmişdir ki, tərtib edilmiş aktlar və hesablanmış borc əsassızdır.
8. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-386/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə tələbi müəyyən etmək üçün istehlak olunmuş qaz həcmini və ödənilmiş pul məbləğini müəyyən etmək üçün saldoya və çəkilmiş fotoşəkillərə diqqət etmiş olsa idi, obyektiv nəticəyə gələrək iddia tələbinin rədd etmiş olardı. Qeyd edilənlərə baxmayaraq, məhkəmə qətnaməsini iddiaçının ifadəsi üzərində tərtib edərək qəbul etmişdir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə bidirmişdir ki, 2022-ci ilin dekabr ayının 1-də tərəflər arasında bağlanmış müqavilədən də əvvəl iddiçının evində sayğac var idi. Həmin sayğac mexaniki sayğac idi. 2022-ci ildə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin dövrdə saldoda əks olunan borc 15.385 manat 33 qəpik olmuşdur. 10 il ərzində şəxs 828 manat 89 qəpik məbləğində təbii qazdan istifadə edir, bu ilə isə təqribi 80-82 manat pul düşür. İddiaçı bu borcdan cəmi 170 manat ödəniş edir, yerdə qalan borc isə 658 manat 89 qəpik təşkil edir. İddia verilən tarixə qədər yaranmış 14.726 manat 44 qəpik aktlar üzrə tərtib olunan borcdur. 658,89 manat isə debitor borcu qalmaqdadır. 10 il ərzində cəmi 170 manat borc ödəyir iki il ərzində qarşı tərəfin 1600-1800 manat debitor borcu yaranmışdır, ev həmin ev, ev sakinləri həmin sakinlərdir. Yəni 10 il ərzində istifadə olunan məbləğ, 1 il ərzində istifadə olunmuşdur
13. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, qarşı tərəfin dediklərini qəbul etmir. Sayğac bir neçə dəfə dəyişilmişdir. Birinci dəfə mexaniki sayğac idi, daha sonra elektron sayğac oldu, daha sonra yenidən mexaniki sayğac quraşdırıldı. Ev balaca evdir, orada kalonka vardır və birdə mətbəxdə qaz sobası vardır. Evdə gün ərzində demək olar ki, adam yoxdur. Hamı işdə, smendə olur, yaşayış minimum səviyyədədir. Bütün aktlar əsassız olaraq tərtib olunmuşdur, onların aktlardan xəbəri olmayıbdır. Qardaşı ailə həyatı qurandan sonra ailədə adam say çoxalmışdır. Qardaşı ailə qurandan sonra İran sobası əlavə olundu.
14. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilən hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
19.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
21.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 22.4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 23.4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 24.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 25.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
26.13-cü maddəsinin 8-ci bəndinə (köhnə redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 27.13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
28.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 29.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 30.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 31.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 32.Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir (261.0.2-ci maddəsi)
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında müxtəlif tarixlərdə tərtib olunmuş aktların surətindən görünür ki, evə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. 35.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 36.Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, müvafiq qaydalara uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı aydan bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini, 2022ci ilin may ayından sonra tərtib edilmiş aktların bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq quruma, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilmədiyini əsaslandırmaq vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
37. Bundan başqa iş materiallarına əlavə edilmiş 3-16-16/2-10/5851-9/6115-3/1247 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə, qaz sayğacından kənar xətlərin aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan başqa tədqiqat obyektinə baxış keçirilərkən, fərdi yaşayış evinin qaz xəttinin sayğacdan sonrakı hissələrinin birləşmə yerləri "xxxx" QSC-nin əməkdaşının istifadəsində olan qaznalizator cihazı ilə yoxlamalar aparılan zaman 5 hissədə qaz sızması halı aşkar edilmişdir. Fərdi yaşayış evində olan qaz avadanlıqları da, qazanalizator cihazı ilə yoxlanıldıqda qaz sızması halı aşkar edilməmişdir. 38.Beləliklə də məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hallara isə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Kollegiya cavabdehin verdiyi vəsatətə münasibətdə isə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3495/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi hazırki mülki işin icraatına xitam verilməsi üçün əsas deyildir.
41. Belə ki, istinad olunan qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «5.776,79 manat məbləğində borcun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Cavabdeh xeyrinə 447,60 manat məbləğində pul tutulması qət edilmişdir. Məhkəmə iddiaçı tərəfin cavabdeh tərəfindən qaz xəttinə və ya qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olmasını, müdaxilənin həmin şəxs tərəfindən edilməsini, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilmədiyini qeyd etmiş, abonent saldosuna əsasən cavabdehdən təbii qazdan istifadə etməsi ilə əlaqədar yaranmış 447,60 manat məbləğində pulun tutulmalı olması qənaətinə gəlmişdir.
42. MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.
43. Belə ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir.
44. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.
45. Yuxarıda sadalanları konkretləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki işin subyektiv tərkibi istinad olunan mülki işin subyektiv tərkibi ilə eyni olsa da, iddiaları fərdiləşdirən, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verən iki elementi: iddianın predmeti və onun əsası fərqlidir. Belə ki, oxşar iddia tələblərinin eyni predmetli və əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şəkildə qiymət verilməlidir. Hazırki halda da bu iki icraatın başlanmasına əsas olmuş iddiaların eyni predmet barəsində və eyni əsaslar üzrə olması qənaətinə gəlmək olmaz.
46. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-386/2023 nömrəli, 22 noyabr 2023cü il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova