Məhkəmə qərarları › İş №2(103)-1853/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1853/2023

25.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1853/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-nə qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri, işçiyə dəymiş ziyan, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş ziyanın və ödənilməyən əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2013-cü il tarixdən Cavabdeh ASC-də (rebrendinqdən öncə "xxxx" İKB ASC) bankın 8 saylı filialının müdir müavini, xx.xx.2017-ci il tarixdən filialın müdiri işləyib.

2. xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

3. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1288 saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" İKB ASC-nin 8 saylı filialının müdiri vəzifəsinə yenidən işə qəbul edilmişdir. Müqavilə 11 iyun 2018-ci il tarixdən 11 dekabr 2018-ci il tarixədək bağlanmışdır.

4. Tərəflər arasında müqaviləyə müddətin artırılması barədə əlavələrin sonuncusu - 5-ci əlavədən görünür ki, müqavilə 30 sentyabr 2019-cu il tarixdə bağlanmaqla, müqavilənin müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir.

5. Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 128/A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə İddiaçı (143303) – Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə son iş günü xx.xx.2020-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçılə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında işəgötürənin 01 iyul 2020-ci il tarixli 128/A saylı əmrinin və həmin əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsində 29-cu qeyd nömrəsi ilə yazılmış “Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, ona 01 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, 30 manat dövlət rüsumunun ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən - iddianın “müqaviləni müddətsiz bağlanmış hesab edilməsi, həmçinin məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ödənilməsi tələblərinin təmin edilməməsi” hissəsində ləğv olunaraq yenidən baxılması üçün göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv olunaraq həmin hissədə iddianın təmin edilməsi, tərəflər arasındakı əmək müqaviləsinin müddətsiz bağlanmış hesab olunması qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavəyə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1840 manat əmək haqqı, xx.xx.2021-cil il tarixdən etibarən isə 2300 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir.

12. Cavabdeh ASC-nin İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən xx.xx.2020-ci il tarixdə əməkdaşlara elektron məktub göndərilərək növbəti aydan, yəni oktyabr ayından əmək haqlarının əvvəlki səviyyəyə qaytarılacağı bildirilmişdir.

13. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1275 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yadıma görə İddiaçı tərəfindən 139 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 1281 nömrəli müqaviləyə əsasən 149 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 1591 nömrəli müqaviləyə əsasən 149 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 269 nömrəli müqaviləyə əsasən 149 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1261 nömrəli müqaviləyə əsasən 180 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 112 nömrəli müqaviləyə əsasən 150 manat ödənilməsi razılaşdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı (iddiaçı) Cavabdeh ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi iş buraxma dövrü) üçün orta əmək haqqının, məhkəmələrdə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi cəmi 980 manat xərcin, 07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləğinin (yəni 460 x 4 ay = 1840 manatın), mediasiyaya ödədiyi 60 manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2013-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixli 1100 K saylı əmrlə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi, xx.xx.2017-ci il tarixli 61/İT saylı əmrlə filialın müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli 54/A saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilmişdir. Belə ki, beş il fasiləsiz olaraq "Yelo Bank” ASC-də işləmiş, sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli əmək müqaviləsi təqdim etmiş, ailəsini fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzalamış və xx.xx.2018-ci il tarixli 53/Q saylı əmrlə yenidən 8 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir. Baxmayaraq ki, xx.xx.2013-cü tarixdən bankın əməkdaşı olmuşdur, amma cavabdeh tərəfindən əmək müqaviləsi yenə də qanuna zidd olaraq müddətli bağlanmışdır və hər dəfə qısa müddətlərə artırılmışdır. Səhhətində ciddi problemlər yaranmış, xəstəliyi ilə bağlı işdə olmadığı vaxt cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 128/A saylı əmrlə xitam verildiyi aydın olmuşdur. Qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət etmiş, xx.xx.2020-ci il tarixli qətnamə ilə iddia tələbi qismən təmin olunmuş, qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bununla da razılaşmayaraq Ali Məhkəməyə iddianın tam təmin olunması məqsədilə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iş yeni baxışa göndərilmişdir. Yeni baxışla bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmiş, qətnamədən cavabdeh bir daha kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixli icra vərəqəsi qətnamənin icrası məqsədilə Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Bununla da sübut olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və onun hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilən və qüvvəyə minmiş qətnamə bu günə kimi hələ də tam icra edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, onun dəymiş zərərlə bağlı iddiası yoxdur və iddiası olsa idi təmin edərdilər. Həmin qətnaməni 23 oktyabr 2021-ci ildə əldə etmiş, bundan sonra ona məlum olmuşdur ki, həmin iddianı verə bilər. Məcburi işburaxmaya görə ödənilən vəsaitlər aylar üzrə vaxtlı-vaxtında ödənilmədiyindən məcburi dövlət sosial sığorta üzrə ödəniş də vaxtında Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda olan fərdi şəxsi hesabına köçürülməmiş, beləliklə də pensiya üzrə kapital yığımı düzgün hesablanmayaraq hüquqları pozulmuşdur. Başqa sözlə, bankın günahı ucbatından həm 2020-ci ilin ikinci yarım ili (hesablanmış gross əmək haqqı 11 040 manat), həm də 2021-ci il üzrə tam (hesablanmış gross əmək haqqı 27 600 manat) ödənilməli məbləğlər ödənilmədiyindən indeksləşdirilməmişdir. Əmək haqqından tutulma 12,5 faizdir, həmin məbləğin 10 faizi DSMF-yə, 2,5 faizi sığortalara gedir, eyni vaxtda işəgötürən işçiyə görə pensiya fonduna pul ödəyir. Həmin 15 faizlə 10 faizi cəmləyəndə 25 faiz edir. Hazırda pensiya kapitalı ilə bağlı vəsaiti istifadə edə bilmir, lakin istənilən vaxt bu ola bilər.

16. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək bildirmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndə iddiaçıya müvafiq pul ödənilmişdir. Pensiya ilə bağlı hər bir işçinin kapitalı formalaşır və həmin kapitalı vətəndaş istifadə edə bilmir. Oraya köçürülən pulun nə vaxt ödənilməsinin heç bir fərqi yoxdur, onun üzrərinə nə faiz, nə də indeksasiya hesablanır. İşçi yalnız pensiyaya çıxanda ondan istifadə edə bilər, onların iddiaçıya hər hansı borcu yoxdur. Əgər borc qalsa idi icra məmuru icra işi ilə bağlı qərar qəbul edə bilməzdi. Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqovun yazıdığı sonradan çıxan hal deyildir, iddiaçı indi verdiyi formanı əvvəlki iddia ərizəsində verməli idi.

17. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, qanunu bilməmək hüquqları ötürməmək mənasına gəlmir, iddiaçı birinci tələblə bağlı məhkəməyə əvvəllər də müraciət etmişdir. Özü bilmirdisə vəkili bilməli idi ki, orta aylıq əmək haqqı ilə bağlı deyil, ziyanla bağlı tələb irəli sürülməlidir. Bu tələblə bağlı iddia müddəti 1 ildir və iddia müddəti ötürülmüşdür. Mübahisə ilə bağlı Ali Məhkəmənin 02 avqust 2021-ci il tarixli qərarı vardır, orada da Ali Məhkəmə əsaslandırıcı hissədə göstərmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən dəymiş ziyanla bağlı müraciət edə bilər. O müddətlə hesablayanda da müddət keçir. Birinci tələblə bağlı iddia müddəti keçmişdir və bununla bağlı ərizə təqdim etmişlər. Vəkilə ödənilən vəsaitlə bağlı tələb isə bu işlə bağlı deyil, bu 1-ci işə baxılarkən çəkilmiş xərclərlə bağlıdır. Qanuna əsasən iş üzrə çəkilmiş xərclər hansı mübahisə ilə bağlıdırsa orada istənilə bilərdi. 3-cü tələblə bağlı qeyd olunmalıdır ki, iddiçı işdən çıxarılmış, məhkəmə qərarı ilə işinə bərpa edilmiş və tam olaraq məbləğlər ona ödənilmişdir. Məhkəmə mübahisəsi olan zaman onlar ona əmək haqqı ödəyə bilməzdi. Məhkəmənin qərarı tam qanuni qüvvəsini alandan sonra onlar həmin məbləğləri tərəfə ödəmişlər, tam olaraq hamısını da qəbul etmişdir. 4-cü tələblə bağlı isə razılaşdırılmış müqavilə olmuşdur. 20 faiz 6 ay ərzində əmək haqqı endirilmişdir, tərəf özü də imzalamışdır. Ödəniş də olan zaman müqavilənin şərtlərinə uyğun hesablanaraq ödənilmişdir. Təmin olunmayan zaman mediasiya xərci iddiaçının üzərinə düşür. X10 qətnaməsində məhkəmə öz qərarını əsaslandırmışdır, iddiaçıya məsləhət verməmişdir ki, getsin yeni iddia qaldırsın. Əmək haqqının 6 ay ərzində azaldılması ilə bağlı müqaviləni iddiaçı mübahisələndirməmişdir. Müqavilə qüvvədə olmuş və iddiaçı müqavilənin etibarsızlığını tələb etməmişdir. 6 ay tamam olduqdan sonra isə əmək haqqı müqavilənin şərtlərinə uyğun olaraq yenidən 20 faiz artırılmışdır. İddiaçının bildirdiyi kimi “işləsə idi, 2 aydan sonra bərpa ola bilərdi” məsələsi ilə bağlı bildirir ki, əmək müqaviləsi fərdi olaraq bağlanılmışdır, kollektiv əmək müqaviləsi olmamışdır. Hər şəxsə də fərdi münasibətdə hissə-hissə 3-4 aydan sonra yenidən artırılmışdır. Fərdi əmək müqaviləsi olduğu üçün bunların iddiaçıya aidiyyatı yoxdur.

18. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri üzrə işin icraatına xitam verilmiş, eyni tarixli qətnamə ilə iddia qismən təmin olunaraq 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi, İddiaçı hüququnun müdafiəsi ilə bağlı çəkdiyi xərcin əvəzi olan 330 (üç yüz otuz) manatın və ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 (əlli) manatın Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

19.1. Dəymiş ziyanın əvəzi olaraq orta əmək haqqının tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 2020-ci ildə işdən azad olunmasına və işə bərpa tələbi ilə 2020-ci ildə məhkəməyə müraciət etməsinə baxmayaraq orta əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qətnaməsinə istinad edərək bildirir ki, iddia müddətini ötürməmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçı orta aylıq əmək haqqının ödənilməsi tələbi üzrə 1 illik iddia müddətini ötürmüşdür. Çünki Əmək Məcəlləsinin 300.1-ci maddəsinin ikinci cümləsində “işçiyə iddiası üzrə dəymiş zərər məbləğinin ödənilməsi” imkanı da nəzərdə tutulmuşdur ki, həmin maddənin qeyd hissəsində də məhz “dəymiş zərərin məbləğinə” aydınlıq gətirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsində isə qeyd edilmişdir ki, iddiaçı 2020-ci ildə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmədiyindən məhkəmə məcburi işburaxma müddəti üçün orta əmək haqqının deyil, əmək haqqının tutulmasını qət etmişdir. 19.2. İddiaçı hüquqi yardım üçün ödənilmiş pulun əvəzini tələb etməkdə haqlıdır. Lakin hazırkı halda iddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə bağlanmış hüquqi xidmət haqqında müqavilələr üzrə iddia müddətini ötürmüşdür. Belə ki, o, bir il ərzində bununla bağlı məhkəməyə müraciət etməli idi. Çünki Əmək Məcəlləsinin 300-cü maddəsində vəkilin tutulmasına çəkilən xərc dəymiş zərər kimi qiymətləndirilir. Əmək qanunvericiliyinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bununla belə, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq cəmi 330 manat (180+150) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırki tələb üzrə 1 illik müddət keçməmişdir. Belə ki, mediasiya prosesi zamanı iddia müddətinin axımı dayanmışdır. Mediasiya Şurasının 2 saylı Mediasiya Təkilatının xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, tərəflərə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə bildiriş göndərilmişdir. 19.3. İddiaçı eyni zamanda 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı işlədiyi dövrdə əmək müqaviləsinə əlavə imzalanmış və iddiaçının əmək haqqısı azaldılmış, vəzifə maaşının xx.xx.2021-ci il tarixdən əvvəlki məbləğə qaytarılacağı bildirilmişdir. Lakin xx.xx.2020-ci il tarixdən əməkdaşlara oktyabr ayından əmək haqlarının əvvəlki məbləğə qaytarılacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə icra olunduqdan sonra iddiaçıya məlum olmuşdur ki, onun əmək haqqısı hesablanıb ödənilərkən artım nəzərə alınmamışdır. Məhkəmə iddiaçının işdən qanuna zidd olaraq azad olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı həmin dövrdə işləsə idi 2020-ci ilin oktyabr ayından artılımış məbləğə uyğun əmək haqqı alacaqdı. Buna görə də 2020-ci ilin oktyabr-dekabr ayları üzrə əmək haqqı - 1840 manatla 2300 manat arasında yaranmış fərq hesablanaraq iddiaçıya ödənilməlidir. 19.4. İddiaçı mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı 50 manat məbləğində ödəniş etmişdir. Bu halda cavabdehdən iddiaçının xeyrinə mediasiya xərcinin əvəzi olaraq 50 manat tutulmalıdır.

20. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Əmək Məcəlləsinin 16-cı, 296-cı, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, iddia müddətini ötürmüş olması barədə yanlış qənaətə gəldiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, Əmək Məcəlləsinin 300cü maddəsinin “Qeyd” hissəsində “dəymiş zərərin məbləği” ilə bağlı izahı nəzərə almadığını irəli sürmüşdür.

22. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçı ilə bank arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əmək haqqının azaldılması və artırılması ilə bağlı xx.xx.2020-ci il tarixdə əlavə imzalandığını nəzərə almamış, bu səbəblə iddiaçının 2020-ci ilin oktyabr-dekabr ayları üçün aylıq əmək haqqı arasında yaranmış fərqin ödənilməsi tələbi üzrə yanlış nəticəyə gəlmiş, həmin tələb üzrə iddia müddətinin ötürüldüyünə əhəmiyyət verməmiş, vəkilə ödənilən xərcin tutulması tələbini təmin edərkən də prosessual qanunvericiliyin tələbini pozmuş, həmin xərcin hazırkı mübahisə ilə bağlı deyil, əvvəlki mübahisələlərlə əlaqədar olduğunu və əlaqədar olduğu işlərə baxıldığı zaman tələb edilə bilinəcəyini nəzərə almamışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar

23. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı özünün apellyasiya şikayətini, Cavabdeh ASC-nin nümayəndəsi isə təmsil etdiyi hüquqi şəxsin şikayətini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

24. İddiaçı izahatlarında həmçinin bildirmişdir ki, iddia ərizəsini sonuncu dəfə dəqiqləşdirərkən müvafiq tələbi səhvən “2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləği cavabdehdən tutulsun” kimi yazılmış, əslində isə həmin tələb “2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləği cavabdehdən tutulsun” olmaqla qeyd olunan müddətin məhz 4 ayı əhatə etdiyi mötərizədə göstərilərək (460 x 4 ay = 1840 manat) kimi ifadə olunmuşdur. Buna görə də sözügedən tələbinin qeyd olunan məzmunda nəzərə alınmasını, 2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləğinin cavabdehdən tutulmasını xahiş edir.

25. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, əgər müəssisə işçini qanunsuz şəkildə, yəni təqsiri olmadan işdən çıxarımışdırsa, bu zaman işçiyə dəbbə pulu ödəməlidir. Dəbbə pulu orta aylıq əmək haqqının bir günə olan faizi şəklində ödənilməlidir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

27. Maddə 3 (5-ci bənd). Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

28. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

29. Maddə 172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

30. Maddə 177 (1-ci hissə). Orta əmək haqqı - işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

31. Maddə 177 (2-ci hissə). Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

32. Maddə 177 (3-cü hissə). 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

33. Maddə 177 (4-cü hissə). Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.

34. Maddə 177 (5-ci hissə). Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

35. Maddə 177 (6-cı hissə). Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

37. Maddə 296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

38. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. https://www.e-qanun.az/framework/46943

39. (2-ci hissə) İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ... 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər.

48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçının “07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri üzrə işin icraatına müvafiq qərardadla xitam verildiyindən və həmin qərardad mübahisələndirilmədiyindən, sözügedən tələblər üzrə gəlinən nəticə hazırkı apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə “hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinin təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməli, “2020-ci ilin oktyabrdekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi” hissəsində qətnamə dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

57. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

58. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

59. Kollegiya iddiaçının, “işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi iş buraxma dövrü)) üçün orta əmək haqqının tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin əsaslandığı halla, yəni onun iddia müddətini ötürmüş olması ilə razılaşır - belə ki, iddiaçı 2020-ci ildə işdən azad olunmuş, həmin iddia tələbi ilə isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

60. İddiaçının “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini 23 oktyabr 2021-ci ildə əldə etdikdən sonra dəymiş zərərlə bağlı iddianı verə biləcəyinin ona məlum olduğu” arqumenti ilə bağlı qeyd olunmalıdır ki, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

61. Nəzərə alınmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

62. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin “iddiaçı xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə bağlanmış hüquqi xidmət haqqında müqavilələr üzrə iddia müddətini ötürmüşdür” qənaəti ilə razılaşmır; belə ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir və tərəflər arasında əvvəllər baxılmış mübahisələr üzrə qərarlar qəbul edən məhkəmələrin prosessual qanunvericiliyin tələblərinə əməl etməməsinin məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz.

63. Buna görə də kollegiya hesab edir ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1275 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yadıma görə İddiaçı tərəfindən ödənilmiş 139 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 1281 nömrəli müqaviləyə əsasən ödənilmiş 149 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 1591 nömrəli müqaviləyə əsasən ödənilmiş 149 manat, 20 saylı Vəkil Bürosunun vəkili X4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 269 nömrəli müqaviləyə əsasən ödənilmiş 149 manat, yəni cəmi 586 manat da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

64. Kollegiya həmçinin hesab edir ki, iddiaçıya 2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin ödənilməsi üçün dispozitiv şərtlər mövcud olmuşdur. Belə ki, iddiaçının işdən qanuna zidd olaraq azad edildiyi qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir – bu isə o deməkdir ki, iddiaçı işdən çıxarılmasa idi, 2020-ci ilin sentyabr ayından etibarən artılımış məbləğə uyğun əmək haqqı alacaqdı.

65. İddiaçı iddia ərizəsində həmin tələbini “2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin ödənilməsi” kimi qeyd etsə də, tələb etdiyi məbləğə dair hesablamasından (460 x 4 ay = 1840 manat) aşkar şəkildə görünür ki, bu tələb əslində “2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin ödənilməsi” məzmununda olmuşdur; buna görə kollegiyanın qənaətinə görə qətnamə həmin hissədə müvafiq qaydada dəyişdirilməlidir.

66. Cavabdeh bankın apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarətdir və iddianın yuxarıda münasibət bildirilən hissələrində qətnamənin ləğvinə əsas ola bilməz.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5600/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi “hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinin təmin olunmayan hissəsində ləğv olunsun və həmin hissədə də iddia təmin edilsin. Hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən ödənilmiş cəmi 586 (beş yüz səksən altı) manat da Cavabdeh ASC-dən tutulub İddiaçı ödənilsin. Qətnamə “2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. 2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq əmək haqqı - 1840 manatla 2300 manat arasında yaranmış fərq Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumunun məbləği həmin ASC-nin özünə aid olunsun. Qətnamənin “işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi iş buraxma dövrü)) üçün orta əmək haqqının tutulması” tələbi üzrə hissəsindən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar