Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1854/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1854/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və akt əsasında hesablanmış 17432,84 manat borc iddiaçıdan tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 17432,84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında onun üçün 17432,84 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına bu məbləğdə müdaxilə etmək imkanı olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona yüksək məbləğdə əsassız olaraq borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Ona görə də, «Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona (abonent kodu: **********01520) əsassız hesablanmış 17432,84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********01520 olan sayğaca) hesablanmış 16611,74 manat məbləğində borcun silinməsi, 135 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 448.2-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 63.1, 77.1, 97.1, 97.5, 119.2, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyin tələblərindən müəyyən olunmuş zərər iddiaçının etirafında da öz əksini tapmasına baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır və tələbin çox hissəsini təmin etmişdir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün əlavə ekspertiza təyin edilməsizəruri və qaçınılmazdır. Belə ki, məhkəmə iclasına mülkiiş üzrə ekspertiza rəyi vermiş ekpsert məhkəmə iclasında verdiyi ifadə həmçinin tərtib olunmuş ekspertiza rəyində qeyd edilənlər tam olaraq aydın olmasa da mülki işə əlavə ekspertiza təyin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qanunsuz qoşulma halı mövcud olsa da, bu çoxdan baş vermişdir, dəqiq tarixini xatırlamır.
10. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2018-ci ilə qədər tərtib olunmuş aktlar hazırda onlarda yoxdur.
11. Mütəxəssis qismində apellyasiya baxışında və ondan öncəki iclasda iştirak edən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının müfəttişi X3 iş üzrə tərtib edilmiş mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
13. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
16. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə)
17. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)
18. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
19. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
20. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
21. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
22. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
24. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
25. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
26. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Cavabdeh tərəfindən iddianın təmin edilən hissəsi mübahisələndirilərək qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
35. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları tam və hərtərəfli aydınlaşdırılmamış, iddiaçının ünvanına qoşulan sayğacın tipi, həmin sayğacla bağlı mövcud qanunvericiliyə uyğun hesablanmalı olan məbləğlə cavabdeh birliyin iddiaçıdan tələb etdiyi borc məbləğinin üst-üstə düşüb-düşməməsi və digər məsələlərin aydınlaşdırılması məqsədilə hər hansı mütəxəssis rəyi alınmamışdır.
36. Apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.
37. Həmin rəydə qeyd edilmişdir ki, 1) ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin qaz xətti üzərində xx.xx.2020-ci il tarixində Zenner G-4T markalı **********5 saylı mexaniki tipli qaz sayğacı quraşdırılmış və bu barədə xx.xx.2020ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Qeyd edilən akt və istehlakçının abonent saldosundakı məlumatların təhlili göstərir ki, quraşdırıldığı xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qaz sayğacı işlək vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixində Zenner G-4T markalı, **********5 saylı mexaniki tipli qaz sayğacı nasaz olduğu üçün qaz xətti üzərindən çıxarılaraq GCZ G-4 markalı ******* nömrəli mexaniki tipli qaz sayğacı ilə əvəzlənmişdir. 2) Zenner G-4T markalı mexaniki tipli qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismar müddəti 10 il müəyyən edilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğalcları üçün dövrü yoxlama (növbəti yoxlama) müddəti 5 il müəyyən edilmişdir; 3) İddiaçıya məxsus fərdi yaşayış evi 2010-cu ildən etibarən Cavabdeh İB-də qeydiyyatda olmasına baxmayaraq təbii qazdan istifadəyə görə istehlakçı tərəfindən, ümumiyyətlə, ödəniş edilməmiş, yalnız 2022-ci ilin yanvar ayında 20 manat məbləğində ödəniş edilmişdir. Həmçinin abonent saldosunun təhlili zamanı məlum olur ki, abonentin 1638,71 manat məbləğində qaz sayğacının göstəricisinə əsasən yaranan borcu, 16612,05 manat məbləğində isə sayğacdan kənar qanunsuz qoşulma nəticəsində hesablanmış borcu mövcuddur. O cümlədən qeyd edilmişdir ki, qaz sərfiyyatına görə 2018-2023-cü illər ərzində müvafiq olaraq 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat, 2020-ci il üzrə 309,20 manat, 2021-ci il üzrə 1960 manat, 2022-ci il üzrə 1322,50 manat, 2023-cü ilin 1 ayı üzrə isə 105,84 manat hesablanmışdır.
38. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizasının təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/947 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edildi. Təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi.
39. Bütün yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi 3 istiqamətdə aparılmalıdır: 1) sayğacdan qeyri-qanuni istifadəyə görə 2018-ci ilədək (cavabdehin aktların mövcud olmadığını bildirdiyi tarixədək) hesablanmış borc məbləği; 2) 2018-2023-cü illər aralığında sayğacdan qeyri-qanuni istifadəyə görə hesablanmış borc məbləği; 3) cari qaz sərfiyyatına görə hesablanmış borc məbləği.
40. İlk növbədə kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsinin özünün də bildirdiyi kimi abonent saldosunda 2010-cu ildən 2018-ci ilədək sayğacdan qeyri-qanuni istifadə nəticəsində tərtib olunmuş aktlara əsasən hesablanmış borc məbləğlərinin əsaslandığı hər hansı sənəd və ya həmin tərtib edilmiş aktlar məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olmadığı bildirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının adına 2018-ci ilədək hesablanmış borc məbləğlərinin silinməsi ilə bağlı tələbi haqlı olmaqla apelyasiya şikayəti qeyd edilən hissədə təmin edilə bilməz.
41. Növbəti olaraq abonent saldosundan və tərtib edilmiş mütəxəssis rəyindən də göründüyü kimi abonentin adına 2018-2023-cü illər aralığında sayğacdan qeyri-qanuni istifadəyə görə tərtib edilmiş aktlara əsasən 2018-2023-cü illər ərzində müvafiq olaraq 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat, 2020-ci il üzrə 309,20 manat, 2021-ci il üzrə 1960 manat, 2022-ci il üzrə 1322,50 manat, 2023-cü ilin 1 ayı üzrə isə 105,84 manat hesablanmışdır. Həmin məbləğlərlə isə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü də apelyasiya baxışı zamanı müəyyən bir dövr ərzində sayğaca qeyriqanuni qoşulma halının mövcud olduğunu bildirmiş, lakin bunun dəqiq tarixini xatırlamadığını qeyd etmişdir. O cümlədən hələ 2018-ci il tarixdən etibarən qanunsuz qoşulmaya dair mütəmadi olaraq aktların tərtib olunmasına, qanunsuz qoşulma hallarının mövcud olmasına və dəymiş zərərin hesablanmasına dair məlumatlı olsa da, özü də bu halların davam etməsinə şərait yaratmış, əgər sayğacda nöqsan və ya qüsur var idisə belə, onun tərəfindən yeni sayğacın quraşdırılmasına dair cavabdehə edilən hər hansı rəsmi müraciət və ya digər tədbirlərə dair sübut iş materiallarında aşkarlanmamışdır. Bununla da iddiaçı özü də zərərin böyüməsinə, bir növ, şərait yaratmışdır.
42. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
43. Odur ki, kollegiya qeyd edilənləri nəzərə alaraq kollegiya iddiaçıya 2018-ci il üzrə 1966,80 manat, 2019-cu il üzrə 1966,80 manat (mütəxəssis rəyinə əsasən) məbləğində borcun hesablanması barədə iddia tələbinin əsassız olduğu qənaətinə gəlir.
44. İddia tələbinin 2020-2023-cü illər ərzində hesablanan borcun silinməsinə münasibətdə isə qeyd edir ki, hər nə qədər iddiaçı xarici ölkəyə getməzdən öncə cavabdeh birliyə sayğacın quraşdırılması ilə bağlı müraciət etməsə də, cavabdeh birliyin də qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri olmuş və zərərin böyüməsinə özləri də şərait yaratmışlar.
45. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
46. Lakin cavabdeh birliyin əməkdaşları qanunvericiliyin yuxarıda qeyd edilən normalarının göstərişlərinə əməl etməyərək qaz xəttini şəbəkədən ayırmamış və bununla da dəymiş zərərin artmasına bilavasitə özləri də təkan vermişlər.
47. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
48. Həmçinin kollegiya onu da qeyd edir ki, yuxarıda qeyd edilən mütəxəssis rəyindən göründüyü kimi yaranmış ümumi borcun 1638,71 manat məbləğində olan hissəsi qaz sayğacının göstəricisinə görə hesablanmış cari borca aid olduğundan və birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılma aparmayaraq həmin borcun məbləği 1183,66 manat qeyd edildiyindən kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla 1183,66 manat deyil, 1638,71 manat məbləğində sayğac göstəricisinə görə hesablanmış cari borc məbləğinin silinməsi də təmin edilməməlidir.
49. Beləliklə, kollegiya hesab edir ki, ümumi borc məbləği olan 17432,84 manat borcun 2018-2019-cu illər ərzində tərtib edilmiş aktlara əsasən hesablanmış 3933,60 (1966,80+1966,80) manat hissəsi və cari sərfiyyata görə hesablanmış 1638,71 manat məbləğində olan hissəsi, ümumilikdə 5572.31 manat borc məbləğinin silinməsi ilə bağlı iddia tələbi təmin edilməməli, qalan 11860,53 manat məbləğində borc isə silinməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********01520 olan sayğaca) hesablanmış 11860,53 manat (on bir min səkkiz yüz altmış üç manat əlli üç qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova