Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1857/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, Cavabdeh “X4 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 4555/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər «xxxx» ASC-yə və «X1 Korporasiyası» ASC-yə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun – yəni, İddiaçı adına rəsmiləşdirilərək «xxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində pulun götürülməsinə dair xx.xx.2013-cü il tarixli İ- 13/358 saylı kredit müqaviləsi, eləcə də xx.xx.2013-cü il tarixli İ-13/358 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X1 Korporasiyası» ASC xx xxxxxx 2013-cü il tarixdə guya ona zamin durmuş və o, guya ki, «xxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində kredit götürmüşdür. Guya o, həmin krediti ödəməmişdir və buna görə də, «X1 Korporasiyası» ASC guya zamin olduğundan məcbur olub onun əvəzindən banka kredit borcunu ödəmişdir. Guya o, xx xxxxxx 2013-cü il tarixdə İ-13/358 saylı kredit müqaviləsi əsasında «xxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində kredit götürmüşdür və bu prosesdə «X1 Korporasiyası» ASC ona zamin durmuşdur. Bu saxta fakt kökündən yanlışdır, o, heç vaxt hər hansı bir bankdan kredit götürməmişdir, heç kimi özünə zamin tutmamışdır, heç bir kassa mədaxil və məxaric sənədlərinə imza etməmişdir və heç vaxt onun ssuda hesabına «xxxx» ASC-nin Nərimanov filialından hər hansı məbləğ ödənilməmişdir. Baxmayaraq ki, xx xxxxxx 2013cü il tarixdə İ-13/358 saylı kredit müqaviləsinin 5.1-ci bəndində qeyd olunmuşdur ki, kredit vəsaiti borc alan müraciət etdiyi tarixdən 5 gündən gec olmayaraq borc verən tərəfindən borcalanın ssuda hesabına köçürülür və bu barədə dərhal borc alana məlumat verilir. Bu proseslərin heç biri baş verməmiş və həmin məbləğ «X1 Korporasiyası» ASC tərəfindən nəğdləşdirilərək götürülüb mənimsənilmişdir. O, hər hansı bankdan 45.904 manat 50 qəpik məbləğində kredit götürmək iqtidarında olsa idi, «Akkord» şirkətinin heç nəyə yaramayan təmirsiz mənzilini deyil, yaşamaq üçün hər bir şəraiti olan həyət evi alar və bu cür problemlərlə də üzləşməzdi. İddiası baxılarkən aşağıdakı vəsatətin təmin edilməsi zəruridir: 1) Onun, yəni İddiaçı adına rəsmiləşdirilərək, «xxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində pulun götürülməsinə dair xx.xx.2013-cü il tarixli İ-13/358 saylı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcverən borcalana 45.904 manat 50 qəpik məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürür, 5.1-ci bəndinə əsasən isə kredit vəsaiti borcalan müraciət etdiyi tarixdən beş gündən gec olmayaraq borcverən tərəfindən borcalanın ssuda hesabına köçürür və bu barədə dərhal borcalana məlumat verilir. Yuxarıda qeyd etdiyi kimi, o, hər hansı bir kredit məbləği almamışdır, bu barədə onun məlumatı olmayıb və ona heç kim bu kredit barədə heç vaxt rəsmi xəbərdarlıq etməyib. Odur ki, onun adına açılan ssuda hesabının nə hesab olduğunu, həmin hesabda aktiv olan məbləğin digər hansı hesablara köçürülməsini, hansı hüquqi, yaxud fiziki şəxs tərəfindən həmin hesabda olan məbləğin götürülməsini və s. halları müəyyən etmək üçün «xxxx» ASC-nin Nərimanov filialından, eləcə də, «X1 Korporasiyası» ASC-dən 45.904 manat 50 qəpik məbləğində pula dair bütün mühasibat, xəzinə və digər hesabat sənədləri götürülməlidir. 2) Həmin müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2013-cü il tarixli İ-13/358 saylı kredit müqaviləsinin predmeti olan Bakı şəhəri Sabunçu rayonu 2595 saylı məhəllə, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 7 saylı binanın birinci blok, 16-cı mərtəbə, mənzil 186 (köhnə nömrəsi 158) iki otaqdan ibarət ümumi sahəsi 112,32 m2 olan mənzil üzrə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarış alındıqdan sonra rəsmiləşdiriləcək. Müqavilə üzrə təminat kimi qəbul olunmuş qeyd olunan mənzilin layihə-smeta sənədləri, eləcə də həmin mənzilin qeydiyyata alınması ilə bağlı bütün zəruri sənədlər «X1 Korporasiyası» ASC-dən və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-dən götürülməlidir. 3) Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti xx.xx.2023-cü il tarixdə bitir. Kifayət dərəcədə böyük bir zaman qalmasına baxmayaraq həmin məbləğin yerdəyişmələri baş vermişdir. Odur ki, «xxxx» ASC-nin Nərimanov filialından, eləcə də, «X4 İnvestisiya Korporasiyası» ASC-dən 45.904 manat 50 qəpik məbləğində pulun müqavilə müddəti bitməmiş, hesabdan hesaba köçürülməsini, yaxud guya zamin kimi geri qaytarılmasını zəruri edən hallar barəsində müvafiq maliyyə arayışları alınmalıdır. Hesab edir ki, yuxarıda qeyd olunan əqdlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 347-ci maddələrinə əsasəq etibarsız hesab olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4555/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər «xxxx» ASC-yə və «X1 Korporasiyası» ASC-yə qarşı «zaminlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4555/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, qətnaməni tam qanunusuz və əsasız hesab edir. Beləki verdiyi iddianın müdafiəsi ilə əlaqədar olaraq o, bir neçə dəfə Nəsimi rayon məhkəməsində olsa da, ondan asılı olmayan səbəblərdən məhkəmə prossesi baş tutmamışdır. Sonrakı vaxtlarda sərt karantin rejimi və himayəsində olan əlil azyaşlı övladının xəstə olması səbəbindən məhkəmədə iştirak edə bilməmişdir. Lakin buna baxmayaraq o, yazılı vəsatətini iddiası ilə birlikdə məhkəməyə təqdim etsədə məhkəmə onun vəsatətini ümumiyyətlə təmin etməmiş, nəticədə onun mənafeyinə tam zidd olan qanunusuz qərar qəbul olunmuşdur. İddiasına yenidən baxılarkən aşağıdakı vəsatətinin təmin edilməsi zəruri olduğunu qeyd etmişdir. İddiaçı adına rəsmiləşdirilərək, “xxxx” ASC-nin Nərimanov fılalından 45.904.5 manat məbləğində pulun götürülməsinə dair № İ-13/358 saylı. 25.1 1.2013-cü il tarixli kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən borcverən borcalana 45.904.5 manat məbləğində kredit xəttinin açılmasını öhləsinə götürür. 5.1-ci maddəsinə əsasən isə "Kredit vəsaiti borcalan müraciət etdiyi tarixdən beş gündən gec olmayaraq bocverən tərəfindən borcalanın ssuda hesabına köçürür və bu barədə dərhal borcalana məlumat verilir. Qeyd edir ki, o, hər hansı bir kredit məbləği almamış, bu barədə onun məlumatı olmamış və ona heç kim bu kredit barəsində heç vaxt rəsmi xəbərdarlıq etməmişdir. Odur ki, onun adına açılan ssuda hesabının nə hesab olduğunu, həmin hesabda aktiv olan məbləğin digər hansı hesablara köçürülməsini, hansı hüquqi yaxud fiziki şəxs tərəfindən həmin hesabda olan məbləğin götürülməsini və s. halları müəyyən etmək üçün xxxx ASC-nin Nərimanov filialından, eləcə də "X4 İnvestisiya Korporasiyası" ASC-dən 45.904.5 manat məbləğində pula dair bütün mühasibat, xəzinə və digər hesabat sənədləri götürülməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən "Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən № İ- 13/358 saylı, 25.11,2013-cü il tarixli kredit müqaviləsinin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, 2595 saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 7 saylı binanın, birinci blok, 16-cı mərtəbə, mənzil 186 (köhnə nömrəsi 158) iki otaqdan ibarət ümumi sahəsi 112.32 kv.m olan mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşımaz Əmlakin Dövlət Reyestirində çıxarış alındıqdan sonra rəsmiləşdiriləcək". Müqavilə üzrə təminat kimi qəbul olunmuş qeyd olunan mənzilin lahiyə-smeta sənədləri, eləcədə həmin mənzilin qeydiyyata alınması ilə bağlı bütün zəruri sənədlər "X4 İnvestisiya Korporasiyası" ASCdən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətindən götürülməlidir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən kredit vəsaitindən isifadə müddəti xx.xx.2023-ci il tarixində bilir. Kifayət dərəcədə böyük bir zaman qalmasına baxmayaraq həmin məbləğin yerdəyişmələri baş vermişdir. xxxx ASC-nin Nərimanov filalından, eləcədə "X4 İnvestisya Korporasiyası" ASC-dən 45.904,5 manat məbləğində pulun müqavilə müddəti bitməmiş, hesabdan hesaba köçürülməsinin, yaxud güya zamin kimi geri qaytarılmasının zəruri edən hallar barəsində müvafiq maliyyə arayışlarının alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X4 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə “X4 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsi olub. Bu zaman bankla onların aralarındakı razılığa əsasən onlar mənzili alan şəxs kimi zamin durmuşlar.Bunlar qanun qüvvəsini almış məhkəmə qətnaməsi ilə də təsdiq olunur. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 9313/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1952/2018 saylı qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır) görünür ki, «X1 Korporasiyası» ASC-nin İddiaçı qarşı «müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən, hazırkı iş üzrə iddiaçının nümayəndəsi verdiyi izahatda İddiaçı ilə Cəmiyyət arasında mənzil alınması ilə bağlı müqavilə münasibətləri olduğunu, mənzilə görə pulun bir hissəsinin ödənildiyini, digər hissəsinin isə bankdan alınaraq ödənildiyini, ümumi ödənilən məbləğin 72.104 manat vəsait ödənildiyini, İddiaçı Cəmiyyətə mənzilə görə borcu olmadığını bildirmişdir. Apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş işin faktiki halları da eyni səpkili, eyni məzmunludur. Odur ki, Məhkəmə tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrini, həmçinin mənzil alğı-satqısı ilə bağlı müqaviləni qeyd etməyə zərurət görməmişdir. Hazırkı iş üzrə iddiaçı iddia tələbini əsaslandırarkən, cavabdehdən mənzil alınması üçün bankdan heç vaxt pul almadığını bildirsə də, bu, qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmiş işin faktiki halları ilə təkzib olunur. Qeyd edilən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-9313/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi hazırkı iş üzrə «X1 Korporasiyası» ASC ilə İddiaçı münasibətdə preyudisial xarakter daşıyır, “xxxx” ASC-yə münasibətdə sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçının iddia tələbi əsassızdır.İddiaçı nəinki istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim edə bilmir, əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktında təsbit olunmuş və yenidən sübut edilməsinə zərurət olmayan hallarla iddiaçının iddia tələbinin əsasının olmaması, iddia ərizəsinin subyektiv mülahizələrdən ibarət olması təsdiq olunur. Bundan başqa iddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 347-ci maddələrinə istinad edərək İddiaçı adına rəsmiləşdirilərək «xxxx» ASC-nin Nərimanov filialından 45.904 manat 50 qəpik məbləğində pulun götürülməsinə dair xx.xx.2013-cü il tarixli İ-13/358 saylı kredit müqaviləsi, eləcə də xx.xx.2013-cü il tarixli İ-13/358 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir Beləliklə, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş kəsici müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İşin faktiki hallarından görünür ki, İddiaçı tərəflər arasında olan digər mübahisələrə baxılan zaman, istərsə də bundan öncə onunla bank arasında kredit, onunla cavabdehlər arasında zaminlik müqaviləsinin bağlandığını bilirdi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə qanunla müəyyən olunmuş prosessual müddət ərzində deyil, bu müddəti üzrsüz səbəbdən ötürməklə – yalnız xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bu da, qanunvericiliyə görə iddianın təmin edilməməsi üçün digər əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsassız olmaqla yanaşı, iddia müddətinin ötürülməklə verildiyindən rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4555/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1857/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1857/2021
04.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver