Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1858/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cCavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4549/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Abonentin saldosuna əsasən, abonentə “qalıq və aktlar” bölməsində 2010-cu il üzrə 91,12 manat, 2011-ci il üzrə 152,20 manat, 2017-ci il üzrə 1216,40 manat, 2018-ci il üzrə 1840,20 manat, 2019-cu il üzrə 1164,60 manat, 2020-ci il üzrə 1025,50 manat və 2022-ci il üzrə 13,92 manat məbləğində, “o cümlədən qeyri ödənişlər” bölməsində 2020-ci ilin iyun ayı üzrə 2.897,82 manat məbləğində, “yeni tarifə keçid” bölməsində isə 2020-ci il üzrə 38,50 manat, 2021-ci il üzrə 0,16 manat, 2022-ci il üzrə 80,16 manat, 2023-cü il üzrə 24,56 manat və 2024-cü il üzrə isə 115,57 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi və ona (abonent kodu: **********200000) hesablanmış ümumilikdə 10.048,27 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2010-cu il tarixdə cavabdehlə «Qaz Paylayıcısı ilə X3 İstifadəçisi arasında qazın alqı satqısı» müqaviləsi imzalanmış və yaşadığı fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılaraq, əvvəlki sayğac çıxarılıb aparılmışdır. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında akt tərtib edilmişdir. 2010-cu ildən bu günə kimi qaz sayğacı bir neçə dəfə dəyişdirilmişdir. Hər dəfə sayğacın nə səbəbdən tez-tez dəyişdirilməsini cavabdehin əməkdaşlarından soruşduqda onların cavabı istismar müddətinin başa çatması olmuşdur. Sonuncu dəfə də cavabdeh tərəfindən 2020-ci il tarixdə sayğac dəyişdirilmiş və ona ümumilikdə 10.048,27 manat məbləğində borc hesablanmışdır. Həmin borcu ona sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdehə müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. O, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsir olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 4549/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-trasaloji ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1414 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 4549/2024 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi 102 saylı fərdi yaşayış evinə (abonent kodu: **********200000) dair İddiaçı hesablanmış 8.401,76 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, aktda qeyd edilən qazdan istifadə qaydalarının pozulması hallarının törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı maddi zərərin iddiaçıdan tələb etməsi əsassızdır. Bununla belə, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2010-cu ilin iyul ayından 2024-cü ilin fevral ayınadək 5.503,94 manat məbləğində borcunun olması qeyd edilmişdir. Həmçinin, abonent saldosunun “o cümlədən qeyri ödənişlər” bölməsində 2.897,82 manat məbləğində borcun olması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, 8.401,76 (5503,94 + 2897,882 = 8401,76) manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, abonent saldosunun “ayın sonuna borc” bölməsində 10.048,27 manat məbləğində borcun olması qeyd edilsə də, həmin borcun 4.401,88 manat hissəsi 2010-cu ilin iyul ayından 2024-cü ilin fevral ayınadək iddiaçının təbii qazdan istifadəyə görə hesablanmış sərfiyyat borcudur. Borcun 258,95 manat hissəsi isə yeni tarifə keçidlə əlaqədar olaraq iddiaçının abonent koduna hesablanmış borcdur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 6.7-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Bundan əlavə, mülki işə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, məhkəmə işin faktiki hallarını araşdırmayaraq iddian tələbini təmin etmişdir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbiiqazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa, abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə işin hərtərəfli araşdırlması üçün qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı. Göründüyü kimi, məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə təərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa görə cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən abonent İddiaçı hesablanmış 622,17 manat məbləğində borc silinməlidir.
20. İş materiallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğacla bağlı aktlar tərtib edilmiş və abonent tərəfindən sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadənin aşkarlandığı göstərilmişdir. Aktlara əsasən cavabdehə dəymiş ziyan hesablanaraq iddiaçının abonent saldosuna daxil edilmişdir.
21. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 10.048,27 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının abonent saldosunda qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 10.048,27 manat borc əks edilmişdir. ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçının abonent saldosuna 2010-2020ci illər ərzində 33 aktla 5.490,02 manat məbləğində borc daxil edilmişdir. 2012-ci ildən 2020-ci ilin may ayına qədər (2010-2011-ci illər üzrə ödənişlər barədə məlumatları əldə etmək mümkün olmadı) iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə qaz paylayıcısına cəmi 1404,4 m 3 qazın dəyərini təşkil edən 218,9 manat ödənilmişdir. Qeyd etmək lazımdır ki, sözügedən ünvanda quraşdırılmış mexaniki tipli qaz sayğacı 2021-2024-cü illər ərzində 15583 m3 qaz sərfiyyatını qeydə almışdır. Bu da orta illik qaz sərfiyyatının 3895.75 m3 olduğunu göstərir. Lakin, 2012-2020-ci illər ərzində iddiaçının orta illik qaz sərfiyyatı 165 m3 təşkil etmişdir, bu da real qaz sərfiyyatını əks etdirmir. Abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə (abonent saldosunun təhlili 2012-2020-ci illər ərzində bu faktı istisna etmir), qazpaylayıcısına dəymiş zərərin məbləği 5.303,20 manat ola bilər. İddiaçının 4.401,80 manat istehlak borcunun (2020-ci ilin may ayından 2024-cü ilin mart ayına qədər ünvanda quraşdırılmış mexaniki tipli qaz sayğacında keçən qazın dəyəri) olduğunu, iddiaçı tərəfindən 2012-2024-cü illər ərzində qazdan istifadəyə görə cəmi 278,90 manat ödəniş edildiyini nəzərə alsaq, qaz paylayıcısına olan borcun məbləği 5303,20 + 4401,80 -278,90 = 9.426,10 manat təşkil edə bilər.
23. Kollegiya qeyd edir ki, 2021-2024-cü illər ərzində iddiaçının orta illik qaz sərfiyyatı 3895.75 m3 təşkil etdiyi halda, 2012-2020-ci illər ərzində illik qaz sərfiyyatının 165 m3 təşkil etməsi (təqribən 23 dəfə az) və həmin illər ərzində təbii qazdan istifadəyə görə cəmi 218,9 manat məbləğində ödəniş edilməsi onu deməyə əsas verir ki, iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilmişdir.
24. Kollegiya iş üzrə alınmış ekspert rəyi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
25. Məhkəmə kollegiyası hesab edir ki, 2012-2020-ci illər ərzində iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi ilə bağlı izlərin xx.xx.2024-cü il tarixində ekspert tərəfindən aşkar edilməməsinin səbəbi kifayət qədər uzun müddət ərzində izlərin havanın, suyun və s. təsirinə məruz qalaraq itməsi ola bilər.
26. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış borcun 622,17 manatı (10.048,27 – 9.426,1= 622,17) silinməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4549/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********200000) hesablanmış 622,17 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: