Məhkəmə qərarları › İş №2(103)-1859/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1859/2022

15.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1859/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-698/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı ünvan 1 ünvanında onun divarına bitişik inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında onun və ailə üzvlərinin yaşadığı ünvanda qonşuluqda yaşayır. Belə ki, hasar qonşusu olsa da, faktiki olaraq onun tərəfindən hasar çəkilməmişdir, yalnız tərəfindən tikilmiş ev aralarında hasar rolunu oynayır. Cavabdeh tərəfindən isə hasarına demək olar ki, bitişik əlavə tikili inşa etmişdir ki, yağan yağış və qar suyu həmin tikilinin damından onların həyətinə tökülur, bununda nəticəsində məhlələri suyun içində olur. Həmçinin qeyd edilən tikilinin üzərinə yığılan yağıntı yaşadıqları evin divarınında nəm olmasına səbəb olur ki, bu da öz növbəsində evdə nəmişlik yaradır. Faktiki olaraq həmin tikili cavabdeh və onun ailə üzvləri tərəfindən köməkçi sahə kımi istifadə olunduğundan və yaşadıqları evdən aralı yerləşdiyindən dəfələrlə xahiş etmişdir ki, həmin tikilini sökərək bir qədər hasardan aralıda tikilsin. Lakin cavabdeh müraciətinə əhəmiyyət vermədiyindən məhkəmə qaydasında həmin tikilinin sökülməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Əslində həmin tikilinin inşa olunması üçün müfaviq icazə də alınmamışdır. Hər bir halda cavabdeh tərəfindən köməkçi və ya qaraj kimi istifadə olunan tikili qanunsuz olaraq inşa olunmuş və ona məxus tikilinin zədələnməsinə, həyətinin isə suyun içində olmasına səbəb olur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-698/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert qarşısında qoyulan sualları düzgün cavablandırmayaraq rəydə yanlış məlumatlar qeyd etmişdir. Bu səbəbdən də istinad olunan ekspert rəyi tam və aydın olmamışdır. İddia tələbinin rədd olunması əsası kimi iddia predmeti olan tikiliyə dair 02.09.2020 – ci il tarixdə 04\4791 saylı texniki pasportun alınması və AR Şəhərsalma Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilməsi göstərilmişdir. Mübahisələndirilən qətnamədə iddianın rədd olunması üçün heç bir maddi hüquq normalarına istinad edilməmişdir. Mübahisələndirilən Qətnamənin 3 – cü səhifəsi 4,5 və 6 – ci abzaslarında iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlı mövqe bildirərək faktiki olaraq hesab etmişdir ki , belə bir iddianın qaldırılması üçün subyektiv hüquq olmamışdır. Bununla bağlı bildirilir ki, tərəflər arasında faktiki olaraq bir – birinə oxşar iki məhkəmə mübahisəsinə məhkəmələr tərəfindən fərqli qiymət verilir. Belə ki, 1 – ci mülki mübahisədə bu iş üzrə cavabdeh olan iddia ərizəsi məhkəməyə müraciət edərək bu işə üzrə iddiaçıya məxsus pəncərələrin onun həyətinə baxması səbəbi ilə bağlanması tələbi irəli sürür və belə bir tələbin irəli sürülməsi üçün heç bir subyektiv hüququ olmadığı halda məhkəmə iddianı təmin edir. Analoji iddia ilə bu dəfə digər tərəf müraciət edir və bu dəfə eyni məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququ yoxdur. Bu hal bir daha sübut edir ki , eyni instansiya məhkəmələri eyni məzmunlu iddialara fərqli qiymət verərək faktiki olaraq bu iş üzrə iddiaçıya qarşı hər iki işdə qərəzli mövqe nümayiş etdirmişdir. Bununla da Xəzər rayon məhkəməsi eyni məzmunlu iki mülki mübahisəyə fərqli qiymət verərək hər iki işdə mənim ziyanıma qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh S.Əlikoviç apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin yaşadığı ünvan 4 ünvanında onun evinin divarına bitişik inşa edilmiş tikilinin sökülməli olduğunu iddia edir. ünvan 5 ünvanda yerləşən evin texniki pasportu iddiaçının atası X1 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən verilmiş 12.06.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanına X3 mülkiyyət hüquqları qeydə alınmışdır. X5 18.02.2020-ci il tarixdə öldükdən sonra, Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli texniki pasport ünvan 4 ünvanına dair texniki pasport Cavabdeh adına tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2021-ci il, 10/2606 nömrəli ekspertiza rəyinə əsasən ünvan 4 ünvanında mübahisə predmeti olan tikilinin 02.09.2020-ci il tarixli 04/4791 nömrəli texniki pasportda qeyd edildiyi (əks olunduğu) müəyyən olunur. Mübahisə predmeti olan tikilinin faktiki yardımçı sahə (anbar) kimi istifadə olunmaqla iki hissədən ibarət olub, ümumi tikinti sahəsi 67,7 kv.metr təşkil edir. Cavabdeh Alikoviç yaşadığı ünvan 6 ünvanında mübahisə predmerti olan tikili faktiki olaraq, iddiaçıya məxsus tikilinin divarına bitişik olmayıb, iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri arasındakı sərhəd hasarına paralel sahədə (hasarın yaxınlğında) inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən, mübahisəli tikilinin xüsusi mülkiyyət kimi X4 adına qeydiyyata alındığını, eləcə də 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 02.09.2020-ci il tarixli texniki pasportda əks olunduğunu nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma-Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının hazırkı tələbi cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikilinin sökülməsi ilə bağlı olsa da, mülki işin materiallarından da göründüyü kimi mübahisəli tikili 02.09.2020-ci il tarixli 04/4791 nömrəli texniki pasporta və Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmişdir. Bu səbəbdən də, iddiaçının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququnun pozulmadığı və iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər-hansı hüququ və mənafeyi pozulmamışdır. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və mübahisə predmeti olan tikilinin sökülməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Odur ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Apellyator şikayətində subyektiv hüququn olub-olmamasına toxunur. Kollegiya bununla bağlı bir daha, əlavə olaraq, apellyatorun nəzərinə çatdırır ki, ümumiyyətlə iddiaçının yaşadığı və istifadəsində olan evin, ona məxsus olub-olmamasını təsdiqedici sənədləri iş materiallarına əlavə etməmişdir. İddiaçı yalnız yaşadığı evin texniki pasportunu iş materiallarına əlavə etmiş, həmin texniki pasport da onun atasının adına tərtib edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator tərəfindən iş üzrə tədqiq edilmiş ekspertiza rəyinin mötəbərliyini şübhə altına alacaq və ya onu təkzib edəcək hər hansı sübut təqdim edilməmişdir və cavabdehin hərəkətləri nəticəsində onun hansı hüquqlarının pozulması sübut olunmur. Bundan başqa apellyator tərəflər arasında eyni məzmunlu digər mübahisənin olduğunu da qeyd etmiş və bunu məhkəməyə apellyasiya şikayətinin dəlili kimi təqdim etmişdir. Apellyatorun bu dəlilini də münasibətdə kollegiya qeyd edir ki, eyni tərəflər arasında məhkəmə mübahisələri olsa da, iş materiallarına əvvəllər tərəflər arasında olmuş məhkəmə çəkişmələrinə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları əlavə olunmamışdır. Eyni tərəflər arasında məhkəmə mübahisələri mövcud ola bilər. Lakin, hər bir məhkəmə mübahisəsinin iddia predmeti fərqli olur, belə olan halda, əvvəlki məhkəmə çəkişmələri hazırki iş üzrə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin dispozisiyasının təsir dairəsinə daxil edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin mülahizələrinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-698/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar