Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1859/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «əsassız hesablanmış borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4127/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh ilə İddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13 mart 2020-ci il tarixli, 03-801 nömrəli müqaviləyə əsasən, İddiaçı məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.
2. Abonentin saldosuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı **********04020 nömrəli abonent hesabına qazdan istifadəyə görə 10281,60 manat borc yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********04020) hesablanmış 10281,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh təşkilat tərəfindən qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişdir. Cavabdeh təşkilat 31 yanvar 2023-cü il və 28 aprel 2023-cü il tarixlərdə akt tərtib etmiş və aktda qeyd edilir ki, guya təbii qazdan sayğacadan kənar qeyri-qanuni istiafdə edilmiş və ona görə də 10281,60 manat borcu vardır. Həmin borcu əsassız hesab edir və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır və təbii qazdan hər hansı kənar xətt vasitəsi ilə istifadə edilməmişdir. Bundan başqa hal-hazıra kimi əsassız olaraq borca görə tutmalar davam etdirilir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4127/2023 saylı, 21 dekabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il, 31 mart 2023-cü il və 28 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında İddiaçı (abonent kodu: **********04020) hesablanmış 9449,19 (doqquz min dörd yüz qırx doqquz manat, on doqquz qəpik) manat borcun silinməsi; iddianın qalan hissədə təmin edilməməsi; 114,49 (yüz on dörd manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə, cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, 31 mart 2023-cü il tarixli və 28 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan müvafiq olaraq dəymiş ziyan 73440, 6120 və 6120 kub metr müəyyən edilmişdir. Verilən qaz xətti üzrə **********04020 sayla qeydiyyata alınmış abonent koduna yanvar 2023-cü il üzrə 8812,80 manat, fevral 2023-cü il üzrə 734.40 manat, mart 2023-cü il üzrə 734.40 manat olmaqla, cəmi 10281.6 manat borc hesablanmışdır. Həmin saldodan eyni zamanda müəyyən edilir ki, təbii qazdan sərfin məbləği 2021-ci il üzrə (yanvar 2021-ci il – dekabr 2021-ci il) 545.8 manat, 2022-ci il üzrə isə (yanvar 2022-ci il – dekabr 2022-ci il) 670.89 manat olmuşdur. Hazırda İddiaçı tələbində 10281.6 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibətdə aşağıdakı maddi hüquq normalarının tətbini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edib ki, İddiaçı iddia ərizəsində təbii qazdan qeyri-qanuni istifadə etmədiyini qeyd etsə də, məhkəmə iclasında bildirmişdir ki, 5 ildir ki, təbii qazdan qeyri-qanuni istifadə edir. Yaşadığı ev bir otaqlıdır və qaz sayğacı 2 ay olar ki, qoyulmuşdur. Evdə “iran sobası” və “ikigözlü qaz pilitəsi”ndən istifadə etmişlər. Həmin evdə isə son 3 ildir ki, yaşayış olmamışdır. Göründüyü kimi iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın bərpası üçün aparılmış hesabat düzgün olmamışdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin yalnız yanvar ayı üzrə sərfin məbləği 8812.8 manat hesablanmış, lakin 2022-ci il üzrə sərfin ümumi məbləği 670.89 manat təşkil etmişdir. Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli akt üzrə 360 gün üçün hesablanmışdır. Göründüyü kimi, abonent saldosunda sərfin məbləği 2022-ci ilin yanvar-dekabr ayları üzrə 670.89 manat olmuş və bu məbləğ 360 gün üçün hesablanmışdır. Məhkəmə qeyd edilənlərə münasibətdə hesab etmişdir ki, saldodakı yanvar ayı üçün olan 59.28 manat sərfin məbləği 2022-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış 670.89 manatdan çıxılmalı (670.89-59.28=611.61 manat) və 2023-cü il yanvar ayı üzrə tərtib edilmiş akt üzrə (2022 fevral-2023 yanvar) 611.61 manat hesablanmalı, yəni, nə qədər ki, yanvar 2023-cü il aktı üzrə itirilmiş qazın bərpası 360 gün üçün hesablanıb (611.61 manat; fevral -dekabr 2022-ci il) və 2023-cü il yanvar ayını əvvəlki qış aylarına nisbətdə hesablayıb 60 manat müəyyən edilməlidir (611.61+60=671.61 manat). Belə olan halda məhkəmə hesab etmişdir ki, 2023-cü il yanvar ayı üzrə tərtib edilmiş akta əsasən itirilmiş qazın bərpası üçün 671.61 manat müəyyən edilməlidir. Məhkəmə 2023-cü il üzrə mart və aprel ayları üzrə tərtib edilmiş aktlara münasibətdə isə qeyd etmişdir ki, abonentin saldosuna əsasən təbii qazın sərfi 2022-ci ilin mart və aprel ayları üzrə 80 manat olmaqla hər iki aya münasibətdə cəmi 160 manat götürülməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərib ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və iddiaçı öz izahatı ilə aktların doğruluğunu təsdiq edərək bildirmişdir ki, o, həqiqətən də 5 ildən çox olaraq təbii qazdan qeyri-qanuni istifadə edir. Məhkəmə isə istifadə edilən qaz həcmini 5 ilin istehlak olunmuş qaz həcmi yox, demək olar ki, dəymiş ziyanı bir il kimi qeyd edərək nəzərə almışdır. Azərbaycan Respublikasının «Qaz təchizatı haqqında» Qanununun 6.2-ci maddəsinə görə, bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. İddiaçı qanunvericiliyin tələblərinə və aralarında bağlanmış müqavilənin tələblərinə zidd olaraq təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Məhkəmə isə qazdan istifadə olunan müddətə və həcmə etinasız yanaşmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 6.5 (25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından silinməli borcun məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından silinməli borcun məbləği hissəsi istisna olmaqla iddia haqlı sayılır.
22. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərkibi 2(103)-1859/2024 saylı, 06 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: **********04020) iddiaçının 5 il ərzində sayğacdan kənar qazdan istifadə etməsi barədə etirafı da nəzərə alınmaqla hesablanan borcun məbləğinin yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmasının; həmçinin həmin etirafın nəzərə alınmaqla borcun (zərərin) məbləğini müəyyən etmək mümkün olmasa, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji X1 ixtisaslaşmış mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır.
23. Düzdü, iddiaçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir.
24. Bu baxımdan idiaçının 5 il ərzində sayğacdan kənar qazdan istifadə etməsini etiraf etdiyindən analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanmalıdır.
25. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-610/2024 saylı, 04 aprel 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 ünvanında yerləşən fərdi yaşayış evində (Abonent kodu: **********04020) 5 il ərzində sayğacdan kənar qazdan istifadə etməsi barədə etirafı da nəzərə alınmaqla hesablanan borcun məbləği yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1 -ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ- 3 məişət tipii qaz piitəsinin maksimai saatlıq qaz sərfi 0,9 m3, 1 ədəd dəmir sobanın, maksimal saatlıq qaz sərfi 1,4 m3, 1 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3, işləmə rejimi 12 saat, 12 aylıq istifadə dövrü nəzərə alınaraq sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: PQ-3 qaz piltəsi üçün - 0,9 m3 x 6 saat x 365 gün = 1971 m3; qənaətli su qızdırıcısı üçün -1,5 m3 x 6 saat x 365 gün = 3285 m3; dəmir soba üçün (qış mövsümü nəzərə alınmaqla) 1,4 m3x 12 saat x 150 gün = 2520; ümumilikdə 1 il ərzində istehlak edilmiş təbii qazın həcmi 1971 m3 + 3285 m3 + 2520 m3 = 7776 m3, 5 il ərzində isə 7776 m3x5=38880 m3 təşkil edə bilər. Azərbaycan Respubiikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200- 2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə aiaraq 1 il ərzində hesablanan 7776 m3 qaz həcminin dəyərinin 1723 manat (1200 m3x 0,12 manat =144 manat; 1300 m3 x 0,20 manat = 260 manat; 5276 m3 x 0,25 manat = 1319 manat; 144 manat+260 manat+1319 manat = 1723 manat) olmasını və bu iilər ərzində abonent tərəfindən ödəniş edilmədiyini nəzərə alaraq 5 il ərzində qaz xəttinə qeyri-qanuni qoşulma halında zərərin miqdarı ümumilikdə 1723 manat x 5 il = 8615 manat məbləğində müəyyən edilə bilər.
26. Beləliklə, apellyasiya baxışı zamanı abonent hesabına daxil edilmiş 10281,60 manat borcun həqiqi və düzgün olması mütəxəssis (ekspert) tərəfindən toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi silinməsi tələb edilən 10281,60 manat məbləğdən 831,61 manat hissəsində zərərin olduğunu müəyyən edərək 9449,19 (doqquz min dörd yüz qırx doqquz manat, on doqquz qəpik) manat hissəsini əsassız hesablandığı üçün silmişdir. İddiaçı silinməyən həcmdə, yəni 831,61 manat məbləğində cavabdehə zərər vurması ilə razılaşmış və həmin hissəni mübahisələndirməmişdir. Cavabdeh isə silinən 9449,19 (doqquz min dörd yüz qırx doqquz manat, on doqquz qəpik) manat hissəni mübahisələndirir və dəlillərini şikayətində göstərib. Mütəxəssis(ekspert) rəyi ilə iddiaçının 5 il ərzində qazdan sayğacdan kənar istifadə etməsinə görə bir il üçün 1723 manat olmaqla, beş il üzrə 8615 manat borcun olmasının müəyyən edilə bilməsi göstərilib. Ona görə də silinməsi nəzərdə tutulan 9449,19 (doqquz min dörd yüz qırx doqquz manat, on doqquz qəpik) manat da yarıyadək, yəni 4 724.595(dörd min, yeddi yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manatadək azaldılmalıdır(9449,19:2=4 724.595). Çünki iddiaçı özü bəyan edib ki, beş il ərzində qazdan qeyriqanuni istifadə edir. Düzdü sonradan göstərir ki, son üç ildə həmin evdə yaşayış olmamışdır. Ancaq iddiaçı yeni bir hala istinad etdiyi üçün bu halı sübut etmək yükü onun üzərinə düşür. Lakin o, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xəzər Rayon Məhkəməsinin 2(003)-4127/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilməli və məbləğ azaldılaraq 4 724.595(dörd min, yeddi yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4127/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi silinməli borcun məbləği hissəsində dəyişdirilsin və məbləğ azaldılaraq 4 724.595(dörd min, yeddi yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.