Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1861/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Maraqlarına toxunan şəxs X4 nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-896/2018 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 588.000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam şəkildə ödənilmiş və bu barədə xx.xx.2008-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur.
2. Cavabdeh MTK ilə alıcı X7 arasında bağlanmışxx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 138.000 manat təşkil edir. X6 qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyinə dair Cavabdeh MTK tərəfindən xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədilə həmin sahənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Lakin cavabdeh öhdəliyini icra etməmiş, qeyri-yaşayış sahəsini ona təhvil verməmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim X1) iddia təmin edilmiş, cavabdehin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilmiş, iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmədə araşdırılmış halları əsasında İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420.0 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi təsdiq edildiyindən iddia tələbi təmin edilərək həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 425, 442, 448, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan X7 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kənan Quluzadə ilə "xxxx" MTK arasında 20 dekabr 2010-cu il tarixdə bağlanmış "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən Baki şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa edilmiş binanın 1-ci girişi, 1-ci mərtəbəsində yerləşən 115.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ona satılmışdır. Qeyri-yaşayış sahəsinin müəyyən edilmiş 138.000 manat dəyəri tam ödənilmiş, bu barədə 20 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Binanın inşası tamamlandıqdan sonra Cavabdeh MTK həmin qeyri-yaşayış sahəsini Kənan Quluzadəyə təhvil vermiş və artıq həmin qeyriyaşayış sahəsi onun sahiblik və istifadəsindədir. Bu yaxınlarda məlum olmuşdur ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin heç vaxt görmədiyi İddiaçı verilməsi barədə qətnamə qəbul olunmuşdur. İddiaçı mübahisə edilən qeyriyaşayış sahəsini hazırkı vaxta kimi istifadə etməmiş, həmin qeyri-yaşayış sahəsi 2010-ci il tarixdən onun istifadəsində olmuş və qeyri-yaşayış sahəsinə dair iddiaçı 2010-cu il tarixdən bəri hər hansı bir hərəkət etməmişdir. Bu səbəbdən iddiaçının adına verilmiş 15 noyabr 2008-ci il tarixli müqavilənin saxta olması qənaətinə gəlmək olur. Bundan əlavə, həmin müqavilədə olan MTK-nın sədrinin imzası da saxtadır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-214/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamədə ifadə edilmiş “1ci giriş” hissəsi ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlardan qismən səhv nəticəyə gələrək iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etmişdir. Qeyd edilməlidir ki, müqavilələrin hər ikisinin qüvvədə olduğu və mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi yolverilməzdir. Hər iki müqavilə üzrə müxtəlif sahələrin verilməsini birinci mərtəbədə öhdəsinə götürmüş MTK mülki məsuliyyət daşıyır və müqavilə ilə yerləşməsi dəqiq müəyyən edilməyən sahələrlə təmin etmək və ya müqavilədən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi də məhz MTK-ya mənsubdur. Müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması ekspertiza rəyləri və digər iş materialları ilə inkar edilməyərək iş üzrə mübahisələndirilmədiyindən bu hissədə araşdırmanın aparılmasına prosessual zərurət mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsini tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsə də, digər maraqlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Bu mənada apellyasiya şikayətinin tam təmin və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Bununla bərabər, ekspertiza tədqiqatı və yerində müayinə zamanı sahələrin faktiki olaraq üst-üstə düşdüyü və şikayət verənin maraqlarına toxunması, iddiaçının təqdim etdiyi ekspert rəyi ilə isə ona verilmiş sahənin ölçüsü ilə mübahisə edilən sahənin uyğunsuzluğu müəyyən edilir. Ona gorə cavabdehin müqavilə öhdəliyi üzrə vəzifələri nəzərə alınaraq iddiaçının hüquqları təmin edilməli, lakin müqavilədə əks edilməyən “1-ci giriş” ifadəsi hissəsi çıxılmaqla qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçının sahibliyinə verilməli olan sahənin məhz burada yerləşməsi hər hansı hüquqi sənəd və ekspert rəyləri ilə sübuta yetirilmir.
Kassasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı və Cavabdeh MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
14. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5690/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh MTK-nın kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)- 214/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.
15. Ali Məhkəmə mövqeyini aşağıdakılarla əsaslandırmışdır:
16. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi «kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz» əsaslandırması tam deyildir. Cavabdeh tərəfindən məhz hansı faktı təsdiq edən sübutları təqdim etməli olması qeyri-müəyyəndir və məhkəmə cavabdeh tərəfindən hansı faktı təsdiq edən sübutları təqdim etməli olmasını qeyd etməmişdir. İş materiallarından görünür ki, məhkəmə cavabdehə bu barədə prosesin gedişində konkret təklif verməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ekspert rəylərini qiymətləndirməmiş, Kənan Quluzadəyə verilmiş qeyri-yaşayış sahəsinin yerini müəyyən etmək üçün sxem olmadığı, onunla bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsini təhvil vermə öhdəliyi daşıyan Cavabdeh MTK-nın təhvil vermədiyi və bu sahənin ona verilməli olmadığını bildirdiyi halda, K.Quluzadənin iddiaçının tələb etdiyi sahəyə iddia verməyə subyektiv hüququnun olmasını kifayət qədər mötəbər əsaslarla müəyyən etmədən iddiaçının tələbini əsassız hesab etmiş, qətnamənin şikayət verənin maraqlarına toxunması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iki fərqli ekspert rəyi olduğu halda qanunla müəyyən olunmuş əlavə və ya təkrar ekspertiza təyin olunması imkanlarını nəzərdən keçirməmişdir.
18. Cavabdeh iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin 1-ci girişdə olmasını qəbul edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etməsi əsassızdır. Əvvəla müqavilədə “1-ci giriş” sözünün yazılmaması, iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin 1-ci girişdə olmaması anlamına gəlmir. Kənan Quluzadə ilə sonradan bağlanmış müqavilədə də ona verilən qeyri-yaşayış sahəsinin hansı girişdə olması qeyd olunmamışdır. Bu halda məhkəmənin nəyə görə Kənan Quluzadənin etiraz dəlillərini üstün tutması, onun sahəsinin 1-ci girişdə olması barədə gəlinən nəticə ağlabatan dəlillərlə əsaslandırılmamışdır.
19. İşin yuxarıda sadalanan halları onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını sonadək tam, hərtərəfli araşdırmamış, işin hallarına bu müddəalara uyğun qiymət verməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs X4 nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
22. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 27.Məhkəmə kollegiyası qeyd edir ki, maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi
29. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:
31. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 157. Mülkiyyətin müdafiəsi
32. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi
35. 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
36. Maddə 324. Əqd anlayışı və onun növləri
37. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
38. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
39. Maddə 389. Müqavilə anlayışı
40. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
41. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
42. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
46. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
47. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
51. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
52. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.
53. İşin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçılə Cavabdeh MTK arasında xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə “yaşayış binasında mənzil tikintisi haqqında” tərtib edilsə də, əslində Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında tikilməkdə olan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m olan qeyri-yaşayış sahəsi (market) ilə bağlı olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən MTK həmin qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin qeyri-yaşayış sahəsini qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqaviləyə əsasən mənzilin dəyərini təşkil edən 588.000 manat pulu Cavabdeh MTK-ya tam şəkildə ödənilmiş və bu barədə xx.xx.2008-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur. Lakin qeyd edilən qeyri-yaşayış sahəsi hal-hazıradək iddiaçıya təhvil verilməmişdir.
54. Həmçinin müəyyən edilir ki, Cavabdeh MTK ilə hazırkı qətnamə ilə maraqlarına toxunan şəxs X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin qeyri-yaşayış sahəsini qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 138.000 manat pul X7 tərəfindən tam olaraq Cavabdeh MTK-ya ödənilmiş və bu barədə xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir.
55. Hazırda maraqlarına toxunan şəxs qeyd edilən 115,00 kv.m qeyri yaşayış sahəsinin MTK tərəfindən ona təhvil verildiyini, həmin sahənin onun faktiki istifadəsində olduğunu, həmin sahəyə onun təşəbbüsü ilə öz adına qeydə alınmış su sayğacı da quraşdırıldığını bildirir.
56. İş üzrə əvvəlki apellyasiya baxışı zamanı mübahisəli ərazinin məhkəmə heyəti tərəfindən yerində müayinəsi zamanı 1-ci blokun girişində liftlərlə üzbəüz qapıdan daxil olmaqla, 115 kv.m sahənin qətnamə ilə maraqlarına toxunan şəxs Kənan Quluzadənin istifadəsində olması, həmin sahənin açarlarının onda olması müəyyən edilmişdir. Həmin sahənin Kənan Quluzadənin istifadəsində olmasını yerində müayinə zamanı özünü həmin ərazidə qeyri-rəsmi komendant işləyən şəxs kimi təqdim etmiş və şahid qismində ifadə vermiş X5 da təsdiq etmişdir.
57. Həm iddiaçı, həm də cavabdehin nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında müqavilə ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qətnamə ilə maraqlarına toxunan şəxs Quluzadə Kənanın mülkiyyətinə verilmiş 115 kv.m sahəni də əhatə etməklə, 1-ci blokda yerləşdiyini qeyd edirlər.
58. Bu halın müəyyən edilməsi məqsədi ilə əvvəlki apellyasiya baxışı zamanı məhkəmə mühəndis texniki ekspertizası təyin edilərək keçirilmiş, xx.xx.2021-ci il tarixli 10/1938 saylı ekspert rəyində İddiaçı xx.xx.2008-ci il tarixli müqavilə əsasında ayrılmış qeyri-yaşayış sahəsinin sərhədlərinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin rəylə tədqiq edilən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Kənan Quluzadəyə ayrılmış 115,00 kv.m sahəyə uyğun olduğu müəyyən edilmişdir.
59. Eyni zamanda, İddiaçı özünün təşəbbüsü ilə X2 tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli 153 saylı rəylə MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən binanın 1-ci mərtəbəsində yerləşən 420 kv.m qeyri-yaşayış sahəsinin planda, “Bərpa-Tikinti MMC tərəfindən 2007-ci ildə tərtib edilmiş eskiz layihəsi üzrə Marketin bir hissəsində, 9,10-13 rəqəm oxları ilə C1-F hərf oxları arasında yerləşməsi müəyyən edilmişdir. Bu rəylə həmçinin müəyyən edilmişdir ki, tikilməkdə olan binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin eskiz layihəsi üzrə planda yerləşməsinə görə ümumi sahəsi xx.xx.2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş sahədən azdır. Həmin sahənin az olmasına səbəb kimi isə qeyri-yaşayış sahəsinin bəzi hissələrinin arakəsmələr vasitəsilə hörülərək qapalı vəziyyətə salınması göstərilmişdir.
60. Qeyd edilən rəylər arasında uyğunsuzluğun araşdırılması məqsədi ilə kollegiya tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan sxemə əsasən İddiaçı ayrılmış sahənin eskiz layihəsi üzrə C1-F oxları və 9/10-13 oxları arasında yerləşməklə, arxa və yan sarhədlərinin binanın fasad divarları boyunca verildiyi, giriş hissədəki sərhəd divarının isə birbaşa lift şaxtasının qapıları olan divara bitişik verildiyi qeyd olunmuşdur (sxem əlavə olunur). Qeyd olunur ki, faktiki vəziyyətdə C1 oxu üzrə 10-13 oxları arasında, həmçinin binanın eskiz layihəsində və faktiki vəziyyətdə D oxu üzrə 9/10-13 oxları arasında bütöv divar olduğu, eləcə də lift şaxtasının qarşı hissəsinin liftlərə giriş-çıxış məqsədilə açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. X6 ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin ilkin baxış zamanı mübahisəli qeyri-yaşayış obyektinin ümumi sahəsininCavabdeh MTK ilə X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115,00 kv.m (10,9x10,55 metr) sahəyə uyğun olduğu, hazırkı vəziyyətdə isə mübahisəli sahə genişləndirildiyindən, həmin sahənin X6 ayrılmış sahədən 19,0 kv.m çox olduğu müəyyən edilmişdir. Mülki iş materiallarının 96-cı vərəqindəki sxemdə göstərilən qeyri-yaşayış sahəsinin İddiaçı ayrıldığını və mübahisəli qeyri-yaşayış obyektinin ilkin vəziyyətdəki ümumi sahəsinin Cavabdeh MTK ilə X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115,00 kv.m (10,9x10,55 metr) sahəyə uyğun olduğunu nəzərə aldıqda, həmin qeyri-yaşayış sahələrinin 115,0 kv.m hissəsinin üst-üstə düşdüyü müəyyən edilir. Tədqiq olunan obyektin kimin istifadəsində olmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir.
61. Məhkəmə kollegiyası iş üzrə verilmiş rəyləri əlaqəli şəkildə təhlil edərək bu qənaətə gəlir ki, 15 yanvar 2021-ci il tarixli 10/1938 saylı rəy verilərkən mübahisəli qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın təsdiq edilmiş eskiz layihəsi nəzərə alınmadığından, sonuncu verilmiş rəydə, habelə X2 tərəfindən verilmiş rəydə isə həmin binanın eskiz layihəsi nəzərə alınmaqla tərtib edildiyindən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1852 saylı rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
62. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən sonuncunun əldə etdiyi 420 kv.m qeyri-yaşayış sahəsi mübahisəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşməklə, bir hissəsi Cavabdeh MTK ilə X7 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən sonuncunun əldə etdiyi və ona faktiki olaraq təhvil verilmiş 115,00 kv.m (10,9x10,55 metr) sahə ilə üst-üstə düşür. Qeyd edilən 115,0 kv.m sahə hal-hazırda X4 istifadəsindədir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
64. Qeyd olunan normanın dispozisiya şərtindən göründüyü kimi, kreditorun fərdimüəyyən əşyanı (hazırki halda mənzilləri) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni, fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir.
65. Kollegiya hesab edir ki, hazırkı mübahisə həmin normanın tələbləri əsasında həll edilməlidir. Bu məqsədlə ilk növbədə fərdi-müəyyən əşya olan qeyri-yaşayış sahəsinin kimin mülkiyyətinə verilməsi məsələsi müəyyən edilməli, yalnız bundan sonra həmin sahə ilə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanması nəzərə alınmalıdır. Bu halları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun bu müddəasında göstərilən «mülkiyyətinə verilməsi» müddəası Mülki Məcəllənin 178-ci maddəsinin və ona dair Konstitusiya Məhkəməsinin şərhindəki hüquqi mövqeyinə uyğun araşdırılmalıdır.
67. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2.). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (maddə 178.8.).
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
69. Mülki qanunvericiliyin yuxarıda sadalanan normalarından və onların təfsirinə dair Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqedən çıxış edərək bu qənaətə gəlmək olur ki, iddiaçının cavabdehdən təhvil verilməsini tələb etdiyi mübahisəli 420,0 kv.m qeyri yaşayış sahəsinin 115,0 kv.m hissəsi qətnamə ilə maraqlarına toxunan şəxs X7 ilə Cavabdeh MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən real olaraq K.Quluzadəyə təhvil verildiyindən və onun faktiki istifadəsində olduğundan, həmin sahənin müqavilə üzrə pay dəyəri K.Quluzadə tərəfindən tam ödənildiyindən qeyd edilən 115,0 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətinə verilmiş hesab edilməlidir.
70. Belə olan halda, Mülki Məcəllənin 452.1-ci maddəsinin digər şərtinə, yəni göstərilən sahə ilə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasına istinad etməklə həmin sahənin təhvil verilməsini tələb etmək qanuni hesab edilə bilməz.
71. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK -nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 420 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə ona təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması tələbinə dair iddiası bu qətnamə ilə maraqlarına toxunan şəxs X7 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş 115,0 kv.m qeyri-yaşayış sahəsinə aid hissəyə münasibətdə əsassız olmuşdur və təmin edilə bilməz.
72. İddiaçının xx.xx.2008-ci il tarixli müqavilə əsasında əldə etdiyi 420 kv.m qeyriyaşayış sahəsinin digər hissələrinə münasibətdə hazırkı qətnamə apellyasiya şikayəti verən şəxsin maraqlarına toxunmadığından, həmin hissələrə münasibətdə apellyasiya şikayətini kollegiya əsassız hesab edir.
73. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi bu qətnamə ilə maraqlarına toxunan şəxs X7 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş 115,0 kv.m hissəyə aid hissədə ləğv edilməli, digər qeyri-yaşayış sahəsinə münasibətdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
75. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(004)- 896/2018 saylı qətnaməsi qismən - bu qətnamə ilə maraqlarına toxunan şəxs X7 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş 115,0 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəyə münasibətdə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.