Məhkəmə qərarları › İş №2(103)-1863/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1863/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1863/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Zirə mövsümü bağları, Bağ sahəsi, Şinçi bağçılığı, ev 0199 ünvanında yerləşən bağ sahəsinə onun adına enerji sərfiyyatına görə «xxxx» ASC tərəfindən hesablanmış 5151.58 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə mövsümü bağları, bağ sahəsi, Şinçi bağçılığı, ev 0199 ünvanında yerləşən bağ sahəsində mövsümi yaşayır. Mülkiyyətində olan həmin bağ sahəsinə 76999214M158 nömrəli işıq sayğacı (kod **********90000) quraşdırılmışdır. Ölkədə yaranmış pandemiya ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixində bağ sahəsinə daimi yaşamağa köçmüşlər. Yay aylarında ailəvi istirahət etmək məqsədilə, eyni zamanda ölkədəki mövcud vəziyyətlə əlaqədar bu ilin sentyabr ayına kimi daimi olaraq həmin bağ sahəsində yaşayacaqdır. Bağa köçən zaman orada yaşayan qonşular ona bildirmişlər ki, xx.xx.2020-ci il tarixində cavabdehin nümayəndələri gəlib sayğacı dəyişdiriblər. Bundan sonra nəzarətçi ilə əlaqə saxladıqda cavabdeh də bildirmişdir ki, həqiqətən də gəlib sayğacı dəyişdiriblər. Lakin cavabdeh bu günədək ona sayğacın dəyişdirilməsi barədə məlumat verməmişdir. xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən ona bildiriş göndərilib 5151.58 manat məbləğində borcu olduğu göstərilmişdir. O, həmişə istifadə etdiyi işığın borcunu ödəmişdir. Digər tərəfdən sözügedən bağ sahəsində mövsümi yaşayır. Sözügedən sayğac küçədə yerləşir. Digər tərəfdən, sayğacın işləkliyinə və mühafizəsinə o məsuliyyət daşımır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Qeyd olunanlara əsasən, Xəzər rayonu, Zirə mövsümü bağları, Bağ sahəsi, Şinçi bağçılığı, ev 0199 ünvanında yerləşən bağ sahəsinə onun adına enerji sərfiyyatına görə «xxxx» ASC tərəfindən hesablanmış 5151.58 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, «xxxx» ASC tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 5151.58 (beş min yüz əlli bir manat əlli səkkiz qəpik) manat borcun silinməsi qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri). Qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə “xxxx”ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən bağ sahəsinə xx.xx.2009-cu il tarixdə quraşdırılmış A**********M91092 nömrəli AMPY (5219A) tipli elektrik sayğacına baxış keçirmişlər, baxış zamanı "sayğac dövrədən keçən yükü qeyd etmir, alt örtük qapağına vurulmuş möhürün simi kəsilmiş vintin içərisində gizlədilib" qüsurunun aşkar olunması səbəbilə NDM № 018763 nömrəli akt tətib edilmiş, "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakşılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 47571 kvt/s itirilmiş elektrik enerjisinin dəyərinin əvəzi 5151.58 manat məbləğində borc hesablanaraq **********90000 nömrəli abunə koduna daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi ilə müşayiət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə" Qaydalarının 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar ediİdikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstəricisini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin in cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş abunə haqqında çıxarışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında **********90000 kodla qeydiyyata alınmış işıq xətti üzrə istehlakçının borcu 5151.58 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləriləvə s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının və apellyasiya şikayətinin araşdırılması nəticəsində qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, sayğaca müdaxilənin iddiaçı (istehlakçı) tərəfindən törədilməsi cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddiaçıya 5151.58 manat məbləğində borc hesablanması əsassız olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 5151.58 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin əsası kimi xx.xx.2009-cu il tarixdə quraşdırılmış A**********M91092 nömrəli AMPY (5219A) tipli elektrik sayğacına baxış keçirilməsi zamanı "sayğac dövrədən keçən yükü qeyd etmir, alt örtük qapağına vurulmuş möhürün simi kəsilmiş vintin içərisində gizlədilib" qüsurunun aşkar olunması səbəbi ilə tərtib edilmiş NDM № 018763 nömrəli akta istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, sayğaca müdaxilə edilmənin iddiaçı tərəfindən törədilməsi halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır. Lakin, iş materiallarında sayğaca müdaxilənin istehlakçı (iddiaçı) tərəfindən törədilməsi halını təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sayğaca müdaxilənin iddiaçı (istehlakçı) tərəfindən törədilməsi halı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar