Məhkəmə qərarları › İş №2(103)-1864/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1864/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1864/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8642/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 16 saylı fərdi yaşayış üzrə **********00025 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Abonent saldosuna əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə cavabdeh tərəfindən sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda abonent tərəfindən sayğacsız qeyri-qanuni birləşmə ilə istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 7344 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2024cü ilin aprel ayı üzrə 881,28 manat məbləğində borcunun olması əks olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı ona hesablanmış 881,28 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin ünvanda smart tipli sayğac quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı cərimə yazılıb. Bundan xəbəri olmayıb. O, həmin aktı və şəkili tələb etsə də, aktı vermişlər lakin, şəkilləri verməmişlər. O, təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin amma onlar razı olmayıb dedilər ki məhkəməyə müraciət etməlidir. Ona məlum oldu ki, 881.28 manat cərimə yazıblar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8642/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Binəqədi rayonu, Xocaəsən qəsəbəsi, Yeni yol küçəsi, 16 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00025) dair İddiaçı hesablanmış 881,28 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin nəyin əsasında tələb edilməsinə əsas olmuş sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, əgər təbii qazdan istifadə qaydaları iddiaçıdan tərəfindən pozulmuşdursa, bu halda qanunla müəyyən edilmiş qayda cavabdeh tərəfindən pozulmuş, akt tərtib edilmişdirə, aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir. Məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Məhkəmə belə qənaətə gəlmişdir edir ki, borcun hesablanmasına əsas olmuş sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bununla da iddiaçının təbii qazdan istifadə qaydalarına əməl edərkən hansı pozuntunun törədilməsində onun təqsiri sübut olunmadığından, cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 448.ci madələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7, 4.8, 5.2, 6.5, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76. 77.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə hesablanmış 881,28 manat borcun ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməyə əsasən iddia tələbini təmin etmiş, İddiaçı **********00025 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 881,28 manat məbləğində borcun silinməsi qət edilmişdir. Bildirir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir (iṣ materiallarında vardır). Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinin mətnlərinə nəzər yetirsək başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsi dair müddəaları görmək olar. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bildirir ki, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi iddia tələbinin rəd edilməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Belə ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilməmiş və iddianı qismən təmin etmişdir. Hesab edilir ki, maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Qeyd edir ki, İddiaçı aid olan **********00025 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tamhəcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Qeyd edir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8642/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, İddiaçı və cavabdeh Azəriqaz İB-in nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 63. İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 6-1.

1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.2 Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.6 Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Maddə 4.7 Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9 İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tam təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktda **********00025 nömrəli abonent İddiaçı məxsus evə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyinin aşkar olunması qeyd edilmişdir. Kollegiya qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq cavabdeh sayğaca müdaxilə halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tərtib etdiyi tələbnaməyə əsasən tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir. Beləliklə, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8642/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar