Məhkəmə qərarları › İş №2(103)-1865/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1865/2024

12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1865/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ondan tələb edilməsinin qanunsuz hesab edilərək abonent kod hesabından silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96 “R” saylı fərdi yaşayış evinə verilmiş qaza dair həmin evin əvvəlki mülkiyyətçisi olmuş X5 hesablanmış 6.970,97 manat borcun ondan tələb edilməsinin qanunsuz hesab edilərək, həmin borcun onun **********00000 saylı abonent kod hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən X3 almışdır. Evi alan zaman evin əvvəlki sakini olan X4 adına olan **********00000 saylı abonent koduna “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar əsasında yaranmış və ödənilməmiş 6.970,97 manat borcun olması iddiaçıya məlum olmamışdır. İddiaçı cavabdeh Birliyə müraciət edərək Ramin Nəzərovla bağlanmış müqaviləyə və onun adına olan abonent koduna xitam verilməsini, həmin evə dair iddiaçı ilə yeni müqavilə bağlanmasını xahiş etmiş, lakin cavabdeh Birliyin xx.xx.2023-cü il tarixli məktubu ilə ödənilməmiş borcun olması səbəbindən onun müraciətindən imtina edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 16(010)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində iddiaçı ilə cavabdeh Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” D-100689 saylı müqavilə bağlanmış və həmin fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu iddiaçının adına keçirilmişdir. Bununla əlaqədar onlar arasında xx.xx.2023-cü il tarixli “Qaz paylayıcısı və istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti barədə” akt tərtib edilmişdir. X8 ödənilməmiş 6.970,97 manat borcun iddiaçıdan tələb ediləcəyi və smart kart üzrə ödədiyi pul vəsaitindən tutulacağı barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh Birliyin qeyd edilən borca görə pulun ödənilməsini yalnız Ramin Nəzərovdan tələb etmək hüququ olduğuna görə həmin borcun iddiaçıdan tələb edilməsi qanunsuzdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh Birliyin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ümumiyyətlə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı evi alsa da, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Birliyə müraciət edərək, istehlakçı hesabını öz adına keçirməmişdir. İddiaçı ilə bağlanmış 3 aylıq müqavilə isə məhkəmənin müvəqqəti təminat tədbirinə dair qərardadının icrası ilə əlaqədar bağlanmışdır və xx.xx.2023-cü il tarixində qüvvədən düşür. Bundan əlavə, qeyd olunan ünvanda istifadədə olan qaz sayğacına Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə təbii qazdan istifadə faktları aşkar olunmuşdur. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün “Dəymiş ziyanın hesablanmasına dair tələbnamələr” tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı borcun silinməsini hazırki cavabdeh Birlikdən deyil, əvvəlki mülkiyyətçidən tələb edə bilərdi. Çünki belə olan halda, məhz mənzilin əvvəlki mülkiyyətçisi (satıcı) müqavilə üzrə öz vəzifələrini icra etmədiyindən, yeni mülkiyyətçiyə (alıcıya) ziyan vurmuş hesab olunur. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) cavabdeh tərəfindən yazılan borcun silinməsini tələb etmə hüququ yoxdur. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddianın əsası və predmetinə düzgün qiymət vermədiyinə görə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı başqa şəxsin borcunun silinməsini deyil, həmin borcun ona məxsus abonent kodundan silinməsini tələb edir. İddiaçı ilə müqavilə 3 aylıq bağlanmış olsa belə, iddiaçı ləğv etməsə müqavilə eyni müddətə uzanmış hesab olunacaq. Cavabdehin isə müqaviləni ləğv etmək hüququ yoxdur. Hazırda da 3 ayın tamam olmasına baxmayaraq müqavilə münasibətləri davam etməkdədir. Cavabdeh Birlik borcu Ramin Nəzərovdan tələb etməlidir. Bunun üçün məhkəməyə müraciət edə bilər. Lakin cavabdeh Birlik bazarda üstün mövqeyindən istifadə edərək iddiaçının evinə təbii qazın verilməsinin dayandırılacağı hədəsi ilə borcu iddiaçıya ödətdirməyə çalışır. İddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ vardır. Mənzil nömrələrinin üst-üstə düşüb-düşməməsinin hazırki mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Çünki cavabdeh Birlik öz istehlakçılarını mənzil nömrələri ilə deyil, abonent kodu ilə fərqləndirir. Bundan başqa, yaşayış sahəsinin mülkiyyətçisinin bir şəxs, həmin sahədə qazdan istifadəçinin isə başqa şəxsin olması qanunsuz deyil və mülkiyyət hüququnun başqasına keçməsi, həmin yaşayış sahəsində qazdan istifadənin də mütləq başqasına keçməsi kimi məcburi hal yoxdur. Evin əvvəlki mülkiyyətçisi də istehlakçı olmamışdır. Bundan əlavə, Rayon Məhkəməsinin qeyd etdiyinin əksinə iddiaçının Ramin Nəzərova qarşı borcun ödənilməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Ramin Nəzərov iddiaçıya qarşı deyil, cavabdeh Birliyə qarşı hüquq pozuntusu törətmişdir. Qaz sayğacı isə evin ləvazimatı hesab edilə bilməz. Çünki sayğac cavabdeh Birliyin balansındadır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

8. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışında iştirak etmiş cavabdeh Birliyin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına, habelə iddiaya etirazın məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

11. Belə ki, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı cavabdeh Birlik tərəfindən Ramin Nəzərova hesablanmış borcun silinməsini tələb edir. Mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırmalıdır.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

13. Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanı üzrə cavabdeh Birlikdə istehlakçı kimi Ramin Nəzərov qeydiyyata alınmış və həmin ünvana istehlakçı kodu verilmişdir. İddiaçının ünvanı isə onun adına olan “Çıxarışa” əsasən ünvan 2imi qeyd edilmişdir. İddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə də həmin ünvan göstərilmişdir. Mənzil nömrələri üst-üstə düşmədiyindən və iddiaçı tərəfindən mənzillərin eyni olması barədə məhkəməyə sübut təqdim edilmədiyindən, iddiaçının başqa istehlakçının borcun silinməsini tələb etmək üçün subyektiv hüququ yoxdur.

14. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, alıcı olan iddiaçı ilə satıcı olan Akif Əliyev xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə” bağlamış və iddiaçı Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 96R saylı ünvanında yerləşən torpaq sahəsini və evi almışdır. Yəni, iddiaçıya məxsus evin əvvəlki mülkiyyətçisi Ramin Nəzərov deyil, Akif Əliyev olmuşdur. Ramin Nəzərovdan qaz sayğacı üzrə sahibliyi Akif Əliyevə keçməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

15. İddia ərizəsindən görünür ki, iddiaçı başqa istehlakçının borcunun silinməsini deyil, həmin borcun ondan tələb edilməsinin qanunsuz hesab edilərək onun adına olan **********00000 saylı abonent kodundan silinməsini tələb edir. Bu başqa istehlakçının borcunun ümumiyyətlə silinməsi anlamına gəlmir.

16. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, istehlakçı Ramin Nəzərova məxsus və ünvan 3 ünvanında yerləşən sayğaca cavabdeh Birliyin əməkdaşları tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edilir. Dəymiş ziyan 8.856 kub metr kimi hesablanmışdır.

17. İşdə olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli notarial qaydasında təsdiq edilmiş “Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı X14 qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 96R saylı ünvanında yerləşən, ümumi sahəsi 73,8 kv.m yaşayış sahəsini həmin ünvanında yerləşən 0,02 ha torpaq sahəsini alıcı olan iddiaçıya satmışdır. Müqavilənin 10-cu bəndinə əsasən, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, elektron, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X7 verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Çıxarışından” görünür ki, Rövşən Göyüşov küçəsi, ev 96 R ünvanında yerləşən, ümumi sahəsi 73,80 kv.m olan fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********39-10301).

19. İşdə olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, istehlakçı Ramin Nəzərova məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Göyüşov 98 ünvanında yerləşən sayğacda kənar qeyri-qanuni qaz xətti olduğu üçün 8.856 kub metr həcmində qaz itkisi hesablanmışdır.

20. İşdə olan **********00000 kodlu xx.xx.2023-cü il tarixli “Abonentin saldosundan” görünür ki, Ramin Nəzərova məxsus və Suraxanı rayonu, Zığ-Göyüşov ev 98 ünvanda yerləşən mənzilin abonentinə 2022-ci ilə görə 4.241,28 manat, 2023-cü ilə isə 2.125,44 qalıq borc hesablanmışdır.

21. İşdə olan xx.xx.2023-cü il tarixli, D-100689 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən” görünür ki, qazpaylayıcı ilə istehlakçı olan iddiaçı arasında fərdi yaşayış evinin qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin müddəti 3 ay kimi müəyyən edilmişdir.

22. Həmin müqavilənin şərtlərinə əsasən, istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur (bənd 7.3.). İstehlakçı bu müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəflərin müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir (bənd 7.4.).

23. Məhkəmə qeyd edir ki, həmin müqavilə müddətinin başa çatmasına baxmayaraq, ləğv edilməmişdir, hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir.

24. İşdə olan xx.xx.2023-cü il tarixli “Qaz paylacısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan” görünür ki, cavabdeh Birliyin Bakı Regional qazın Satışı Departamenti ilə istehlakçı olan iddiaçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılmışdır.

25. Cavabdeh Birliyin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı borcla bağlı Birliyə müraciət etmiş, müraciətə baxılması nəticəsində müəyyən edilmişdir ki, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 96R yerləşən fərdi yaşayış evinə **********00000 saylı abonent kodu üzrə verilən qazın dayandırılması (smart kartın bloklanmasının, qaz xəttinin kəsilməsinin və ya sayğacın qaz xəttindən ayrılmasını) və borcun smartkartla vurulmuş məbləğdən çıxılması Birliyə qadağan edilmişdir. Qərardadın tələblərinin icrası ilə bağlı Birlik ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” 45 günlük D-100689 nömrəli müvəqqəti müqavilə bağlanmışdır. İstehlakçı hesabında olan 6.970,97 manat debitor borc iddiaçı tərəfindən tam ödənilməlidir.

26. Göründüyü kimi, cavabdeh X9 aid olan 6.970,97 manat borcun ödənilməsini iddiaçıdan tələb edir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı isə həmin borca görə məsuliyyət daşımadığını əsas gətirərək hazırki iddianı irəli sürmüşdür. Lakin Rayon Məhkəməsi iddianın əsasını və predmetini düzgün müəyyən etməyərək əsassız olaraq iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması barədə səhv qənaətə gəlmişdir.

27. Rayon Məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” 10-cu bəndində qeyd olunur ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, elektron, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Bundan başqa, yuxarıda göstərilmiş qanunvericiliyin tələbinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməlidir. Məhkəmə bir də vurğulayır ki, iş materiallarına əlavə olunmuş abonent saldosunda və çıxarışda qeyd olunan mənzillərin nömrələri üst-üstə düşmür, lakin iddiaçının mənzili həmin mənzil olduğu halda, qaz sayğacını daşınmaz əmlakın ləvazimatı hesab edərək, iddiaçı borcun silinməsini hazırki cavabdehdən deyil, əvvəlki mülkiyyətçidən tələb edə bilərdi. Çünki belə olan halda, məhz mənzilin əvvəlki mülkiyyətçisi (satıcı) müqavilə üzrə öz vəzifələrini icra etmədiyindən, yeni mülkiyyətçiyə (alıcıya) ziyan vurmuş hesab olunur.

28. Rayon Məhkəməsi Mülki Məcəllənin 648.2-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı ona dəymiş zərərin əvəzini Ramin Nəzərovdan tələb edə bilər.

29. Həmin maddəyə əsasən, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

30. Rayon Məhkəməsinin mövqeyi ilə bağlı Məhkəmə bildirir ki, yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” 10-cu bəndində nəzərdə tutulmuş şərtlər Rayon Məhkəməsi tərəfindən düzgün təfsir edilməmişdir. Belə ki, müqavilə şərtlərində aydın ifadə edilmişdir ki, əvvəlki borca görə məsuliyyəti təzə mülkiyyətçi daşımır. Bu hal bir daha iddia tələbinin əsaslı olduğunu təsdiq edir.

31. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 5.6-cı bəndinə görə, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.

33. Həmin Qaydaların 6.4-cü bəndinə görə, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alğı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.

34. Qeyd edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, yaranmış vəziyyətdə cavabdeh Birlik borcun ödənilməsini iddiaçıdan deyil, əvvəlki abonentdən tələb edə bilər. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə şərtləri qaz paylayıcısı ilə istehlakçı arasında bağlanan qazın alğı-satqısı barədə müqavilə ilə tənzimlənir və istehlakçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır. Cavabdeh Birlik isə iddiaçının üzərinə müqavilədən kənar öhdəlik qoymaqla onun təqsiri olmadan yaranmış borcun əsassız olaraq iddiaçıdan ödənilməsini tələb edir.

35. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.).

36. X12 hesablanmış 6.970,97 manat məbləğində borcun ödənilməsinə görə iddiaçının cavabdeh Birlik qarşısında nə qanun üzrə, nə də müqavilə üzrə hər hansı öhdəliyi yaranmamışdır, mövcud deyildir. Cavabdeh Birliyin həmin borcun ödənilməsini iddiaçıdan tələb etməsinin (bax: hazırki qətnamənin 25-ci bəndində qeyd edilmiş Birliyin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba (iş v. 7)) qanuni və müqavilə əsası yoxdur. Belə olan halda, cavabdeh Birlik həmin borcun ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyil. İddiaçı adına olan abonent kodundan həmin borcun silinməsini tələb etməkdə haqlıdır.

37. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. g) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi barədə məlumat

38. Belə olan halda qəbul edilməlidir ki, iddia tələbi əsaslı, bu tələbin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv, apellyasiya şikayətinin bu nəticəyə aid dəlilləri əsaslıdır.

39. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

40. Məhkəmə həmçinin bildirir ki, iddiaçının iddiası təmin edildiyindən, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

41. Cavabdeh Birlik isə iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

42. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun ondan tələb edilməsinin qanunsuz hesab edilərək abonent kod hesabından silinməsi tələbi barədə” iddiası təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evinə verilmiş qaza dair X5 hesablanmış 6.970,97 manat borcun İddiaçı tələb edilməsi qanunsuz hesab edilərək, həmin borc İddiaçı adına olan **********00000 saylı abonent kod hesabından silinsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar