Məhkəmə qərarları › İş №2(103)-1866/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1866/2023

01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1866/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-578/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçının vəfat etmiş əri X3 ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, hazırda iddiaçıya məxsus ev Cavabdeh ASC tərəfindən su təchizatı və tullantı suların axıdılması xidməti ilə təmin edildiyindən X3 abonent kimi xx.xx.2013-cü il tarixli 19880354 nömrəli müqavilə üzrə 978728 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının müraciətinə əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda sudan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, quraşdırılan sayğacın ekranı işləmədiyi üçün laboratoriya aparılması qərara alınmış, sayğacın qapaqaltı platform hissəsinin çatlaq olduğu, daxilində su sızdığı aşkar edilmiş, dəymiş ziyanın məbləği 2.452 manat məbləğində hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi 209 saylı evin 60 saylı mənzilində su sərfiyyatına görə hesablanmış 2.452 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 6-cı mikrorayon 209 saylı evin 60 saylı mənzilində mərhum əri X2 adına quraşdırılmış smart-kart tipli su sayğacının dəyişdirilməsi ilə bağlı Cavabdeh ASC-yə müraciət etmişdir. Belə ki, ona məlum olmayan səbəbdən su sayğacı yararsız vəziyyətə düşmüş və davamlı olaraq sayğacdan su axımı baş vermişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan mənzilə Cavabdeh ASC-nin əməkdaşı gedərək sayğacda nasazlıq aşkar etmiş və sayğacın ekranının işləmədiyi üçün həmin sayğacı sökərək yerinə yeni sayğac quraşdırıb nasaz sayğacı laborotoriyaya aparacağını ona bildirmişdir. Həmin sayğacın nasazlığında onun heç bir müdaxiləsi olmadığı halda Cavabdeh ASC-nin əməkdaşı ona 2.452 manat məbləğində ümumi borcun olmasına dair qəbz təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə yeni quraşdırılmış sayğaca dair təhvil-təslim blankında Cavabdeh ASC-nin əməkdaşları nasaz olan sayğaca dair möhürlərin mövcud olması, elektron hissənin işləməməsi və kartı qəbul etməməsi kimi qeydlər yazmışlar.

4. İddiaçının vəkili izahat verib əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 6-cı mikrorayon 209 saylı evin 60 saylı mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı və həmin mənzilə dair sudan istifadəyə görə müqavilə bağlanmış, iddiaçının mərhum əri fərdi sahibkar kimi qeydə alınmamış, adlarına VÖEN yoxdur. Mənzil faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Mənzildə dərzi fəaliyyəti, ev alqısatqısı ofisi, turşu və şoraba məhsullarının satışı ilə məşğul olunur. Mənzildə cavabdeh tərəfindən bir ədəd su sayğacı quraşdırılmışdır. İddiaçı mənzildə olan su sayğacının yararsız vəziyyətə düşməsini və davamlı olaraq sayğacdan su axmasını görüb cavabdehə müraciət etmiş, cavabdehin əməkdaşları sayğacı dəyişdikdən sonra iddiaçıya 2.452 manat maddi ziyan hesablamışlar. Lakin iddiaçı heç vaxt mənzilində sudan qanunsuz qoşulma nəticəsində istifadə etməmiş, mənzildə faktiki istifadə olunan suyun dəyərini vaxtlıvaxtında cavabdehə ödəmişdir.

5. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda sudan Cavabdeh ASC-nin xəttinə birbaşa qoşulmaqla istifadə edir. Qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan hesablanmışdır. İddiaçının hazırda yekun borcu 3147 manat təşkil edir. İddiaçının istifadəsində olan sayğac bir neçə obyektdə istifadə olunan suyun qeydiyyatını aparır. İddiaçıdan qanunsuz qoşulma nəticəsində istifadə etdiyi suyun dəyəri və həmin ünvanda işlədilən obyektlərdə istifadə olunan suyun dəyəri hesablanaraq tələb edilir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-578/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 6-cı mikrorayon 209 saylı evin 60 saylı mənzilində istifadə olunan su sayğacı yarasız olduğundan cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmiş, bundan sonra cavabdeh iddiaçıya su sərfiyyatına görə 2452 manat borc hesablamışdır.

8. Məhkəmə araşdırması zamanı cavabdehə iddiaçıdan tələb etdiyi 2452 manatın yaranması, hesablanması əsasları və qaydası barədə sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilsə də, cavabdeh iddiaçının ona 2452 manat borcunun yaranmasına əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdehin nümayəndəsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda sudan Cavabdeh ASC-nin xəttinə birbaşa qoşulmaqla istifadə edilməsini, qanunsuz qoşulma nəticəsində iddiaçıya maddi ziyan hesablanmasını bildirsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının mülkiyyətində olan mənzildə sudan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halının aşkar edilmədiyi müəyyən edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-578/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 103159 saylı xx.xx.2013-cü il tarixli müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtərinə uyğun olaraq abonent istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödəyir. Belə ki, tərəfindən yaşayış sahəsinin su təchizatı sisteminə baxış keçirildikdən sonra 23 avqust 2013-cü il tarixdə ALFASU-15 markalı su sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014- cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “S udan istifadə Qaydaları”nın 4-cü maddəsinin 4.1.7-ci bəndinin tələbinə əsasən iddiaçı xx.xx.2019-cu il tarixdə Alfasu - 15 markalı, zavod nömrəsi 50093560 və plomb nömrəsi B090357 olan su sayğacının yoxlamadan keçirilməsi üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin struktur tərkibinə daxil olan Binəqədi Rayon Su kanal İdarəsinə müraciət etmişdir. Sayğac işəmrinə əsasən xx.xx.2019-cu iltarixdə çıxarılmış və Cəmiyyətin Nəzarət Ölçü Cihazları İdarəsinin S u ölçən X1 gətirilməsi üçün iddiaçıya təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən sayğac laboratoriyaya təqdim edilmişdir. Həmin şəxsin iştirakı ilə sayğacın müayinəsi keçirilmiş və bu barədə 28 noyabr 2019-cu il tarixli93560/0050294 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində ilkinolaraq: su sayğacının laborator avadanlıq üzrə yoxlanması nəticəsinə əsasən kipliyə davamlılığının normada olması, sayğacın elektron platasının işlək vəziyyətdə olmaması, Q min=(+)2.69% sayğacın elektron və mexaniki göstəriciləri arasında fərqin olması, hesabatın mexaniki hissəyə görə aparılması, batareyanın (E=3.6v)-0.0v) işlək olmaması, sayğacın Qnom= (+)2.18% norma çərçivəsində olması, sayğacın təmirə yararlı olması, müdaxilə aşkar olunmaması, müəyyən edilmişdir. Beləliklə, sayğacın elektron hissəsində yaranmış nasazlıq səbəbindən sayğacın elektron hissəsinə impuls getməmişdir. Bundan sonra su sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə əsasən aparılmışdır. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış sayğacların 2 növü var: mexaniki sayğaclar və ön ödənişli smart-kart tipli sayğaclar. Mexaniki sayğaclar bir hissədən-mexaniki hissədən ibarət olur. İstehlakçı sudan istifadə edir, ay sonunda mexaniki sayğacın göstəricisinə uyğun bildiriş təqdim edilir və istehlakçı tərəfindən ödəniş aparılır. Ön ödənişli smart-kart tipli sayğaclardan adından göründüyü kimi qabaqcadan ödəniş edilməklə sudan istifadə etmək mümkündür və ön ödənişli olduğu üçün mexaniki sayğac istehlakçılarından fərqli olaraq Qaydaların tələbinə əsasən hər ay istehlakçıya bildiriş təqdim edilməsi məcbiri deyildir. Ön ödənişli smartkart tipli sayğaclar 2 hissədən ibarət olur: elektron sərfiyyat hissə və mexaniki sərfiyyat hissə. İlk öncə sayğac kartına müvafiq terminallarda pul yatırılır, sonra dəyəri ödənilmiş su sayğacın elektron hissəsi vasitəsi ilə sayğaca yüklənir. Elektron hissə yüklənmiş su həcmi qədərində sayğacın mexaniki hissəsinə impuls ötürür. Yüklənmiş su həcmi bitdikdə elektron hissə mexaniki hesablama mexanizmi ilə arasında olan klapanı bağlayır. Klapan bağlandığı üçün artıq mexaniki hissəyə su getmir və mexaniki hissə sərfiyyatı hesablamır. Sayğacın elektron hissəsi isə batareya vasitəsi ilə çalışır. Batareyanın gücü bitdikdə və ya sayğacda sistem xətası baş verdikdə elektron hissə işləmir və nəticədə də klapanı bağlamır. Bu zaman elektron hissədə yüklənmiş su həcminin olub-olmamasından asılı olmayaraq klapan bağlanmadığı üçün sayğac avtomatik olaraq mexaniki rejimə keçir və mexaniki hissə işlədilmiş suyun sərfiyyatını hesablayır. İş üzrə də bu hal baş verdiyi üçün tərəfimizdən iddiaçının istifadə etdiyi xidmətlərin dəyəri sayğacın mexaniki göstəricisinə əsasən hesablanmışdır. Bu halda ön ödənişli smart-kart tipli sayğacın mexaniki sərfiyyat hissəsi ilə adi mexaniki sayğacın heç bir fərqi yoxdur, eyni funksiyanı həyata keçirirlər, yəni ön ödənişli smart kart tipli sayğacın mexaniki hissəsi adi mexaniki sayğac kimi istifadə edilən suyun həcmini ölçür, hesabat da mexaniki hissəyə uyğun aparılır. Laboratoriya rəyindən göründüyü kimi sayğacınmexaniki göstəricisi 1430 m , elektron göstəricisi 206 m olmuşdur. Sayğacın sərfiyyatı2013-2019-cu illər üzrə 1430 m olmuşdur ki, bunun da 1224 m istifadə olunmuş, lakin dəyəri ödənilməmiş sərfiyyatdır. xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə su xəttinin birbaşa birləşmə dövrü üzrə də 12 m sərfiyyat hesablanmışdır (1224+12=1236 m x 2 manat= 2472 manat). Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc 2472 manat məbləğində təşkil edir. Qeyd edilən borc istifadə olunmuş, lakin dəyəri ödənilməmiş su sərfiyyatına görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İstehlakçı isə bu məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri- AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” tənzimləyir. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş, xəbərdarlıq göndərilmişdir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, məhkəmə qətnamə qəbul edərkən, tərəfindən təqdim edilmiş sübutlara baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməyərək yalnız iddiaçının mülahizələrinə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iş materialları ilə tanış olmadığını bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 14.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 578/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü iltarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın

23.2.1.5-ci, 2.1.7 və 2.1.8-ci bəndlərinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək, istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək və 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-nin vəzifəsidir. 24.5.1.5-ci bəndinə görə verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarına aid edilmişdir. 25.7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 27.Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. 29.Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya borcun hesablanması əsassız olmuş və birinci instansiya məhkəməsi bu borcu iddiaçıya məxsus abonent kodundan silinməlidir. 30.Belə ki, iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunun cavabdeh ASC tərəfindən sübuta yetirilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6130; 9/6759 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi 6-cı mikrorayon 209 saylı evin 60 saylı mənzilinə sudan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı bir qoşulma halının aşkar edilmədiyi müəyyən edilmişdir. 31.Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyası tərəfindən hazırkı iş üzrə iddiaçının (müqavilə tərəfi olan vəfat etmiş ərinin də) hüquqi statusu “Vergi uçotuna alınmış vergi ödəyəciləri haqqında məlumat” vasitəsilə yoxlanılmış, iddiaçının vergi ödəyəcisi olmadığı müəyyən olunmuşdur. Buna görə MPM-nin 24.2-ci maddəsinə əsasən hazırkı iddia tələbi üzrə mübahisənin ümumi məhkəməyə aid olduğu müəyyən edilir. 32.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 34.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-578/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar