Məhkəmə qərarları › İş №2(103)-187/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-187/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-187/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X6 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-950/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı1 qəyyumu İddiaçı2 cavabdeh “xxxxxxxxxxx” QSC-yə qarşı “şəxsin anlaqsız hesab edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı1 anlaqsız olması və cavabdehlə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-950/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi yoxdursa, həmin şəxs fəaliyyət qabiliyyətli şəxsdir. Kredit müqaviləsi və ipoteka müqaviləsi bağlanılarkən İddiaçı1 fəaliyyət qabiliyyətli olmasını istisna edən heç bir hal mövcud olmamış, onun barəsində müvafiq qərar olmamışdır. Belə ki, həmin şəxs müqavilələr bağlandıqdan sonra Salyan Rayon Məhkəməsinin 2(057)-124/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bundan əlavə, İddiaçı1 xx.xx.2015-ci il tarixə qədər kredit müqaviləsi üzrə ödənişlərini vaxtında ödəmiş, istər müqavilə bağlanılarkən, istərsə də ödənişlər həyata keçirilərkən öz hərəkətlərinin mahiyyətini dərk etmişdir. Lakin birinci instansiya məhkəməsi bu halları əsassız olaraq nəzərə almamış, maddi hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, cavabdeh qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 950/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 950/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi M.Əliyeva apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda, tərəflər arasında Salyan Rayon Məhkəməsində olan məhkəmə mübahisəsi zamanı məhkəmə-mühasibatlıq ekspertizasının keçirildiyini qeyd etdi, nümayəndə kollegiyaya xx.xx.2016-cı il tarixli, 23897 saylı həmin ekspert rəyinin surətini təqdim edərək bildirdi ki, iddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə, ümumilikdə, 6763,67 ABŞ dolları ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: xx.xx.2009-cu il kredit xətti müqaviləsinə əsasən cavabdeh İddiaçı1 20 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 300000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, Salyan rayon 2 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0,006 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 2 otaqlı, 24.8 kv.m yaşayış sahəsi, 84.1 kv.m yardımçı sahəsi, 108.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.1969-cu il təvəllüdlü İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2016-cı il tarixli 23 saylı qərarı ilə İddiaçı1 adına İddiaçı2 qəyyumluğuna verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh ilə kredit müqaviləsinin bağlandığı tarixdə anlaqlı olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-psixitrik ekspertizası təyin edilmiş, Məhkəmə-psixitrik X1 məhkəməpsixiatrik ekspertizasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən İddiaçı1 cavabdeh ilə xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinin bağlandığı anda anlaqlı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin baxışı zamanı 2(103)-2387/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 910 saylı, xx.xx.2018-ci il tarixli rəyinə əsasən İddiaçı1 şizofreniya paranoid forma, psixi qüsur vəziyyəti - xroniki ruhi xəstəlik müəyyən edilmişdir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri - uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə psixiatriya stasionarında müalicə olunması, 2005-ci ildə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozunun müəyyən edilməsi, uzun müddət stasionar və ambulator müalicə qəbul etməsinə baxmayaraq psixi vəziyyətində yaxşılaşmanın qeyd olunmaması, xəstəliyinin dinamik inkişafı nəticəsində psixi qüsur vəziyyətinin formalaşması, xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizaları zamanı “Şizofreniya paranoid forma psixi qüsur vəziyyəti” diaqnozunun müəyyən edilməsi, həmçinin hazırki müayinə zamanı, təfəkkürünün ləngiməsi, eşitmə hallüsinasiyalarının müəyyən edilməsi, təqib sayıqlama ideyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının solğunluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İddiaçı1 xroniki psixi xəstəliyinin dinamikası belə qənaətə gəlməyə əsas verir ki, o, xx.xx.2015-ci il tarixdə 022R********** saylı müqaviləni imzalayarkən etdiyi hərəkətlərin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum, yəni anlaqsız olmuşdur. xx.xx.2015-ci il tarixli 022R********** saylı müqaviləsinin imzalandığı zaman İddiaçı1 öz hərəkətlərinin mənasını dərk etmədiyindən fəaliyyət qabiliyyətsiz hesab edilməlidir. İddiaçı1 xroniki psixi xəstəliyinin gedişatı (dinamikası) onun xx.xx.2015-ci il tarixdən sonrakı dövrdən hal-hazıradək öz hərəkətlərinin mənasının dərk etməsini mümkünsüz etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair İddiaçı2 Ənvər qızının ərizəsi təmin edilmişdir. Həmin qətnamədən maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən maraqlı şəxsin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli, 23897 saylı ekspert rəyinə əsasən İddiaçı1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 6763,67 ABŞ dolları ödəmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, bundan öncəki apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmə öz xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd etdmişdir ki, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd məhkəmə tərəfindən etibarsız hesab edilirsə o, zaman əqdin tərəflərindən hər biri aldıqlarının hamısının digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərinin pulla ödəməli olması məsələsi də araşdırılmalı, bu məsələyə də hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya qeyd edir ki, İddiaçı1 “xxxxxxxxxxx” QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli, 22L000000070 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. İddiaçı1 “xxxxxxxxxx” QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 022R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq 1,8333% olmaqla, ödəniş planı üzrə hisə-hissə qaytarrnaq şərti ilə 28000 ABŞ dollar məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli, 23897 saylı ekspert rəyinə əsasən İddiaçı1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 6763,67 ABŞ dolları ödəmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, müqaviləni etibarsız hesab etsə də, etibarsızlığın nəticələrini tətbiq etməmiş, bununla da maddi hüquq normalarının tələblərini pozmuşdur. Kollegiya qeyd edir ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməli və etibarsızılığın nəticələri tətbiq edilərək, tərəflər müqavilədən əvvəlki vəziyyətə qaytarılmalı, yəni kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 6763,67 ABŞ dolları kreditin məbləği 28.000 ABŞ dollarından çıxılmaqla (28.000-6763,67=21236,33) qalan 21236 ABŞ dolları, 33 sent iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyaisya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməli və etibarsızılığın nəticələri tətbiq edilərək, tərəflər müqavilədən əvvəlki vəziyyətə qaytarılmalı, yəni kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 6763,67 ABŞ dolları kreditin məbləği 28.000 ABŞ dollarından çıxılmaqla (28.000-6763,67=21236,33) qalan 21236 ABŞ dolları, 33 sent iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-950/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. “xxxxxxxxxxx” QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 022R********** saylı kredit müqaviləsi etibarsız hesab edilsin və iddiaçıdan 21236,33 ABŞ dolları (iyirmi bir min iki yüz otuz altı ABŞ dolları, otuz üç sent) məbləğində pul vəsaiti (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq cavabdeh “xxxxxxxxxxx” QSC-yə verilsin. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar