Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1873/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndələri X2 və X1, Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən iddiaçının xeyrinə 11900 manat əsas, 4240 manat lizinqdən istifadəyə görə faiz, 4270 manat hesablanmış penya, cəmi 20410 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-3729/21) iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli avtomobilin Cavabdeh1 istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən 11900 manat əsas, 4240 manat faiz, 400 manat penya borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 16.570 manat məbləğində pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X3 əsasən, iddiaçı ümumi dəyəri 17000 manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modeli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə 11900 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 ödənişləri aparmamış, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş, bununla da müqavilə şərtlərini pozmuşdur, nəticədə iddiaçıya tələb olunan həcmdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsində cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını, yaxud baxılmamış saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, cavabdehlərə sms bildirişlərin göndərildiyi mobil nömrə onlara aid deyil. Cavabdehlərin ünvanına bildiriş göndərilməyib. İddiaçı hazırkı iddia ilə daha əvvəl 2020-ci ilin noyabr ayında Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş (2(006)-4615/2020) və sonuncu iclasın vaxtı 11.03.2021-ci il tarixə təyin edilmişdir. Hazırkı iş üzrə iddiaçı yenidən eyni tələblər ilə 27.04.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. İddiaçı cavabdehə xəbərdarlıq göndərilməsini bildirsə də, həmin məktubların göndərilməsi və çatdırılmasına dair hər hansı sübut təqdim etməmişdir. Müqaviləyə 2 saylı Əlavədən görünür ki, Cavabdeh1 ilk ödənişi 29.01.2021-ci ildə aparmalı idi. İddiaçı müqavilədə nəzərdə tutulduğu kimi bir dəfə deyil, artıq 10 dəfədən artıq ödənişlər edilmədikdən sonra məhkəməyə müraciət edir və əsassız olaraq həmin dövr üçün faiz və dəbbə pulunu tələb edir. İddiaçı əvvəlcədən avtomaşının harada olduğunu və cavabdehin həbsdə olduğu barədə bilə-bilə məhkəməyə yanlış məlumatları təqdim edir. Cavabdeh1 12.09.2020-ci il tarixdən həbs edilərək 1 saylı İstintaq Təcridxanasında saxlanılmış, 14.07.2021-ci ildən isə 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Belə olan halda avtomobil onun istifadəsində olmayıb və avtomobilin cavabdehdən alınması mümkün deyil. İddia tələbində müqaviləyə xitam verilməsi tələbi qoyulmadan lizinq obyekti tələb edilib. İddiaçı müqavilə üzrə yalnız lizinq obyektinin istifadədə olduğu müddət üçün lizinq ödənişlərini tələb etməli olduğu halda, müqavilənin müddəti bitmədən və lizinq obyekti artıq özlərinin istifadəsində olduğu halda 29.12.2022-ci il tarixə qədər müddət üçün ödənişləri tələb edir. Müqaviləyə birtərəfli xitam verilməsinə dair Cavabdeh1 məktub göndərilməyib. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməyib. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Digər Cavabdeh2 da apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndələri Z.Bağırov və R.İsmayılov apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Nümayəndə Z.Bağırov apellyasiya şikayətinə etirazda qeyd olunanlarla yanaşı əlavə olaraq göstərdi ki, lizinq şirkəti bundan əvvəl eyni tələblə 2020-ci ilin noyabr ayında Nəsimi Rayon Məhkəməsində iddia qaldırsa da, həmin iddia baxılmamış saxlanılmışdır. 2020-ci ilin noyabr ayında həmin işə baxılarkən Cavabdeh2 onlara bildirdi ki, lizinq obyekti olan avtomobil X10 tərəfindən saxlanılıb və müvəqqəti olaraq “Qurd qapısı” deyilən ərazidəki müvəqqəti saxlama dayanacağına yerləşdirilib. Araşdırma zamanı avtomobilin həqiqətən də inzibati xəta haqqında protokola əsasən 05.08.2020-ci il tarixdən dayanacağa yerləşdirildiyi müəyyən edilmişdir. Bundan sonra 04.12.2020-ci il tarixdə avtomobil lizinq şirkəti tərəfindən dayanacaqdan götürülmüşdür. Lakin avtomobil lizinq şirkətinə cavabdeh tərəfindən rəsmi qaydada təhvil verilməmiş, təhvil-təslim aktı tərtib olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Digər Cavabdeh2 qarşı tələb qismən təmin olunmuş olsa da, o, qətnaməni apellyasiya qaydasında mübahisələndirməmiş, iddiaçı da iddianın təmin olunmamış hissəsindən şikayət verməmişdir. Məhkəmə kollegiyası borcun cavabdehlərdən müştərək qaydada tutulduğunu nəzərə alaraq qətnamənin əsaslılığını iddianın təmin olunan hissəsində tam həcmdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətindədir. 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X3 əsasən iddiaçı ümumi dəyəri 17000 manat olan avtomobili Cavabdeh1 lizinqə verməyi, sonuncu isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşdür. Eyni tarixli və saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 Cavabdeh1 iddiaçı qarşısında müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. Hazırkı iddia məhkəmədə 27.04.2021-ci il tarixdə qaldırılmışdır. İddiaçının verdiyi maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 11900 manat əsas, 4240 manat mükafat, 4270 manat cərimə olmaqla, cəmi 20410 manat borcu vardır. İddiaçının tələbi avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlərdən maliyyə arayışında göstərilən lizinq borcunun tutulması barəddir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh müqavilə üzrə ödənişləri aparmamış, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili cavabdehə lizinqə vermiş, bunun nəticəsində iddiaçının Cavabdeh1 müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Cavabdeh1 isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də avtomaşın Cavabdeh1 istifadəsindən alınaraq iddiaçıya qaytarılmalı, ödəniş qrafiki üzrə yaranmış borc ondan tutulmalıdır. Məhkəmə bu hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386.1, 442, 448, 462.1, 465.2, 467, 747.1, 748-1.12.4, 748-10.1-ci və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1-748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Lizinq alanın lizinq obyektindən istifadə üçün müqavilə ilə nəzərdə tutulan ödənişləri ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ verir. Qanunun mənasına görə lizinq verənin bu hüququnu həyata keçirməsi lizinq alana lizinq ödənişləri qismində ödədiyi məbləğləri geri almaq hüququ vermir, həm də müqavilədən irəli gələn öhdəliklərə birmənalı xitam vermir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış lizinq müqaviləsində də lizinq alan müqavilənin tələblərini pozduqda lizinq verənin tələbi ilə lizinq obyektini mübahisəsiz qaytarmağı öhdəsinə götürüb və tərəflər razılaşıblar ki, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir və bu zaman ödənişlər geri qaytarılmır. İşin faktiki halları və sadalanan hüquq normalarının həmin hallara tətbiqi baxımından hazırkı iş üzrə iddiaçının lizinq müqaviləsi üzrə müəyyən edilmiş ümumi məbləğin ödənilməmiş hissəsini tələb etməsinin həm qanuni, həm də müqavilə əsası mövcuddur. Məhkəmə kollegiyası lizinq münasibətlərinin xüsusiyyətlərini, həmin münasibətlərlə bağlı qanunvericiliyin yuxarıda sadalanan normalarını və tərəflər arasında müqavilə müddəalarını nəzərə alaraq hesab edir ki, lizinq obyektinin geri qaytarılması lizinq verən tərəfindən lizinq alanın müqavilə üzrə ödənilməmiş öhdəliklərinin icrasını tələb etmək hüququnu istisna etmir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlilləri işə onun iştirakı olmadan baxılması, mübahisəli avtomobilin hələ 2020-ci ilin iyul ayında ondan alınıb Yasamal rayonundakı müvəqqəti dayanacağa yerləşdirilməsinə baxmayaraq lizinq şirkətinin müqavilə müddətinin sonuna, yəni 29.12.2022-ci il tarixədək olan dövr üçün ondan ödəniş tələb etməsi və s. barədədir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası lizinq ödənişlərinin müqavilə müddətinin sonuna, yəni 29.12.2022-ci il tarixədək olan dövr üçün tələb olunmasına münasibətdə qeyd edir ki, apelyator iddiaçı ilə aralarında lizinq (öhdəliklərin ötürülməsi haqqında) müqaviləsinin bağlandığını mübahisələndirməmişdir. İddiaçı tələbinin faktiki əsası kimi müqaviləyə, ona əlavəyə, müvafiq maliyyə sənədlərinə və arayışlara istinad etmişdir. Cavabdeh müqavilə üzrə ödəniş etməsinə dair heç bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1la lizinq müqaviləsi 29 dekabr 2019-cu ildə bağlanmış, digər Cavabdeh2 öhdəliklərin yerinə yetirilməsinə zamin durmuş, müqavilə müddəti 3 il müəyyən edilmiş, müqavilə predmeti olan avtomobilin ümumi dəyəri 17000 manat təşkil etmiş, ilkin ödəniş edildikdən sonra ödənilməli olan qalıq borc 11900 manat müəyyən edilmiş, bu məbləğin 29.12.2022-ci il tarixə qədər hissə-hissə ödənilməsi nəzərdə tutulmuş və müvafiq ödəniş qrafiki tərtib olunmuşdur (i.v.5). İddiaçının verdiyi maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 11900 manat əsas, 4240 manat mükafat, 4270 manat cərimə olmaqla, cəmi 20410 manat borcu vardır. Hazırkı iddia məhkəmədə 27.04.2021-ci il tarixdə qaldırılmışdır. İddia ərizəsində tələb olunan məbləğin iddia qaldırılan tarixə hesablanması qeyd edilsə də, bu, tərəflər arasında bağlanmış müqavilə və ödəniş qrafiki ilə təkzib olunur. Belə ki, həmin sənədlərə görə 11900 manat lizinq obyektindən istifadəyə görə bütün müqavilə müddəti üçün hesablanmış borcdur. Müqavilə müddəti isə hələ də bitməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, yəni tərəflər arasında müqavilə münasibətlərinin olmasını, cavabdehin müqavilə öhdəliklərini pozmasını və s. düzgün müəyyən edib maddi hüquq normalarını düzgün tətbiq etsə də, cavabdehlərdən tutulmalı olan borcun məbləğini müəyyən edərkən yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə borcu lizinq obyektinin cavabdehin faktiki istifadəsində olduğu müddət üçün deyil, bütün müqavilə müddəti üçün tutmuşdur. Bu isə Məhkəmə kollegiyasının qənaətinə görə lizinq ödənişlərinin qanunla müəyyən edilmiş izahının mahiyyətinə ziddir. Qanunun mənasına görə lizinq ödənişləri lizinq obyektindən istifadəyə görə ödənilən haqqdır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə aydınlaşdırılmalı olan hal lizinq obyektinin hansı müddət ərzində cavabdehin istifadəsində olmasıdır. Cavabdeh tərəf lizinq obyektinin 2020-ci ilin iyul ayında lizinq şirkətinin tələbi əsasında X10 tərəfindən cavabdehin sahibliyindən alınıb müvəqqəti dayanacağa yerləşdirildiyini bildirsə də, bu hal apellyasiya baxışı zamanı öz təsdiqini tapmadı. Belə ki, bununla bağlı əlaqədar orqanlara müvafiq sorğular göndərilsə də, həmin fakt öz təsdiqini tapmamışdır. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı müvafiq sübutlar (akt, protokol və s.) təqdim etməklə bildirmişdir ki, mübahisəli avtomobil X10 tərəfindən 05.08.2020-ci il tarixdə müvəqqəti saxlama dayanacağına yerləşdirilmiş və 04.12.2020-ci il tarixdə lizinq şirkəti tərəfindən götürülmüşdür. Məhkəmə kollegiyası bunu işin müəyyən edilmiş halı kimi qəbul edərək qeyd edir ki, lizinq obyekti 04.12.2020-ci il tarixdən etibarən cavabdehin deyil, iddiaçının, yəni mülkiyyətçi İddiaçı MMC-nin sahibliyində olmuşdur və bu gün də onun sahibliyindədir. Bu isə o deməkdir ki, 04.12.2020-ci il tarixdən etibarən Cavabdeh1, yaxud onun ailə üzvlərinin lizinq obyektindən istifadə etməsi praktiki cəhətdən qeyri-mümkün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə lizinq ödənişləri yalnız lizinq obyektinin iddiaçının sahibliyinə qaytarıldığı tarixədək, yəni 2020-ci ilin dekabr ayına qədər olan dövr üçün tutula bilər. Ona görə də qətnamə əsas, faiz və penya borcunun tutulması hissəsində dəyişdirilməli, göstərilən dövr üçün əsas borcun məbləği 2150 manat, faiz borcunun məbləği 2224 manat və penya borcunun məbləği 215 manat müəyyən edilməlidir. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iştirakı olmadan işə baxılması barədəki dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 məhkum olunması işə baxan məhkəməyə məlum olmamış, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər cavabdehin məlum olan sonuncu ünvanına göndərilmiş və həmin ünvanda qapı bağlı olduğundan bildirişlərin çatdırılması mümkün olmamışdır. Bildirişlərin qəbul edilməməsinə baxmayaraq iş üzrə çıxarılmış qətnamənin surəti həmin ünvanda digər Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin cavabdehin iştirakı olmadan işə baxılması barədəki dəlili formal mülahizə xarakteri daşımaqla əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas vermir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 11900 manat əsas, 4240 manat lizinqdən istifadəyə görə faiz, 4270 manat hesablanmış penya olmaqla, cəmi 20410 manat borcun tutulması hissəsində dəyişdirilsin. Həmin hissədə əsas borcun məbləği 2150 manat, faiz borcunun məbləği 2224 manat və penya borcunun məbləği 215 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1873/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1873/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver