Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1874/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə (Açar sözlər:lizinq obyektinə vurulmuş maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X13 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 və nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2063/2022 nömrəli 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh2 (Lizinq alan) arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X12 əsasən Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17000 manat olan əmlakı (““SUZUKİ KİZASHİ MİNİK” markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobili) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür.
2. 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1, Cavabdeh2 İddiaçı MMC qarşısında 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür.
3. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ minik” markalı 99-PF778 dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11900 manat əsas lizinq borcu, 4240 manat lizinqdən istifadəyə görə faiz borcu, 400 manat penya, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 16570 manat məbləğində pulun müştərək qaydada tutularaq MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 11900 manat əsas, 4240 manat lizinqdən istifadəyə görə faiz, 400 manat hesablanmış penya olmaqla, cəmi 16570 manat borcun tutulması hissəsində dəyişdirilmiş, həmin hissədə əsas borcun məbləğinin 2150 manat, faiz borcunun 2224 manat və penya borcunun 215 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən 99-PF778 dövlət qeydiyyat nişanlı avtomaşına görə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində inzibati tənbeh tətbiq edilməsi barədə qərarlar tərtib edilmiş, törədilmiş inzibati xətalara görə avtomaşının sürücüsünə 624 manat məbləğində inzibati cərimə növündə intizam tənbehi tətbiq edilmişdir.
6. 05.08.2020-ci il tarixli Avtonəqliyyat saxlanılmaya qəbulu barədə aktına əsasən “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına gətirilərkən - avtomaşında qabaq buferin sınığı, qabaq kapotun əzilməsi, sol aynasının sınması, sol qabaq qapının əzilməsi, cızılması, rəngsiz olması aşkar edilmiş, açarın sürücüdə qaldığı müəyyən edilmişdir.
7. "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin məbləği 19.222,02 manat müəyyən edilmişdir.
8. “Bakı Sığorta” şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə MMC-yə ünvanlanan məktuba əsasən, MİL-11835/20 saylı müqavilə üzrə “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsi ilə bağlı sığorta şirkətinə heç bir məlumat daxil olmamışdır.
9. xx.xx.2022-ci il tarixli ziyan aktına görə “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərbə qabaq sol qapı tərəfdən və sonradan qabaq orta tərəfdən dəymişdir. Zərbə nəticəsində avtomobilin (Qabaq sol qapının nikel spoyleri, qabaq buferin bukserinin qapağı, Buferin içəri qubkası (yeni)) deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Bundan əlavə avtomobilin qabaq buferi, qabaq kapotu, qabaq sol qanadı, qabaq sol qapısı, arxa sol qanadı da deformasiyaya uğramış, təmir olunmalı və rənglənməlidir. Ümumilkidə avtomobilin təmir-bərpa xərci 1494 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X12 əsasən cavabdehlərin sahiblik və istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ” markalı, “KİZASHF” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobilə cavabdehlər tərəfindən vurulmuş 19222,02 manat məbləğində maddi ziyanın, törədilən inzibati xətalara görə tətbiq edilən 624 manat məbləğində cərimə, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlərdən MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X12 əsasən, MMC Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə göstərilən və ümumi dəyəri 17000 manat olan 1 ədəd “SUZUKİ” markalı “KİZASHİ” modelli **-PF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh2 isə öz növbəsinə əsasən 11900 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh2 müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 29 dekabr 2019-cu il tarixli 1901/0662 ZM-01 saylı Zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 Lizinq müqaviləsinə 2 nömrəli Əlavədə (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı MMC-nin mülkiyyətində olan “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11900 manat əsas lizinq borcu, 4240 manat lizinqdən istifadəyə görə faiz borcu, 400 manat penya, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 16570 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. “SUZUKİ” markalı, “KİZASHİ ” modelli 99- PF778 dövlət nömrə nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarıldıqdan sonra mülkiyyətçiyə məlum olmuşdur ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tamamilə yararsızdır. İddiaçı mülkiyyətinə dəymiş zərəri müəyyən etmək məqsədilə ixtisaslaşmış texniki servis mərkəzi olan "xxxx" QSC-yə müraciət etmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktından müəyyən edilir ki, Cavabdeh2 istifadəsində olduğu müddət ərzində “SUZUKİ” markalı, “KİZASHİ” modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobilə 19222,02 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh2 vurduğu ziyanı ödəmir və avtomobili qəsdən yararsız vəziyyətə saldığını bildirir. Göründüyü kimi Cavabdeh2 etibarnamə əsasında istifadəsinə verilmiş avtomobili qəsdən məhv etmiş və sözü gedən avtomobilə vurduğu ziyanı aradan qaldırmaqdan qərəzli olaraq yayınır. Bundan əlavə olaraq “SUZUKİ” markalı, “KİZASHİ11 modelli **-PF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol hərəkəti qaydaları dəfələrlə pozulmuş və barəsində inzibati protokollar tərtib edilmişdir. Belə ki, “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən cavabdeh tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Törətdiyi inzibati xətalara görə cavabdehə tətbiq edilən cərimələr 624 manat təşkil edir. 29 dekabr 2019-cu il tarixli 1901/0662 saylı X11 7.9-cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3502 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12816,00 manat müəyyən edilmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)- 2063/2022 nömrəli qətnaməsi ilə (hakim C.Musayeva) iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi, iddianın Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, maddi zərər üzrə 13440 (12.816+624) manat və dövlət rüsumu kimi ödənilmiş 150 manatın 102 manat hissəsinin, cəmi 13542 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 68 manatının Cavabdeh2, 32 manatının isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Beləliklə lizinq obyekti sayılan nəqliyyat vasitəsi cavabdehin təqsiri üzündən zədələndiyindən, o, lizinq obyektinə dəymiş zərər üzrə tam şəkildə maddi məsuliyyət daşımalıdır. Baş vermiş zərərin məbləğinin müəyyən edilməsi üçün təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12816 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən “SUZUKİ KİZASHİ MİNİK” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-yə qaytarılması qət edilmiş, apellyasiya instansiyası məhkəməsində qətnamənin bu hissəsi mübahisələndirilməmişdir. İş materiallarından göründüyü kimi, sözügedən avtomovil Cavabdeh2 təqsiri üzündən cərimə meydançasına təhvil verilmiş və daha sonra uzun müddət ərzində (hal-hazıradək) istismar olunmadan (sürülmədən) açıq hava şəraitində saxlanılmış, bu da avtomobilin ehtiyyat hissələrinin surətlə aşınmasına və köhnəlməsinə əsas olmuşdur.
15. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, lizinq alanın yalnız xx.xx.2022ci il tarixli ziyan aktına əsasən məsuliyyət daşımalı olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Cavabdeh - lizinq alan tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü və 11.11-ci bəndlərinə əsasən lizinq obyekti sığortalansa da yol-nəqliyyat hadisəsi baş verdiyi barədə lizinq verənə və sığortaçıya məlumat vermək üzrə vəzifəsini icra etmədiyindən sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsini tələb etmək hüququnun həyata keçirilməsi mümkün olmamışdır.
16. Məhkəmə iddiaçıya mülkiyyət hüququ ilə məxsus avtomobilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 12816 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi zərərə görə cavabdehdən 12816 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə “SUZUKİ KİZASHİ MİNİK” markalı, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən çoxsaylı yol hərəkəti qaydalarının pozulması nəticəsində hesablanmış 624 manat məbləğində cərimələr qismində çıxış edən maddi zərərlə əlaqədar qeyd etmişdir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati təbeh tətbiq edilməsi barədə qərarlara əsasən inzibati xətanın törədilməsi avtomobilin Cavabdeh2 istifadəsində olduğu zaman baş verdiyi işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh-lizinq alan iştirak etdiyi məhkəmə iclasında iddianı həmin hissədə etiraf etdiyini bildirmişdir. Belə olan halda 624 manat məbləğində maddi zərər Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi iddianın digər Cavabdeh1 münasibətdə rədd edərkən ona istinad etmişdir ki, hazırda iddiaçı məhz X11 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin cavabdeh – zamindən tutulmasını xahiş edir. Halbuki, zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irəli gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 324.5-ci, 404.1-ci, 419.2-ci, 448.1-ci, 448.2-ci və 748-7.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin zaminə dair hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin icrasının təmin olunması üçün zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 öz üzərinə Cavabdeh2 ilə birgə məsuliyyət barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 1.1. bəndinə əsasən “Lizinq alan”nın “Lizinq verən” qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün “Zamin” və “Lizinq alan”nın “Lizinq verən” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Zamin” və “Lizinq alan” lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik icrasını təmin etdiyi lizinq müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən lizinq müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən zaminlik lizinq müqaviləsinə dəyişiklik və əlavələrin edildiyi, lizinq müqaviləsi üzrə öhdəlikdə borclunun dəyişdiyi hallara da şamil olunur. Lizinq müqaviləsi üzrə öhdəlik hər hansı bir formada və məzmunda dəyişdirildikdə, buna görə “Zamin”nin razılığı tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən maddənin tələbindən müəyyən olunur ki, borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminin üzərinə düşür. Sadalananlardan görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də qətnamədə iddianı zamin barəsində rədd edərkən yalnız formal əsaslandırma ilə kiyafətlənmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X8 və X7) 2(103)-1738/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə İddiaçı MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası göstərmişdir ki, hazırda iddiaçı X11 müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin həmçinin, cavabdeh - zamindən tutulmasını xahiş edir. Lakin zaminlik müqaviləsində zaminin lizinq verən qarşısında məsuliyyətinin yaranması əsasları lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmamasından, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərd əvə məbləğdə ödənilməməsindən, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cərimə və penya) ödənilməməsindən, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsindən və lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulmasından ibarət olmuşdur. Lakin müqavilənin müvafiq bəndində konkret göstərilən bu hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir.
24. Zamin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində də məhz lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmaması zaminin məsuliyyətinin yaranması əsası kimi göstərilmiş və öhdəliyin icra edilməməsi hallarına lizinq, faiz və dəbbə pulunun ödənilməməsi, habelə lizinqdən məqsədli təyinatına uyğun istifadə edilməməsi aid edilmiş və bu yanaşma müqavilə üzrə müxtəlif bəndlərdə təkrarlanmışdır. Lizinq obyektinin yol-nəqliyyat hadisəsi, habelə istismar nəticəsində zədələnməsi də onun təyinatına uyğun istifadə edilməməsi anlamına gəlmir. Əksinə lizinq obyektinin təyinatı üzrə istifadə edilməsi məhz onun idarə olunması yolu ilə istismar edilməsindən ibarətdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilmiş “və lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasına mənfi təsir edə bilən hallar” ifadəsi isə qeyri-müəyyənliyi baxımından iddiaçının hazırda iddia etdiyi halı əhatə etmir, bu səbəbdən həmin müqaviləni tərtib etmiş, o cümlədən belə bir qeyri-müəyyən şərti müqaviləyə daxil etmiş iddiaçı tərəfin ziyanına (əleyhinə) təfsir edilməlidir. Bu baxımdan zaminin lizinq obyektinin yararsız vəziyyətə salınması, habelə yol hərəkəti qaydalarının pozulması nəticəsində lizinq alan barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə görə lizinq alanla birgə və eyni həcmdə məsuliyyət daşıması barədə iddiaçının dəlilləri əsassızdır. Zaminlik müqaviləsi ilə zaminin konkret olaraq bu növ zərərə (nəqliyyat vasitəsinin yararsız vəziyyətə salınması və inzibati qərarlarla cərimənin tətbiq edilməsi) görə hər hansı məsuliyyəti müəyyən edilməmişdir. Başqa sözlə, zaminlik müqaviləsi çərçivəsində tərəflər arasında belə bir şərt üzrə hər hansı razılıq əldə edilməmişdir. Bu da öz növbəsində iddiaçının zaminə qarşı hazırki iddiasının rədd edilməsini şərtləndirir.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 404.1, 419.2, 470.1, 472.1, 472.2, 474.1 və 748.7.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir.
c)Kassasiya instansiya məhkəməsində icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-105/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (məruzəçi), Z.Babayev və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1738/2023 nömrəli iş üzrə 20 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
27. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış Daxili lizinq və zaminik müqavilələrinin şərtlərini təfsir edərkən səhvə yol vermiş, lizinq predmeti olan avtomaşına lizinq alan tərəfindən vurulmuş zərərə görə zaminin məsuliyyət daşımaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İşdə olan və lizinq verən İddiaçı MMC, lizinq alan Cavabdeh2 və zamin Cavabdeh1 tərəfindən imzalanmış X11 10.3-cü bəndinə görə lizinq alan lizinq obyektinin təhvil-təslim xarakterini daşıyan 1 saylı Əlavədə göstərilən lizinq obyektini bütün növ zərərlərdən qorumağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1ci bəndlərinə görə bu müqavilə ilə lizinq alanın lizinq verən qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilir. İcrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu lizinq verən və lizinq alan arasında bağlanmış Daxili lizinq müqaviləsi ilə müəyyən edilir. Zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penyə) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Göründüyü kimi zamin lizinq obyektini bütün növ zərərlərdən qorunmasında, lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmasında lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıyır. İş materiallarına görə isə lizinq alan Cavabdeh2 etiraf etmişdir ki, lizinq obyekti olan avtomaşın cərimə meydançasına qoyularkən güzgüdə qırıq, qapıda əziklik, həmin vaxtı tərtib edilən təhvil-təslim aktında qeyd edilən vəziyyətdə olmuşdur, avtomaşındakı zədələrin avtoqəza nəticəsində olması isə iş materialları ilə müəyyən edilmir. Törədilmiş inzibati xətalara görə avtomaşının sürücüsünə 624 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiqi də Cavabdeh2 təqsiri üzündən baş vermişdir.
Proses iştirakçılarının izahatı
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, zaminlik müqaviləsinə əsasən lizinq alanla zamin lizinq verən qarşısında əsas lizinq müqaviləsi üzrə birgə məsuliyyət daşıyırlar. Müəyyən edilmişdir ki, lizinq alan avtomobilə ziyan vurmuşdur. Zamin də lizinq alanla birgə məsuliyyət daşıdığından vurulmuş zərər ondan da tutulmalıdır. Avtomobil hazırda MMC-dədir. Avtomobilin təmiri ilə bağlı işlər tam yekunlaşmamışdır, ona görə də təqdim edilmiş qaimələrdə də təmir xərci o qədərdir, bu günkü gündə avtomobilin təmirinə ehtiyac var. Ehtiyat hissələri çox baha olduğundan hələ tam təmir etdirə bilməmişlər. İnzibati xəta haqqında protokollarda adları göstərilən şəxslərdən Əmir Zeynalov təsisçinin şəxsi sürücüsü, Baba və Fərdi adlı şəxslər mühafizəçilərdir. Həmin şəxslər avtomobilin təmiri ilə məşğuldurlar və ehtiyat hissəsi almaq üçün getdikdə avtomobili istifadə etmişlər.
29. Cavabdeh1 və nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Nümayəndə-vəkil qeyd etdi ki, tərtib edilmiş qüsur aktının tarixi yoxdur. İnzibati xəta haqqında protokollardan görünür ki, avtomobil 2023-cü ilin yanvar ayından istifadə olunur. İddiaçı tərəf avtomobilin tam təmir olunmadığını qeyd etsə də, görünən odur ki, avtomobil yenidən lizinqə verilmişdir.
30. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
34. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
35. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
36. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
37. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
45. Hazırki apellyasiya baxışının predmetini iddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi hissə, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın zaminə münasibətdə təmin olunmayan hissəsi təşkil edir. Eyni zamanda, mübahisəsinin predmeti bölünməz olduğuna görə, zərərin məbləğinə aid hissədə qətnamə hər iki cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
47. Göründüyü kimi iddiaçı iddia tələbində lizinq obyekti olan avtomobilə dəymiş zərəri və inzibati xətalara görə yaranmış cərimənin cavabdehlərdən, yəni lizinq alan və zamindən müştərək qaydada tutulmasını tələb etmişdir.
48. Zərərin baş verməsi, bunun Cavabdeh2 təqsiri nəticəsində olması məhkəmə tərəfindən müəyyən edilmiş və bu hal Cavabdeh2 tərəfindən mübahisələndirilməmişdir. Yəni Cavabdeh2 məsuliyyət daşıması hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.
49. Hazırda iddiaçı zaminə aid hissədə qətnaməni mübahisələndirmişdir.
50. Lizinq verən İddiaçı MMC, lizinq alan Cavabdeh2 və zamin Cavabdeh1 tərəfindən imzalanmış X11 10.3-cü bəndinə görə lizinq alan lizinq obyektinin təhvil-təslim xarakterini daşıyan 1 saylı Əlavədə göstərilən lizinq obyektini bütün növ zərərlərdən qorumağı öhdəsinə götürür.
51. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə görə bu müqavilə ilə lizinq alanın lizinq verən qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilir. İcrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu lizinq verən və lizinq alan arasında bağlanmış Daxili lizinq müqaviləsi ilə müəyyən edilir. Zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penyə) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Müqavilənin 2.2.5-ci bəndinə görə zamin lizinq müqaviləsinin şərtlərinin Lizinq alan tərəfindən pozulmasına görə lizinq verən qarşısında məsuliyyət götürmüşdür.
52. Göründüyü kimi zamin lizinq obyektini bütün növ zərərlərdən qorunmasında, lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmasında lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıyır. İş materiallarına görə isə lizinq alan Cavabdeh2 etiraf etmişdir ki, lizinq obyekti olan avtomaşın cərimə meydançasına qoyularkən güzgüdə qırıq, qapıda əziklik, həmin vaxtı tərtib edilən təhvil-təslim aktında qeyd edilən vəziyyətdə olmuşdur, avtomaşındakı zədələrin avtoqəza nəticəsində olması isə iş materialları ilə müəyyən edilmir.
53. Beləliklə zamin lizinq alanla birgə məsuliyyət daşıdığı üçün avtomobilə vurulmuş zərər hər ikisindən müştərək qaydada tutulmalıdır.
54. Vurulmuş ziyan məbləğinə aid iddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktına görə avtomobilin təmirbərpa xərcinin məbləği 19.222,02 manat müəyyən edilmişdir.
55. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində isə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816,00 manat məbləğində müəyyən edilmişdir.
56. Hazırda isə iddiaçı tərəf avtomobilin görülmüş təmir işlərinə dair elektron qaimələri təqdim etmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 2230 manat, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 3890 manat, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 2778 manat ödənilmişdir.
57. Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi qaimələrə əsasən müəyyən edilir ki, avtomobilin təmiri üçün ümumilikdə 8898 (2230+3890+2778) manat sərf edilmişdir.
58. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı bu halı belə əsaslandırmışdır ki, avtomobilin təmiri ilə bağlı işlər tam yekunlaşmamışdır, ona görə də təqdim edilmiş qaimələrdə də təmir xərci o qədərdir, bu günkü gündə avtomobilin təmirinə ehtiyac var. Ehtiyat hissələri çox baha olduğundan hələ tam təmir elətdirə bilməmişlər.
59. Cavabdeh1 nümayəndəsi-vəkili isə inzibati xəta haqqında protokolları təqdim edərək göstərmişdir ki, avtomobil 2023-cü il yanvar ayından istifadə olunur. İddiaçı tərəf avtomobilin tam təmir olunmadığını qeyd etsə də, görünən odur ki, avtomobil yenidən lizinqə verilmişdir.
60. Təqdim edilmiş “İnzibati xəta haqqqında” protokollardan görünür ki, xx.xx.2023-cü il tarixdə sözügedən avtomobili idarə edən X9 Bakı şəhəri Xocalı prospekti ərazisində İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixdə X5 rayonu Əliağa Vahid 3 ərazisində İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixdə X16 Bakı şəhəri Şamaxı yolu ərazisində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati, xx.xx.2023-cü il tarixdə X4 rayonu, Babək prospektində İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixdə X2 rayonu, B.Bağırova küçəsində İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixdə X3 rayonu Rövşən Cəfərov küçəsində İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixdə X2 rayonu Tbilisi prospektində İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixdə Səbail rayonu Nizami Gəncəvi küçəsində X17 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu Cəfər Cabbarlı küçəsində X17 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər.
61. İddiaçının nümayəndəsi inzibati xəta haqqında protokollara münasibətdə bildirmişdir ki, İnzibati xəta haqqında protokollarda adları göstərilən şəxslərdən Əmir Zeynalov təsisçinin şəxsi sürücüsü, Baba və Fərdi adlı şəxslər isə mühafizəçilərdir. Həmin şəxslər avtomobilin təmiri ilə məşğuldurlar və ehtiyat hissəsi almaq üçün getdikdə avtomobili istifadə etmişlər.
62. Kollegiya iddiaçının nümayəndəsinin qeyd etdiklərini əsaslı dəlil hesab etmir, belə ki, göründüyü kimi 2023-cü ilin yanvar ayından etibarən sözügedən avtomobil müxtəlif şəxslər tərəfindən müxtəlif ərazilərdə, hətta yalnız Bakıda deyil, Quba rayonu ərazisində belə istifadə edilmiş, fərqli vaxtlarda olmaqla 2023-cü ildən etibarən bir il ərzində avtomobil idarə olunarkən sürücülər tərəfindən inzibati xətalar törədilmişdir.
63. Belə olan halda avtomobilin təmiri üçün lazım olduqda qeyd olunan şəxslər tərəfindən avtomobilin istifadə edilməsi barədə iddiaçının dəlilləri ağlabatan və inandırıcı hesab edilmir. Bir il ərzində avtomobilin mütəmadi olaraq müxtəlif ərazilərə məhz təmir məqsədi ilə istifadə edilməsi ağlabatan və real hesab edilmir. Aşkardır ki, mübahisəli avtomobil uzun müddətdir istifadədir, avtomobilin davamlı olaraq istifadə edilməsi belə qəanətə gəlməyə əsas verir ki, artıq avtomobil tam təmir olunmuşdur. İddiaçının bu barədə dəlilləri əsassızdır.
64. Beləliklə yuxarıda da qeyd edildiyi kimi avtomobilə vurulmuş ziyana görə iddiaçının düşdüyü real zərər (təmir üçün çəkilmiş xərclərə dair qaimələrə əsasən) ümumilikdə 8898 manat olmuşdur.
65. Ona görə də avtomobilə vurulmuş zərərə görə tutulmalı olan məbləğ 8898 manat müəyyən edilməlidir.
66. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini cavabdeh Samirə Eyvazoya aid hissədə qətnamənin yoxlanılması təşkil etsə də, avtomobilə vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb bölünməz olduğundan, tutulmalı olan zərərin məbləği 8898 manat müəyyən edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır.
67. Bundan başqa iddiaçı törədilən inzibati xətalara görə tətbiq edilən 624 manat məbləğində cərimənin də cavabdehlərin hər ikisindən tutulmasını tələb etmişdir.
68. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati təbeh tətbiq edilməsi barədə qərarlara əsasən inzibati xətanın törədilməsi avtomobilin Cavabdeh2 istifadəsində olduğu zaman baş verdiyi işin mübahisələndirilməyən halıdır.
69. Kollegiya hesab edir ki, məhkəmənin 624 manat məbləğində maddi zərərin Cavabdeh2 tutulması barədə qəanəti əsaslı olmuşdur.
70. Belə ki, Cavabdeh2 avtomobili idarə edərkən törətdiyi inzibati xətaya görə cəmirənin zamindən tutulması əsassızdır. Ona görə də məhkəmə haqlı olaraq bu hissədə iddia tələbini təmin etməmişdir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2063/2022 nömrəli iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh2 maddi zərər üzrə 13.440 (12.816+624) manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh2 maddi zərərin əvəzi qismində 9.522 manat (8898 manat təmir-bərpa xərci, 624 manat inzibati cərimə) İddiaçı MMC-nin xeyrinə tutulsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2063/2022 nömrəli iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 yönəlmiş iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin olunsun. Avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 8898 manat (təmir-bərpa xərci) həmçinin müştərək qaydada Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh1 yönəlmiş iddia tələbi “inzibati xətalara görə 624 manat məbləğində cərimənin Cavabdeh1 da tutulması” hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.