Məhkəmə qərarları › İş №2(103)-1876/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1876/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1876/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, Ərizəçi “şəxsin öhdədə (himayədə) olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 dekabr 2024-cü il tarixli qətnamədən Ərizəçi verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş ərizəçi, anasının - xx.xx.1930-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş X1 onun öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialı göstərilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası Mirvari Musayeva 1930-cu ildə doğulmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X2 1987-ci ildə vəfat etdikdən sonra ərizəçi, anasını tək qoymamaq üçün Naxçıvan Muxtar Respublikası, Sədərək kəndinə getmişdir. Ərizəçidən başqa anasına qulluq edən hər hansı şəxs olmamışdır. Çünki ərizəçinin qardaşı Namiq Musayev uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Ərizəçi ilə ərizəçinin anası bir müddət Naxçıvanda yaşamış, lakin sonradan daimi yaşamaq üçün birlikdə Bakı şəhərinə gəlmişlər. 1987-ci ildən xx.xx.2019-cu il tarixədək ərizəçinin anası ərizəçinin himayəsində yaşamışdır. Ərizəçinin anası xx.xx.1930-cu il təvəllüdlü olmaqla, 70 yaşı xx.xx.2000-ci il tarixdə tamam olmuş və 89 yaşında rəhmətə getmişdir. Hal-hazırda ərizəçi ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMFnın Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etsə də ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, habelə ahıllara yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Eyni zamanda, qulluq olunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sosial sığorta stajına daxil edilir. Ərizəçi, ahıl anasına 70 yaşına çatdığı vaxtadək və vəfat edənədək yəni 89 yaşı tamam olanadək qulluq etdiyindən, onun bütün tələbatlarını təkbaşına ödədiyindən, hesab edir ki, anasının onun öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı zəruridir. Ərizəyə dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ərizənin təmin edilməməsini qət etmişdir. Ərizəçi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Əsasları ərizənin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur (bənd 3.). İddiaçının ərizəsindən isə görünür ki, ərizəçinin xahişi onun özünün anasının sağlığında anasının öhdəsində olması faktının müəyyən edilməsi ilə bağlı deyil, məhz anasının sağlığında onun öhdəsində olması faktının müəyyən edilməsi ilə bağlıdır. Odur ki, göstərilənləri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1, 71.2-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1., 2.2.2., 2.2.3-cü maddələrinin tələblərini, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alan Məhkəmə hesab edir ki, “şəxsin öhdədə (himayədə) olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəçının ərizəsinə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Rayon Məhkəməsi hazırki işin icraatının başlanmasına əsas olmuş ərizəyə mülki icraat qaydasında baxmaqla səhvə yol vermiş, məhkəmə aidiyyətini pozmuşdur. MPM-in 261.0.1-ci maddəsinin mənasına görə, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə isə, yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi tələb edildiyindən şikayət qismən əsaslı hesab edilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-in 261, 384, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 dekabr 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, o, mövcud mübahisə ilə bağlı müvafiq inzibati orqana müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar