Məhkəmə qərarları › İş №2(103)-1877/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1877/2025

23.04.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1877/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-2582/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İş materiallarında olan AZ-İİ seriyalı 122370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə Yasamal rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 151 nömrə ilə qeyd aparılmışdır. Ölümün səbəbi: baş beynin ocaqlı travması.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-153/2022 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs X22 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi "xxxx" markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyası istiqamətinə doğru 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yolu sağdan sola keçən piyada X3 avtomobilin sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət olunan kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı, burun sümüyünün çoxqəlpəli yerini dəyişmiş sınığı, sol qaşüstü nahiyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyəsinin, sağ çanaq nahiyəsinin yan səthinin və sol iç topuq nahiyəsinin sıyrıqları, sol ayağın üst pəncə nahiyəsinin və sol çiyin qurşağının ön səthinin qançırları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən başın küt travması nəticəsində kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma Ruhulla Axundovun ölümünə səbəb olmuşdur. X22 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmış, X8 barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ona təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilmiş, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı vurulmuş ziyanın tam olaraq təqsirləndirilən şəxslər X22 və X16 tərəfindən ödənilməsi, zərərçəkmiş şəxs "xxxx" MMC-yə və "xxxx" MMC-yə və zərərçəkmiş şəxs X9 vurulmuş ziyanın təqsirləndirilən şəxs X16 tərəfindən ödənilməsi nəzərə alınmışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrindən görünür ki, X4, X17 və X18 ilə müvafiq olaraq bağlanmış əmək müqavilələri qüvvədən düşmüş hesab edilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-167369/2024 nömrəli məktubundan və ona əlavə edilmiş komputer çıxarışından görünür ki, komputer uçot bazası məlumatlarına əsasən “X33” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən X6 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X11 etibarnamə verilmişdir.

5. Rusiya Federasiyasının aidiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hadisə: 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində X22 işlədiyi "xxxx" MMC şirkətinə məxsus ola sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi 99-OA942 dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yolu keçən piyada X3 ehtiyatsızlıqdan idarə etdiyi avtomobil ilə vurub sonuncuya baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma ilə müşaiyət olunan kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı burnun sümüyünün çoxqəlpəli yerini dəyişmiş sınığı, sol qaşüstü nahiyyəsinin səthi əzilmiş yarası, sol gözaltı nahiyyəsinin, üst dodağın sol yarısının, sol çənəaltı nahiyyəsinin, sağ çanaq nahiyyəsinin yan səthinin və sol iç topuq sahiyyəsinin sıyıqları, sol ayağın üst pəncə nahiyyəsinin və sol çiyin qurşağının ön səthinin qançırları ilə nəticələnən ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və bu xəsarətlərdən başın küt travması nəticəsində kəllə əsasının sağ orta çuxuruna keçən alın sümüyünün xətti sınığı ilə müşaiyət olunan baş beyinə, qişalarına, mədəciklərinə və beyinciyə qansızma Ruhulla Axundovun ölümünə səbəb olmuşdur. Vəfat etmiş şəxsin iddiaçıya münasibəti: Hadisə nəticəsində həyatını itirmiş X7 onun doğma qardaşı olmuşdur. Ruhulla onun qardaşı, sirdaşı olmaqla yanaşı həm də ata əvəzi olmuşdur. Ailədə 3 övlad olmuşlar. Ruhulla ortancıl, o isə kiçik övlad olmuşdur. Vəfat etmiş şəxsi xarakterizə edən hallar: X7 11 oktyabr 1960-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş, orta təhsilli olmuşdur. Ruhulla subay idi və uşaqları yox idi. Ona görə də, tək yaşayırdı. Hadisədən sonrakı hərəkətlər: X7 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq həyatını itirməsindən sonra MTE və PA birliyi Publik Hüquqi şəxsi Nizami rayon şöbəsinə aparılmışdır. Ruhulla tək yaşadığı üçün həmin gün hadisə baş verməsindən yaxınlarının xəbəri olmamışdır. Bacısı İddiaçı Ruhulla Axundov ilə telefon əlaqəsi yarada bilmədiyi üçün 07 dekabr 2020-ci il tarixdə DİN -in 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra polis əməkdaşları tərəfindən İddiaçı MTE və PA birliyi Publik Hüquqi şəxsinin Nizami rayon şöbəsinə dəvət olunmuş və orada qardaşı Axundovun morqda olduğunu görmüşdür. 08 dekabr 2020-ci il tarixdə Ruhulla Axundovun meyidi qohumlarına təhvil verilmiş və həmin gün mərhum Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Hadisə nəticəsində hesab edir ki, ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. Mərhum qardaşı X7s ubay olduğu üçün Bakı şəhəri, Nərimanov rayonu Gənclik metrostansiyası yaxınlığında tək yaşayırdı. Atası, anası, böyük bacısı rəhmətə getdikdən sonra Ruhulla onun bu həyatda tək dayağı və ata əvəzi idi. Onun bu faciəvi şəkildə ölümü ona həyatda ən böyük zərbə oldu. Elə ağır zərbə oldu ki, hadisədən sonra hələ də özünə gələ bilmir. Başa düşür ölüm haqqdır və gec-tez hamı əbədiyyətə qovuşacaq. Lakin Ruhullanın faciəvi şəkildə həyatdan köçməsi və ölümündən 4 gün sonra xəbər tutmağı bir bacı kimi ona böyük əzab verir. Ruhullanın bu faciəvi şəkildə ölümündən sonra hələ də, özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Qardaşının bu faciəvi şəkildə ölümü həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxdı. Qardaşının ölüm səbəbi "BİOPLAST AZERBAİJAN” MMC-nin əmədaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər "BİOPLAST AZERBAİJAN” MMC-nin rəhbərliyi sürücü X12 şirkətə məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməyi həvalə etməsəydi və icazə verməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan "xxxx" MMC tərəfindən ödənilməlidir. Bu ziyan nə qədər ödənsə də, qardaşını heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsaydı qardaşı Ruhulla hal-hazırda həyatda olardı. Baş vermiş hadisə ilə bağlı X22 Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə təqsirli bilinərə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 noyabr 2022-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquq yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 99300 (doxsan doqquz min üç yüz) manat pulun və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)- 2582/2024 nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2, 8-ci bəndlərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində İddiaçı mənəvi zərər vurulmuşdur və həmin zərər tam həcmdə ödənilməlidir. X2 faciəvi şəkildə ölməsinin və hadisədən onun bacısı İddiaçı mənəvi zərər çəkməsinin səbəbi "xxxx" MMCin əməkdaşı X8 təqsiridir. Tərəfindən verilmiş vəsatətlər təmin olunaraq birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə şirkətin digiər işçiləri X4, X17 və X10 da eyni qaydada **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Deməli şirkətin qeyd olunan işçiləri də Vaqif Ömərov kimi **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili şirkətin işləri üçün istifadə etmişlər. Lakin, birinci instansiya məhkəməsi həmin işçilərin **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilə etibarnaməsi olması ilə bağlı sorğunun cavabını qətnaməyə daxil etməmiş, əmək müqaviləsinin olub qüvvədən düşməsi ilə bağlı sorğunun cavabını isə qətnaməyə daxil etsə də, sübutlara düzgün hüquqi qiymət verməyərək həmin sorğunun cavabından iddianın təmin edilməməsi üçün sübut kimi qiymətləndirmişdir. Belə ki, həmin sorğuların cavabında "xxxx" MMC ilə X4, X17 və X18 arasında əmək müqavilələrinin olması və qeyd olunan şəxslərin **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarəetmələri üçün etibarnamələrinin olması bir daha sübut edir ki, **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil MMC-nin qanuni təmsilçisi (direktoru) X6 mülkiyyətində olsa da faktiki olaraq şirkətin işlərində istifadə olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan avtomobilin Kənan Kərimovun mülkiyyətində olduğunu əsas gətirərək "xxxx" MMC-ni iş üzrə əsl cavabdeh hesab etməmiş və iddia tələbini təmin etməmişdir. Lakin, yuxarıda qeyd olunan faktlar tərəfindən verilmiş iddianın əsaslı olduğunu "xxxx" MMC-in iş üzrə əsl cavabdeh olduğunu bir daha sübut edir. Şirkət həmin nəqliyyat vasitəsini öz işlərində qanunsuz istifadə etmişdir. Belə ki, həmin nəqliyyat vasitəsinə icarə müqaviləsi bağlamamış və icarə müqaviləsindən yaranmalı olan vergi öhdəliklərindən yayınmış, qanunsuz olaraq direktor öv avtomobilini şirkətin işçilərinə sadə etibarnamə ilə vermişdir. Qarşı tərəf bildirir ki, hadisə iş vaxtında baş verməmişdir. Lakin iddiaçıda olan məlumata əsasən Vaqif Ömərov hadisəni şirkətin mallarını mağazalara çatdırıb geri qayıdarkən törətmişdir. Buradan da belə çıxır ki, "xxxx" MMC işçini iş vaxtından artıq işə cəlb etmiş və bunu rəsmiləşdirməmişdir. Cavabdeh tərəf isə bu faktı “sürücünün avtomobili əmək funksiyalarını icra edən zaman deyil, şəxsi məqsədləri üçün istifadə edən zaman” anlayışı ilə pərdələmişdir. **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilin "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) X6 mülkiyyətində olsa da faktiki olaraq şirkətin işlərində istifadə olunmasını şirkət öz fəaliyyətində rəsmi olaraq göstərməməsi, hadisənin guya “sürücünün avtomobili əmək funksiyalarını icra edən zaman deyil, şəxsi məqsədləri üçün istifadə edən zaman” baş verməsi "xxxx" MMC-nin iş üzrə cavabdeh olmaması qənaətinə gəlinməsi ilə nəticələnə bilməz. Yuxarıda qeyd olunan faktlardan da görünür ki, "xxxx" MMC iş üzrə əsl cavabdehdir. X22 "xxxx" MMC-in işləri ilə əlaqədar olaraq idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ilə hadisəni törətmişdir. Odur ki, "xxxx" MMC işçisinin səhlənkarlığı nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzini tam şəkildə ödəməlidir və həmin zərərin əvəzinin ödənilməsi tam həcmdə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi qətnamədə iddiaçının özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilmədiyini, iddiaçının hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, təqdim edilmiş hökmdən isə guya "xxxx" MMC-nin hər hansı təqsirinin müəyyən edilmədiyini, işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, qardaşını itirmək bir bacı üçün hər hansı mənəvi əhəmiyyət kəsb etmir və həmin şəxs hər hansı mənəvi əzab, iztirab keçirmir. Bu da məsələyə məntiqli yanaşma deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında birbaşa göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Beləliklə, qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrindən görünür ki, X4, X17 və X18 ilə müvafiq olaraq bağlanmış əmək müqavilələri qüvvədən düşmüş hesab edilmişdir. Digər bir sorğu ilə müəyyən olunmuşdur ki, X4, X20 və X10 da eyni qaydada **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Belə ki, həmin sorğuların cavabında "xxxx" MMC ilə X4, X21 və X18 arasında əmək müqavilələrinin olması və qeyd olunan şəxslərin **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə etmələri üçün etibarnamələrinin olması bir daha sübut edir ki, **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil MMC-nin qanuni təmsilçisi (direktoru) X6 mülkiyyətində olsa da faktiki olaraq şirkətin işlərində istifadə olunmuşdur. Məhkəmə iddianın təmin olunması üçün çox əhəmiyyətli olan bu faktı aydınlaşdırmamış və məsələyə səthi yanaşaraq iddia tələbini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

16. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

17. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

18. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.”

22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Həmin qərarın 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

23. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

24. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-2582/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İşin halları ilə müəyyən edilmişdir ki, “X33” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi MMC-nin deyil, MMC-nin qanuni təmsilçisi (direktoru) X6 mülkiyyətindədir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC-ni əsl cavabdehlə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı tərəf iddia tələbinə cavab verməli olan şəxsin məhz hazırkı cavabdeh olduğunu qeyd etmişdir.

37. Kollegiya qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.

38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının məhz hazırki cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İnsan həyatının itirilməsi ilə bağlı yaranan mənəvi iztirab və ağrı-acı ölçülməsi mümkün olmayan dərin psixiloji sarsıntılarla müşayiət olunan hal olmaqla bu kimi hallar məhkəmə tərəfindən xüsusi həssaslıqla qiymətləndirilməlidir, lakin belə zərərin hüquqi müstəvidə kompensasiya olunması üçün zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsinin mötəbər sübutlarla əsaslandırılması zəruridir. İş materiallarında olan hökmdən isə hazırkı cavabdehin hər hansı təqsiri müəyyən edilmir. İşin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da birinci instansiya məhkəməsi iddia tələbini mənəvi zərərlə bağlı hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

39. Kollegiya iddia tələbinin “vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat pulun ödənilməsi” hissəsində münasibətdə qeyd edir ki, mənəvi ziyanla bağlı hissədə iddia tələbi təmin edilmədiyindən iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur.

40. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

41. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

42. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

43. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93).

44. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

47. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

48. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)- 2582/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar