Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1880/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 mart 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xirdalan-Binəqədi yolu ünvanında yerləşən nömrəsiz evə baxış zamanı abonentin sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkarlanaraq xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında 250 manat dəymiş ziyan hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB-nin X6 Sahəsinin xx.xx.2022-ci il tarixli aktının etibarsız hesab edilərək həmin akt əsasında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xirdalan-Binəqədi yolu ünvanında yerləşən nömrəsiz evə hesablanmış əsassız 5180 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qaz idarəsinin işçiləri ümumi istifadədə olan küçədə quraşdırılmış qaz sayğacına nəzarət edərkən qaz sayğacının yenilənməsi qərara alınmış, lakin bu barədə abonentə məlumat vermədən tez-tələsik sayğac dəyişdirilmişdir. Qaz sayğacına baxış keçirilərkən nə iddiaçının, nə də onun ailə üzvlərinin xəbəri olmamışdır. Onun iştirakı təmin edilmədən qaz sayğacı çıxarılmış, yerindəcə akt tərtib olunaraq qaz sayğacına müdaxilə edilməsi bəhanə edilərək iddiaçı 5180 manat cərimə edilmişdir. Qaz sayğacı çöldə quraşdırılmış, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3529/22 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə akt tərtib edərək bu hərəkətinə görə istehlakçıya maddi ziyan hesablasa da, qanunsuz qoşulmanın mövcud olmasını sübuta yetirə bilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf, barəsində tərtib edilmiş həmin ümumi 16 aktdan yalnız xx.xx.2022-ci il tarixli aktı mübahisələndirərək həmin aktın etibarsız hesab edilməsini və 5180 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi iddiaçı tərəfin yalnız xx.xx.2022-ci il tarixli ******* nömrəli aktı mübahisələndirməsini nəzərə almamış və həmin akt üzrə hansı məbləğdə borcun hesablanmasını araşdırmamış, iddia ərizəsində qeyd olunan 5180 manat məbləğində borcun yaranma əsasını da müəyyən etmədən bütün borcu əsassız olaraq silmişdir. İddiaçı tərəfin mübahisələndirdiyi həmin akt üzrə ona cəmi 250,56 manat dəyərində borc hesablanmışdır. İddia ərizəsində silinməsi xahiş olunan 5180 manat məbləğində borc isə heç bir sənəddə öz əksini tapmır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 13.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 14.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15.Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri 16.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 17.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni xx.xx.2022-ci il tarixli aktın ləğv olunması ilə bağlı hissədə düzgün həll etsə də, silinməli borcun məbləğini düzgün müəyyən etməmişdir. 19.Belə ki, iddia tələbindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilərək həmin akt əsasında hesablanmış borcun silinməsini tələb edir. 20.İddiaçı həmin akt əsasında 5180 manat məbləğində borcun hesablandığını iddia etmiş, məhkəmə də həmin məbləğin silinməsi barədə nəticəyə gəlmişdir. 21.Halbuki, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında cəmi 250,56 manat borc hesablanmışdır. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 4.9-cu maddələrinə müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 23.Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 24.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6129; 9/6757 saylı rəyi ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xırdalan-Binəqədi yolu ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. 25.Yuxarıda qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus qaz xəttinə qeyri-qanuni qoşulması öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 250 manat borc iddiaçının abonent hesabından silinməlidir. 26.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 28.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 5180 manat borcun silinməsi hissəsində dəyişdirilsin. İddiaçı abonent koduna Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 250,56 (iki yüz əlli manat əlli altı qəpik) manat borc silinsin. Qətnamə mübahisələndilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.