Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1880/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (açar sözlər:baxılmamış saxlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-1064/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-1064/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş baxılmamış saxlanılmış, tərəflərə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-in 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv olunmasının mümkün olması izah edilmişdir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-1064/2025 saylı qərardadından İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, icraat elektron kabinetdə aparılır və bütün sənədlər bildirişlər bu kabinetdə yerləşdirilməlidir. Cavabdehdən isə məhkəməyə heç bir sənədi daxil olmayıb. Olsaydı, kabinetdə olmalı idi. Eləcə də məhkəmənin cavabdehə bildirişi də kabinetdə yoxdur. Bu o deməkdir ki, cavabdeh ümumiyyətlə məhkəmə barədə xəbərdar edilməyib. Belədə xəbərdar edilməmiş tərəfin gəlməməsi ərizəni baxılmamış saxlamağa əsas ola bilməz. İkincisi, məhkəmə qəsdən qarşı tərəfi rəsmi xəbərdar etməmişdir. Üçüncüsü, o, məhkəməyə vəsatət verib, 1-ci dərəcəli Qarabağ müharibəsinin əlili kimi yataqda olduğunu bildirib, məhkəmə buna da baxmayıb. Göstərilənləri əsas tutub qərardadın ləğv edilməsi, hakim Qumru Əliyeva barəsində Məhkəmə Hüquq Şurasına müraciət edilməsi xahiş olunur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-1064/2025 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(007)-1064/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Maddə 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(007)-1064/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərardadını onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilərək, iddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-4252/2024 saylı qərardadı ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixcli qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişiklik edilmiş və qeyd olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı İ qrup əlildir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması qənaətinə gələrkən iddiaçının məhkəmə iclasında iştirak etməməsinin səbəbini araşdırmadığından, şikayətə baxılarkən iddiaçının İ qrup əlil olması səbəbindən məhkəmə iclasında iştirak etməməsi müəyyən olunduğundan kollegiya belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-1064/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya iddiaçının şikayətində qeyd etdiyi vəsatətinə münasibət bildirib qeyd edir ki, hakim barəsində xüsusi qərardad çıxarılması üçün prosessual əsaslar müəyyən olmadığından vəsatət təmin olunmur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-1064/2025 saylı qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1880/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1880/2025
24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver