Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1882/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Firmasına qarşı iş üzrə (Açar sözlər: mənzilin sahəsinə görə ödənilmiş artıq pulun geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştriakları ilə, İddiaçı Cavabdeh Firmasına qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2830/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sifarişçi İddiaçı ilə icraçı Cavabdeh Firması arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsinə əsasən sifarişçi icraçıya 7.000 manat məbləğində beh verməyi, icraçı isə ünvan 1 ünvanında inşa etdiyi 16 mərtəbəli, 5 bloklu binanın 3-cü blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153,5 kv.metr olan 122 saylı 3 otaqlı mənzili sifarişçiyə satmağı öhdəsinə götürmüşdür.
2. Bundan sonra tərəflər arasında xx.xx.2018-ci il tarixli, 302 nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1 və 2.1-ci bəndlərinin tələblərinə əsasən icraçı ümumi sahəsi 153,5 kv.m olan həmin mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzilin hər kvadrat metri üzrə 840 manat olmaqla, cəmi 128.940 manat məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən mənzilin ümumi sahəsi bayır divarlarının sahəsinini hamısı, qonşu ilə olan ara divarın sahəsinin yarısı, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, ara divarlar, sütunların yerləşdiyi sahələr), habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 133B, M2, m.2-nin ümumi sahəsi 128,55 kv.m göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh Firmasına qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən cavabdehə artıq ödənilmiş, mənzilin 24,95 kv.m hissəsinin dəyərini təşkil edən 20.958 manat məbləğində pulun, həmçinin məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 153,5 kv.m olan mənzilin cavabdehdən satın alınaraq mülkiyyətinə verilməsi ilə əlaqədar müqavilə bağlanması niyyəti ilə onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. Daha sonra aralarında həmin mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 302 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1 və 2.1-ci bəndlərinin tələblərinə əsasən cavabdeh ümumi sahəsi 153,5 kv.m olan həmin mənzili onun mülkiyyətinə verməyi, o isə həmin mənzilin hər kvadrat metri üzrə 840 manat olmaqla, cəmi 128.940 manat məbləğində pul vəsaiti ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarlarının sahəsinin hamısı, qonşu ilə olan ara divarının sahəsinin yarısı, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, ara divarla sütunların yerləşdiyi sahələr) habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Kassa mədaxil orderindən görünür ki, o, öz öhdəliyinə əməl edərək həmin mənzilin dəyərini təşkil edən 128.940 manat məbləğində vəsaiti tam şəkildə cavabdehə ödəmiş və bununla bağlı cavabdeh tərəfindən ona maliyyə arayışı təqdim edilmişdir. Həmin sənədlər əsasında onun tərəfindən mənzil sahəsinə dair xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. O, çıxarışa nəzər yetirərkən mənzilin ümumi sahəsinin müqavilənin 1.1-ci bəndində müəyyən ediləndən fərqli olaraq 153,5 kv.m deyil, 128,55 kv.m olduğunu aşkar etmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq ümumi sahəsi 153,5 kv.m olması nəzərdə tutulan mənzil əvəzinə 128,55 kv.m mənzil ona təhvil verilmişdir. Bununla da cavabdeh öz öhdəliyini pozaraq ona 24,95 kv.m az ölçüdə mənzil vermişdir. Mənzilin bir kvadrat metrinin dəyərinin 840 manat olduğu nəzərə alınaraq 24,95 kv.m-nin dəyəri 20.958 manat təşkil edir. Beləliklə, cavabdeh öz öhdəliyini lazımınca icra etməməklə ona 20.958 manat məbləğində zərər vurmuşdur. Müqavilənin 2.10-cu bəndində mənzilin ümumi sahəsinin hesablanmasının fərqli qaydası nəzərdə tutulsa da, həmin şərt onun həqiqi iradə ifadəsini əks etdirməmişdir. Bundan əlavə, müqavilədə mənzilin sahəsinin hesablanmasının fərqli qaydası nəzərdə tutulsa da, bu qayda qanunvericiliklə imperativ olaraq müəyyən edilən şərtə uyğun gəlmədiyinə görə etibarsızdır.
7. Cavabdeh Firması tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə və iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 24,95 kv.m əskik olduğunu bildirmişdir. Mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtib edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələrin ümumi ölçüləri göstərilir. Hazırki iş materiallarına mənzilin texniki pasportu əlavə edilmədiyindən, həmin ölçünün dəqiq olaraq neçə kv.m təşkil etməsi barədə fikir bildirmək mümkün deyildir. Odur ki, iddiaçı mənzilin mülkiyyət hüququna dair çıxarışı deyil, texniki pasportu əsas götürərək, iddia tələbini bu ölçü üzərindən əsaslandırmış olsa idi başa düşülən hesab edilə bilərdi. İddiaçı isə həmin azalma sahələrini nəzərə almadan, mülkiyyət hüququna dair çıxarışdakı göstəriciləri əsas götürmüşdür. Halbuki, mənzilin texniki göstəriciləri (sahə, mənzillərin yerləşməsi, ölçüləri və s.) yalnız texiki pasport əsasında müəyyənləşdirilə bilən məlumat hesab edilir. İştirakları olmadan keçirilmiş məhkəmə iclaslarında təyin edilmiş və aparılmış tikinti-texniki ekspertiza zamanı azalma əmsalları nəzər alınaraq müəyyən edilmiş ümumi sahə 130,15 kv.m təşkil etmişdir. Ekspertiza qarşısında qoyulmuş ikinci suala uyğun olaraq mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsi 153,75 kv.m olmaqla mənzilin müqavilədə qeyd edilmiş ümumi sahəsinə bərabər olmuşdur. İddiaçı müqavilənin 2.10-cu bəndinin iddiaçının həqiqi iradəsini əks etdirmədiyini bildirmişdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə “əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər”. Tərəflərin iradəsi əsasında imzalanmış müqavilə (müqavilənin 2.10-cu bəndi) hüquqi qüvvədədir və etibarsız hesab edilməmişdir. İddiaçı həmin bəndin onun həqiqi iradəsini əks etdirmədiyini bildirsə də, əsas dəlil bundan ibarətdir ki, o, müqavilə bağlanan anda bu bəndin çıxarılmasını və ya hər hansı formada dəyişdirilməsini tələb etməmişdir. Odur ki, bəndin onun həqiqi iradəsini əks etdirməməsi ilə bağlı iddiaçının mülahizəsi onun tələbinin əsassızlığını deməyə faktiki zəmin yaradır. Həmin bəndin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə zidd olması ilə bağlı iddiaçının hüquqi dəlilinə gəldikdə, AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6-cı, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir “....Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar...”. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi müqavilənin 2.10-cu bəndi hətta qanuna zidd olmuş olsa idi belə, yenə də həmin bənd etibarsız hesab olunmadığına və onun tərəflər üçün yaratdığı hüquq və vəzifələr qüvvədə olduğuna görə onun (müqavilənin) hüquqi qüvvəsi tərəflər üçün məcburidir. Buna görə də hazırkı məhkəmə işində mənzilin sahəsinin müqavilənin 2.10-cu bəndinə əsasən ölçülməsi hüquqi həqiqət prinsipinə tam uyğundur. Qeyd edilənlərlə yanaşı iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Belə ki, iddiaçının qeyd etdiklərindən belə aydın olur ki, mənzilin sahəsi 128,55 kv.m olduğu halda müqavilədə 153,5 kv.m sahə qeyd edilsə də arada olan fərq (24,95 kv.m) üçün üçün pul alınmasının heç bir hüquqi (qanuni) və faktiki (müqavilə) əsası olmamışdır. Bu cür tələb isə xaraktercə əsassız varlanmadır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin, 386.1-ci maddəyə görə öhdəliklərin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə “əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə “əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. İddiaçının tələbindən irəli gələn münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Hətta müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti tətbiq ediləcək olarsa, yenə də çıxarışın alındığı vaxtdan 3 il keçdikdən sonra iddia qaldırdığını əsas götürərək müddətin ötürülməsi qənaətinə gəlmək olar. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, 153,5 kv.m sahəni iddiaçıya təhvil vermişdir. Bu fakt həm iddia ərizəsində, həm də tikinti-texniki ekspertizaya dair rəydə öz təsdiqini tapmışdır.
9. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından mənzildə yerləşən bəzi sahələr (eyvan, lociya və s.) 0,3 əmsala vurulmaqla hesablanır. Buna görə də mənzilin müqavilədəki faktiki sahəsi ilə hüquqmüəyyənedici sənəddəki sahənin fərqli olması normaldır. Eyni zamanda, müqavilədə əks olunmuş ümumi sahənin müəyyən hissəsi mənzilin ara divarlarının yerləşdiyi sahəyə düşür və çıxarışda həmin sahə nəzərə alınmadığı üçün mənzilin çıxarışdakı ümumi sahəsi ilə müqavilədəki ümumi sahə arasında fərqin yaranması təbiidir. Buna görə də iddia tamamilə əsassızdır. Lakin bununla yanaşı, iddia tələbi üzrə müddət keçmişdir. Belə ki, iddia tələbinin hallarından məlum olur ki, iddiaçı mənzilin sahəsinin faktiki olaraq az olduğunu və bununla da artıq pul ödəyərək ziyana düşdüyünü bildirmişdir. Beləliklə, iddia tələbindən məlum olur ki, əskik sahəyə görə pulun iddiaçıdan alınmasının heç bir qanuni və müqavilə əsası olmamışdır. Bu hal həqiqət olmasa da, iddia tələbinin əsasını təşkil edir və iddiadan belə anlaşılır ki, Cavabdeh Firması həmin məbləği əsassız əldə etmişdir. İddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda Mülki Məcəllənin 1095-ci maddəsinə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Bununla yanaşı, hazırki mübahisəyə əsassız varlanmadan irəli gələn müddətin deyil, müqavilədən irəli gələn mübahisələr üzrə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiqi fikri ortaya atılarsa, yenə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Belə ki, müqavilədən göründüyü kimi iddiaçı mənzili xx.xx.2018-ci ildə almışdır. İddia isə xx.xx.2022-ci ildə imzalanmışdır. Beləliklə də mənzil satıldığı tarixdən etibarən iddiaçının bu mənzilə daxil olmaq, ölçü işi aparmaq və s. hüquqları faktiki olaraq mövcud olmuşdur. İddiaçı hüququnun pozulduğunu bilməli olduğu vaxtdan heç bir tədbir görməmiş və məsələ barədə heç bir iddia qaldırmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2019-cu il tarixdə mənzilin mülkiyyət hüququna dair çıxarışını almış və həmin vaxt mənzilin sahəsinin 128,55 kv.m olmasını aşkar etmişdir. Beləliklə, iddiaçının özünün etiraf etdiyi xx.xx.2019-cu il tarixdən hesabladıqda yenə də həm əsassız varlanma, həm də müqavilə tələbləri üzrə iddia müddətinin axımı keçmiş olur.
10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5014 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 130,15 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin divarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi , habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsinin 153,75 kv.m təşkil etdiyi müəyyən edilir. Mənzilin qanunvericiliyin (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2830/2022 saylı qətnaməsi ilə (hakim S.Ədilova) İddiaçı Cavabdeh Firmasına qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir.
14. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan həmin tələbə iddia müddəti şamil edilməməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6, 384.0.4, 385.1, 390, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar və qeyd olunan maddi və prosessual hüquq normaları əsasında iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin əsas prinsiplərindən sayılan müqavilə azadlığı sərhədsiz deyil. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara uyğun gəlməlidir. Cavabdehi isə ölçüsü normativ hüquqi aktla müəyyən edilən tələblərə cavab verməyən mənzili iddiaçıya təqdim etməklə həmin maddənin tələblərini pozmuşdur. Məhkəmə isə imperativ qaydalara cavabdeh tərəfindən əməl edilməməsinə hüquqi qiymət verməmişdir. Həmin imperativ qaydalar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarının 1.2-ci bəndi ilə müəyyən edilmişdir. Həmin qaydaların tələbləri tikinti fəaliyyətinin subyekti kimi cavabdeh üçün məcburidir. Məhkəmə qətnaməsində göstərilən nəticələr yalnız müqavilə azadlığına istinad edilməklə əsaslandırılmış, qanunvericiliyin imperativ normaları tətbiq edilməmiş, bu isə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və həmçinin bildirdi ki, çıxarış əldə edildikdən sonra 25 kv.m fərqin olduğu aşkar edilmişdir. Daha sonra tərəfindən iki dəfə bununla bağlı Əmlak Komitəsinə müraciət edilmişdir. Birinci dəfə belə fərqin olmasının mümkünsüzlüyü ilə bağlı imtina verilmişdir. ASAN xidmətə də müraciət etmiş, orada da belə halın mümkünsüz olduğunu bildirmişlər. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, mənzil alınan zaman o, iştirak edirdi. Müqavilənin şərtləri ilə tanış olmuş, lakin şəxs mənzilə daxil olan zaman çıxarışda qeyd edilən sahənin olmaması ehtimalını müəyyən edə bilmir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etmədiyini, birinci instansiya icraatı zamanı iddiaya qarşı etirazda və iddia müddətinin tədbiqi ilə bağlı ərizədə öz mövqeyini göstərdiyini bildirdi. Ona verilmiş suala cavab olaraq bildirdi ki, əgər iddiaçı hesab edir ki, müqavilənin şərti qanunvericiliyə ziddir və etibarsızdır, bununla bağlı onun tələbi olmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 6.1.5. müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən tərəflər arasında xx.xx.2018-ci il tarixli, 302 nömrəli müqavilə bağlanmış, müqavilənin tələblərinə əsasən cavabdeh ümumi sahəsi 153,5 kv.m olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzilin hər kvadrat metri üzrə 840 manat olmaqla, cəmi 128.940 manat məbləğində vəsait ödəməyi öhdəsinə götürmüşdür.
28. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən mənzilin ümumi sahəsi bayır divarlarının sahəsinini hamısı, qonşu ilə olan ara divarın sahəsinin yarısı, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, ara divarlar, sütunların yerləşdiyi sahələr), habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
29. İş üzrə keçirilmiş ekspertizanın nəticələrinə əsasən mənzilin divarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsinin 153,75 kv.m təşkil etdiyi müəyyən edilir.
30. Göründüyü kimi, ekspert rəyi ilə cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun mənzilin iddiaçıya verildiyi təsdiq olunmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə mənzillərin ümumi sahəsinin hesablanma qaydaları müəyyən edisə də, tərəflər qarşılıqlı razılıq əsasında həmin qaydalardan fərqlənən mənzilin ümumi sahəsinin hesablama qaydasını müəyyən etmiş və bu qayda onlar arasında bağlanmış müqavilədə əks olunmuşdur.
32. Eyni zamanda, iddiaçının cavabdeh tərəfindən təklif edilən mənzildə müqaviləni imzalamamışdan öncə ölçmə işləri aparmaq imkanı olmuş, lakin o, bunu etməmiş, cavabdeh tərəfindən təklif olunan müqavilə şərtini qəbul etmişdir.
33. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, qanunvericiliyin mənzillərin ümumi sahəsinin hesablanması ilə bağlı müddəaları alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə iddia əsassız olduğundan iddia müddətinin tədbiq edilməsinə zərurəti yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2830/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov