Məhkəmə qərarları › İş №2(103)-1888/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1888/2023

28.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1888/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İN yanında ƏMDK DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi və 21 saylı Notariat ofisinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4027/2022 nörməli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) 1/2 hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzilin yerdə qalan-onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh1 və Cavabdeh3 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə və onların əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47a, 7 saylı mənzil iddiaçının atası X2 xüsusi mülkiyyətində olmuş, N.Qasımov xx.xx.2020-ci il tarixdə başqa dövlətdə rəhmətə getmiş, mərhumdan sözügedən ev və qeyri-yaşayış sahəsi (qaraj) miras qalmışdır. Cavabdeh2 iddiaçının anası, digər cavabdehlər isə bacı-qardaşlarıdır. İddiaçı və cavabdehlərdən bacısı- Cavabdeh2 Azərbaycanda, anası və qardaşı isə illərdir başqa dövlətdə yaşayırlar. Cavabdeh2 mübahisəli evin çox hissəsinə mülkiyyət hüququ əldə etmək üçün iddiaçının xəbəri olmadan anasına və qardaşına təsir edərək, onlar tərəfindən onun adına etibarnamə göndərilməsinə nail olmuş, həmin etibarnamə əsasında cavabdeh notariusa müraciət edərək, mübahisəli miras əmlakın guya valideynlərinin birgə nikahı dövründə əldə olunması ilə bağlı analarının adına şəhadətnamə, eyni zamanda qanun üzrə digər vərəsəlik haqqında şəhadətnamələr alınmış, həmin şəhadətnamələrə əsasən elə eyni tarixdə də miras payın bağışlanmasına dair müqavilələr bağlanmış, bundan sonra isə həmin müqavilələrə uyğun olaraq Cavabdeh2 mübahisəli mənzilin 7/8 hissəsinə dair öz adına müvafiq çıxarış almışdır. Bununla bağlı tərəflərindən cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair digər Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(007)-3785/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə həmçinin yuxarıda sözügedən bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin ümumi qaydada ayrıca icraatda mübahisələndirmək hüququnun olması izah edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4027/2022 nörməli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) ½ hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) Cavabdeh1 və Cavabdeh3 tərəfindən onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilmişdir.

4. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olmuşdur, belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli olmaqla məktublarda mübahisələndirilən müqavilələri barədə məlumat verilmişdir. Həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyü görürnür. İddiaçı mübahisələndirdiyi müqavilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddiaçı tərəfindən mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ barədə şəhadətamənin və onun hüquqi nəticələrinin ləğvi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməsini, məhkəmə proseslərinin xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnamə qəbul etməsi ilə yekunlaşmasını və bunu iddianın davamı kimi qiymətləndirirərək iddia müddətinin tətbiqi barədə ərizəni əssasız hesab etməsi, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz yanaşması ilə nəticəsi işin hallarına uyğun deyildir. Belə ki, iddiaçının vaxtı ilə düzgün olmayan iddia qaldırması onun həmin iddia ilə məhkəməyə müraciət etməsi mənasına gəlmir. Belə olan halda məhkəmə yalnış olaraq iddia üzrə mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdən hesablamamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçının hazırkı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hüququ məhz vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3521/2022 nömrəli qətnaməsindən sonra yaranmışdır, iddiaçı həmin qətnamədən dərhal sonra, xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi bir illik müddət ötürülməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu qeyd etdi və təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, yalnız 21 saylı Notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, №**********35 saylı məktubunun məzmunundan görünür ki, Cavabdeh2 adına ünvan 1, 7 saylı mənzilin 7/8 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, həmin mənzilin 1/8 hissəsi isə X2 adına açıq saxlanılmışdır. ünvan 1 ünvanında yerləşən qaraja dair X2 adına xx.xx.2005-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Cavabdeh2 və X2 adlarına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3521/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış ünvan 1, 7 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, №**********01 saylı məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzil ilkin olaraq xx.xx.2022-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-36, 2V-35 reyestr nömrəli 15 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 3M-380, 3M-379 reyestr nömrəli miras payın bağışlanması müqavilələri, 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-34 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında şəhadətnamələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzilin 7/8 hissəsi Cavabdeh2 adına əsmiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzil 1/8 hissə X2 adına açıq saxlanılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzilin 7/8 hissəsi Cavabdeh2 mülkiyyətindədir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 verilmiş 313804 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzil X2 xüsusi mülkiyyətindədir.

15. xx.xx.2021-ci il tarixli Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış miras payın bağışlanması müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-36 reyestrlə onlara verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların hər birinə düşən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin 1/8 hissəsini Cavabdeh2 bağışlamışlar.

16. xx.xx.2021-ci il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış miras payın bağışlanması müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh1 Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-34 reyestrlə ona verilmiş ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin 1/2 hissəsini Cavabdeh2 bağışlamışdır.

17. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olmuşdur, belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli olmaqla məktublarda mübahisələndirilən müqavilələri barədə məlumat verilmişdir. Həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyü görürnür. İddiaçı mübahisələndirdiyi müqavilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Bunları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası üzrə mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 təqdim etdiyi Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin icra məmuru S.Qurbanovanın 0.11.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3521/2022 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilə dair Cavabdeh1 verilmiş ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhaədətnamə etibarsız hesab edilmişdir və “elektron notariat” avtomatlaşdıırlmış informasiya sistemində həmin şəhadətnaməyə xitam verilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

21. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

22. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

30. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

31. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

38. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

39. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

40. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

45. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:

48. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Kollegiya qeyd edir ki, Cavabdeh1 dəlili iddiaçının hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olması ilə əlaqədar həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürməsi ilə bağlıdır.

50. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin dəlillə bağlı bildirir ki, mülki iş materiallarından da göründüyü kimi, iddiaçı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ barədə şəhadətamənin və onun hüquqi nəticələrinin ləğvi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia qismən təmin edilmiş, eyni zamanda iddiaçıya miras əmlakın bağışlanması müqaviləsinin və onun nəticələrinin ləğvi üçün məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuş, bundan sonra iddiaçı bir illik müddət ötürülmədən, xx.xx.2022-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir (i/v 1). Bununla da məlum olur ki, rayon məhkəməsi müddəti tətbiq etməməkdə haqlı olmuşdur. Nəticə:

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

53. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4027/2022 nörməli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar