Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-189/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(005)-2784/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rəhim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəhim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 125 ünvanda yerləşən, sahəsi 36 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılması, əldən çıxardığı 3200 manat gəlirin Cavabdeh Rəhim oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(005)- 2784/2019 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanında yerləşən sahəsi 36,3 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(005)-2784/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddiadan imtina barədə ərizə təqdim edərək, hazırki iddia tələbi ilə müraciət etməsinə əsas olan çıxarışın digər məhkəmə mübahisəsi üzrə ləğv edildiyini, bu səbəbdən də iddia tələbinə marağının qalmamasını bildirmiş, məhkəmə kollegiüyasından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) izahatında, həqiqətən də iddiaçının iddia tələbi ilə müraciət etməsinə əsas olan çıxarışın digər məhkəmə mübahisəsi üzrə ləğv edildiyini bildirmiş, bu səbəbdən də iddiadan imtinanın qəbul edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək, hesab edir ki, qətnamə ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul edildikdə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasənşəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(005)-2784/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi» tələbinə dair iş üzrə icraata, iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-189/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-189/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver