Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-189/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-48/2022 saylı, 05 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, cavabdeh tərəfindən qanunsuz aparılan tikinti işləri onun evinə ciddi ziyan vurmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun öz vəsaiti hesabına sökülməsini və aparılan tikinti işləri zamanı ona məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi və aparılan tikinti işləri zamanı ona məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş 20 000 (iyirmi min) manat məbləğində zərər məbləğinin, məhkəməyə müraciət üçün hüquqi xidmətlərlə bağlı ödədiyi 800,00 (səkkiz yüz) manat məbləğində xidmət haqqının, 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 19 saylı ev onun mülkiyyətindədir. Uzun müddətdir ki, ailəsilə birlikdə bu evdə yaşayır. 2019-cu ilin yay aylarında həyətin yan qonşuluğunda yerləşən torpağın sahibi Cavabdeh həmin ərazidə tikinti islərinə başlamışdır. Cavabdeh tikintini onların evinin hasarının, qarajının və damının üzərində aparırdı. Tikinti aparılan müddət ərzində evə ciddi zərər dəymişdir. Evdəki divar kağızları qopmuş, divarlarda nəmişlik və çatlar yaranmışdır. Divarın üstü ilə evin içinə sular axır. Qanunvericiliyin tələbinə əsasən qonşu həyətdəki tikinti ilə onun evi arasında müəyyən məsafə olmalıdır. Lakin Cavabdeh tərəfindən aparılmış tikinti ilə ev arasında nəinki məsafə saxlanılmamışdır, həmin tikinti evin hasarında, dam örtüyündə aparılmışdır. Cavabdehdən evin hasarında tikinti aparmağı dayandırmasını tələb etsə də, buna məhəl qoymayaraq işinə davam etmişdir. Bütün bunların əks olunduğu fotoşəkillərin və videogörüntülərin əlavə olunduğu CD-ni hazırkı məktubla təqdim edir. Xəzər rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası DİN-in 102 qaynar xəttinə çoxsaylı şikayətlər etdikdən sonra qanunsuz aparılan tikinti işləri dayandırılmışdır. Tikilmiş qanunsuz tikintinin sökülməsi üçün tərəfindən 2020-ci ilin sentyabr ayında Xəzər rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq ona göndərilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 oktyabr 2020-ci il tarixli, 05/09-S-49-4481 saylı məktubunda sözügedən ünvanda inşa olunan tikinti obyekti ilə bağlı Tikintilərin Dövlət reyestrində hər hansı məlumat olmadığından onun qanunsuz tikili olması qeyd olunmuşdur. Həmçinin sözügedən məktub Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanaraq özbaşına tikili barədə qanunvericilikdə əks olunmuş zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Xəzər rayon İcra Hakimiyyətindən isə ona göndərilmiş məktubda tikinti işlərinin dayandırıldığı, lakin artıq tikilmiş hissənin sökülməsi üçün məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-48/2022 saylı, 05 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanında Cavabdeh tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaitinin hesabına sökülməsi, Cavabdeh dəymiş ziyana görə 774.80 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat, hüquqi xidmətlərlə bağlı çəkilmiş xərclərə görə 31 (otuz bir) manat, ödənilmiş dövlət rüsumuna görə 1 (bir) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərtib edilmiş ekspert və mütəxəssis rəyinə sübut növü kimi qiymət verərək qeyd etmişdir ki, ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən ikinci mərtəbənin Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması ilə inşa olunması, həmçinin həmin tikintinin İddiaçı məxsus otaqlarda qüsurların yaranmasına səbəb olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh tikinti norma və qaydalarını pozmaqla, iddiaçıya məxsus birmərtəbəli tikilinin dam örtüyü və hasarı ilə kəsişən ikinci mərtəbə tikməklə evin yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Bununla da iddiaçı öz evindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz qanuni sahibliyində olan evin yararsız vəziyyətə düşməsinə səbəb olan tikilinin sökülməsini məhkəmədən tələb etməyə haqlı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin vəsaiti hesabına sökülməlidir. İddiaçı həmçinin, ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş 20 000 manat məbləğində zərərin cavabdehdən tutulmasını xahiş etmiş, dəymiş zərərin tələb olunan məbləğdə olmasına dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, dəymiş zərərin müəyyən edilməsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli rəyini əsas götürərək, dəymiş ziyanın 774.80 manat olmasını ağlabatan hesab etmişdir Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 152.1, 152.2, 152.3, 152.4-cü; təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydalarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 101.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 1, ev 19 saylı mənzil X5 tərəfindən ona bağışlanmışdır. Daha sonra o, reyestrdən çıxarışın alınması məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə müraciət etmişdir. Həmin xidmət tərəfindən ona xx.xx.2017-ci tarixli ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan mənzil təmirsiz olmuşdur. Mənzilin ön hissəsi demək olar ki, yox vəziyyətində idi. Evin yaşayış üçün uyğun hala salınması üçün qaydalara uyğun kənd nümayəndəliyinə, Xəzər rayon icra hakimiyyətinə müraciət etmiş və mənzilin çıxarışını, eskiz layihəsini təqdim etmişdir. Tikintinin eskiz layihəsini iddiaçıya göstərmiş və layihəyə əsasən aparılması barədə iddiaçı ilə şifahi formada razılaşma əldə olunmuşdur. Bu fakt həmin tikintini aparan ustaların iştirakı ilə baş vermişdir. Hətta tikinti aparılan zaman özü olmayanda iddiaçı ustaların işinə və tikintinin aparılmasına nəzarət edirdi. Tikintiyə qeyd etdiyi kimi 2019-cu ildə dövlət orqanlarına məlumat verilməsi və iddiaçının razılığı əsasında başlamışdır. Tikintiyə təxminən 20.000 manat vəsait xərclənmişdir. İki ilə yaxın müddətdə tikintinin aparılması barədə iddiaçının heç bir iddiası olmadığı halda bu gün ona qarşı qanunsuz və əsassız olaraq iddia qaldırması absurddur. Bəlkə də zamanın da bununla bağlı etirazı olsa idi təbii ki, tərəfindən tikinti işləri aparılmaya bilərdi. Lakin, bu gün qeyd etdiyi kimi 20.000 manat vəsait xərci çıxdığı zaman ondan tikintinin sökülməsini tələb edilməsi mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardır. Bundan əlavə iddiaçı qanuna zidd olaraq onun qaz sayğacına müdaxilə edərək, qaz borusunu öz evinə çəkib və qazı istismar edir. Hal-hazırda təbii qazdan istifadə edə bilmir. Elektrik enerjisini də sayğaca müdaxilə etməklə qoşmuşdur. İşıq idarəsinin nümayəndələrinin iştirakı ilə bu hal aradan qaldırılmışdır. Bundan başqa, ona məxsus olan qarajı iddiaçının həyətində yerləşir. Qarajın çıxış hissəsini dəmir qapı ilə iddiaçı tutmuşdur. Bu da qarajdan istifadəsi üçün çətinlik yaradır. Hal-hazırda iddiaçı oranı zəbt edib, toyuqlarını orada saxlayır. Bununla yanaşı bildirir ki, tərəfindən aparılan tikinti qanunvericiliyin tələb və qaydalarına uyğun olaraq özünün xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxinin divarlarının üstündə aparılmışdır. Ərazidə olan hasar isə ortaq divardır və qonşu evlər də belə tikilibdir. Həmin evin divarı həmdə ortaq divar funksiyasını daşıyır. Göründüyü kimi qeyd edilən tikinti işləri xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxinin divarlarının üstündə, həmçinin evinin qabaq hissəsində aparılmışdır. Tikinti işlərinin aparıldığı sahələrin iddiaçıya hər hansı aidiyyatı yoxdur. Məhkəmə qətnaməsinə əsasən qanuni olaraq evinin qabağında tikdiyi ikinci mərtəbəni, həmçinin hamamın, tualetin və mətbəxinin qarşısında inşa etdiyi tikililəri sökməlidir. Halbuki, bu qəbul olunmaz və açıq aşkar onun mülkiyyət hüquqlarının pozulmasıdır. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, göstərmişdir ki, cavabdehin apardığı qanunsuz tikinti işləri əlaqədar olaraq ilk günlərdən Xəzər Rayon İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayətlər etmiş və bunun nəticəsində tikinti işləri dayandırılmışdır. Bundan başqa tikinti işlərinin aparılması üçün onun, yəni qonşunun razılığının alınmasına zərurət yoxdur. Digər tərəfdən apellyasiya şikayətində qeyd olunduğu kimi ondan razılıq alınmamış, həmçinin cavabdeh tikinti işləri aparması barədə müvafiq dövlət qurumlarını xəbərdar etdiyini bildirsə də bu halları təsdiq edən sənəd təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və bu barədə məhkəməyə hər hansı məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsi təşkil edir, belə ki, qətnamə iddia tələbinin təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaya əsasən tikinti aparılan müddət ərzində iddiaçının evinə ciddi zərər dəymiş, bununla da cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməli və aparılan tikinti işləri zamanı ona məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş zərər ödənilməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı 16 aprel 2021-ci il tarixdə İddiaçı vəsatəti əsasında tərəflərin və onların vəkillərinin iştirakı ilə mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1, ev 19-a yerli müayinə keçirilmiş və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında Cavabdeh inşa etdiyi iki mərtəbəli İddiaçı və Cavabdeh evlərinin ümumi divarının (evlərin arxa divarı) üstündə inşa edilmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2- 1 bəndinin tələbləri pozulmuşdur. ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 774.80 manat təşkil edir. Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin mütəxəssis rəyi təqdim edilmədiyindən qərardad üzrə qoyulmuş digər suallar üzrə tədqiqat aparılmamışdır. Cavabdeh isə apellyasiya şikayətində qeyd edir ki, tikinti işləri xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxinin divarlarının üstündə, həmçinin evinin qabaq hissəsində aparılmışdır. Tikinti işlərinin aparıldığı sahələrin iddiaçıya hər hansı aidiyyatı yoxdur. Evin yaşayış üçün uyğun hala salınması üçün qaydalara uyğun kənd nümayəndəliyinə, Xəzər rayon icra hakimiyyətinə müraciət etmiş və mənzilin çıxarışını, eskiz layihəsini təqdim etmişdir. Tikintinin eskiz layihəsini iddiaçıya göstərmiş və layihəyə əsasən aparılması barədə iddiaçı ilə şifahi formada razılaşma əldə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, həmin rəy işin araşdırılması üçün kifayət etmədiyindən və ekspert qarşısında qoyulmuş suallar əhatəli şəkildə tədqiq edilmədiyindən apellyasiya baxışı zamanı xx.xx.2022-ci il tarixli qərardadla təkrar məhkəmə ekspertizasının təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5090 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyin tədqiqat hissəsində göstərilmişdir ki, baxış zamanı iddiaçı və cavabdehin həyətyanı sahələrini ayıran, hündürlüyü 3.20 metr olan daş hasarın üzərində cavabdeh tərəfindən tikililərin inşa etdiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, tərəflərə məxsus yaşayış evlərinə baxış keçirilən zamanı tikililərin köhnə təmirli vəziyyətdə olduğu və yaşayış evlərinin divarları və tavanları üzərində boyaqatının qabarması, dam örtüyünün döşəməsinin karroziyaya uğradığı, tavan və divarların üzərində çatların olduğu müşahidə olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, nəticə hissəsində göstərilmişdir ki, X2 məxsus ünvan 4 ünvanında yerləşən 19 saylı evdə əmələ gəlmiş qüsurların (divar kağızlarının qopması,çatlar, zədə və s.) ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən tikililərin inşası zamanı və ya hansı səbəbdən yarandığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, həmin məsələ, Azərbaycan Respublikasının FHN-nin Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən rəy tərtib olunandan sonra müəyyən oluna bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2022-ci il tarixli 37/3405977 dsylı məktubundan görünür ki, Agentliyin əsas fəaliyyət istiqaməti - fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsidir. Bunları nəzərə alaraq, Agentlik məhkəmə ekspertizasının keçirilməsinə cəlb edildikdə tabeliklərində olan təsənüfat hesablı qurumlarda çalışan müvafiq mütəxəssislər öz xidməti vəzifələrindən ayrılır, bəzi hallarda rayonlara ezam olunurlar ki, bu da həmin qurumların əsas işlərində yubanmalara və gecikmələrə səbəb olur, eyni zamanda dövlətin sifarişləri və ya müki müqavilələr ilə götürülmüş öhdəliklərin vaxtı-vaxtında icra olunmasına maneələr yaradır. Qeyd olunanları, habelə Agertliyin mütəxəssislərinin Respublika ərazisində həyata keçirilən bir çox dövlət əhəmiyyətli tədbirlərdə iştirak etdiklərini nəzərə alaraq, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və ya özəl məhkəmə ekspertlərinə həvalə olunması xahiş edilir. Eyni zamanda, yalnız xüsusi zərurət yarandığı hallarda Agentlik müstəsna haf kimi öz mütəxəssislərinin Mülki-Prosessual Məcəlləsinin 117.1-ci və 118.1-ci maddələrinə uyğun olaraq məhkəmə ekspertizasının aparılmasında iştirakını təmin edə bilər. Məhkəmə kollegiyası təqdim edilmiş ekspert rəylərini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, cavabdeh tərəf tikinti işlərinin xüsusi mülkiyyətində olan hamam, tualet və mətbəxinin divarlarının üstündə, həmçinin evinin qabaq hissəsində aparılmasını və tikinti işlərinin aparıldığı sahələrin iddiaçıya hər hansı aidiyyatı olmamasını bildirsə də apellyasiya şikayətinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflərə məxsus evlər arasında olan hasar ortaq divardır və həmin evin divarı həm də ortaq divar funksiyasını daşıyır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi də zəruri sayır ki, birinci instansiya məhkəməsi baxışı zamanı 16 aprel 2021-ci il tarixdə İddiaçı vəsatəti əsasında tərəflərin və onların vəkillərinin iştirakı ilə mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1, ev 19-a yerli müayinə keçirilməsi zamanı müəyyən edilmişdir ki, ev birmərtəbəlidir, evin hasarına ara məsafəsi qoyulmadan qonşu ilə şərikli istifadə olunur, tikinti iddiaçıya məxsus evin hasarı, qarajı və damının üzərində aparılmış, evdəki divar kağızları qopmuş, divarlarda nəmişlik və çatlar vardır. Cavabdeh məxsus ünvan 3ndəki ev ikimərtəbəli yarı tikilidir, evin hasarına ara məsafəsi qoyulmadan qonşu ilə şərikli istifadə olunur, tikinti iddiaçıya məxsus evin hasarının, qarajının və damının üzərində aparılmışdır. Həmçinin də, iş üzrə alınmış "xxxx" MMC-nin 29 dekabr 2021-ci il tarixli 527/Mi/21 saylı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus pay sahəsində və İddiaçı ilə ortaq divarının üzərində inşa etdiyi ikinci mərtəbənin divarı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulan ara məsafəsinin müəyyən olunması və inşası normalarının pozmuşdur. Bundan əlavə, Cavabdeh tərəfindən inşa edilən ikinci mərtəbənin xarici divarının sərhədi ilə İddiaçı məxsus birmərtəbəli tikilinin dam örtüyünün kəsişmə hissəsində tollanma və nəmədavamlı izolyasiya işləri düzgün aparılmamışdır. Bu səbəbdən yağan yağışın boşluqlardan içəri daxil olaraq İddiaçı məxsus otaqların tavanında və divarlarında qopmalar əmələ gətirməsi müşahidə olunur. Əmələ gələn qüsurların sahəsi 100 kv.m. təşkil edir. Bu hissənin yenidən təmir bərpa işləri üçün hesablamalar hazırkı tikinti materialları bazarındakı qiymətlər üzrə hesablanmışdır. Sözügedən təmir-bərpa işlərinə divarların qaşınması, astar alçı ilə işlənməsi, hamarlanması, üzlük alçının vurulması, divar kağızının vurulması, tavanın boyanması və dam örtüyünün sərhəd hissəsinin izaolyasiya və tol materialları ilə yenidən işlənməsi aiddir Göründüyü kimi ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən evin ikinci mərtəbəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması ilə inşa olunması, həmçinin həmin tikintinin İddiaçı məxsus otaqlarda qüsurların yaranmasına səbəb olması öz təsdiqini tapmışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli rəyini əsas götürərək, dəymiş ziyanın 774.80 manat olmasını ağlabatan hesab etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, müəyyən edilmiş ziyanın məbləğinin daha az olması və ya cavabdeh iddiaçının mənzilinə ziyan vurmaması barədə, başqa sözlə, iddianın əsasız olmasını təkzib edə biləcək tutarlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, cavabdeh tikinti işləri aparan zaman iddiaçı ilə şifahi razılaşması eləcə də müvafiq qurumlardan lazımi icazələrin alınması barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə həmçinin qeyd edir ki, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ünvan 3 ünvanında Cavabdeh tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülməsi və Cavabdeh dəymiş ziyana görə 774.80 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apelyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-48/2022 saylı, 05 yanvar 2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə