Məhkəmə qərarları › İş №2(103)-1893/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1893/2025

12.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1893/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7705/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********01501 abonent koduna “abonent mənzildə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir.

2. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********01501 abonent koduna xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 6120 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.

3. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli 042275 saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********01501 abonent koduna “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlandı” nöqsanı qeyd edilmişdir.

4. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********01501 abonent koduna xx.xx.2024-cü il tarixli ******* sayı akta əsasən itirilmiş qazın bərpası üzrə 3060 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmudur.

5. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********01501 abonent koduna “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olundu” nöqsanı qeyd edilmişdir.

6. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********01501 abonent koduna xx.xx.2024-cü il tarixli ******* sayı akta əsasən itirilmiş qazın bərpası üzrə 3060 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmudur.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********01501 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üzrə 3628,8 manat, 01/2024 tarixi üzrə 734,40 manat, 02/2024 tarixi və 03/2024 tarixi üzrə 367,20 manat borc hesablanmışdır.

8. İş materiallarında olan Gasrep sənədindən görünür ki, **********01501 saylı abonent kodu üzrə 07/2024 tarixi üzrə 5097,6 manat borc qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (kod: **********01501) hesab koduna əsassız hesablanmış 5097, 60 manat (beş min doxsan yeddi manat altmış qəpik) məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB ilə aralarında xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanına 69501 saylı müqavilə bağlanmış, qaz xətti üzərinə G-4 markalı, 1702AZ1301 17074777 zavod nömrəli qaz sayğacı quraşdırılmış və **********01501 saylı abonent kodu verilmişdir, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin qaz xəttinə baxış keçirilmişdir, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 3628,80 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2024-cü İl tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirmiş təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 734,40 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirmiş təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 367,20 manat dəymiş ziyan hesablanmışdır, xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirmiş təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 367,20 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə cavabdeh tərəfindən hesab koduna 5097,60 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassızdır. Belə ki, akt tərtib olunarkən Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona məlumat verilməmiş, onun iştirakı və imzası olmadan tərtib olunmuşdur, fotoşəkillərdən göründüyü kimi ona məxsus evin qaz xətti üzərində və sayğacdan kənar heç bir müdaxilə izi aşkar olunmur, eyni zamanda həmin müdaxilə izi onun hasarından 25 metr məsafədən qonşu tərəfindən müdaxilə olunmuş və Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin qonşunun hesab koduna dəymiş ziyan hesablanmışdır, bundan başqa cavabdeh tərəfindən səhvən onun hesab koduna dəymiş ziyan hesablanmışdır, qeyd olunan ünvanda fotoşəkildən göründüyü kimi faktiki olaraq 1 ədəd QP-4, 1 ədəd qənaətli su qızdırıcısı olduğu halda cavabdeh tərəfindən 1 ədəd iran sobası, 1 ədəd dəmir sobanın olmayan cihazların hesabatını apararaq əsassız olaraq dəymiş ziyan hesablamışdır.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7705/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddianın təmin edilməsi, İddiaçı **********01501 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5097 (beş min doxsan yeddi) manat 60 (altmış) qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 70 (yetmiş) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 5.2-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8, 13.9-cu maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.1ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.3.5.2-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı aid olan **********01501 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildirir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

17. Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3).

18. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4).

19. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1).

20. 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

21. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

22. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

23. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. 6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7705/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

37. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

38. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı tələb edilən 5097,60 (beş min doxsan yeddi manat, altmış qəpik) manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları cavabdeh məhkəməyə təqdim edə bilməməmişdir. Qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktı tərtib etmiş orqanın üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də əsaslı hesab edilə bilməz.

39. Belə ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 11/2023 tarixi üzrə 3628,8 manat, 01/2024 tarixi üzrə 734,40 manat, 02/2024 tarixi və 03/2024 tarixi üzrə 367,20 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar müəyyən edilməmişdir.

40. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.

41. Qeyd edilənlərə əsasən, kollegiya bildirir ki, iddia tələbi əsaslıdır və hesablanmış borc məbləğinin silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçıdan tutula bilməz.

43. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yol verilmiş hərəkətlə bağlı olmasına dair heç bir sübut təqdim olunmamışdır. Apellyasiya şikayətində istinad olunan Azəriqaz İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar istehlakçının təqsirli hərəkətinə dair sübut kimi qəbul edilə bilməz.

44. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7705/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar