Məhkəmə qərarları › İş №2(103)-1896/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1896/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1896/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “X12 Orta Məktəb” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X5 və vəkili X3, X1 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-1836/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2500 manat məblğəində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1357 manat məbləğində cərimənin, ümumilikdə 3857 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin övladı X6 təhsil almağı məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş 5000 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəlik icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədən kənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, lakin heç bir nəticə verməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci il tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5000 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilələrin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 2500 manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış tam orta təhsil xidməti haqqında müqavilənin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik tam icra edilmədiyindən iddiaçı məktəb tərəflər arasında imzalanmış müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq xx.xx.2010-cu il tarixədək cavabdehə ümumilikdə 1357 manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 2500 manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1357 manat məbləğində cərimə, ümumilikdə 3857 manat məbləğində borcu vardır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında cavabdehin övladı X6 təhsil almaq məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx xxxxxxxx 2019- cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır, bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5000 manat məbləğindəki təhsil haqqının iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Göstərilən əsaslara görə iddianın əsassız olmasını bildirmişdir. İddia ərizəsindən də görünür ki, iddiaçı öz iddia ərizəsini ümumi hallarla əsaslandırmış, işin əsas hallarını məhkəmə araşdırmasından yayındırmaq üçün hansı aylar üzrə təhsil haqqının ödənilməməsini göstərməmişdir. Belə ki, o İddiaçıi ilə “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə imzalamış, həmin müqaviləyə əsasən onun qızı X10 həmin məktəbdə təhsil almağa başlamışdır. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən o 5000 manat məbləğində təhsil haqqını və vergi ödənişlərini nəğd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yəni həmin müqavilənin bu bəndinə əsasən onun həmin ödəniş üsullarından biri üzrə ödəniş etmək hüququm olduğuna görə o aylıq ödəniş üsulu kimi hər ay 500 manat məbləğində ödəniş etmişdi. Sözügedən müqavilə 9 aylıq tədris ilini əhatə etdiyinə və 9 ay qüvvədə olduğuna görə o həmin təhsil haqqını qızıa verilən təhsilin müqabilində aylıq ödəmişdir. İddiaçı qeyd edilən müqaviləyəəsasən onun qızına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək, yəni 5 ay müdətinə təhsil vermiş, bu beş ay təhsil haqqı olaraq o iddiaçıya 2500 manat məbləğində pul vəsaiti ödəmiş, 280 manat məbləğində borcum yaranmışdır. Dünyada yayılmış pandemiya səbəbindən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” xx xxxx 2020-ci il tarixi Sərəncamına əsasən 2020-ci ilin martın 3-dən etibarən tədris prosesi davandırılmış, həmin tarixdən məktəb təhsil xidməti göstərməmiş, uşaqlar məktəbə getməmişlər. O mart ayına qədər təhsil haqı ödənişi üçün yaranmış 280 manat borcumu ödəmək istədikdə isə iddiaçı ondan 28 manat məbləğində pulu qəbul etməmiş, təhsil vermədiyi ay üçün bütün məbləği tələb etmişdir. Qızının məktəbə getməməsinə, məktəbin onun qızına təhsil xidmə göstərməməsinə görə o da mart, aprel, may və iyun ayları üçün təhsil haqqıı ödəməmiş, xx xxxx 2020-ci il tarixdən tədris ili başa çatmış, həmin müqavilə xx xxx 2020-ci il tarixdən qüvvədən düşmüşdür. “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqaviləni 2.1.6-cı bəndinə əsasən dərsləri tam həcmdə və ardıcıl keçmək iddiaçının vəzifəsidir. Həmin müqavilənin 2.1.4-cü maddəsinə əsasən ev tapşırıqlarını məktəbd keyfiyyətlə yerinə yetirilməsini təmin etmək Məktəbin vəzifəsidir. Lakin məktəb fevral ayından sonra dərsləri keçməmiş, ev tapşırıqlarını məktəbd keyfiyyətlə yerinə yetirilməsini təmin etməmiş, həmin tarixdən başlayaraq bizə heç bir təhsil xidməti göstərməmişdir. Beləliklə də Nazirlər Kabinetinin yuxarıda adını çəkdiyim qərarına əsasən iddiaçının öz vəzifəsini yerinə yetirə bilməməsi, dərsləri tam həcmdə və ardıcıl keçmədiyinə və ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmədiyinə görə onun kompensasiya ödəmək vəzifəsini istisna etdiyi kimi iddiaçının keçmədiyi dərslərə görə ondan təhsil haqqını tələb etmək hüququnu da istisna edir. Lakin iddiaçı mart ayından başlayaraq qızına müqavilədə nəzərdə tutulan qaydada - dərsləri tam həcmdə və ardıcıl keçməməsinə baxmayaraq, həmin aylar üçün ondan təhsil haqqını tələb etmiş, o təhsil haqqı ödənişinin dayandırılmasını tələt etdikdə isə məktəb təhsil vermədiyi hər ay üçün cəmi 70 manat, ümumilkdə isə 280 manat məbləğində güzəşt ediləcəyini bildirmişdir. Halbuki, müqavilənin özündə də təhsil haqqının aylar üzrə verilməsi, yəni bu haqqın yalnız göstərilən təhsil xidmətinin dəyəri olması öz əksini tapmışdır. Göründüyü kimi, “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə tərəflərdən birinin öhdəliyinin icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Yəni həmin müqaviləyə əsasən İddiaçı MMC mənim qızına təhsil verməyi və o da həmin təhsilin haqqı üçün pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-1836/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2220 manat məbləğində təhsil haqqı borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-1836/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsini fors-major halı kimi qiymətləndirib, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin tam forma və həcmdə yerinə yetirməməsinə əhəmiyyət vermədən, cavabdehin həmin müqavilə üzrə öz öhdəliklərimi yerinə yetirməməyinə istinad etmişdir. Yəni məhkəmənin mövqeyinə əsasən, fors-major halı ilə əlaqədar olaraq, iddiaçının məlum müqavilədə nəzərdə tutulan bütün öhdəliklərini tam formada yerinə yetirə bilməməsi, cavabdehə öz qarşılıqlı öhdəliyini yerinə yetirməkdən imtina hüququ vermir. Cavabdeh qeyd edir ki, məhkəmə məhz bu hissədə səhvə yol vermişdir. Çünki fors-major halı ilə əlaqədar olaraq öhdəliyi tam həcmdə yerinə yetirə bilməməsi, şəxsə yerinə yetirilməmiş öhdəliyin qarşılığının tam həcmdə ödənilməsini tələb etmək hüququ vermir. Belə ki, “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə tərəflərdən birinin öhdəliyinin icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Yəni həmin müqaviləyə əsasən, İddiaçı MMC cavabdehin qızına keyfiyyətli təhsil verməyi, dərsləri tam həcmdə və ardıcıl keçməyi, ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etməyi, qızını dərs keçdiyi hər gün qida məhsulları ilə təmin etməyi öz öhdəsinə götürmüş, cavabdeh isə həmin təhsilin haqqı üçün pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, o, İddiaçıi ilə “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə imzalamış, həmin müqaviləyə əsasən, qızı X10 həmin məktəbdə təhsil almağa başlamışdır. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, cavabdeh 5000 manat məbləğində təhsil haqqını və vergi ödənişlərini nəğd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yəni həmin müqavilənin bu bəndinə əsasən, onun həmin ödəniş üsullarından biri üzrə ödəniş etmək hüququ olduğuna görə, cavabdeh aylıq ödəniş üsulu kimi hər ay 500 manat məbləğində ödəniş etmişdir. Sözügedən müqavilə 9 aylıq tədris ilini əhatə etdiyinə və 9 ay qüvvədə olduğuna görə o, həmin təhsil haqqını qızına verilən təhsilin müqabilində aylıq ödəmişdir. İddiaçı qeyd edilən müqaviləyə əsasən, cavabdehin qızına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək, yəni 5 ay müdətinə təhsil vermiş, bu beş ay təhsil haqqı olaraq o, iddiaçıya 2500 manat məbləğində pul vəsaiti ödəmiş, 280 manat məbləğində borcu yaranmışdır. Dünyada yayılmış pandemiya səbəbindən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” xx xxxx 2020-ci il tarixi Sərəncamına əsasən 2020-ci ilin martın 3-dən etibarən tədris prosesi dayandırılmış, həmin tarixdən məktəb əyani təhsil xidməti göstərməmiş, uşaqlar məktəbə getməmişlər. Cavabdeh mart ayına qədər təhsil haqqı ödənişi üçün yaranmış 280 manat borcunu ödəmək istədikdə isə iddiaçı ondan 280 manat məbləğində pulu qəbul etməmiş, təhsil vermədiyi ay üçün bütün məbləği tələb etmişdir. Halbuki, normal təhsil şəraitində məktəb onun qızına həftədə 40 saat müddətində dərs keçmiş, bu, onun keyfiyyətli təhsil verməsi öhdəliyi olmuş, xx xxxx 2020-ci il tarixdən sonra isə internet vasitəsi ilə dərslər keçsə də, həmin dərslərin cədvəlinə görə dərs saatı həftədə 20 saat olmuş, bu müddət də bütünlüklə yerinə yetirilməmişdir. Cavabdehin qızının məktəbə getməməsinə, məktəbin onun qızına təhsil xidməti göstərməməsinə görə o da mart, aprel, may və iyun ayları üçün təhsil haqqını ödəməmiş, xx xxxx 2020-ci il tarixdən tədris ili başa çatmış, həmin müqavilə xx xxxx 2020-ci il tarixdən qüvvədən düşmüşdür. Onun təhsil haqqı ödəməməyinin bir səbəbi də məktəbin ona güzəşt etmək istəməməsi olmuşdur. Yəni cavabdeh qızının dərsə getməməsini, öz evlərində internet vasitəsi ilə qismən təhsil almasını, ev tapşırıqlarını da özünün tək etməsini, məktəbin müqaviləyə əsasən qızını heç bir dərs ləvazimatı və texniki vasitə ilə təmin etməməsini, qidalandırmamasını əsas gətirib, təhsil haqqında ona güzəşt edilməsini tələb etmiş, lakin məktəb cavabdehə heç bir güzəşt etməmişdir. “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilənin 2.1.6-cı bəndinə əsasən, dərsləri tam həcmdə və ardıcıl keçmək iddiaçının vəzifəsidir. Həmin müqavilənin 2.1,4-cü maddəsinə əsasən, ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məktəbin vəzifəsidir. Lakin məktəb fevral ayından sonra dərsləri keçməmiş, ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etməmiş, cavabdehin qızını dərs ləvazimatları, texniki vasitələrlə, dərs keçdiyi hər gün qida məhsulları ilə təmin etməmiş, həmin tarixdən başlayaraq onlara heç bir əyanı təhsil xidməti göstərməmişdir. Buna baxmayaraq, məhkəmə araşdırması zamanı işin mübahisə edilən halları ətraflı araşdırılmamışdır. Belə ki, iddiaçı dərsləri internet üzərindən xüsusi proqramlar vasitəsi ilə tam həcmdə və ardıcıl keçməsini, ev tapşırıqlarını da internet vasitəsi ilə yerinə yetirilməsini bildirmiş, öz iddia tələbini əsaslandırdığı halların təsdiqi kimi məhkəməyə bəzi fotoşəkillər və “Watsup” proqramından çıxarışlar təqdim etmişdir. Məhkəmə də bu sübutları kifayət hesab edərək, həmin sübutları iddianın əsasını təsdiq edən hal kimi qiymətləndirmişdir. Halbuki, həmin sübutlarla iddiaçının keçdiyi dərsin müddətini, ev tapşırıqlarının yerinə yetirilib-yetirilməməsini müəyyən etmək mümkün olmamışdır. Bu halın müəyyən edilməsi üçün isə cavabdeh məhkəməyə vəsatət verərək, məhkəmə kompyuter texniki ekspertizasının keçirilməsini, dərs keçirilmiş kompyuterlərin yaddaşında olan məlumatlar əsasında keçirilmiş dərslərin müddətinin və vaxtının müəyyən edilməsini xahiş etmiş, məhkəmə onun bu vəsatətini təmin etmədən, yəni heç bir araşdırma aparmadan, keçirilmiş dərs saatlarının müqavilə bağlanan zaman nəzərdə tutulan dərs saatlarına uyğun olması qənaətinə gəlmişdir. Göründüyü kimi, hazırki iş üzrə işin mübahisə edilən hallar sübuta yetirilməmiş, buna baxmayaraq məhkəmə tam həcmdə yerinə yetirilməyən öhdəliyin qarşılığında onun öz öhdəliyini tam həcmdə yerinə yetirməli olduğu qənaətinə gəlmişdir. Cavabdeh məhkəmənin öz qətnaməsində dəfələrlə istinad etdiyi məlum müqavilənin 2.1.12-ci maddəsinə münasibətdə qeyd edir ki, müqavilənin bu bəndi qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə “Məktəb”in məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, həmin hallara görə cavabdeh məktəbdən öz öhdəliyini tam həcmdə yerinə yetirməsini tələb edə bilməz, lakin məktəb də həmin hallara görə tam həcmdə yerinə yetirə bilmədiyi bir iş üçün ondan tam həcmdə qarşılıq tələb edə bilməz. Beləliklə də, Nazirlər Kabinetinin qərarına əsasən, iddiaçının öz vəzifəsini yerinə yetirə bilməməsi, dərsləri tam həcmdə və ardıcıl keçmədiyinə və ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmədiyinə görə onun cavabdehə kompensasiya ödəmək vəzifəsini istisna etdiyi kimi, iddiaçının keçmədiyi dərslərə görə ondan təhsil haqqını tələb etmək hüququnu da istisna edir. Lakin iddiaçı mart ayından başlayaraq, cavabdehin qızına müqavilədə nəzərdə tutulan qaydada - dərsləri tam həcmdə və ardıcıl keçməməsinə baxmayaraq, həmin aylar üçün ondan təhsil haqqını tam həcmdə tələb etmiş, cavabdeh təhsil haqqı ödənişinin dayandırılmasını tələb etdikdə isə, məktəb təhsil vermədiyi hər ay üçün cəmi 70 manat, ümumilİkdə isə 280 manat məbləğində güzəşt ediləcəyini bildirmişdir. Halbuki, müqavilənin özündə də təhsil haqqının aylar üzrə verilməsi, yəni bu haqqın yalnız göstərilən təhsil xidmətinin dəyəri olması öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X12 Orta Məktəb” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh iddianın əsassız olduğunu və qətnamənin ləğvini tələb etdiyindən, iddia tələbi təhsil haqqı və həmin təhsil haqqının gecikdirilməsinə görə cərimənin ödənilməsi ilə bağlı olduğundan, bununla da, tələb bölünməz olduğundan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 1836/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 126 saylı Tam orta təhsil xidməti haqqında müqavilələrdən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı 5000 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə “Məktəb” məsuliyyət daşımır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə ödənilməli olan 5000 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2500 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2500 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1357 manat, ümumi borc 3857 manat təşkil edir. İş üzrə İddiaçıin xx.xx.2020-ci il tarixli 20 No-li əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: - 5-11 siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda) – 280 manat. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında Cavabdeh uşağı təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlamışdır və həmin müqaviləyə əsasən cavabdeh 5000 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Respublikada baş verən pandemiya ilə əlaqədar dərslərin keçirilməsi dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Cavabdeh tərəfindən cəmi 2500 manat təhsil haqqını ödənilmiş, yerdə qalan hissəni isə cavabdeh ödəməkdən imtina etmişdir. Həmin imtinanın səbəbini cavabdeh respublikada baş verən pandimayanın və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan dərslərin keçirilməməsi ilə əsaslandırmışdır. İlk növbədə qeyd olunmalıdır ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. MM-nin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. MM-nin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-nin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından tərəflər arasında bağlanılmış xx.xx.2019cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımaması müəyyən edilsə də, cavabdehin həmin əsasa görə müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Belə olan halda cavabdeh tərəfindən fors major halı əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Məhkəmə kollegiyasının iclasında da müəyyən olundu ki, cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermiş fors major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. Kollegiya cavabdehin iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması, dərslərin 40 saatdan yalnız 20 saatı onlayn keçirildiyindən uşağının tam təhsil almaması, bu səbəbdən məktəb qarşısında hər hansı öhdəliyin olmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı bütün şagird valideynlərinə “Vatsap” vasitəsi ilə onlayn dərslərin keçirilməsi ilə bağlı məlumat verilməsi, cavabdehin uşağının onlayn qaydada dərsdə iştirak etməsi faktı təsdiq olunduğundan, cavabdehin yuxarıda qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin uşağının həmin müddət ərzində qida məhsulları ilə təmin olunmamasını nəzərə alaraq hesab etmişdir ki, məktəbin xx.xx.2020-ci il tarixdə qəbul etdiyi 20 saylı əmrə müvafiq 280 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi 2220 (2500-280=2220) manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində qismən əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1357 manat cərimənin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndinə əsasən şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçının müqavilənin 2.2.3-cü bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi müqavilə ilə nəzərdə tutulmasa da, iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün cavabdehlə birgə hərəkət etməli idi. Lakin göründüyü kimi tərəflər arasında baş vermiş fors major halla bağlı razılıq əldə edilməmiş və mübahisə yaranmışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilənin icrası ilə bağlı yaranmış mübahisə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi 1357 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət rüsumu məsələsini düzgün həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 1836/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar