Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1897/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı qızının - cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(009)-2290/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə aid sayğaca baxış keçirilmiş, "xxxx" ASC tərəfindən 20 sentyabr 2022-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 391,53 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı-cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli, NDM № 029090 nömrəli Aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********80100 nömrəli abonent koduna hesablanmış 391.48 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında o oğlu ilə birlikdə yaşayır. Oğlu Fuad elektrik enerjisinə görə ödəniş etmək istəyərkən aşkar etmişdir ki, onlara 391.48 manat cərimə yazılmışdır. Oğlu Fuad bunu görüb dərhal əraziyə baxan Azərişıq əməkdaşına zəng edib səbəbini soruşduqda ona bildirmişdilər ki, sayğacda nasazlıq aşkar olunduğuna görə yenisi ilə əvəz olunub və bundan sonra Akt tərtib edilərək cərimə yazılıb. Daha sonra "xxxx" ASC-dən onlara Akt təqdim etdilər. “Asan Kommunal” xidmətindən isə Saldonu aldıqda məlum oldu ki, həmin AKT əsasında dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 391.48 manat borc yazılmışdır. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi Akt tamamilə qanunsuz və əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(009)- 2290/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 391.48 (üç yüz doxsan bir manat qırx səkkiz qəpik) manat borc İddiaçı- abonent kodu olan **********80100 saylı abunə hesabından silinməsi, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 17-ci maddələri, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6, 7.11, 8.32-ci bəndləri, Mülki Məcəllənin 448.2-ci maddəsi ilə əsaslandıraraq, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab etmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilində sayğac sisteminə müdaxilə etməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq aktdır ki, həmin akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan digər tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişlər. Göründüyü kimi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi, başqa sözlə hazırki iş üzrə cavabdeh müəssisə cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilinə aid sayğac sisteminə iddiaçı tərəfindən müdaxilə edilməsi sübuta yetirilmir. Belə olan halda isə, yəni elektrik enerjisindən istifadə qaydalarının pozulması halı, eləcə də sayğaca müdaxilə halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abonent İddiaçı məxsus Bakı şəhəri, Ü.Hacıbəyov küç., ev 18,mənzil 100 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********89100) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının axan yükü hiss etməməyi müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli NDM 029090 saylı müvafiq akt tərtib olunmuşdur. Aktın əsasında itirilmiş elektrik enerjinin bərpası məqsədi ilə abonenta 3.090 kvts- 392 manat hesabat təqdim edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları A.Məmmədov və Ə.Eyniyev tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “qapını açan olmadı” qeyd edilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda-binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdı. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 24 avqust 2022-ci il tarixli, 029090 nömrəli aktından görünür ki, sayğaca baxış keçirilən zaman, sayğacın sxemdən keçən yükü qeyd etmədiyi, aktiv led lampasının impuls vurmadığı, ölçmə zamanı xətdən axan yüklərin: İt=3.77A, Pfak=0.8 kvt Psay=0. olduğu, qoyulmuş güc qidalandırıcı xəttə görə Pqoy=8.36kvt təşkil etdiyi müəyyən olunmuş, sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğaca laboratoriya şəraitində baxış tablosunun qaralmasına və digər parametrlərinə rəy verilməsi, sayğacın göstəricisinın oxunması barədə akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli akta əlavədən görünür ki, satış sahəsi üzrə tələblər 8.36kvt x 24 s x 0.7 x 22 gün=3090kvts, tarif (0.08 man)- 145 kvts x 0.08=11.6 manat, tarif (0.09 man) – 73 kvts x 0.09=6.6 manat, tarif (0.13) – 2872 kvts x 0.13= 373.3 manat, cəmi 392 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərişıq ASC-nin İddiaçı Əlihüseyn qızına ünvanlanmış bildirişdən görünür ki, borc 391,48 manat, ödənəcək məbləğ isə 408.83 manat təşkil edir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə ümumilikdə 391.53 manat cərimə hesablanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya borcun hesablanmasına əsas olmuş akt xx.xx.2022ci il tarixdə tərtib edilmiş, əsas sayğacın sxemdən keçən yükü qeyd etmədiyi, aktiv led lampasının impuls vurmadığı, ölçmə zamanı xətdən axan yüklərin: İt=3.77A, Pfak=0.8 kvt Psay=0. olduğu, qoyulmuş güc qidalandırıcı xəttə görə Pqoy=8.36kvt təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilində sayğacın sxemdən keçən yükü qeyd etmədiyi, aktiv led lampasının impuls vurmadığı, ölçmə zamanı xətdən axan yüklərin: İt=3.77A, Pfak=0.8 kvt Psay=0. olduğu, qoyulmuş güc qidalandırıcı xəttə görə Pqoy=8.36kvt təşkil etdiyi halı sübuta yetirilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh tərəf sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan digər tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi, başqa sözlə hazırki iş üzrə cavabdeh müəssisə cavabdehlik daşıyır və cavabdeh tərəf iddiaçıya məxsus evdə quraşdırılmış “sayğaca müdaxilə edilməsi” iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edə bilməmiş və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi halı müəyyən olunmamışdır. Belə olan halda isə, yəni elektrik enerjisindən istifadə qaydalarının pozulması halı, eləcə də sayğaca müdaxilə halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməklə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 391.53 manat hesablanmış pulun iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(009)- 2290/2022 saylı qətnaməsi təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul ediliyi andan qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə