Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1897/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2023 nömrəli 01 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən İddiaçı yaşadığı ünvanda qaz sayğacı oğurlandığından ZENNER G4T SMART markalı, **********469 nömrəli qaz sayğacı quraşdırılmışdır.
2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı yaşadığı ünvanda qaz sayğacdan kənar qazdan istifadə olunması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır.
3. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən orta günlük iş rejimi 24 saat olmaqla hesabat müddəti 360 gün olmaqla, cəmi 30240 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.
4. Abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 3625,80 manat təşkil edir. Sonuncu dəfə smart tipli sayğac üçün xx.xx.2022-ci il tarixdə 30 manat pul vəsaiti abonentin saldosuna ödənilmişdir.
5. Azərbaycan Respublikası DİN Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən Suraxanı Rayon Qaz İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:30 radələrində İddiaçı yaşadığı ünvanda ona məxsus evə quraşdırılmış qaz sayğacının naməlum şəxslər tərəfindən oğurlandığı aşkar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birlik tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 3628 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq yaşayış massivi, döngə 4 nömrəsiz evdə yaşayır, yaşadığı evdə istehlak edilən qazın ölçüsünü aparan sayğac onun adınadır, eyni zamanda cavabdehlə qaz təchizatı haqqında müqavilə bağlanmışdır. Həmin evdə onunla birlikdə keçmiş həyat yoldaşı X3 və xx.xx.2019-cu il təvəllüdlü hazırda 4 yaşı olan İnci adlı qızı və xx.xx.2010-cu il təvəllüdlü hazırda 13 yaşı olan Vasif adlı oğlu da yaşayırlar. Yaşadığı evə verilən təbii qazın həcmini müəyyən edən qaz sayğacı küçədə quraşdırılmışdır. xx.xx.2023-cü ildə axşam saatlarında evə gəldikdə qazın verilişinin dayandırıldığını görmüş, bunun səbəbini bilmək üçün qaz sayğacına yaxınlaşdıqda qaz sayğacının oğurlandığının şahidi olmuşdur. Həmin gün Suraxanı rayonunda ərazi üzrə 31-ci Polis Bölməsinə şikayət ərizəsi ilə bu barədə müraciət etmiş və müraciəti barədə Cavabdeh ASC-yə də məlumat vermişdir. Növbəti gün və daha sonra müxtəlif tarixlərdə Cavabdeh ASC-yə telefonla (qaynar xətt 104), Suraxanı rayonunda yerləşən Qaz İdarəsinə dəfələrlə gedərək evdə kiçik uşaqların olmasını, qış ayları olduğunu bildirərək qaz sayğacının quraşdırılmasını xahiş etsə də, müraciəti səbəb göstərilmədən təmin olunmamışdır. xx.xx.2023-cü cü ildə 16 gün ərzində evə qaz verilmədiyi üçün çox soyuq havalarda azyaşlı övladlarının tez-tez xəstələnməsini, xüsusən o zaman hələ 4 yaşı tamam olmamış qızının soyuqdan donduğunu, soyuqdan ağladığını görərək, hava proqnozuna görə havanın pisləşəcəyini, gecə saatlarında şaxta olacağı haqqında proqnozları eşidərək sayğac quraşdırılana qədər evə qazı rezin boru ilə çəkmək qərarına gəlmiş və rezin borunu quraşdıran zaman da elə həmin tarixdə və saatda Cavabdeh ASC-yə zəng edərək bu barədə telefonla məlumat vermişdir. Rezin boru ilə qazı birləşdirdikdən 1 saat sonra "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğacdankənar borunu çəkdiyini rəsmiləşdirdilər, fotoşəkillərini çəkdilər və rezin borunu xəttdən ayırdılar. xx.xx.2023-cü ildə isə yeni sayğac quraşdırdılar, aktda bunun səbəbini sayğacın oğurlanması kimi göstərdilər. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona həmin rezin borunu 1 saat quraşdıraraq qazdan istifadə etməyi nəticəsində ona 3628 manat borc yazılmış və həmin borcun ödənilməsi ondan şifahi və yazılı şəkildə tələb edilmişdir. Cavabdehin onun kimi aztəminatlı bir ailəyə bu qədər borc hesablanması ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, sayğac oğurlanana qədər xx.xx.2023-cü ilə qədər qazın həcmi smart tipli sayğacla ölçülmüşdür və o, qış aylarında hər ay maksimum 30 manat qaz istehlak etmişdir. Sayğac oğurlandıqdan (xx.xx.2023-cü ildən) sonra xx.xx.2023-cü ilə qədər heç bir halda o, 3628 manat həcmində qazı istehlak edə bilməzdir. Yaşadığı ev 1 otaq və 1 mətbəxdən ibarətdir, sahəsi cəmi (mətbəx və otaq) 40 kv metrdir, evdə bir İran qaz sobasından və 1 ədəd 4 göz PQ-4 sobadan (xörək bişirmək, çay qızdırmaq üçün) istifadə edir. Heç bir halda hətta o, 20 gün ərzində rezin boru quraşdırmaqla qazdan istfadə etsə belə 3628 manat həcmində qazdan istifadə edə bilməzdi. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər 8 ay ərzində istifadə etdiyi qaz sayğacının göstəricilərinə əsasən cəmi 90 manat təşkil etmişdir. Cavabdehin ona 3628 manat məbləğinin hesablamasında görünür ki, guya o, 360 gün sayğacdan kənar qazdan istifadə etmişdir. Belə ki, cavabdehin əməkdaşları hər ay gəlib ərazini gəzib sayğacların vəziyyətini yoxlayırdılar, o, 360 gün sayğacdan kənar qazdan istifadə etmiş olsaydı bunu heç olmasa 12 dəfə aşkar etməli olardılar. Bundan əlavə cavabdehin hesablamasına görə o, guya 2022-ci ilin fevral ayından 2023-cü ilin fevral ayına qədər sayğacdankənar qazdan istifadə etmişdir. Lakin abonentin saldosundan göründüyü kimi, 2022-ci ilin yanvar-dekabr ayları üçün smart tipli sayğaca pul yükləmişdir. Bundan başqa cavabdeh göstərmişdir ki, guya o, cəmi 40 kv metr sahəsi olan 1 otaq və 1 mətbəxdən ibarət olan evində 3 qaz cihazlarının 12 ay ərzində gecə gündüz 24 saat ərzində fasilə vermədən işləməsini əsas götürərək 3628 manat məbləğini hesablamışlar. Belə ki, onda 3 qaz istifadə edən cihaz yoxdur, 1 dördgöz sobadır, bir İran sobasıdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 dekabr 2023-cü il tarixli 2(010)-4814/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı dəymiş ziyanın bərpasına dair akt üzrə tələb etdiyi 3416,32 manatın silinməsi, iddianın qalan hissədə təmin olunmaması, Cavabdehndən dövlət rüsumuna görə 54.16 manatın dövlət nəfinə tutulması qət edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, həmin ünvanda smart tipli saygac mövcud olduğundan və sonuncu dəfə abonent saldosuna 12 dekabr 2022-ci il tarixdə ödəniş edildiyindən Azəriqaz İB-yi tərəfindən iddiaçıya keçmiş dövr ərzində itirilmiş qazın bərpasına dair hesablanma aparıla bilməz. Hesablanmış 3628.80 manat məbləğdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər müddət ərzində, cəmi 21 gün ərzində hesablanmaqla 211.68 manat (3628.80:12 ay=302.40:30 günx21 gün=211.68) iddiaçıdan tələb oluna bilər.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
16. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
17. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
20. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
21. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
22. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
23. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
24. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
25. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
26. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göründüyü kimi iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixdə naməlum şəxslər tərəfindən oğurlanmışdır. xx.xx.2023-cü il tarixdə isə yeni sayğac quraşdırılmışdır.
36. İddiaçının etirafına görə X4 tərəfindən həmin evə qaz saygacı quraşdırılmadığından rezin boru vasitəsilə qazdan bir gün ərzində istifadə etmişdir.
37. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş və orta günlük iş rejimi 24 saat olmaqla hesabat müddəti 360 gün olmaqla, cəmi 30240 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.
38. İddiaçıya məxsus evdə 01 fevral tarixindən 21 fevral tarixinə qədər sayğac olmamış, lakin cavabdeh tərəfindən qaz sayğacından kənar qazdan istifadə olunması əsası ilə 360 gün üçün dəymiş ziyan hesablanmışdır.
39. Məhkəmə haqlı olaraq göstərmişdir ki, həmin ünvanda smart tipli saygac mövcud olduğundan və sonuncu dəfə abonent saldosuna 12 dekabr 2022-ci il tarixdə ödəniş edildiyindən Cavabdeh İB tərəfindən iddiaçıya keçmiş dövr ərzində itirilmiş qazın bərpasına dair hesablanma aparıla bilməz.
40. Belə olan halda əsaslı olaraq sayğacın oğurlandığı xx.xx.2023-cü il tarixdən yeni sayğac quraşdırıldığı xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində, cəmi 21 gün ərzində hesablanmaqla 211.68 manat (3628.80:12 ay=302.40:30 günx21 gün=211.68) iddiaçıdan tələb oluna bilər.
41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2023 nömrəli 01 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.