Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1903/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-415/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 24 iyun 2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh 14.750 ABŞ dolları məbləğində (25.075 manat) pul məbləğinin borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində borcun 24 iyul 2017-ci il tarixədək qaytarılması müəyyən olunmuş, müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 iyul 2017-ci il tarixə kimi qaytarmaq şərti ilə 14.750 ABŞ dolları məbləğində (25.075 manat) borc verməsini, borcun qaytarılmasını dəfələrlə tələb etsə də cavabdehin borcu qaytarmaqdan imtina etməsini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 460, 462.1-ci maddələrinin tələbinə müvafiq olaraq cavabdehdən 14.750 ABŞ dolları məbləğində borcun və borcun gecikdirilmiş hər ilinə görə borcun 10 faizi məbləğində dəbbə pulunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2017-ci ilin mart ayında tanış olmuşdur. Münasibətləri əsnasında cavabdeh ondan notarial qaydada kredit müqaviləsinə əsasən borc pul istəmişdir. O, cavabdehə borc pul verməyə razılaşmış və 24 iyun 2017-ci il tarixində Bakı şəhəri 32 saylı Notariat Kontoruna gedərək Kredit müqaviləsi bağlamış və cavabdehə 14.750 ABŞ dolları, yəni ABŞ dollarının məzənnəsi ilə 25.075 manat pul vəsaitini borc olaraq vermişdir. Həmin kredit müqaviləsi reyestrdə 3M-196 nömrəsi ilə qeyd edilmişdir. Borcun verilməsinə dair onunla cavabdeh arasında 24 iyun 2017-ci il tarixində bağlanmış Kredit müqaviləsi Bakı şəhər 32 saylı Notariat Kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndində göstərilir ki, “Borc verən” “Borc alan”a 14.750 ABŞ dolları, yəni ABŞ dollarının həmin günə olan məzənnəsi ilə 25.075 manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti 24.07.2017-ci il tarixinədək “Borc verən”ə qaytamağı öhdəsinə götürür. O, cavabdehin səmimiliyinə inanaraq 24 iyun 2017-ci il tarixində həmin pul vəsaitini borc olaraq cavabdehə vermişdir. Lakin uzun müddət keçməsinə, cavabdehin almış olduğu pulu qaytarmağa dair yazılı şəkildə müqavilə imzalamasına baxmayaraq bu günədək bir manat da olsun belə aldığı borcu qaytarmamışdır. O, həmin pulu cavabdehə ABŞ dolları ilə vermişdir və həmin valyuta ilə də tələb edir. Dəfələrlə cavabdehdən ona olan borcun qaytarılmasını xahiş və tələb etsə də, borcu qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən də ağır maddi vəziyyətə düşmüşdür. Baxmayaraq ki, cavabdeh ondan Kredit müqaviləsinə əsasən aldığı 14.750 ABŞ dolları məbləğində pul vəsaitini 24 iyul 2017-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür, müqavilədə göstərilən tarixdən 3 il müddət keçməsinə baxmayaraq cavabdeh həmin borcu ona qaytarmamışdır. Halbuki həmin pulu vaxtında alsaydı, özünün maddi ehtiyaclarını ödəyərdi və ağır duruma düşməzdi. Ona görə də cavabdeh kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliyi icra etmədiyi üçün və onu pulunu 3 ildir ki, ödəməkdən imtina etdiyi üçün cavabdeh həm də ona dəbbə pulu ödəməlidir. Dəbbə pulunun məbləğini hər il üçün ümumi borc məbləğinin 10 faizi miqdarında müəyyənləşdirir. Həmin iddia tələbi üzrə Cavabdeh iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək 2017-ci ilin may ayında həyat yoldaşı X3 İddiaçı ilə mənzil dəyişmə müqaviləsinin bağlanması barədə razılığa gəlməsini, iddiaçıya məxsus mənzilin 215.000 manat dəyərində, onlara (atasına) məxsus mənzilin isə 130.000 manat dəyərində qiymətləndirmələrini, iddiaçıya məxsus mənzilin "xxxx" ASC-də ipotekada olduğundan mənzilin yüklülükdən azad edilməsi üçün 02 iyun 2017-ci il tarixdə banka əvvəlcə 40.000 ABŞ dolları, sonra isə iddiaçıya 10.000 ABŞ dolları ödəmələrini, lakin iddiaçının həyat yoldaşının onların təklif etdiyi mənzili bəyənmədiyi üçün iddiaçıya başqa mənzil təklif etmələrini və bununla əlaqədar İddiaçı onlardan əlavə olaraq 15.000 ABŞ dolları tələb etməsini və həmin pulu müqavilədən sonra hissə-hissə ödəmək barədə razılaşmalarını, 24 iyun 2017-ci il tarixdə dəyişmə müqaviləsi bağladıqdan sonra iddiaçının xahişi ilə ona 250 ABŞ dolları ödəməsini, bundan sonra iddiaçının xahişi ilə onların arasında mübahisəli borc müqaviləsinin bağlanmasını və həmin məbləği ümumi razılıq əsasında hissə-hissə ödəməsini, bundan sonra dəyişdirilmiş mənzilləri sənədləşdirdikdən sonra uşağının evin yanındakı məktəbdə oxuması ilə əlaqədar iddiaçının həmin mənzildə daha bir il yaşamasını ondan xahiş etməsini, bir müddətdən sonra iddiaçı dəyişmə nəticəsində əldə etdiyi mənzili başqasından götürdüyü borcun müqabilində ipoteka qoymasını və həmin mənzilin hərracda satılmaq ərəfəsində olmasını, onların tələbi ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı və həyat yoldaşı Elza Həsənovanın dəyişmə nəticəsində əldə etdikləri mənzildən çıxarılmaları, İddiaçı və Elza Həsənovanın onun həyat yoldaşı Elnarə Paşayevaya qarşı 80.000 manat məbləğində borcun ödənilməsi barədə qarşılıqlı tələbinin rədd olunmasını, yalnız bundan sonra İddiaçı ona qarşı borcun qaytarılması barədə hazırkı tələbi irəli sürməsini əsas göstərməklə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-415/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 13.950 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı iddia tələbində 14750 ABŞ dolları borcun geri qaytarılmasını tələb etsə də, iş materiallarında olan 27.07.2017-ci il tarixli mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya olan borcun 800 ABŞ dolları hissəsinin qaytarıldığı müəyyən edilir. İddiaçı ödənilən pulun cavabdehlə aralarında olan borc müqaviləsindən irəli gələn öhdəliklə əlaqədar olmadığını bildirsə də, bunu sübut edə bilməmişdir. Buna görə də, 14750 ABŞ dolları borcdan cavabdeh tərəfindən borc üzrə ödənilən 800 ABŞ dolları pul çıxılmaqla, qalan 13950 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia tələbinin gecikdirilən hər ilə görə borcun 10 faizi məbləğində pulun ödənilməsi hissəsinə münasibətdə isə qeyd edilir ki, iddiaçının pul vəsaitinin cavabdeh tərəfindən saxlanması işin mübahisəsiz halı kimi müəyyən edilsə də, iddiaçı həmin pul vəsaitnin saxlanması nəticəsində cavabdehin hansı məbləğdə gəlir, artım, bəhər yaxud sair maddi xeyir əldə etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla, İddiaçı o, əvvəllər tanımamış və onunla ilk tanışlığı yalnız mənzillərinin dəyişdirilməsi zamanı olmuşdur. Belə ki, o, 2017-ci ilin may ayında Milli Məclisin inzibati binası yaxınlığında ev almaq fikrində olduğundan bir müddət soraqlaşıb iddiaçı ilə binanın komendantı Əmrahın vasitəsi ilə tanış olmuşdur. Belə ki, iddiaçı özünə məxsus olan - Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evdə yerləşən 40 saylı mənzilini (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 9, mənzil 5) satmaq və ya üzərində pul almaqla dəyişdirmək niyyətində olduğunu bildirdi. Çünki İddiaçı “Əmrah Bank”a 40000 ABŞ dolları borcu var idi. Bank, onun borcu gecikdirdiyi üçün dəyərindən qat-qat ucuz qiymətə Ali Məhkəmənin qərarından sonra mənzili satışa çıxarmışdır. Mənzilin girovda olması səbəbindən heç kəs İddiaçılə alğı-satqı etmək istəmirdi. Lakin, sadəlövhlüyü üzündən bu şəxslə tanışlığı zamanı ona çox səmimi adam təsiri bağışlamışdır. Mənzillərin dəyişdirilməsindən on gün öncədən onunla gedib «Əmrah Bank»a olan 40000 ABŞ dollarını ödəyib mənzili yüklülükdən azad etmişdir. Sonra İddiaçı qeyd edilən evini atası X7 məxsus - Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə, Məmmədcəfər Cəfərov küçəsi, 10 saylı evin 425 nömrəli mənzili ilə dəyişdirilməsini razılaşmışlar. İlkin razılaşmaya görə o, İddiaçı evini 215000 (iki yüz on beş min) manat, öz evini isə 130000 (yüz otuz min) manat dəyərində qəbul edilməsini və qalıq qalan 85000 (səksən beş min) manatın ona nağd qaydada ödəniləcəyi barədə sövdələşmə etmişlər (40000 (qırx min) ABŞ dolları «Əmrah Bank»a borc kimi ödənilib). Lermontov küçəsi, 3 saylı evdə yerləşən 40 saylı mənzil onun adına keçir, qalan 10000 (on min) ABŞ dollarını isə 02.06.2017-ci il tarixdə evlərin dəyişdirilməsinə dair razılaşma bağlanarkən, öz aralarında birbaşa İddiaçı təqdim etmişdir. Razılıq əldə edildikdən sonra 24.06.2017-ci il tarixdə, saat 13:23-də 3 saylı Bakı “Asan xidmət” mərkəzindəki notariat kontorunda mənzillərin dəyişdirilməsinə dair müqavilə imzalamışdır. “Asan xidmət” mərkəzində olarkən iddiaçı maddi imkanının ağır olduğunu bildirərək, qalıq qalan 15.000 (on beş min) ABŞ dollarından ona həmin gün imkanı daxilində pul ödəməsini xahiş etmişdir. Halbuki, aralarındakı razılığa görə o bu pulu mənzilə tam köçəndə ödəməli idi. Həmin zaman üzərində yalnız 250 ABŞ dolları olduğu üçün bu qədər pul verə bilmişdir. İddiaçı razılaşaraq bu pulu götürdükdən sonra xahiş etmişdir ki, “Asan xidmət” mərkəzində olduqlarından qalıq qalan 14.750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları barədə də borc müqaviləsi bağlasınlar. Buna da etiraz etməmiş və orada olan notariuslara yaxınlaşmışlar. Lakin orada bildirmişdirlər ki, formal olaraq borc müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilmir. İddiaçının israrla müqavilə bağlamaq istədiyini gördükdən sonra oradan ayrılaraq digər notariat kontorlarına müraciət etməyə başlamışlar. Sonda Bakı şəhəri 32 saylı notariat kontorunda həmin gün saat 16:49-da (dəyişmə müqaviləsi bağlandıqdan təxmini 3 saat sonra) borc müqaviləsini rəsmiləşdirmişlər. Bir ay sonra Ədalət ona zəng edərək Gürcüstanda olduğunu və təcili olaraq pula ehtiyacının olduğunu bildirdi. O da banklar vasitəsilə vəsaiti hissə-hissə olmaqla onun adına göndərmişdir. Belə ki, həmin ilin yay ayları ərzində tərəfindən 14.750 (on dörd min yeddi yüz əlli) ABŞ dolları tam şəkildə iddiaçıya ödənmişdir. Pul köçürmələrini əsasən "xxxx" ASC, "xxxx" QSC və ləğv prosesində olan "xxxx" ASC vasitəsilə “Zolotoya Korona”, “WesternUnion” və digər platformalar üzərindən iddiaçının adına göndərmişdir. Qeyd olunan məbləğ tam şəkildə həyata keçirildiyindən həmin vaxtdan sonra iddiaçı bu məsələ ilə bağlı heç bir narazılığını nə ona, nə də ki hüquqmühafizə orqanlarına bildirməmişdir. Hüquqi cəhətdən savadsızlığı üzündən borcunu ödədikdən sonra 32 saylı notariusda kredit müqaviləsini ləğv etdirməmişdir. Buna baxmayaraq iddiaçı dəyişmə müqaviləsi bağlanarkən üzərinə götürdüyü öhdəliyi qərəzli şəkildə icra etməmiş, 31.12.2018-ci il tarixdə mənzili faktiki olaraq onun sahibliyinə verməmişdir. Bu məqamda qeyd edir ki, müqavilədə mənzilə köçməklə bağlı 1 ildən çox müddətin müəyyən edilməsinin səbəbi İddiaçı uşağının yaxınlıqdakı təhsil müəssisəsində oxuması ilə bağlı olmuşdur. Dəyişmə müqaviləsi bağlandıqdan sonra onlar hər biri yeni aldıqları evlərə hüquqlarını təsdiqləyən rəsmi sənəd almışlar. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 04.07.2017-ci il tarixdə ona Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 3 saylı evin 40 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 9, mənzil 5) üzərində mülkiyyət hüququnu təsdiqləyən RX ******* saylı çıxarış verilmişdir. İddiaçı də Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 8 saylı evin 10 nömrəli mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 36, mənzil 3) müvafiq çıxarış almış və hətta çox keçmədən başqa bir şəxsdən borc pul götürməklə həmin mənzili girova qoymuşdur. Bu borcu ödəmədiyi üçün Bakı şəhəri Nəsimi rayonu Məhkəməsi bu mənzilin də satılıb borcun qaytarılmasını təmin etmək haqqında qətnamə qəbul etmişdir. İddiaçı bu mənzilini də dəyər dəyməzinə satmışdır. 2019-cu ilin ilk günlərində İddiaçı evi təhvil verməsini xahiş etdikdə onun həyat yoldaşı Elza Həsənova evdən çıxmayacağını ona bildirmişdir. Bunun səbəbini soruşduqda isə ərinin onların var-dövlətini sataraq müflis etdiyini, yaşayacaqları yeganə mənzil olduğundan uşaqları ilə birlikdə oranı tərk etməyəcəklərini demişdir. Artıq iddiaçının və onun həyat yoldaşının qərəzli hərəkətlərindən sonra o aldadıldığını və hüquqlarının kobud şəkildə pozulduğunu görmüşdür. Bu səbəbdən də Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Həmin məhkəmənin 18.07.2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsi ilə iddiası təmin olunmuş iddiaçı ilə onun ailə üzvlərinin cavabdehin mülkiyyətində olan mənzildən məcburi çıxarılmaları qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin icraat zamanı iddiaçı da qarşılıqlı tələblə məhkəməyə müraciət etmiş və həmin zaman öz ərizəsində də etiraf etmişdir ki, evlərin dəyişdirilməsi ilə yanaşı cavabdeh tərəfindən ona 65.000 ABŞ dolları tam şəkildə ödənilmişdir. Lakin, Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia üzrə icraat zamanı isə belə bir halın olmadığını, guya aralarında həqiqətən də borc müqaviləsi bağlanan zaman iddiaçının cavabdehə nağd qaydada pul verdiyini bildirmişdir. İddiaçının iddia ərizəsində göstərdiklərinin yalan olması məhkəmə icraatı zamanı "xxxx" QSC-dən taparaq gətirdiyi 800 ABŞ dolları məbləğində ödəniş qəbzlərindən biri ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ona 14.750 ABŞ dollarından ümumiyyətlə heç bir ödəniş edilmədiyini bildirirdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5661/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, qalan 13.950 ABŞ dollarının qaytarılması sübut olunmur. Belə ki, cavabdeh 13.950 ABŞ dollarının ödənildiyini, iddiaçı isə ödənilmədiyini bildirir. Həmin pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh bu barədə sübut təqdim edə bilmir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6838/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5661/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, Paşayevlərin dəyişmə müqaviləsinin bağlanması ilə əlaqədar İddiaçı ödəməli olduqları 14.750 ABŞ dollarını ona qaytarmaları məsələsi üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə kollegiyası tərəfindən həmin hallar ümumiyyətlə nəzərə alınmamış və onlara müvafiq hüquqi qiymət verilməmişdir. İşin göstərilən hallarını nəzərə alınmadan yalnız kredit müqaviləsinin mövcudluğunun və onun Paşayevlər tərəfindən mübahisələndirilməməsinin iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilməsi qanuni və əsaslı sayıla bilməz. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Cavabdeh görə razılaşılmış pul məbləği İddiaçı ödənildikdən sonra o, əlavə olaraq daha 15.000 ABŞ dolları məbləğində ona pul ödənilməsini tələb etmiş və həmin məbləğin 250 ABŞ dollarını verdikdən sonra qalan 14.750 ABŞ dollarını müqavilədən sonra hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş və onların arasında dəyişmə müqaviləsi imzalanmışdır. Lakin İddiaçı xahişi əsasında onların arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsində göstərilmiş pul məbləğini qaytarmışdır. Göründüyü kimi Cavabdeh İddiaçı borcu olduğu vəziyyətdə sonuncunun Cavabdeh borc verməsi inandırıcı görsənmir. İddiaçı dəyişmə müqaviləsindən sonra mənzildə daha bir il yaşamasını xahiş etməsi, dəyişdiyi mənzili adına sənədləşdirib onu başqasından götürdüyü borcun müqabilində ipoteka qoyması, 1 ay müddətinə verdiyi borcu (24 iyun 2017-ci il tarixdə) 3 ilə yaxın müddət keçdikdən sonra (17 iyun 2020-ci il tarixdə) tələb etməsi bağlanmış kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 14.750 ABŞ dolları verilməsinin həqiqiliyinə olan şübhəni daha da artırır. İddiaçı verdiyi borcu tələb etmək əvəzinə dəyişdiyi mənzili başqasından götürdüyü borca görə ipoteka ilə yüklü etməsi də dəyişmə müqaviləsindən yaranma borcun qaytarılmaması barədə İddiaçı göstərdiklərini şübhə altına alır. İşdən həmçinin görünür ki, 2019-cu ildə X1 Ədalət Valeh oğlu və X4 qarşı mənzildən çıxarma barədə məhkəmədə iddia qaldırmış, İddiaçı və E.A.Həsənova isə aralarında dəyişmə müqaviləsinin bağlanması zamanı Paşayevlərin onları aldadaraq 80.000 manatdan artıq pul məbləğini onlara verilməməsini əsas göstərməklə həmin məbləğin Paşayevlərdən onların xeyrinə tutulmasına dair qarşılıqlı tələb irəli sürmüşlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə Paşayevlərin iddiası təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı və E.A.Həsənova apellyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yalnız bundan sonra, işdən göründüyü kimi, İddiaçı 17 iyun 2020-ci il tarixdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, İddiaçı 24 iyun 2017-ci il tarixli kredit müqaviləsində göstərilən borcu deyil, Paşayevlərdən dəyişmə müqaviləsinin bağlanılması ilə əlaqədar aldadılaraq ona verilməmiş 80.000 manatın cavabdehlərdən tutulmasını tələb etmişdir. Kredit müqaviləsində göstərilən 14.750 ABŞ dolların həmin iş üzrə tələb olunan 80.000 manata daxil olması işdən görünmür. Həmin iş üzrə İddiaçı ondan sonra tələb etdiyi 14.750 ABŞ dollarının mövcudluğu barədə susması və həmin məbləği tələb etməməsi anlaşılan deyildir. Əgər göstərilən məbləğ həmin iş üzrə tələb olunan 80.000 manata daxildirsə, onda belə qənaət hasil olur ki, həmin iş üzrə eyni zamanda 14.750 ABŞ dolları məbləğində pul tələbi də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Bundan başqa, 24 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin notariat kontorunun depozit hesabına köçürülməsi barədə də işdə hər hansı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat) Apellyasiya şikayətinə etirazlar və mülahizələr İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ilin mart ayında tanış olmuş, münasibətləri əsnasında cavabdeh ondan notarial qaydada kredit müqaviləsinə əsasən borc pul istəmişdir. O, cavabdehə borc pul verməyə razılaşmış və 24 iyun 2017-ci il tarixində Bakı şəhəri 32 saylı Notariat Kontoruna gedərək Kredit müqaviləsi bağlamış və cavabdehə 14.750 ABŞ dolları, yəni ABŞ dollarının məzənnəsi ilə 25.075 manat pul vəsaitini borc olaraq ona vermişdir. Cavabdehin səmimiliyinə inanaraq 24 iyun 2017-ci il tarixində həmin pul vəsaitini borc olaraq cavabdehə vermişdir. Lakin uzun müddət keçməsinə, cavabdehin almış olduğu pulu qaytarmağa dair yazılı şəkildə müqavilə imzalamasına baxmayaraq bu günədək aldığı borcu qaytarmamışdır. O, həmin pulu cavabdehə ABŞ dolları ilə vermişdir və həmin valyuta ilə də tələb edir. Dəfələrlə cavabdehdən ona olan borcun qaytarılmasını xahiş və tələb etsə də, o, borcu qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən də ağır maddi vəziyyətə düşmüşdür. Baxmayaraq ki, cavabdeh ondan kredit müqaviləsinə əsasən aldığı 14.750 ABŞ dolları məbləğində pul vəsaitini 24 iyul 2017-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür, müqavilədə göstərilən tarixdən 3 il və məhkəmə proseslərinin 2 il getməsi ilə bərabər 5 il müddət keçməsinə baxmayaraq cavabdeh həmin borcu qaytarmamışdır. Cavabdehin isə həm birinci instansiya məhkəməsində baxış zamanı, həm apellyasiya şikayətində, həm də Ali Məhkəmənin Kassasiya şikayətində irəli sürdüyü dəlillər əsassızdır və məhkəməni çaşdırmağa yönəlmiş uğursuz bir cəhddir. Onun keçmiş mənzilinin bu işlə heç bir əlaqəsi yoxdur. O, mənzili sattıqdan sonra cavabdeh ondan borca pul istəmiş, bu günə kimi borc cavabdeh tərəfindən qaytarılmamışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat kontorunda mənzillərin dəyişdirilməsinə dair müqavilə imzalamışlar. Cavabdeh borc alanda ona demişdir ki, pula çox ehtiyacı var, olub qalan pulun hamısını yığıb vermiş və xahiş etmişdir ki, ona 14750 ABŞ dolları borca pul versin. Sonra o, pulu götürüb Bakı şəhər 32 saylı notariat kontoruna gedib kredit müqaviləsi bağlayaraq pulu notariat kontorunda Eminə vermişdir. Hal-hazırda evi yoxdur. Dəfələrlə Emindən pulunu istəməyinə baxmayaraq, onu aldatdığını, özünün və ailəsinin daha çətin vəziyyətə düşdüyünü gördükdə məhkəməyə müraciət etməli olmuşdur. Ortada imzalı və notarial qaydada təsdiq edilmiş Kredit Müqaviləsi vardır və həmin müqaviləyə əsasən cavabdeh aldığı pulu bu günədək ona qaytarmamışdır. Cavabdeh apellyasiya və kassasiya şikayətində əsassız şəkildə qeyd edir ki, guya 2017-ci ilin yay ayları ərzində ondan aldığı 14.750 ABŞ dolları məbləğində borcu tam şəkildə qaytarmışdır. Beləliklə, cavabdehin guya Kredit Müqaviləsi əsasında borc pulu tam olaraq ona qaytarması barədə iddiaları cəfəngiyyatdır və onların heç bir hüquqi əsası yoxdur, apellyasiya şikayəti əsassızdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “iddianın təmin edilmiş” hissəsində yoxlanılması təşkil edir. İddiaçı qətnamənin təmin edilməmiş hissəsindən apellyasiya şikayəti vermədiyindən, qətnamə bu hissələrdə yoxlanılmır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 82.3-cü mаddəsinə əsаsən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-415/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi “iddianın təmin edilmiş” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında eyni gündə, yəni 24 iyun 2017-ci il tarixdə mənzillərin dəyişmə müqaviləsi və 14750 ABŞ dolları barəsində kredit müqaviləsi bağlanmışdır. Mənzillərin dəyişmə müqaviləsi bağlandıqdan sonra Cavabdeh İddiaçı bu müqavilədən əmələ gələn qalan qalıq 65000 ABŞ dolları məbləğində borc ödəməyə öhdəsinə götürmüşdür. Bu məbləğdən 40000 ABŞ dollarının ödənilərək İddiaçı məxsus dəyişdirilən mənzilin girovda azad olunması və qalan 25000 ABŞ dollarından 10000 ABŞ dollarının ödənilməsi işin mübahisəsiz halıdır. Qalıq 15000 ABŞ dollarının isə mənzil təhvil verilərkən ödəniləcəyi barədə tərəflər razılığa gəlmişdirlər. Daha sonra həmin gün tərəflər arasında 14750 ABŞ dollarına münasibətdə hazırki işin mübahisə predmeti olan kredit müqaviləsi bağlanmışdır. İşin apellyasiya instansiyasında təkrar baxışı zamanı İddiaçı dəyişmə müqaviləsindən irəli gələn qalıq borcun, yəni 65000 ABŞ dolları məbləğində pulun Cavabdeh tərəfindən tamamilə ödənildiyini qeyd etmiş, hazırda mübahisə predmeti olan kredit müqaviləsi üzrə isə Cavabdeh 14750 ABŞ dolları məbləğində pulun mənzillərin dəyişmə müqaviləsinə aidiyyəti olmayan borc olaraq verdiyini qeyd etmişdir. Lakin, işin hallarına görə Cavabdeh İddiaçı borcu olduğu vəziyyətdə sonuncunun təkrarən Cavabdeh borc verməsi inandırıcı görsənmir. Əksinə, Cavabdeh apellyasiya instansiyasında işin təkrar baxışı zamanı qeyd etmişdir ki, bağlanmış kredit müqaviləsinin predmeti mənzillərin dəyişdirilməsi barədə müqavilədən irəli gələn yekun qalıq borc olan 15.000 ABŞ dolları məbləğində pul olmuşdur. Bu müqavilə bağlanarkən Cavabdeh İddiaçı borc məbləğindən 250 ABŞ dolları ödəniş etmiş və qalıq 14.750 ABŞ dolları borca münasibətdə müqavilə bağlanmışdır. Bu pul məbləği də ödənilmişdir. Məhkəmə kollegiyası tərəflərin verdikləri izahatlar üzrə onların mövqelərini işin faktiki halları ilə qarşılıqlı surətdə və müqayisəli şəkildə yoxlayaraq mübahisə ilə bağlı yaranmış daxili inam əsasında hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin mahiyyətini mənzillərin dəyişdirilməsi barədə müqavilədən qalıq borcun (15.000 ABŞ dolları) rəsmiləşdirilməsi təşkil edir. Tərəflər arasında olan məhkəmə çəkişməsi üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı X8 65.000 ABŞ dolları pul vəsitini (40.000 ABŞ dolları ödəməklə evi yüklülükdən azad etmiş, qalan 25.000 ABŞ dollarını isə hissə-hissə ödəmişdir) cavabdeh İddiaçı ödəmiş və 24.06.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə ünvan 1 ünvanında yerləşən mənzili iddiaçıya təhvil verməyərək müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, tərəflər arasında mənzilin faktiki olaraq digər tərəfin sahibliyinə verilməsi tarixi İddiaçı uşağının yaxınlıqdakı təhsil müəssisəsində oxuması ilə bağlı 31.12.2018-ci il tarixi kimi müəyyən edilsə də, hazıradək mənzili iddiaçı X6 təhvil verməmişdir. Qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Həmçinin bu qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı qarşılıqlı iddiasında mənzili dəyişdirərkən əlavə onlara banka olan borcları ilə birlikdə 65000 ABŞ dolları pul verilmişdir. Qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13331/2019 saylı, 06.11.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1838/2020 saylı, 08.06.2020-ci il qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan işin mahiyyətini isə X3 cavabdehlər İddiaçı və X4 qarşı “mənzilin boşaldılması və mənzilin sahibliyə verilməsi” tələbi və İddiaçı və X2 cavabdeh X6 qarşı “pul” tələbi təşkil etmişdir. İddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, dəyişdirdikləri 65 kv.metr sahəsi olan mənzilin qiymətinin 130.000 ABŞ dolları olduğunu bildirmişlər. Bundan da əlavə onlar onlara banka olan borcları ilə birlikdə 65000 ABŞ dolları pul vermişlər. Bir sıra borcları olduğundan dəyişdirdikləri həmin mənzili də girov qoyaraq pul götürmüşlər və hazırda həmin mənzillə bağlı mübahisə məhkəmənin icraatındadır. Məhkəmə zamanı məhkəmə tərəfindən həmin mənzilə qoyulmuş qiymət 150000 manat təşkil etmişdir ki, bu da 88.000 ABŞ dolları təşkil edir. Beləliklə də onların 340000 manat qiymətində olan mənzillərinin əvəzinə verdikləri 88000 ABŞ dolları mənzilin qiyməti və nəğd ödədikləri 65000 ABŞ dolları təşkil edir ki, bu da ümumilikdə 153000 ABŞ dolları təşkil edir. Nəticədə onları aldadaraq 80000 manatdan artıq pullarını mənimsəmişlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, bu iş üzrə qətnamələrdən sonra İddiaçı 17 iyun 2020-ci il tarixdə hazırki iddia tələbi ilə, yəni kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən məhkəmə qərarlarından görünür ki, İddiaçı 24 iyun 2017-ci il tarixli kredit müqaviləsində göstərilən borcu deyil, dəyişmə müqaviləsinin bağlanılması ilə əlaqədar aldadılaraq ona verilməmiş 80.000 manatın cavabdehlərdən tutulmasını tələb etmişdir. Bununla bağlı diqqətə alınmalıdır ki, məhkəmə kollegiyası Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə araşdırma aparmış və məlum olmuşdur ki, İddiaçı və X2 cavabdeh X6 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası 29.05.2019-cu il tarixdə icraata götürülmüşdür və bu iddia tələbinin həcminə kredit müqaviləsində göstərilən 14.750 ABŞ dolların daxil olması işdən görünmür. Halbuki, həqiqətən cavabdeh tərəfindən mövcud olan kredit müqaviləsi üzrə borc ödənilməsəydi, İddiaçı tərəfindən verilən qarşılıqlı iddianın həmcinə daxil edilərdi. Bu mənada həmin məbləği tələb edilməməsi ağlabatan qəbul edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və “iddiaçının iddia etdiyi 14750 ABŞ dolları borc məbləğindən Cavabdeh tərəfindən yalnız 800 ABŞ dollarının ödənildiyi sübut olunduğundan qalıq borc məbləğinin bu həddə tutulmalı olması” barədə mövqeyini işi tam, hərtərəfli və obyektiv araşdırmadan hasil etmişdir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-415/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1903/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1903/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver