Məhkəmə qərarları › İş №2(103)-1904/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1904/2022

21.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1904/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X5 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1237,30 manat məbləğində əmək haqqının, 1000 manat məbləğində mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçının izahatı iddia ərizəsində göstərilənlərlə məhdudlaşdırılmış, məhkəmə iclasında şifahi olaraq qeyd etdiyi, cavabdehin təqdim etdiyi etiraza münasibətdə iddiaçının təqdim etdiyi mülahizə nəzərə alınmamış, mübahisə üçün əhəmiyyət kəsb edən hallar mülahizədə qeyd olunsa belə, hakim qətnaməni tərtib edərkən mülahizədə xüsusilə vurğulanmış hallara və qanunvericilik aktlarına istinad etmədən sadəcə cavabdehin etirazında qeyd etdiyi Əmək Məcəlləsinin müvafiq maddəsinə və Nazirlər Kabinetinin müvafiq qərarına istinad etməklə kifayətlənmişdir. Həmçinin qətnamədə mənəvi ziyanla bağlı məsələyə də hüquqi qiymət verilməmiş, bir çox hallarda olduğu kimi bu məsələyə formal yanaşılmış, insan faktoru hər zamankı kimi ikinci plana atılmış və qanunların sadəcə yazılardan ibarət olduğunu düşünən məhkəmə öz qətnaməsində buna münasibət bildirməyi zəruri hesab etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5701/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-6327/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5701/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmişdir. Bu baxımdan qətnamə ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın rəddinin əsası kimi qeyd etmişdir ki, “iddiaçı işəgötürənin iradəsindən asılı olmayan səbəbdən işə çıxmamış, lakin əmək haqqı iki bərabər hissəyə bölünməklə iddiaçıya ödənilmişdir. Bu hal "xxxx" ASC tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlində də (səh. 49) öz əksini tapmışdır. Beləliklə, əmək haqqının vaxtında verilməməsində işəgötürənin təqsirli olması halı sübut edilməmişdir. Əmək haqqı iki bərabər hissəyə bölünməklə iddiaçıya ödənilmişdir. Bu hal "xxxx" tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlində də (səh 49) öz əksini tapmışdır.” Məhkəmə kollegiyası cavabdehin Əmək Məcəlləsinin 154-cü maddəsinə istinadla “işçiyə gördüyü işə görə əmək haqqının ödənilməli olması” barədə dəlili, habelə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə bağlı qeyd edir ki, nə cavabdehin dəlili, nə də məhkəmənin əsaslandırması, iddiaçını boşdayanma müddətində qanunla müəyyən olunmuş minimum həddə əmək haqqı almaq hüququndan məhrum etmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ədalətli məhkəmə araşdırılması prinsipinə uyğun deyildir. Əmək Məcəlləsinin 154-cü maddəsində əmək haqqına verilən anlayışda əmək haqqına: işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ; ona edilən əlavələr və mükafatlar; digər ödənclər aid edilmişdir. Bu normada nəzərdə tutulan əmək haqqı anlayışı, Əmək Məcəlləsinin 169-cu maddəsində bəhs edilən boşdayanma vaxtı ödənilən tarif (vəzifə) maaşını da ehtiva edir. Əmək Məcəlləsinin 169-cu maddəsində boşdayanma müddəti üçün əmək haqqının ödənilməsinin əsasları müəyyən olunur. Həmin normanın birinci hissəsinin məzmunundan irəli gələn əməyin ödənilməsini şərtləndirən “boşdayanma vaxtı”nın mənası - işçinin təqsiri olmadan əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilməməsini ehtiva edir. Yəni, bu normada işçinin təqsiri olmadığı halda, boşdayanma müddəti üçün əmək haqqının ödənilməsi işəgötürənin təqsirli olub-olmamasından asılı edilməmişdir. Sözügedən normanın ikinci hissəsində boşdayanma üçün əmək haqqının ödənilməməsi üçün müəyyən olunan yeganə əsas işçinin təqsiri üzündən əmək funksiyası üzrə öhdəliklərin yerinə yetirilməməsidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı fərdi sahibkar X2 məxsus “Gənclik Mall” Ticarət mərkəzində yerləşən, “Koton” mağazasında 27.12.2019-cu il tarixdən satış məsləhətçisi vəzifəsində işləməyə başlamış, onun əmək müqaviləsi üzrə əmək haqqı 250 manat müəyyən edilmiş, tutulmalardan sonra isə ona aylıq əmək haqqı 237 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmiş və həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilmişdir. İddiaçı 2020-ci ilin mart ayından öz ərizəsi ilə işdən azad edildiyi 25.11.2020-ci il tarixə kimi işə çıxmamış və ona işəgötürən tərəfindən aylıq 237 manat olmaqla 1896 manat (8x237=1896) əmək haqqı verilməli idi. Lakin "xxxx" ASC tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlindən (səh. 49) görünür ki, işəgötürən tərəfindən iddiaçıya müvafiq dövr üçün 1413 manat əmək haqqı ödənilmişdir. Məhkəmə kollegiyası göstərir ki, işəgötürən tərəfindən iddiaçının əmək hüququ pozulmuşdur. Çünki pandemiya ilə əlaqədar karantin tədbirlərinin tətbiq olunması səbəbindən boşdayanma, iddaçıya əmək haqqının ödənilməməsinə əsas vermir. Nazirlər Kabinetinin qərarlarında bu barədə müddəa yoxdur. Baxılan mübahisənin həllində əmək haqqı ilə bağlı məhdudlaşdırıcı norma kimi yalnız Əmək Məcəlləsinin 169-cu maddəsinə istinad oluna bilər. Həmin normaya görə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Buna görə də iddiaçının tələbi yalnız həmin məbləğlə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155.2-ci maddəsinə əsasən minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Minimum əmək haqqı 2020-ci il üçün ölkə ərazisində Azərbaycan Respublikası Prezidentinin 18.06.2019-cu il tarixli sərəncamına müvafiq olaraq 250 manat məbləğdə müəyyən edilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 MMC-nin, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Bölgə üzrə X3 nümayəndələri məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin 169-cu maddəsinin, 2020-ci il üçün ölkə ərazisində minimum əmək haqqının 250 manat olması barədə Azərbaycan Respublikası Prezidentinin 18.06.2019-cu il tarixli Sərəncamının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli Qərarın 1.4-cü bəndinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 169-cu maddəsini tətbiq etməmiş, eləcə də qeyd olunan Prezident Sərəncamını və Nazirlən Kabinetinin Qərarında göstərilən töfsiyələri nəzərə almamışdır. İkincisi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, işdən görünür ki, İddiaçı 2020-ci ilin mart ayından öz ərizəsi ilə işdən azad edildiyi 25.11.2020-ci il tarixə kimi işə çıxmamış və ona işəgötürən tərəfindən aylıq 237 manat olmaqla 1896 manat (8x237=1896) əmək haqqı verilməli idi. Lakin "xxxx" ASC tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlindən bəlli olur ki, işəgötürən tərəfindən iddiaçıya müvafiq dövr üçün 1413 manat əmək haqqı ödənilmişdir. Demək, qeyd olunan dövrdə iddiaçıya 483 manat ödənilməmişdir. Ona görə də qeyd olunan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təmin edilməlidir. Üçüncüsü, iddia tələbinin digər hissələri təmin edilə bilməz. Çünki, barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin olunmalı, cavabdehlər X1 483(dörd yüz səksən üç) manat tutularaq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1137/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh X1 483(dörd yüz səksən üç) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar