Məhkəmə qərarları › İş №2(103)-1904/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1904/2024

12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1904/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(011)-5722/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abonent saldosundan məlum olur ki, X2 2023-cü ildə borcu 2246,63 manat təşkil edir.

2. “Gasrep” hesabdan çıxarışdan görünür ki, X4 məxsus sayğac üzrə (abonent kodu **********00040) 2023-cü il ərzində yanvar ayı 50 manat, aprel ayı 25 manat, may ayı 100 manat ödəniş edilmiş, 2023-cü ilin may ayı üzrə 2246,63 manat borc hesablanmışdır.

3. AZ-İİ seriyalı, 128860 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında istifadədə olan 57.10 kv/m ümumi sahədən ibarət 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 05 iyul 2021-ci il tarixdə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2246,63 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən ona **********00040 nömrəli abonent kodu verilməklə istehlakçı kimi qeydiyyata alınmışdır. Qazda qeydiyyat atasının adınadır, atası rəhmətə getmişdir. İddiaçının adına qazı keçirməmişlər ki, borcu olsun. Qazdan istehlakçı kimi o, və ailəsi istifadə edir. Daimi olaraq pulunu yükləyib qazını işlətmişdir. Lakin bir neçə müddət öncə Cavabdeh İB-nin nümayəndəsi ona bildirmişdir ki, onun 2246,63 manat borcu vardır. Borcu ödəməsə qaz kəsiləcəkdir. İddiaçı qeyd etmişdir ki, o, zavod və ya parnik işlətmir, villada yaşamır onunda hamı kimi sadə bir evi var və orada yaşayır. Cavabdeh İB-nin özünün tərtib etdiyi abonent saldosundan da göründüyü kimi 2010-cu ilin iyun ayından sayğac quraşdırılmış və iddiaçı istehlakçı olub qazdan istifadə etməyə başlamışdır. Sayğac qoyulduğu gündən ödənişlər bunlardır: 2010-cu ildə 75,80 manat, 2011-ci ildə 163 manat, 2012-ci ildə 107.40 manat, 2013-cü ildə 277 manat, 2014-cü ildə 208,10 manat, 2015-ci ildə 185,70 manat, 2016-cı ildə 163 manat, 2017-ci ildə 185 manat, 2018-ci ildə 285 manat, 2019-cu ildə 252 manat, 2020-ci ildə 214 manat, 2021-ci ildə 242 manat, 2022-ci ildə 120 manat, 2023-cü ilin 6 ayı ərzində isə 175 manat pul ödəmişdir. Azəriqaz” İB-nin özünün tərtib etdiyi abonent saldosuna əsasən ödənişləri barədə məlumata baxdıqda da görünür ki, Cavabdeh İB itkini azaltmaq üçün vətəndaşa şişirdilmiş rəqəm yazmışdır, onun evində heç 13 il ərzində bu qədər qazdan istifadə edilməmişdir, necə ola bilər ki, hər ay kifayət qədər qaza ödənişi olduğu halda ona Cavabdeh İB tərəfindən 2246,63 manat borc yazılmışdır. Həmçinin iddiaçının sayğacı smart olmuş, yəni əvvəlcədən ödənişi edib qazı işlətmişdir. Sayğacı dəyişilənə qədər bu illər ərzində sayğacına Cavabdeh İB tərəfindən yüz dəfə baxış keçirilmiş, hərşey qaydasında olmuşdur, necə olur ki, sayğac “Azərqaz” İB-nin laboratoriyasına gedən kimi onlara absurd bir borc yazılır. Bu da onu göstərir ki, yazılmış borc qanunsuz olmaqla yanaşı absurddur. Eyni zamanda bildirmişdir ki, sayğaca cavabdehliyi qaz idarəsi daşıyır əgər sayğacda nəsə problem varsa nəsə olubsa onu saz vəziyyətdə saxlamağa cavabdeh qaz idarəsinin özüdür. Ona görə də bu yazılmış borc silinməlidir

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(011)- 5722/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Qətnamənin əsaslarına görə, hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə mütəmadi ödənişlər olunmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin may ayında 2246,63 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X6 09 dekabr 2020-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığın bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi X7 şikayətin təmin olunaraq, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Kollegiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

22. İşdən müəyyən olunur ki, cavabdeh akt əsasında sayğacdan keçən qazın sərfiyyatının qeydə alınmadığını müəyyən etmiş, bunun iddiaçının təqsirli hərəkətləri nəticəsində yarandığına istinad etmişdir. Lakin, iddiaçının bu təqsirli hərəkətlərinin heç biri müəyyən edilmir, bu hal işdəki sübutların məcmusu ilə təsdiq olunmur.

23. Apellyasiya şikayətinin təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmadığı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi faktını təsdiq edən hər hansı akt əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərin isə nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.

24. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh “qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə üzrə istehlakçı X6 09 dekabr 2020-ci il tarixdə vəfat etsə də, faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmişdir.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(011)- 5722/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(011)- 5722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar