Məhkəmə qərarları › İş №2(103)-1908/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1908/2021

26.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1908/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən ərizəçinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə maraqlı şəxs olan Bakı Şəhəri Maraqlı şəxs2 nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qeyd edilən ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş ərizəçi, atasının – xx.xx.1955-ci il təvəllüdlü X3 1980-ci ildən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası Fuad Ələkbərov 1980-ci ildə qəzaya uğramış və yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcələ xəsarətlər (o cümlədən başından xəsarət) almışdır. Bundan sonra F.Ələkbərovda ciddi psixi pozuntular əmələ gəlmişdir. 2013-cü ilin ortalarında F.Ələkbərov psixiatrik ekspertizadan keçmiş və xx.xx.2013-cü il tarixdə Maraqlı şəxs1 tərəfindən verilmiş 115 saylı rəylə F.Ələkbərovda psixi pozuntuların olması təsdiqlənmiş və onun anlaqsız elan edilməsi tövsiyə edilmişdir. Lakin qeyd edilən yol-nəqliyyat hadisəsi və F.Ələkbərovun müalicəsi ilə bağlı sənədlər saxlanmamışdır. Bu səbəbdən də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə ərizənin qismən təmin edilməsini, ərizəçinin atasının – X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Ərizəçi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və atasının məhz ötən əsrin 80-ci illərindən etibarən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş ekspertizaların nəticələri ilə verilmiş rəylər ilə təsdiq olunur ki, ərizəçinin atasında üzvi şəxsiyyət pozuntusu 80-ci illərdə meydana gəlmişdir. Ekspertiza rəylərində də göstərilir ki, ərizəçinin atasında üzvi şəxsiyyət pozuntusunun əmələ gəlməsinin səbəbi yol-nəqliyyat hadisəsi nəticəsində aldığı travmadan yaranmışdır. Ərizəçinin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə ərizənin məzmununa uyğun izahat verdi. O, apellyasiya baxışının növbəti iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxs olan Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin həllini Məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi ərizənin bir hissəsini təmin etsə də, iş üzrə maraqlı şəxs olan Qəyyumluq və Himayəçilik Komissiyası qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş ərizəçi isə qətnaməni qismən, yəni ərizənin “F.Ələkbərovun məhz ötən əsrin 80-ci illərindən etibarən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə” hissəsinin təmin edilməməsi barədə hissəsini mübahisələndirmişdir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 572573 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, X5 ərizəçinin atasıdır. Səbail Rayonu 1 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli epikrizdən görünür ki, X4 baş beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular (intellektin qabarıq enməsi ilə) xəstəliyi mövcuddur. Azərbaycan Respublikası Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş 571 saylı, xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1978- 1980-ci illərə aid arxivdə heç bir karta yoxdur. 1955-ci il təvəllüdlü X3 adına olan və 1981- 1985-ci illərə aid xəstəlik tarixi arxivdə yoxdur. Ərizəçi, atasının 1980-ci ildən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş edir və apellyasiya şikayətində bildirir ki, iş materiallarında olan digər sübutlar və ekspert rəyi ilə də təsdiq olunur ki, atasında psixi qusurlar 1980-ci illərdən meydana gəlmişdir. Bunu bildirən ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 115 saylı rəyə əsaslanır. Həmin rəydən görünür ki, ərizəçinin atası X5 öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında deyil, buna görə də o, anlaqsız hesab edilməlidir. Məhkəmə mövcud mülki mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, yalnız ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-nin 319-cu maddəsinə görə, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşə baxmış Rayon Məhkəməsi ərizəçinin atası F.Ələkbərovun həqiqətən fəaliyyət qabiliyyətli olub-olmadığını araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-psixiatrik və məhkəmə-travmotoloji ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 702 saylı ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı X3 bədən səthində hər hansı xəsarət aşkar edilmədi. Lakin xx.xx.2020-ci il tarixdə rentgenoloji müayinə zamanı çəkilmiş kəllənin yan, döş qəfəsinin və onurğanın bel şöbəsinin düz proyeksiyalı rentgenoqrammalarında arxa təpəənsə sümüyü nahiyəsinin kortikal sümük qatı əhatə olunmaqla sümük toxumasının yenitörəmə xarakterli qalınlaşmasını xarakterizə edən postravmatik periostitdən sonrakı kirəcləşmiş zolaqşəkilli kölgəliyi aşkar edildi. Qeyd edilən postravmatik dəyişikliklə əlaqədar hər hansı bir tibbi sənəd olmadığından onun konkret müddəti barədə fikir söyləmək mümkün olmadı, lakin kölgəliyin xüsusiyyətlərinə görə bu dəyişikliyin yaranma müddəti 25-30 ildən yuxarıdır və 1985-90-cı illərə də təsadüf etməsi inkar olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Maraqlı şəxs1” X8 xx.xx.2020-ci il tarixli, 2336 saylı ekspert rəyindən görünür ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. X4 mövcud olan üzvi şəxsiyyət pozuntusunun əmələ gəlməsi onun 1985- 1990-cı illərdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı baş nahiyəsindən aldığı travma nəticəsində yarana (və ya kəskinləşə) bilərdi. Ekspert rəylərini nəzərə almış Rayon Məhkəməsi ərizəçinin atasının fəaliyyət qabiliyyətli olmayan hesab etsə də, 1980-ci ildən etibarən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar olmadığı qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, ekspert rəylərindən də görünür ki, F.Ələkbərovda üzvi şəxsiyyət pozuntusunun konkret müddəti barədə fikir söyləmək mümkün olmamışdır. Ekspert rəylərində dəyişikliyin yaranma müddətinin 25-30 ildən yuxarı olması, 1985-90-cı illərə təsadüf etməsi və 1985-1990-cı illərdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı baş nahiyəsindən aldığı travma nəticəsində yarana (və ya kəskinləşə) bilməsi qeyd olunmuşdur. Göründüyü kimi ekspert rəylərində psixi pozuntunun konkret hansı tarixdən yaranması qeyd olunmur. Həmin rəylərə əsasən müəyyən olunmur ki, F.Ələkbərovda psixi pozuntular hadisə baş verdikdən dərhal sonra yaranmışdır. Ekspertlər onda baş vermiş dəyişiklikləri yol nəqliyyat hadisəsi ilə əlaqələdirirsələr də, psixi pozuntuların qəzadan dərhal sonra yaranması təsdiq olunmur. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, F.Ələkbərovun 1980-ci ildən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün əsaslar yoxdur və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar