Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1909/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona Cavabdeh ASC tərəfindən 19077268 nömrəli müqavilə, 051620 nömrəli abonent kodu ilə əsassız hesablanmış 4.077,89 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nəsimi rayonu, Cavadxan küçəsi ev 24-də ona aid qeyri-yaşayış sahəsində, 19077268 nömrəli müqavilə, 051620 nömrəli abonent kodu ilə istifadəsində olan su xəttinə dair ondan pul tələb edilərək dəfələrlə Cavabdeh ASC-nin Nəsimi rayon sukanal işçiləri tərəfindən sayğacda olan nasazlığın aradan qaldırılması iddiası ilə müdaxilə olunması barədə müraciətinin araşdırılması ilə əlaqədar olaraq xx xxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti araşdırılmamış, əksinə xəbəri olmadan sayğac dəyişdiriləndən sonra inzibati akt tərtib olunmaqla ona qeyri- qanuni və heç bir hüquqi əsas olmadan 4.077,89 manat cərimə hesablanaraq onun şəxsi vərəqinə qeydiyyata almışlar ki, bu barədə xx xxxxxx 2019-cu il tarixdə yeni kartına balans yükləyə bilməməyinin səbəbini araşdırarkən məlum olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə təkrar ərizə ilə inzibati şikayət edib əsassız olaraq yazılmış borcun silinməsini, inzibati aktın ləğv edilməsini xahiş etmişdir. Lakin yenə də müraciəti araşdırılmamışdır. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə vəsatətlə suyun bərpa olunması və smartkartın aktiv edilməsi üçün müraciət etmiş, müraciət cavabsız qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh ASC tərəfindən 19077268 nömrəli müqavilə, 051620 nömrəli abonent kodu ilə əsassız hesablanmış 4.077,89 (dörd min yetmiş yeddi manat, səksən doqquz qəpik) manat borcun ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən iddiaçının fərdi sahibkar olub-olmaması araşdırılmamışdır. Belə ki, iddiaçı tərəf sahibkarlıq fəaliyyəti ilə məşğuldur, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə məhkəmə aidiyyatı üzrə kommersiya məhkəmələrində baxılır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən hesab edirlər ki, mülki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı idi. Digər tərəfdən məhkəmənin borcun yaranma əsası müəyyən edilmədiyindən həmin məbləğin iddiaçıdan tələb edilə bilməyəcəyi ilə bağlı gəldiyi nəticə ilə razılaşmırıq. Belə ki, iddiaçının nümayəndəsi X5 iştirakı ilə sayğacın müayinəsi keçirilmiş və bu barədə xx xxxx 2019-cu il tarixli, 38028/0045153 saylı rəy tərtib edilmişdir. Rəydə sayğaca müdaxilə aşkar olunduğu, sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş və “Sudan istifadə Qaydaları”nın tələbinə uyğun olaraq 4 nömrəli cədvələ əsasən dəymiş ziyan hesablanmışdır. Lakin, məhkəmə qətnamə qəbul edərkən dəymiş ziyanın hesablanması qaydaları barədə normanın tələblərinə istinad etməyərək əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası Cavabdeh ASC-nin nümayəndəsi Elşən Məmmədəliyevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımovun apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh ASC-nin xx xxxxxx 2019-cu il tarixli “Abonent haqqında məlumat”dan çıxarışdan görünür ki, İddiaçı istifadə etdiyi xidmətlərə görə Cavabdeh ASC-yə ümumilikdə 4077,89 manat məbləğində borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. Həmin Qaydaların 2.1.7 maddəsinə əsasən, istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir. Həmin Qaydaların 2.1.8 maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Belə ki, Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımov apelyasiya şikayətində istehlakçı İddiaçı fərdi sahibkar olmasını, həmçinin su sayğacına müdaxilə edilməsini göstərsə də, məs istehlakçı tərəfindən istifadəsində olan su sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hər-hansısa qanun pozuntusunun törədilməsi, eləcə də iddiaçının fərdi sahibkar olmaması barədə Cavabdeh ASC tərəfindən məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim olunmamışdır. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımovun apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh ASC-nin nümayəndəsi Faiq Kazımovun apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2903/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1909/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1909/2021
16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver