Məhkəmə qərarları › İş №2(103)-191/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-191/2021

26.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-191/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 Böyük Ağa qızının, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili X2, müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlunun, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, Hacıyeva Səadət Böyük Ağa qızının, X1, Cavabdeh Oqtay oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 Böyük Ağa qızı və İddiaçı1 birgə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlu tərəfindən ayrı verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı2 Böyük Ağa qızı və İddiaçı1 Cavabdeh Oqtay oğluna qarşı iddia ərizəsi (iddianın dəyişdirilmiş formasında) ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Böyük Ağa Eyvazovdan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) dair xx xxxxxx 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 30/3946 № ilə qeydiyyata alınmış), xx.xx.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3SM-3-451 reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsinin, xx.xx.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 13351 № ilə qeydiyyata alınmış), xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29078 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Babayev Rəşad Ərşad oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaqla (iddia verməklə), Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) dair, xx xxxxxx 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 30/3946 № ilə qeydiyyata alınmış), xx.xx.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3SM-3-451 reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsinin, xx.xx.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 13351 № ilə qeydiyyata alınmış), xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29078 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) xx xxxx 2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qətnaməsi ilə iddia ərizələri təmin olunmamışdır. İddiaçılar və müstəqil tələb irəli sürən üçün şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması, iddiaların təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər X.Mərdanova, İ.Vəliyev, E.Həsənov) xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, hər iki iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dair (keçmiş 10-cu Xrebtovı küçəsi, ev 39) xx xxxxxx 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş xx xxxxxxxx 1993-cü il tarixli qeydiyyat vəsiqələrinin, xx xxxx 1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış bağışlama müqaviləsinin, xx xxx 1998-ci il tarixli qeydiyyat vəsiqəsinin, xx xxxxxx 2015-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, həmin evə vərəsələrdən İddiaçı2 143/480 hissədə payının (15/60 atasından, 23/480 anasından qalan paylar), İddiaçı1 23/480 hissədə payının (anasından qalmış məcburi pay), Səadət Hacıyevaya 23/480 hissədə payının (anasından qalmış məcburi pay), Elmira Quliyevaya 23/480 hissədə payının (anasından qalmış məcburi pay), Rəşad Babayevə 92/480 hissədə payının (vəsiyyətnamə üzrə keçən pay), Oktay Eyvazova 96/480 hissədə payının (atasından qalan pay, Oktay Eyvazov vəfat etdiyindən, bu pay onun vərəsələrinə çatmalıdır) və Əhməd Eyvazova 80/480 hissədə payının (atadan qalan pay, bu pay Əhməd Eyvazov vəfat etdiyindən onun vərəsələrinə çatmalıdır) müəyyən olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər İ.Xələfov,Q.Allahverdiyev və Ə.Şadıyev) xx xxxxxx 2018-ci il tarixli 2(102)-939/18 saylı qərarı ilə Cavabdeh Oqtay oğlunun kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova və V.Həsənov) xx xxxx 2018-ci tarixli 2(103)-5530/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, hər iki iddia ərizəsi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər Ə.Rüstəmov, M.Əhmədova və Ə.Nurməmmədov) xx xxxxxxx 2018-ci il tarixli 2(102)-6463/18 saylı qərarı ilə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ayvazova Nübar Qənimət qızının kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2018-ci tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Zaur Əliyev, Fuad Talışinski) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)- 4293/2017 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı2 Böyük Ağa qızının və İddiaçı1 Cavabdeh Oqtay oğluna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış qeydiyyatın, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiası, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlunun cavabdeh İddiaçı2 Böyük Ağa qızına, İddiaçı1 və Cavabdeh Oqtay oğluna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 birgə kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, onun iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5666/19 saylı qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı1 tərəfindən birgə və müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlu tərəfindən ayrıca verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-333/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5666/19 saylı qərarında qeyd edilmişdir ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən - Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 39 ilkin olaraq xx xxxxxxx 1961-ci il tarixdə Böyük Ağa Eyvazovun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, xx xxxxxx 1990-cı il tarixdə Böyük Ağa Eyvazov vəfat etmişdir. xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən mərhumun 1962-ci ildən rəsmi nikahda olduğu arvadı İsmət Cəlil qızının və oğlu Eyvazov Oqtay Böyük Ağa oğlunun adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx xxxxxxxx 1993-cü il tarixdə mübahisəli mənzilə dair İsmət Cəlil qızının və oğlu Eyvazov Oqtay Böyük Ağa oğlunun adına mülkiyyət hüquqlarını bildirən qeydiyyat vəsiqəsi verilmişdir. xx xxxx 1998-ci il tarixli notariatda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən İsmət Cəlil qızı və Eyvazov Oqtay Böyük Ağa oğlu mənzili Cavabdeh Oqtay oğluna bağışlamış (1cinin nəvəsi, 2-cinin oğlu) və xx xxx 1998-ci il tarixdə Cavabdeh Oqtay oğlunun adına mənzilə mülkiyyət hüququnu bildirən qeydiyyat vəsiqəsi verilmişdir. xx xxxxxxxx 2004-cü il tarixdə Cavabdeh Oqtay oğlu evin sahəsi 14,8 kv.metr olan bir otağını Quliyeva Elmira Böyükağa qızına satmışdır. xx xxxxxx 2015-ci il tarixli alqı satqı müqaviləsinə əsasən Quliyeva Elmira Böyükağa qızı mübahisəli evin sahəsi 14,8 kv.metr olan bir otağını Cavabdeh Oqtay oğluna satmışdır. Hazırda xx xxxxxx 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ev Cavabdeh Oqtay oğluna məxsusdur. xx xxxxxx 2016-cı il tarixdə İsmət Cəlil qızı vəfat etmişdir. 2017-ci ilin fevral ayında İddiaçı2 Böyük Ağa qızı atasından miras qalmış evə dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 19 saylı Notariat Kontoruna müraciət etmiş, lakin notariusun xx xxxxxx 2017-ci il tarixli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə müəyyən etmişdir ki, miras qoyanın vəfat etdiyi məqamda arvadı İsmət Cəlil qızı, uşaqları – İddiaçı2, İddiaçı1, Əhməd Eyvazov, Elmira Quliyeva, Atakişi Eyvazov, Oqtay Eyvazov və Səadət Hacıyeva vərəsə qalmışlar. Həmin vərəsələrdən heç biri 552-ci maddədə müəyyən olunmuş müddətdə və qaydada mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər. Yalnız 1993-cü ilin avqust ayında vərəsələrdən İsmət Cəlil qızı və Eyvazov Oqtay Böyük Ağa oğlu mirası qəbul etmək üçün notariat orqanına müraciət etmiş və onların adlarına xx xxxxxx 1993-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılardan İddiaçı1 mirası nə notariat orqanına ərizə vermək yolu ilə, nə də ki, onu faktiki qaydada qəbul etməmişdir. İşin müəyyən olunmuş faktiki hallarına əsasən İddiaçı1 1982-ci ildən etibarən, eləcə də atasının ölümündən sonra ümumiyyətdə miras qalmış daşınmaz əmlakda yaşamamış (iddiaçı özü də bu halı mübahisələndirmir) və onu faktiki qəbul etməmişdir. Eyni zamanda, İddiaçı2 da atasının ölümündən sonra 6 ay müddət ərzində notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Lakin həmin iddiaçının dəlili miras əmlakı faktiki qəbul etməsi ilə bağlıdır. Belə ki, İddiaçı2 iddia etmişdir ki, o miras əmlakı faktiki olaraq qəbul etmiş, atasının ölümündən sonra bir müddət (2003-cü ilədək) orada yaşamış, sonradan başqa ünvana köçmüşdür. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin (1965-ci ildən qüvvəyə minmiş və xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş) 552-ci maddəsinə istinadən bu nəticəyə gəlmişdir ki, İddiaçı2 məhkəmə araşdırması zamanı mirası həqiqətən faktiki qəbul etməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi istər cavabdehin, istərsə də üçüncü şəxslərin izahatlarına və işdə olan sübutlara əsasən iddiaçı tərəfin mirasın İsmət Cəlil qızı və Eyvazov Oqtay Böyük Ağa oğlu tərəfindən qəbul edilməsindən və sonralar əmlakın özgəninikləşdirlməsindən elə həmin dövrdə məlumatlı olduğu, bu səbəbdən də, həmin vaxt mirasla bağlı mübahisənin yaranmadığı qənaətinə gəlmiş və qeyd etmişdir ki, tərəflərin yaxın qohum olmaları (bacı-qardaş və onların uşaqları), uzun müddət yaxın münasibətlərdə olmaları və keçən müddət ərzində (27 il) işin qeyd edilən hallarından məlumatlı olmamaları sadə məntiqə sığmır. İddiaçı tərəf izahatlarında həmin dövrdə qohumları arasında mirasın qəbulu və özgəninkiləşdirilməsi ilə bağlı danışıqların getməsini təsdiq etmişlər, lakin analarının sağlığında, sonuncunun guya onlara bunun yalan olmasını deməsinə inanıb məsələni aydınlaşdırmadıqlarını göstərmişlər. Həmin dövrdə mirasın qəbulu ilə bağlı məsələni dəqiqləşdirmək üçün iddiaçı tərəfə hər hansı hal mane olmamışdır. Lakin üzərindən 27 il keçdikdən sonra iddiaçı tərəf mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməklə, müddəti də ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166, 1151.1-ci maddələrinə istinadən müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə gəldiyi nəticələrə əsasən isə vəsiyyətnamənin istər verildiyi tarixdə, istərsə də hazırki vaxtda mübahisə predmeti olan evə hüquqi qüvvəsi mövcud deyildir. Çünki, vəsiyyətnamə verilərkən ev İsmət Cəlil qızına məxsus olmamışdır. Həmçinin də üçüncü şəxsin mübahisə predmeti olan evə dair tələb (subyektiv) hüquqları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yeni baxış zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarında sadalanan göstərişlərin tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarında İddiaçı2 mübahisəli miras evdə yaşasa da, onun davaranışında “evə sahiblik” “evə yiyələnmək” əlamətlərinin müəyyən olunmaması, onun atasının ölümündən sonra ata evini miras kimi qəbul etmək niyyəti olmadan orada müəyyən müddət yaşaması və sonra yeni mənzilə köçüb getməsi və beləliklə mirası qəbul etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qəbul edilməyərək, göstərilmişdir ki, miras açılan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Məhkəmə kollegiyasının qənaətinə görə mirasın qəbulu dedikdə miras toplusunun miras qoyandan vərəsəyə keçməsini reallaşdırmaq üçün vərəsənin vərəsəlik hüququnu əldə etməyə razılığın əks etdirən müəyyən hərəkətləri həyata keçirilməsi başa düşülür. Mirasın qəbulu əslində elə hərəkətlər toplusundan ibarətdir ki, onun vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək niyyətini bildirir, miras qoyanın vərəsəsi olmağa razılığını ifadə edir. Mirası əldə etmək üçün vərəsə ilk növbədə onu qəbul etməlidir. Yəni, mirasın qəbulu üçün elə hərəkət etməlidir ki, onun mirası qəbul etmək niyyətini, istəyini ifadə etmiş olsun. Qanunvericiliyin qeyd olunan normasının məzmunundan göründüyü kimi, vərəsə mirası həm notariat orqanına ərizə verməklə, həm də faktiki qəbul edə bilər. Vərəsənin əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası faktiki qəbul etməsini təsdiq edən hallara vərəsənin müəyyən müddət ərzində miras qoyanın evində, mənzilində yaşaması, miras qoyanın borclarını ödəməsi, miras əmlakı saz vəziyyətdə saxlaması üçün onları təmirini həyata keçirməsi, habelə vərəsə mirasın qorunması barədə tədbirlər gördükdə, öz hesabına miras qoyanın vergi, sığorta, kommunal və s. borclarını ödədikdə mirası qəbul etmiş sayılır. Bu və bu kimi digər hərəkətlər həm vərəsənin özü tərəfindən, həm də onun tapşırığı ilə digər şəxslər tərəfindən vərəsənin adından həyata keçirilə bilər. İddiaçı2 və 3-cü şəxslərin izahatlarından və işdə olan digər məlumatlardan görünür ki, İddiaçı2 1974-cü ildən mübahisəli atası Böyük Ağa Eyvazova məxsus evdə ailəsi ilə birgə yaşamağa başlamış, atası miras qoyan Cavabdeh xx xxxxxx 1990-cı ildə ölmüş, bundan sonra da İddiaçı2 həmin evdə ailəsi ilə birlikdə 2003-cü ilədək yaşamışlar. İddiaçı2 kassasiya şikayətində qeyd olunanlarla yanaşı onu da göstərmişdir ki, miras əmlakının bütün xərcləri onun tərəfindən ödənilib, evin təmir işlərini aparmış, hər ailə öz yaşadığı hissəsinin təmirinə, təmizliyinə cavabdeh olmuş, ümumi həyətin saxlanılması, xərclərin ödənilməsi onun öhdəsində olmuşdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin qeyd olunan halları ilə bağlı iddiaçıları, cavabdehi, 3-cü şəxsləri dindirmədən və ümumiyyətlə araşdırma aparmadan gəldiyi nəticə əsaslı sayıla bilməz. Həmçinin kassasiya məhkəməsinin həmin qərarında apellyasiya məhkəməsinin iddiaçıların və 3-cü şəxs Rəşad Babayevin iddia ərizələrində mübahisələndirdikləri vərəsəlik hüququ haqqında şəhadətnamənin, qeydiyyat vəsiqələrinin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi üçün əsaslarının olub-olmaması barədə dəlillərinə və həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verilmədiyini, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli vəsiyyətnamədəki vəsiyyət edən İsmət Cəlil qızının adından edilmiş imza ilə, xx xxxx 1998-ci il tarixli bağışlama müqaviləsindəki İsmət Cəlil adından edilmiş imzanın birinin digərindən əhəmiyyətli dərəcədə fərqlənən imzalar olmasını, imzaların hər ikisinin İsmət Cəlil qızı tərəfindən icra edilməsində şübhə doğurduğunu, belə vəziyyətdə iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, qeyd olunan bağışlama müqaviləsində və vəsiyyətnamədəki imzaların hər ikisinin İsmət Cəlil qızına məxsus olub-olmamasını müəyyən etmək üçün zərurət olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının təyin edilmədiyini, iddiaçıların və 3-cü şəxs R.Babayevin qeyd olunan vərəsəlik haqqında şəhadətnaməsinin qeydiyyat vəsiqəsinin, çıxarışın verilməsini və bağışlama müqaviləsinin bağlanmasını nə vaxt bilmələri və ya bilməli olduqlarını aydınlaşdırılmadığını, 3-cü şəxs Nübar Eyvazovanın əri Əhməd Eyvazovun mirası qəbul edib etməməsinə isə ümumiyyətlə heç bir münasibət bildirmədiyini qeyd etmişdir. İşin apellyasiya instansiya məhkəməsində təkrar araşdırılması zamanı İddiaçı2 həyat yoldaşı X4 1982-ci ildən 2003-cü ilə kimi mübahisəli evdə yaşaması, 1983-cü ildən 2007-ci ilədək isə qeydiyyatda olması barədə 22 saylı MKİS-nin arayışları təqdim edilmişdir. Əvvəlki məhkəmə araşdırmaları zamanı da İddiaçı2 özünün 2003-cü ilə kimi faktiki olaraq həmin evdə yaşadığı, xx.xx.1974-cü ildən xx.xx.2011-ci il tarixədək qeydiyyatda olması, 3 övladının hələ də həmin ünvanda qeydiyyatda olduğu məhkəməyə təqdim edilən sənədlər və iş üzrə tərəflərin izahatları ilə təsdiq edilib. Göründüyü kimi, xx xxxxxx 1993-cü il tarixdə mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən şəhadətnamə almış digər iki vərəsə kimi İddiaçı2 da həmin evdə faktiki yaşayırdı və mirası idarə edirdi. Lakin digər iki vərəsənin notariat orqanına yazdığı xx.xx.1993-cü il tarixli ərizələrdə İddiaçı2 da mirası faktiki qəbul edən vərəsə olduğu qeyd edilməmiş və notarius digər vərəsələrin olması barədə müvafiq sübutlar (qeydiyyatda olanlar barədə arayış) tələb etmədən 1 gün ərzində İsmət Cəlil qızı və Eyvazov Oqtay Böyük Ağa oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. (iş v 44-56, 1 cild) Məhkəmə kollegiyası təkrarən vərəsənin miras qoyulmuş evdə yaşaması faktının özüözlüyündə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçı2 atasının vəfatından keçən 6 ay ərzində mübahisəli evdə yaşamaqla onu qəbul etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Oxşar yanaşma mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında xx.xx.1979-cu il tarixli 5 nömrəli qərarının 10-cu bəndində də qeyd edilmişdir. Həmin bəndə əsasən miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların miras əmlakda yaşamaları ilə mirası faktiki qəbul etmə hallarına diqqət yetirməyərək işin bu halına mülki qanunvericiliyin tələblərinə uyğun düzgün hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlak münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi haqqında nəticə kifayət qədər əsaslı hesab oluna bilməz Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflərin yaxın qohum olmaları (bacı-qardaş və onların uşaqları), uzun müddət yaxın münasibətlərdə olmaları və keçən müddət ərzində (27 il) işin qeyd edilən hallarından məlumatlı olmamalarının sadə məntiqə sığmamasına dair nəticəsi ehtimallara əsaslanmaqla, iddiaçıların vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsindən məlumatlı olmasını təsdiq edən heç bir konkret sübuta söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əvvəlki MM-nin 78-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki MM-nin 77-ci maddəsi iddia müddətləri ilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçü əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır. İddiaçıların nə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı vərəsə olmaları barədə məlumatın verilməməsi, nə də 1998-ci ildə bağışlama müqaviləsi zamanı həmin evdə qeydiyyatda olmalarına baxmayaraq, İddiaçı2 və onun ailə üzvlərinin bağışlamaya razılığının alınmaması iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. İddiaçıların işin faktiki hallarından çoxdan məlumatlı olması, onunla razılaşması, susması, 2003-cü ildə paya uyğun müəyyən pul məbləği alaraq evdən çıxması barədə cavabdehin bildirdikləri isə heç bir konkret sübutlara əsaslanmır. Belə olan halda, sadəcə baş vermiş hadisələrdən 27 il keçməsi əsası ilə iddiaçıların qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə gəlinən nəticə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İsmət Cəlil qızının xx xxxxxx 2015-ci il tarixdə Rəşad Babayevə verdiyi vəsiyyətnamə ilə bağlı dəlillər üzrə də tam araşdırma aparmayaraq xx xxxx 1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bəhruz Oqtay oğluna bağışlanmasına və xx xxx 1998-ci il tarixdə Cavabdeh Oqtay oğlunun adına mülkiyyət hüququnu bildirən qeydiyyat vəsiqəsi verilməsinə istinad edərək vəsiyyətnamə verilərkən evin İsmət Cəlil qızına məxsus olmaması, vəsiyyətnamənin istər verildiyi tarixdə, istərsə də hazırkı vaxtda mübahisə predmeti olan evə hüquqi qüvvəsi mövcud olmaması kimi nəticələri əsaslı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən vəsiyyətnamə üzrə obyektiv və qanuni hüquqi qiymət 1993-cü ildə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanuniliyinə düzgün hüquqi qiymət verilməsindən daha çox, 1998-ci ildə bağlanmış bağışlama müqaviləsinin qanuniliyinə qiymət verilməsindən tam asılıdır və belə olan halda hazırki iş üzrə iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxsin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbləri əsaslı sayıldığı və təmin olunduğu halda miras əmlakın İsmət Cəlil qızına məxsus hissəsinə münasibətdə vəsiyyətnamə hüquqi qüvvəsini alacaqdır. İddia tələblərinin bu hissəsi ilə bağlı isə dəlillər bağışlama müqaviləsindəki imzanın İsmət Cəlil qızına məxsus olmaması barədədir və sonuncu kassasiya instansiya məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən bu şübhəli halın yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilmədiyi iradı göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, həmçinin qanun üzrə şəhadətnamə vermiş notariusun hərəkətlərinin qanuniliyinə, bağışlama müqaviləsi ilə bağlı dəlillərə (İsmət Cəlil qızının xx xxxx 1998-ci il tarixli bağışlama müqaviləsi bağlamaması, imzanın saxtalaşdırılması) hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Məhkəmə iclasında İddiaçı2 Böyük Ağa qızı apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək qətnamənin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək qətnamənin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçücü şəxs Babayev Rəşad Ərşad oğlu apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək şikayətinin təmin olunmasını, qətnaməni ləğv edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qətnaməni ləğv edərək iddiaların təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Oqtay oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə, eləcə də məhkəmə xətşünaslıq ekspertizasının rəylərinə etiraz edərək rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıyeva Səadət Böyük Ağa qızı bildirdi ki, bağışlama müqaviləsi bağlanarkən özü də iştirak etmişdir. O vaxtlar anasının yaşlı, xəstə vaxtı idi. Rəşada vəsiyyət verilən prosesdə isə o, olmamışdır, bilmir. Anası 1998-ci il mart ayında notariusa gedib imza edib, notariusda da iştirak etmişdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətlərinə etiraz edərək rədd olunmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 5519 saylı xx xxxx 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, 4k-95 saylı işin 3-cü vərəqəsində olan xx xxxxxx 1993-cü il tarixli ərizədə “Имза:Подписи:” qrafasındakı imza və həmin ərizənin qeydiyyatdan keçdiyi 4k-1 saylı reyestr jurnalının 12-ci vərəqəsində 96-cı sıra sayı qarşısında “Sənədin alınmasina dair imza” qrafasındaki imza; mülki işin 3-cü cildinin 16-cı vərəqəsində İsmət Cəlil qızının adından olan xx xxxxxx 2015-ci il tarixli vəsiyyətnamədə “İmza” qrafasındakı imza və həmin vəsiyyətnamənin qeydiyyatdan keçdiyi 00486 saylı reyestr jurnalının 8ci vərəqəsində olan 170215-ci sıra sayı qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - İSMƏT CƏLİL qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 3M-3-451 saylı notariat işinin içərisində olan xx xxxx 1998-ci il tarixli bağışlama müqaviləsində “Подписи: 1” qrafasındakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 3-M-3 saylı reyestr jurnalının 10-cü vərəqəsində 451-ci sıra sayı qarşısında “Sənədin alınmasina dair imza” qrafasındaki imza - İsmət Cəlil qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Təkrar məhkəmə-xətşünaslıq ekspertizasının 4/1074 saylı xx xxxxx 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 3M-3-451 nömrəli notariat işinin 02-ci vərəqəsində olan xx xxxx 1998-ci il tarixli Bağışlama müqaviləsində (bağışlama müqaviləsinin kserosurətləri 1-ci cildin 24-cü və 66-cı vərəqələrində yerləşir) “Подписи: 1." qrafasındakı və həmin bağışlama müqaviləsinin qeydiyyatdan keçdiyi 3-M-3 nömrəli reyestr jurnalının 10-cu vərəqəsində 451-ci sıra qarşısında “Sənədin alınmasına dair imza” qrafasındakı “ismət” yazısından ibarət imzalar- İsmət Cəlil qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların birgə, müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətlərində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddiaların qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlunun apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni hər iki iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddiaların təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissə üzrə yoxlanılır. Hazırki iş üzrə, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Rəşad Babayevin iddialarının faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdur. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan Böyük Ağa Eyvazov xx xxxxxx 1990-cı il tarixdə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçı İddiaçı2 1974-cü ildən mübahisəli miras evdə 2003-cü ilədək yaşamışdır. Bu fakt işin mübahiəsələndirilməyən halına çevrilmiş, yəni cavabdeh də bu faktı təkzib etmir. Cavabdehin mübahisələndirdiyi hal isə odur ki, mübahisəli miras əmlakın 1993-cü ildə atası və nənəsi tərəfindən öz adlarına rəsmiləşdirərkən İddiaçı2 və digər şəxslərin bundan məlumatı olmuşdur. Lakin cavabdeh tərəfin bu dəlilləri əsassızdır. Çünki, cavabdehin mərhum atası Eyvazov Oqtay Böyük Ağa oğlu və nənəsi İsmət Cəlil qızı miras əmlakı qəbul edərkən özündən başqa vərəsələrin olması barədə notariat orqanına ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişlər(bax.cild.1.iş.v.47-48). Notariat orqanı isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Buna görə İddiaçı2 miras açıldığı vaxtdan sonra 13 il ərzində həmin evdə ailəsi ilə birlikdə yaşamaqla miras əmlakı faktiki qəbul etməsi təsdiq olunur. Başqa sözlə, İddiaçı2 mirasın qəbul etməsi üçün mütləq notariat kontoruna müraciət etməsi məcburi şərt olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsiləklə bağlı normalarına istinad edərək maddi hüquq normalarının tələblərini də pozmuşdur. Buna baxmayaraq, iddiaçılardan İddiaçı1 miras əmlakı qəbul etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Nailə Eyvazova miras açıldıqdan sonra nə notariat kontoruna ərizə vermiş, nədəki mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətləri olmamışdır. Bu halların mövcudluğunu İddiaçı1 özü də iddia etmir. Bu cür vəziyyətdə Nailə Eyvazovaya münasibətdə iddia əsaslı sayıla və təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə qeyd edir ki, İddiaçı2 miras əmlaka dair nə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı vərəsə olması barədə, nədə cavabdehin sonradan mübahisəli evi öz adına keçirməsi zamanı məlumatların verilməməsi iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Qeyd olunduğu kimi cavabdeh də bu halı heç vaxt mübahisələndirməmişdir. Sadəcə baş vermiş hadisələrdən 27 il keçməsi əsası ilə iddiaçının qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və iddia müddətinin yaxud kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi barədə gəlinən nəticə də maddi hüquq normalarına uyğun olmamışdır. Bununla yanaşı, əvəzəedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə də müstəqil tələb irəli sürən Rəşad Babayevin iddiası vəsiyyətnaməyə əsaslanır. Həmin vəsiyyətnamə ona nənəsi İsmət Cəlil qızı tərəfindən xx.xx.2015-ci ildə verilmişdir. Belə ki, həmin vəsiyyətnamə ilə İsmət Cəlil qızı ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını nəvəsi Rəşad Babayevə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin hazırkı miras əmlaka münasibətdə hüquqi qüvvəsi mövcuddur. Başqa sözlə miras əmlakdan qanun üzrə vərəsəlik qaydasında mərhum İsmət Cəlil qızına çatacaq pay üzrə, sonuncudan vəsiyyət üzrə vərəsəlik qaydasında, yəni qeyd olunan vəsiyyətnaməyə əsasən Rəşad Babayevin vərəsəlik payı müəyyən edilməlidir. Belə ki, mərhum İsmət Cəlil qızının adından xx xxxx 1998-ci ildə bağlanmış bağışlama müqaviləsi etibarlı əqd hesab edilə bilməz. Çünki, sonuncunun cavabdehə miras əmlakdakı payını bağışlaması öz təsdiqini tapmır. Bu hal apellyasiya baxışı zamanı keçirilmiş ilkin və təkrar məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri də təsdiq olunur. Belə ki, həmin rəylərdə xx xxxx 1998-ci il tarixli bağışlama müqaviləsindəki imzanın İsmət Cəlil qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, həm İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında faktiki olaraq qəbul etdiyi, həmçinin vəsiyyət üzrə vərəsəlik hüququ əsasında vəsiyyət edilmiş miras əmlak olan mübahisəli evin etibarsız əqd əsasında mülkiyyət hüququnun tam olaraq əvvəlcə cavabdehin atasının və nənəsinin adına, daha sonra isə əvəzsiz əqd əsasında cavabdehin adına qeydə alınması həmin ev üzərində tam etibarlı mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi İddiaçı2 vərəsə kimi miras açıldığı vaxtdan həmin evdə yaşayıb mirasa sahiblik edib onu idarə etməklə faktiki olaraq mülkiyyət hüququ əldə etmiş, eyni zamanda İsmət Cəlil qızı da özünə məxsus bütün daşınar və daşınmaz əmlakını Rəşad Babayevə vəsiyyət etmişdir. Beləliklə, xx xxxx 1998-ci il tarixli bağışlama müqaviləsinin etibarsız müqavilə hesab edilməsi nəticəsində İsmət Cəlil qızının həmin miras əmlakdakı qanun üzrə vərəsəlik hüququ əsasında ona çatası payı vəsiyyət üzrə vərəsəlik hüququ əsasında üçüncü şəxs Rəşad Babayevə aid edilməli və həmin hissədə, yəni üçdə bir hissədə onun vərəsəlik hüququ tanınmaqla payı müəyyən edilməlidir. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Rəşad Babayevin həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydin, bağışlama müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzrəində paylarının müəyyən olunmasına nail olmaq olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılar İddiaçı2 Böyük Ağa qızının və İddiaçı1 birgə, müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlu tərəfindən ayrı verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı2 Böyük Ağa qızının və İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlunun iddiaları qismən təmin edilməli, mərhum Böyük Ağa Eyvazovdan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) dair xx xxxxxx 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə, şəhadətnamə əsasında verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 30/3946 № ilə qeydiyyata alınmış), xx.xx.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3SM-3-451 reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsi, xx.xx.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsi (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 13351 № ilə qeydiyyata alınmış), xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarış (daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29078 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilməli, mərhum Böyük Ağa Eyvazovdan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) Cavabdeh Oqtay oğlunun (atası mərhum Oqtay Eyvazova qanun üzrə vərəsəlik qaydasında çatası paya görə) 1/3 hissədə, İddiaçı2 Böyük Ağa qızının 1/3 hissədə və Babayev Rəşad Ərşad oğluna (qanun üzrə vərəsə İsmət Cəlil qızına çatası payı görə vəsiyyət üzrə vərəsəlik qaydasında) 1/3 hissədə vərəsəlik hüquqları tanınmalı və payları müəyyən edilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərci – 297 (iki yüz doxsan yeddi) manat Cavabdeh Oqtay oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı2 Böyük Ağa qızı və İddiaçı1 birgə, müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlu tərəfindən ayrı verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)- 4293/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2 Böyük Ağa qızı və İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Babayev Rəşad Ərşad oğlunun iddiaları qismən təmin edilsin. Mərhum Böyük Ağa Eyvazovdan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) dair xx xxxxxx 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə, şəhadətnamə əsasında verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 30/3946 № ilə qeydiyyata alınmış), xx.xx.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3SM-3-451 reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsi, xx.xx.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsi (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 13351 № ilə qeydiyyata alınmış), xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarış (daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29078 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilsin. Mərhum Böyük Ağa Eyvazovdan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) Cavabdeh Oqtay oğlunun (atası mərhum Oqtay Eyvazova qanun üzrə vərəsəlik qaydasında çatası paya görə) 1/3 hissədə, İddiaçı2 Böyük Ağa qızının 1/3 hissədə və Babayev Rəşad Ərşad oğluna (qanun üzrə vərəsə İsmət Cəlil qızına çatası paya görə vəsiyyət üzrə vərəsəlik qaydasında) 1/3 hissədə vərəsəlik hüquqları tanınsın və payları müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci - 297 (iki yüz doxsan yeddi) manat Cavabdeh Oqtay oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar