Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1910/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, **********90020 və **********90025 saylı abunə kodu üzrə xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə qədər müvafiq olaraq aktlar üzrə hesablanmış 391.33 manat və 391.37 manat, ümumilikdə 782.70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, hər iki abunə kodu üzrə borc müvafiq olaraq abunə haqqında məlumatların aktlar bölməsində göstərilsə də, həmin borc akt borcu yox, mənzilə sayğac quraşdırılanadək olan müddətdə, yəni faktiki sayğac olmaqdıqda abonentin elektrik enerjisinin işlətmə gücünə görə orta sərfiyyatın hesablanması nəticəsində yaranan borcdur. Məhkəməyə təqdim edilmiş abunə haqqında məlumatdan da görünür ki, xx.xx.2009-cu il tarixdə iddiaçının adına olan abunə kodları üzrə müvafiq olaraq hər iki mənzilə AMPY (5235A) tipli elektrik sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı isə, apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan işdə olan bildirişlərdən görünür ki, İddiaçı adına olan **********90025 və **********90020 saylı hesablara 391,37 manat və 391,33 manat məbləğində borc hesablanmışdır. “xxxx” ASC tərəfindən verilmiş **********90020 saylı kod üzrə abunə haqqında arayışa əsasən, abonent İddiaçı sayğac oxunmasına görə 0,00 manat, aktlar əsasında 391,33 manat, **********90025 saylı kod üzrə abunə haqqında arayışa əsaəsn isə, abonentin sayğac oxunmasına görə 0,00 manat, aktlar əsasında 391,37 manat borcu mövcuddur. Hazırda “xxxx” ASC, yuxarıda qeyd olunan bildirişlərə və abunə haqqında məlumatlara istina edərək, bildirir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək elektrik enerjisinin işlətmə gücünə görə orta sərfiyyat borcu iki mənzil üzrə ümumilikdə 782,70 manat təşkil edir. İddiaçı isə, elektrik enerjisindən istifadəyə görə yaranmış bütün borcunu ödədiyini bildirərək, bu halı mübahisələndirir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Baxılan işdən görünür ki, istehlakçının adına tərtib edilmiş aktlar üzrə ümumilikdə 782,7 manat borc hesablanmışdır. Hazırda “xxxx” ASC həmin borcun akt üzrə heablanmadığını, əslində elektrik enerjisinin işlətmə gücünə görə orta sərfiyyat borcu olduğunu bildirsə də, borcun yaranması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bu barədə tərtib edilmiş bildirişlər isə özlüyündə həmin borcun hesablanması üçün əsas hesab edilə bilməz. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, cavabdeh “xxxx” ASC, iddiaçının lektrik enerjisinin işlətmə gücünə görə orta sərfiyyata görə tələb edilən məbləğdə borcunun yarandığını təsdiqləyən və buna görə də, borcun hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2405/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1910/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1910/2021
24.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver