Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1913/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6879/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi 81, M5, m3) xx.xx.2018-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmış; Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 17/71-289/19 saylı məktubu ilə İddiaçı adına olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzili "X5" MMC tərəfindən xx.xx.2020-ci il tarixli protokolla hərrac vasitəsilə satılması və hərracın qalib alıcısı tələbkar Cavabdeh1 olması qeyd edilərək, həmin mənzilin hərracın qalib alıcısı Cavabdeh1 adına rəsmiləşdirilməsi xahiş olunmuşdur, xx.xx.2020-ci il tarixli, 14 №-li Hərracın yekunları barədə Protokola əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzilin tam dəyəri (rəqəm və sözlə): 160500 manat, hərracın keçirilməsinə əsas: Bakı şəhəri Şəmkir Rayon məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi və Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-153021/2019-9 saylı sifariş məktubu və qalib (Alıcı) fiziki şəxs: Cavabdeh1 olmuşdur, 538917 saylı Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi 81, M5, m3) xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
2. xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi 81, M5, m3)-də yerləşən, ümumi sahəsi 162,6 kv. metr olan mənzili Cavabdeh2 170000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-153021/2019-9 saylı sifariş məktubu əsasında "Capitals Auction” MMC ("X5” MMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci tarixli Protokol ləğv edilmiş və həmin hərracın nəticələri etibarsız hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 1210/2022 saylı qətnaməsi ilə cavabdeh "Capitals Auction” MMC-nin nümayəndəsi və üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(102)-3135/2022 saylı qərarı ilə cavabdeh "Capitals Auction” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını vahid niyyətlə xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 46.2-cı maddəsinə əsasən, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh1 ümumilikdə 303.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməklə Cavabdeh1 külli miqdarda ziyan vurulmuşdur.
5. Şəmkir Rayon Məhkəməsinin 2(076)-443/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 105.000 manat əsas borc, 19.250 manat faiz borcu olmaqla, cəmi 124.250 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-117/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməklə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 443/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş cavabdeh İddiaçı 105.000 manat əsas borc, 19.250 manat faiz borcu olmaqla, cəmi 124.250 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin iddia təmin edilməmiş, qətnamə iddianın qalan hissədə rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(102)-2331/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-117/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-16(006)- 275/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı, Günel Karaievanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi”nə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmış; Bakı Apellyasiya Məhkəməsinin 16(103)- 517/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-16(006)-275/2022 nömrəli qərardadından ərizəçi İddiaçı verdiyi şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 77.79.81 mənzil 3, yeni qaydalarla AZİ 149, Baki şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv ediməsi, mənzil üzrə onun mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və Cavabdeh2 mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 77.79.81 mənzil 3, yeni qaydalarla AZİ 149, Baki şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili 170.000 (yüz yetmiş min) manata satılmışdır. Belə ki, həmin müqavilə bağlanıldığı zamanı iddiaçılar İddiaçı və X7 cavabdehlər "Capitals Auction” MMC-yə (keçmiş adı "X5” MMC) qarşı "hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "CAPİTALS AUCTİON” MMC tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, cavabdeh "CAPİTALS AUCTİON” MMC tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi və hərracın nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən "CAPİTALS AUCTİON” MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "Capitals Auction” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1210/2022 nömrəli yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü -şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apeljyasiya Məhkəmşsi Mülki kollegiyasının 2(103)- 1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh1 bəlli olan fakt idi ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 77.79.81 mənzil 3, yeni qaydalarla AZİ 149, Baki şəhəri, ünvan 1 ünvanda yerləşən mənzil mübahisəlidir və məhkəmə predmetidir. Lakin buna baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəticə etibarı ilə reyestr qeydinin də ləğvi üçün əsasdır.
9. Cavabdeh1 iddia tələbinə qarşı etiraz təqdim edərək və göstərmişdir ki, iddiaçının iddiası tamamilə əsassızdır, belə ki, iddiaçı iddiasında göstərmişdir ki, "Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh1 bəlli olan fakt idi ki, ünvan 2 ünvanında yerləşən mənzil mübahisəlidir və məhkəmə predmetidir. Lakin buna baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmışdır”. İddiaçı barəsində AR CM-in 178.4-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında 1(101)- 84/2021 saylı cinayət işi gedərkən tərəfindən ərizə verilərək İddiaçı tərəfindən ona vurulan maddi zərərdən hazırki iddia ilə mübahisələndirilən mənzilin məbləği çıxılmışdır və həmin vaxtı İddiaçı ünvan 2-ün Cavabdeh2 satılmasından 2021-ci il yanvar ayında xəbəri olmuşdur. İddiaçı isə hazırki iddia ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən iddiaçının iddia tələbindən də göründüyü kimi, iddiaçı iddiasının maddi hüquqi əsası kimi MM-nin 337.1, 337.2, 337.4, 337.5 və 339.1-ci maddəlinə istinad edərək bağlanılmış alqı-satqı müqaviləsini əhəmiyyətsiz əqd hesab etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin tələblərinin mahiyyətindən aydın olur ki, mübahisə edilən əqdin mübahisə edildiyi halda, bağlandığı andan etibarsız olmasını nəzərdə tutur, yəni həmin əqdlər bağlandığı andan etibarlıdır, lakin mübahisə edilərsə, onda digər şərtlərin də mövcudluğu halında bağlandığı andan etibarsız olacaqdır. Bu etibarsızlıq növünün əsas cəhəti, qüsurlu əqdin tam şəkildə etibarsız hala gəlməsi üçün pozulan etibarlılıq şərtilə qorunan tərəfə əqdi mübahisələndirmək hüququnun tanınmasıdır. Mübahisə edilən əqdlərin mübahisələndirilməsi isə kəsici müddətə tabedir və kəsici müddətin keçməsi hüququn özünün xitamı ilə nəticələnir. Məhz ona görə, mülki qanunvericilik "əhəmiyyətsiz əqdin etibarsızlığına” deyil, bu cür əqdin "etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia" ya müddət (iddia müddəti deyil) şamil edir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il müddətində irəli sürülə bilər. Mülki Məcəllənin 354.1-ci maddəsində təsbit edilmiş müddət iddia müddəti deyil, kəsici müddətdir. İddiaçı tərəfindən həmin müddətə əməl edilib-edilməməsini öz təşəbbüsü ilə yoxlamalı olduğu və şərtlər olduğundan, birinci instansiya məhkəməsi müddəti tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etməlidir. Bundan başqa iddianın Cavabdeh2 hissəsi də əsassızdır. Cavabdeh2 vicdanlı alıcıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsi bağlanan zaman qeyd edilən mənzillə bağlı məhkəmədə heç bir iddia olmamışdır. İddiaçı mübahisəli evlə bağlı xx.xx.2021-ci il tarixdə "hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi "hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” barədə iddia ilə alqı-satqı müqaviləsi bağlanan zaman yox, alqı-satqı müqaviləsi bağlandıqdan 8 ay sonra məhkəməyə müraciət etmişdir və artıq qeyd edilən hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” iddiası verilən zaman İddiaçı mübahisəli evin satılmasından və Cavabdeh2 vicdanlı alıcı olmasından qeyd edilən tarixdən məlumatı olmuşdur.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6879/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X4)
11. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Cavabdeh2 mülkiyyətində olan mübahisəli mənzil (Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi 81, M5, m3) xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, bundan sonra xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmışdır, cavabdehlər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 mənzillə bağlı mübahisədən məlumatlı olmamış, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı alıcıdır və bu halda iddia tələbinin təmin edilməsi onun mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi, həmin mənzilə köçürülməyi və cavabdehin mənzildən məcburi qaydada çıxarılması və göstərilən daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələbi rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 16cı, 139-cü, 149-cu, 182-ci, 337-ci, 389-cu, 390-cı, 399-cu, 406-cı, 417-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilməsi, Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/71- 153021/2019-9 saylı sifariş məktubu əsasında "xxxx" MMC ( “X5” MMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81JM5, 3 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci tarixli Protokol ləğv edilsin və həmin hərracın nəticələri etibarsız hesab olunmuşdur. Lakin məhkəmə müəyyən edilmiş hallara lazımi hüquqi qiymət verməmişdir. Ümimiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə iddianı tamamilə təmin etmək əvəzinə iddianı qanunsuz olaraq rədd etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
16. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, mübahisəli mənzil (Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77, 79, 81, mənzil 3 (yeni qaydalarla: AZ 1149 Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi 81, M5, m3) Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi və Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx- 153021/2019-9 saylı sifariş məktubu əsasında keçirilmiş xx.xx.2020-ci il tarixli hərrac ilə Cavabdeh1 tərəfindən alınmış və onun adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır, həmin mənzil xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və xx.xx.2021-ci il tarixdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 həmin mənzili aldıqdan sonra təmir etdirmiş və hazırda da orda yaşayır, xx.xx.2020-ci il tarixli hərracın keçirilməsinə əsas olmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, həmin qətnamədən yuxarı instansiya məhkəməsinə verilmiş şikayət üzrə icraat davam etdirilir, iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsızlığını, həmçinin sonuncuların mənzilə dair çıxarışlarının ləğvini tələb edir.
26. İddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun təhlil aparılmalıdır.
27. Qeyd olunur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar baxımından, onun mübahisələndirdiyi müqavilənin etibarlılığı məsələsi araşdırılmalı, həmin faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
28. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
29. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).
30. Göründüyü kimi Cavabdeh2 mənzili satın aldığı zaman mənzillə bağlı hər hansı bir mübahisənin olduğunu bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuş, mübahisəli əmlakın alqısatqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır.
31. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
32. Bu halda, kollegiya belə qənaətə gəlir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında mənzilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia həmin hissədə, yəni xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, Cavabdeh2 vicdanlı alıcı olmaqla mənzili reyestrin həqiqiliyi prezumpsiyasına istinadən əldə etmişdir.
33. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
34. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı).
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6879/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6879/2023 nömrəli, 8 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.