Məhkəmə qərarları › İş №2(103)-1922/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1922/2024

23.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1922/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1593/2023 saylı, 2 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən BOKT "xxxx" QSC-nin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi BOKT "xxxx" QSC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4696/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2186/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4696/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir.

2. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6489/2021 nömrəli 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-621/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı 2022-ci ilin noyabr ayında icra edilmiş, məhkəmə qərarına əsasən əmək kitabçasına dəyişiklik edilərək, “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin” sözləri “Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinin “a” yarımbəndinə əsasən işdən azad edilsin” olaraq dəyişdirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35.160 manat məcburi işburaxma dövrü üçün -(41 ay x 600 manat = 24.600) aylıq əmək haqqı (41 ay x 200 manat = 8200 manat) - motivasiya haqqı (4 il x 590 manat = 2360 manat), məzuniyyət pulu və 25.000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 60.160 (altmış min bir yüz altmış) manat pulun cavabdeh BOKT "xxxx" QSC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 17 oktyabr 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tədbiqi haqqında əmrin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə olan 17 oktyabr 2019-cu il tarixli, 43 nömrəli əmrin ləğv edilib, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında edilməsi öhdəliyinin "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsi ilə) iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli, 17 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin üzərinə qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2186/21 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6489/20201 saylı qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-621/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. O, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il 33 nömrəli əmr ilə BOKT "xxxx" QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə 43 nömrəli əmr ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 2022-ci ilin noyabrında onun əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68 “a” maddəsinə əsasən işdən çıxması qeyd edilmişdir. İşdən çıxarıldıqdan sonra onlarla yerə işə qəbul olunmaq üçün sənəd versə və imtahanlardan və müsabiqələrdən müvəffəqiyyətlə keçsə də portalda əmək müqaviləsinə xitam verilmə səbəbi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi qeyd olunduğundan işəgötürənlər onu işə götürməkdən imtina etmişlər. Göründüyü kimi hazırki tarixədək cavabdeh təşkilatın qanunsuz əmrinə görə işsiz qalmış, mənəvi sarsıntılar keçirmişdir.

6. Cavabdeh iddiaya yazılı etiraz təqim edərək bildirmişdir ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin predmeti-əmək müqaviləsinə xitam verilməsi haqqında 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının AR ƏM-nin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin QSC-nin üzərinə qoyulması olmuşdur. Yəni, tərəflər arasında olan mübahisə yalnız işdən çıxma əsasının dəyişdirilməsi ilə bağlı olduğundan, həmin mübahisə zamanı iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə hər hansı bir tələb olmadığından hazırkı halda işəgötürənlə işçi arasında məcburi iş buraxma müddəti yaranmamışdır. Məcburi iş buraxma müddəti yaranmadığı üçün iddiaçının ödəniş tələb etməsi qanunsuz və əsassız sayılmalıdır. Belə ki, AR Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qanunvericiliyin də tələbindən göründüyü kimi, məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda işçiyə ödənilə bilər. Yəni, məhkəmə qərarına əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerinə bərpa edilməli və müəssisə işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilə bilər. Hazırki halda da məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır. Hazırki iş üzrə İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə bağlı iddia müddəti tətbiq edilməlidir. İddiaçı hüquqlarının pozulduğunu bildiyi gün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi gün sayılır. Buna görə də iddia müddətinin axımının başlanğıcı İddiaçı hüquqlarının pozulması üçün birinci instansiya məhkəməsinə müraciət etdiyi tarix, yəni 2019-cu il hesab edilməlidir. Həmin tarixdən bu günədək isə ƏM-də nəzərdə tutulmuş 1 illik iddia müddəti artıq ötürülmüşdür. İddia tələbinin son hissəsinə, yəni vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə isə ölkə qanunvericiliyində bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2008-ci il tarixli Qərar qəbul etmişdir. X5 3-cü maddəsinə əsasən “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Hazırkı tarixədək cavabdehin qanunsuz əmrinə görə işsiz qalması nəticəsində İddiaçı iztirab keçirməsi və onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi məhkəmə qarşısında sübut olunmamışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1593/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, 2019-cu il tarixdən əmək münasibətlərinə xitam verildiyi vaxta qədər əmək haqqının verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İddiaçının iddia tələbində işə bərpa olunması tələbi mövcud deyil, cavabdehdən ödənilməmiş əmək haqqı tələb edir. Buna görə də məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin hərəkətlərinin qanuni olub-olmaması məhkəmə araşdırılmasının predmeti deyil.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədək iddiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyri-mümkündür. İş materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulmasını Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan, yəni 2019-cu il tarixdən bilmişdir.

10. İddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından bilmiş, iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə iddia tələbinin “25.000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək haqqı tələbi rədd olunduğundan və mənəvi zərər tələbi ondan törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə, 294-cü, 296-cı maddəsənin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcələsinin 377.1-ci: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1593/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, o, iddianı qanunla nəzərdə tutulmuş müddət ərzində vermişdir. Belə ki, onun əmək kitabçasında düzəliş 2022-ci ilin noyabr ayında edilmişdir və o, ƏM-nin 296.4-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Əmrin ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və sonda iddiaçı 2022-ci ilin noyabr ayında mübahisələndirilən əmr ləğv edilmiş və əmək kitabçasında müvafiq düzəliş edilmişdir. Bu faktı iş materiallarına əlavə edilmiş əmrin ləğv edilməsi ilə bağlı müvafiq məhkəmə qərarları eyni zamanda cavabdeh təşkilatın məhkəmə qərarını icra etməməsi ilə bağlı icra məmurunun təqdimatına əsasən məhkəmə tərəfindən cərimə edilməsi barədə qərarlar da təsdiq edir. Belə olan halda məhkəmə əsassız olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından göründüyü kimi məhkəmə bu prosessual maddənin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməməkdə haqlı olmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4380/2023 saylı 9 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(005)-1593/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Kollegiya mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyin də tələbindən göründüyü kimi, məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda ödənilə bilər. Hazırkı halda məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır.

18. Həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən bir illik iddia müddəti düzgün olaraq tətbiq edilmişdir. Kollegiya apellyatorun iddia müddətinin axımının 2022-ci ilin noyabr ayından, yəni əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxmasının qeyd edilməsi dövründən hesablanması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, başqa iş yerlərinə imtahan verməsi, lakin əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olmasının qeyd olunmasına görə işə götürülməməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim olunmamışdır. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qeyd olunması, şəxsin yeni işə götürülməsinə mane yaratmamaqla, əmək qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir.

19. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz.

20. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4150/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4380/2023 nömrəli, 2023-cü il 9 avqust tarixli qətnaməsi qismən - mənəvi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kollegiya hesab etmişdir ki, məhkəmələr mənəvi ziyan tələbi digər tələbdən törəmə tələb kimi göstərmiş və bu səbəblə həmin hissədə də iddianı təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz.

23. Məhkəmə kollegiyası iddianın bütövlükdə rədd edilməsinin başlıca əsası kimi duran iddia müddətinin tətbiqi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə iddia müddətinin başlanğıcının 2019-cu ildən hesablanması düzgün olmamışdır. Çünki, hazırki iddia məhz qanuni qüvvəyə minmiş qətnamələrin icrasının yubadılması nəticəsində pozulan hüquqların bərpası ilə bağlı irəli sürülmüşdür. Tərəflər arasında 3 il ərzində davam edən məhkəmə çəkişmələri xx.xx.2022-ci il tarixdə bitməsi, lakin cavabdehin qərəzli və təqsirli hərəkətləri nəticəsində qanuni qüvvəyə minmiş qətnamənin aylarla icra edilməməsi, icra hərəkətlərinin 2022-ci ilin sonlarında yekunlaşması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası iddia qaldırılan tarixdən kassasiya qaydasında baxılanadək olan dövrü cavabdehin qanuni, yəni, məhkəmə müdafiəsi yolu ilə etdiyi hərəkətlər əsasında keçdiyini qəbul etsə də, icranın aylarla təqsirli şəkildə bilərəkdən yubadılması məhz cavabdehin iddiaçıya olan qərəzli münasibətinin və qanunsuz davranışının nəticəsi hesab edilməlidir.

24. Məhkəmə kollegiyası mənəvi ziyanın tutulmasına dair tələbin maddi ziyan tələbindən törəyən tələb kimi qiymətləndirilməsi və hər hansı hüquqi qiymətləndirilmə aparılmadan bu hissədə iddianın rədd edilməsini əsassız hesab etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 27.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 29.Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin - mənəvi ziyan tələbinin təmin edilməməsi hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

30.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 32.373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 33.377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 34.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

35.196.5-ci maddəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 36.290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 37.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 38.296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 39.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

40.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

41.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

42.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

44.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – mübahisə predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. 45.Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı cavabdeh ASC ilə işçi-işəgötürən münasibətində olmuş, 13 sentyabr 2019-cu il tarixdə cavabdehə işdən azad edilməsi (Əmək Məcəlləsi 69.1-ci maddə) barədə ərizə ünvanlamış, lakin cavabdeh 17 oktyabr 2019-cu il tarixli 43 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 46.Əmək müqaviləsinin xitamı əsası ilə bağlı tərəflər arasında məhkəmə çəkişmələri olmuş, iddiaçının iddiası əsasında qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)- 468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmri ləğv edilmiş və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmiş, həmin qətnamə cavabdehin şikayəti əsasında apelyasiya və kassasiya qaydasında yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir. 47.Qətnamə, qüvvəyə mindikdən sonra cavabdehin qərəzli hərəkətləri nəticəsində uzun müddət icra edilməmiş və yalnız 2022-ci ilin noyabr ayında icra edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə müraciət edərək işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək dəymiş maddi və mənəvi ziyanla bağlı iddia qaldırmışdır. 48.Hazırda apelyasiya baxışının predmeti cavabdehin qərəzli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərə görə pulun ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi mənəvi ziyan tələbini digər tələbdən törəmə tələb kimi göstərmiş və bu səbəblə həmin hissədə də iddianı təmin etməmişdir. 49.Məhkəmə kollegiyası iddianın bütövlükdə rədd edilməsinin başlıca əsası kimi duran iddia müddətinin tətbiqi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə iddia müddətinin başlanğıcının 2019-cu ildən hesablanması düzgün olmamışdır. Çünki, hazırki iddia məhz qanuni qüvvəyə minmiş qətnamənin icrasının yubadılması nəticəsində pozulan hüquqların bərpası ilə bağlı irəli sürülmüşdür. Tərəflər arasında 3 il ərzində davam edən məhkəmə çəkişmələrinin xx.xx.2022-ci il tarixdə bitməsi, lakin cavabdehin qərəzli və təqsirli hərəkətləri nəticəsində qanuni qüvvəyə minmiş qətnamənin aylarla icra edilməməsi, icra hərəkətlərinin 2022-ci ilin sonlarında yekunlaşması işin mübahisəsiz halıdır. 50.Məhkəmə kollegiyası iddia qaldırılan tarixdən kassasiya qaydasında baxılanadək olan dövrü cavabdehin qanuni, yəni, məhkəmə müdafiəsi yolu ilə etdiyi hərəkətlər əsasında keçdiyini qəbul etsə də, icranın aylarla təqsirli şəkildə bilərəkdən yubadılması məhz cavabdehin iddiaçıya olan qərəzli münasibətinin və qanunsuz davranışının nəticəsi hesab edilməlidir. 51.Beləliklə qanuni qüvvəyə minmiş qətnamə cavabdehin qanuna zidd və qərəzli hərəkətləri nəticəsində icra edilməmişdir və cavabdehin şikayətləri əsasında aparılmış uzun müddətli məhkəmə çəkişmələrindən sonra qətnamənin aylarla qərəzli şəkildə icra edilməməsi nəticəsində iddiaçının mənəvi sarsıntılar keçirməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsinə dair tələbi - müstəqil tələbdir, məhkəmə də mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə hər hansı formada araşdırma aparmadan onun törəmə iddia olması əsaslı ilə rədd etməkdə haqlı olmamış, tətbiq etməli olduqları normaları tətbiq etməmiş, bununla da hüququn tətbiqində səhvə yol vermişlər. 52.Bununla əlaqədar nəzərə alımalıdır ki, qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən üzrsüz səbəbdən uzun müddət icra edilməmiş, yalnız 2022-ci ilin noyabr ayında məhkəmə qərarı icra edilərək əmək kitabçasında “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin” sözləri “Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinin “a” yarımbəndinə əsasən işdən azad edilsin” olaraq dəyişdirilmişdir.

53. Belə olan halda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək münasibətlərində olan tərəflərdən hər biri istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin əmək, əmlak və ya qeyri-əmlak hüquqlarına xüsusi qayğı göstərmək vəzifəsini daşıyır. Həmçinin qeyd edilməlidir ki, məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalması qanunvericiliyə ziddir.

54. Beləliklə işəgötürənin işçiyə vurduğu mənəvi ziyana görə tam maddi məsuliyyət daşıması, hadisənin baş verməsində işəgötürənin konkret qanunsuz hərəkətləri, iddiaçının əmək kitabçasında işdən çıxma səbəbinin səhv göstərilməsi səbəbilə işə düzəlməkdə çətinlik çəkməsi, səhv aparılmış qeydin uzun müddət ərzində məhkəmədən kənar qaydada düzəldilməməsi və s. diqqətəlayiq olan halları nəzərə alaraq məhkəmə kollegiyası mənəvi zərəri 2.000 manat məbləğində qiymətləndirir.

55. Belə ki, şərh olunanların məcmusunu nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2.000 (iki min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi sarsıntısının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilməlidir. Belə ki, şəxsin əmək hüquqlarının pozulması halında mənəvi zərərə görə ödənilən təzminat onun keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Kollegiya vurğulayır ki, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Nəzərə alınmalıdır ki, bu halda pozulmuş hüququnun ödənilən təzminatla tam bərpa olunması qeyri-mümkündür. Zərərçəkmiş şəxsin müəyyən miqdarda təzminat ilə təmin edilməsi onun mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət etmiş olur. 56.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulmasına dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin hissədə iddia qismən təmin edilməlidir. 57.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1593/2023 nömrəli, 2 may 2023-cü il tarixli qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh BOKT "xxxx" ASC-dən mənəvi zərərə görə 2.000 (iki min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar