Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1923/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti və X4 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1923/2024 (Açar sözlər: maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti və X4 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 65A və 67 saylı fərdi yaşayış evləri qonşu olmaqla, 67 saylı evin darvazası 65A saylı evin qarşısına və həmin evin küçəyə açılan qapısına perpendikuliyar şəkildə açılır. 65A saylı evin qarşısında 67 saylı evin darvazasının eni qədər dərinlikdə küçənin enindən genişlənərək boş sahə yaranır. İddiaçı, yəni 65A saylı fərdi yaşayış evinin mülkiyyətçisi evinin qarşısında yaranan həmin boş sahənin onun mülkiyyətində olan torpaq sahəsindən 2 metr şəxsi istifadəsi məqsədilə və qəsdən yaradıldığını bildirərək, həmin torpaq sahəsinin ona aid olduğunu və cavabdehlərin həmin hissədən qanunsuz istifadə etdiyini, eyni zamanda cavabdehlərə məxsus torpaq sahəsindən həmin hissəyə açılan darvazanın onun mülkiyyətində olan əmlakdan istifadəsinə maneələr yaratdığını bildirir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən, qonşu - ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə doğru quraşdırılmış dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi və qonşular arasında hasarın bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər onun qonşularıdır. Lakin onlar qonşuluq münasibətlərinə xələl gətirməklə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozurlar. Belə ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edərkən torpaq sahəsi avtomobil yoluna bitişik olduğundan gələcəkdə hərəkət iştirakçılarına maneə yaratmamaq üçün öz həyətyanı torpaq sahəsindən təxminən 2 metr enində məsafəni boş saxlamışdır ki, şəxsi avtomobilini rahat saxlaya bilsin və ya evinə hər hansı əşya gətirəndə onu daşımaq üçün rahat yeri olsun. Qapı qonşu olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə hazırda ona məxsus torpaq sahəsini zəbt etməklə məşğuldurlar. Belə ki, onlar qonşular arasında olan divar arakəsməni uçurdaraq öz həyətyanı sahələrinin darvazasını bilavasitə iddiaçıya məxsus torpaq sahəsinə doğru açmış və faktiki olaraq onun mülkiyətində olan torpaqdan şəxsi istifadələri üçün istifadə edirlər. Bundan başqa həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün tikinti materiallarını iddiaçının torpaq sahəsinə boşaltmış, eyni zamanda şəxsi avtomobillərini onun torpaq sahəsində saxlamaqla mülkiyyətindən sərbəst istifadə etmək hüququnu məhdudlaşdırmışlar. Dəfələrlə müraciətlər və şikayətlər etməsinə baxmayaraq cavabdehlər qanunsuz əməllərini dayandırmamışlar, bu gün də ona məxsus torpaq sahəsi üzərində darvaza və divarlar inşa etməyə davam edirlər.
4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən, qonşu – İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə doğru quraşdırılmış dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin hissədə daş hasarın bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-102/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 5 ünvanında yerləşən yaşayış evinin və onun giriş qapısının qarşısında İddiaçı maneə yaradacaq şəkildə nəqliyyat vasitəsinin saxlanılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4, 170.1, 170.2, 425.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam olaraq təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, işdəki sənədlərdən görünür ki, cavabdehlərin yaşadığı Bakı şəhəri Yasamal rayonu, R.Tağıyevküçəsi 67 ünvanda yerləşən tikililər, o cümlədən həmin həyətə qoyulmuş darvaza qapısı qanusuz, başqa sözlə özbaşına tikilidir. Yəni tikinti norma və qaydalarına uyğun deyil. Bu səbəbdən də cavabdehlər idarə etdikləri ümumi istifadə olan yolda və ya iddiaçının yaşayış evinin qapısında saxlamaqla onun evdən istifadə etməsinə maneə olurlar. İş materiallarından və yerli baxış protokolundan görünür ki, məhkəmə qonşular arasında mübahisənin aradan qaldırılması üçün mümkün olan səyləri göstərməmişdir. Nəticədə mübahisənin həllinə nail olmamışdır. Qonşular arasında mübahisə sonadək həll olunmamış qalmışdır. Cavabdehlərə R,Tağıyev küçəsi, ev 65ünvanda yerləşən yaşayış evinin və onun giriş qapısının qarşısında İddiaçı maneə yaradacaq şəkildə nəqliyyat vasitələrinin saxlanılması qadağan edilmişdir. İş materiallarından göründüyü kimi, cavabdehlərin küçəyə açılan darvaza qapısı iddiaçının yaşayış binasının divarına bitişikdir və darvaza qapısı İddiaçı evinin giriş-çıxış qapısına baxır. Cavabdehlərin avtomaşınlarını saxlamaları üçün yer mövcud deyil. Mübahisənin aradan qaldırılması üçün cavabdehlərin darvaza qapısının yeri dəyişdirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh2 tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz iddia ərizəsinə verilmiş etirazın məzmununa uyğun əsaslandırılmışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 13. 1-ci bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
18. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
19. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
20. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırda iddiaçı tərəfindən qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
30. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 7 ünvana dair verilmiş texniki pasportda qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan əlavə soröuda qeyd olunan hasar və darvazanın nə vaxtdan mövcud olmasını Google Earth görüntüsündə dəqiqləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılması məqsədəuyğundur.
31. Məhkəmənin sorğusuna əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 7 fərdi yaşayış evinin inşasından əvvəl sözügedən darvaza və hasar yerində mövcud olmuşdur. Darvaza və hasarın yeni tikilmiş evə bitişik olmasının səbəbi iddiaçı evi inşa edərkən qonşunun darvazasına birləşik inşa etməsi olmuşdur. Həmin sahə avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahədir. Qeyd olunan sahə ərazidə yaşayan vətəndaşların ümumi istifadəsində olan sahədir (vətəndaşlar bu sahələri hasarlayaraq küçələrdə sərbəst hərəkətin qarşısını almışlar). Vahid kadastr məlumat bazasında torpaq sahəsinin üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir.
32. Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, cavabdehləri tanıyır, hər hansı düşmənçilik və ədavəti yoxdur, cavabdehlərlə aralarında mübahisə olub. O da mübahisə olan küçədə dalanda yerləşən sonuncu evdə yaşayır. Yaşadığı evin mülkiyyətçisidir. Həmin yer onun ata yurdudur. İddiaçının əvvəl evinin qarşısında pilləkanı var idi, pilləkanını sökdü ki, yeri biraz geniş olsun. Cavabdeh2lə İddiaçı yola getmirlər. Qorxmaz Aydının qapısının ağzında avtomobilini saxlayır. İddiaçı evinə girib-çıxa bilmir. Həmçinin Cavabdeh2 avtomobilini yolun ortasında saxlayır, onlar da girib-çıxa bilmir, uşaq velosiped sürərkən keçə bilmir. Cavabdeh evini təmir edən zaman tikinti materiallarını həyətinə yığmaq imkanı olduğu halda, küçəyə yığıb. Bir söz deyildikdə isə bunun müvəqqəti olduğunu bildirirlər. Cavabdehlərin küçəyə açılan üzərində 67 nömrə yazılan darvazası çox əvvəldən mövcuddur. Hətta o uşaq olarkən həmin darvaza var idi. Əvvəl bir-birini normal ötüşdürürdülər, hazırda alınmır. O, avtomobil ilə gələn zaman yol verilirdi. Son zamanlar nə səbəbdən oldusa problemlər oldu. Məsələn, sentyabr ayının 22-də onlara qum gətirmişdilər. Qardaşı qum gətirən avtomobilə yol verilməsi üçün Cavabdeh2 qapısını döyməyə başladı. Çünki onun avtomobili yolu kəsmişdi. Qorxmaz qapını açdıqdan sonra avtomobilini götürməyəcəyini bildirib. Onlar məcbur qalaraq polisə zəng etmişlər. Sahə müvəkkili gəldikdən sonra avtomobili götürdülər. Cavabdehlərin avtomobil saxlamağına görə onun evinin qarşısına təcili tibbi yardım, taksi avtomobilləri gələ bilmir. Darvaza yan tərəfə qoyulsa belə, yenə də onun yolu kəsiləcək. Darvaza orada olmasa cavabdeh avtomobili küçədə saxlamayıb tində saxlasa problem həll oluna bilər. Əsas problem avtomobilin saxlanmasıdır. O, anadan olandan və özünü dərk edən zamandan bəri həmin darvazanı və darvazanın birləşdiyi hasarı orada görmüşdür. Cavabdehlərin darvazası orada çox əvvəldən var. Darvaza iddiaçı ora köçməzdən əvvəl mövcud olub. İddiaçı onlardan sonra həmin ünvana köçmüşdür. Hasar sökülərək 2-3 metr geriyə, yəni Aydının evinin tini ilə tikilsə, bütün problem aradan qalxar, lakin cavabdehlərin həyətyanı sahəsi balacalaşacaq, avtomobili isə rahat saxlaya bilər.
33. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında yaşayır. İddiaçı və cavabdehlərlə eyni küçədə qonşudur. Tərəfləri tanıyır, hər hansı düşmənçilik və ədavəti yoxdur, Cavabdeh2 ilə arasında yol ilə bağlı mübahisəsi olmuşdur. O, mübahisə olan küçədə dalanda yerləşən sonuncu evdə yaşayır, digər Şahid2 qardaşıdır. Həmin həyətdə 4 ev var. Mübahisə ilə bağlı bildirir ki, cavabdeh avtomobili yolun ortasında saxlayır. Cavabdehlərin küçəyə açılan üzərində 67 nömrə yazılan darvazası əvvəldən mövcuddur. Əvvəllər hazırki mübahisə ilə bağlı problem yaranmırdı. Cavabdeh əvvəl avtomobili öz həyətində saxlayırdı, yol boş olurdu və o rahat girib-çıxırdı. Cavabdehin avtomobili həyətində olarsa, onunla ədavət aparmaz. Əsas problem cavabdehin avtomobilini orada saxlamasıdır. Cavabdeh avtomobilini orada saxlayaraq gediş-gəlişə maneə yaradır, qapını döyüb avtomobili çəkməsini istədikdə isə müxtəlif bəhanələr gətirir. Onlara gələn yük avtomobilini 5 saat gözlətdikdən sonra polis gücü ilə cavabdehin avtomobilini götüzdürərək, yük avtomobilini həyətə sala bilmişdir. Əsas mübahisə cavabdehin avtomobilini qapıda saxlamasıdır. Cavabdeh bununla gediş-gəlişə maneə olur. Cavabdeh avtomobilini həyətə saldıqdan və yol açıq olandan sonra mübahisə yaranmaz.
34. Beləliklə, məhkəmə kollegiyası iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, istər iş üzrə materiallardan, istərsə də birinci instansiya məhkəməsində dindirilən şahin ifadələrindən müəyyən edilmişdir ki, iddiaçının mübahisəli ərazidəki darvazanın sökülməsini tələb etməyə hansısa qanuni əsası mövcud deyildir.
37. Belə ki, iddiaçı cavabdehlərə məxsus torpaq sahəsindən onun mülkiyyətində olan 65A saylı fərdi yaşayış evinin qarşısında doğru açılan darvazanın qanunsuz tikili olmaqla onun mülkiyyət hüquqlarını pozduğunu bildirsə də, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı orada həmin fərdi yaşayış evini inşa edərkən cavabdehlərə məxsus hasar və darvaza orada mövcud olmuş, hətta iddiaçı ilə cavabdehlərə məxsus torpaq sahələri arasında olan avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahəni də əhatə edərək cavabdehlərə məxsus hasara bitişik şəkildə evi inşa etmişdir. Bununla yanaşı iddiaçının öz mülkiyyətində olduğunu qeyd etdiyi, evinin qarşısında küçənin enlənmiş hissəsinin onun mülkiyyətində olması öz təsdiqini tapmır. Bu halda sonradan inşa edilmiş yaşayış evinə cavabdehlərin əvvəldən mövcud olan daravazasının maneə yaratması ağlabatan deyildir.
38. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6084 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçıya və cavabdehə məxsus 67 və 65A saylı fərdi yaşayış evlərinə giriş-çıxış qapılarının ayrı-ayrı istiqamətlərdən olduğunu bir-birindən aralı yerləşdiyindən mübahisəli darvaza iddiaçının giriş-çıxışı maneə yaratmır.
39. Bundan başqa, Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubla müəyyən edilir ki, X3 mülkiyyətində olan R.Tağıyev küçəsi, ev 65A ünvanında yerləşən **********074-10301 reyestr nömrəli fərdi yaşayış evi mülkə verilmiş 04/6889 nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun baş planı ilə eynilik təşkil etməklə qonşuya məxsus fərdi yaşayış evi ilə hər hansı hissədə üst-üstə düşmür. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan isə müəyyən edilir ki, gələcəkdə X4 və İddiaçı paylı xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qarşısını daş hasarla bağlayacaqları təqdirdə Cavabdeh1 və Cavabdeh2 həyətyanı sahələrinə avtomobil ilə daxil olmaları üçün qoyulmuş dəmir darvaza ciddi maneələr yaradacaqdır.
40. Kollegiya o cümlədən qeyd edir ki, həmin sahə avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahədir və qeyd olunan sahə ərazidə yaşayan vətəndaşların ümumi istifadəsində olan sahədir. Göründüyü kimi iddiaçı fərdi yaşayış evini mülkiyyətinə keçirərkən darvaza və hasar mövcud olmuş, illər ərzində mövcud vəziyyəti qəbul etmiş və qeyd olunan şərtlər daxilində evi mülkiyyətinə keçirmişdir.
41. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova