Məhkəmə qərarları › İş №2(103)-1923/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1923/2025

29.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1923/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 qarşı “miras paydan imtina ərizələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və əmlakın bölünməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1 özünün və onun vəkili (nümayəndəsi) Vəkil3, üçüncü şəxs X4 özünün və onun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçılar iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən reyestrdə 7E-9-4862, 7E-9-4863, 7E-9-4864 nömrələr altında qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizələrin və reyestrdə 7E-09-4897 nömrə altında qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizənin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 atası, iddiaçılar İddiaçı4, İddiaçı5 və iş üzrə üçüncü şəxs olan Kamran Dadaşevun isə babası X5 ölümündən sonra miras qalmış və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin paylarının müəyyən edilməsi və mirasın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində üçüncü şəxslər kimi Bakı Şəhəri 35 saylı Notariat Ofisi və X1 göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş miras qoyan Həmid Dadaşovun 9 övladı olmuşdur. Onlardan 5-i, yəni Aydın, Oqtay, (üçüncü şəxs Kamran Dadaşevin atası) Hacı, Nəriman və (iddiaçılar Şahin və İddiaçı5ların anası) Rəfiqə vəfat etmişlər. Həmid Dadaşov vəfat etdikdən sonra ondan iddia ərizəsində qeyd edilən əmlaklar miras qalmışdır. İddiaçılar Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evində doğulmuş və yaşamışlar. İddiaçılar ilə cavabdeh miras əmlakların cavabdehin adına keçirilməsi barədə razılığa gəlmiş və bununla bağlı 35 saylı Notariat Ofisinə “miras paydan imtina barədə” ərizələr vermişlər. Buna görə də 35 saylı Notariat Ofisi tərəfindən xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” tərtib edilmişdir. Həmin şəhadətnamələr əsasında miras əmlaklar da cavabdehin xüsusi mülkiyyətinə keçmiş və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdehin adına müvafiq “Çıxarışlar” verilmişdir. Həmid Dadaşovun mərhum ovladı Hacı Dadaşovun oğlu – iş üzrə üçüncü şəxs Kamran Dadaşev “mirasın qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışların ləğv olunması” barədə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi 2(010)-571/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mərhum Həmid Dadaşovun vəfatından sonra miras qalmış miras əmlakın Kamran Dadaşev tərəfindən qəbul edilmiş hesab olunmasını, hazırkı və həmin iş üzrə cavabdeh olan Fəridə Rəfiyevanın adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli Şəhadətnamələrin, həmin Şəhadətnamələr əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Fəridə Rəfiyevanın adına verilmiş çıxarışların ləğv olunmasını qət etmişdir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və Rəhilə İddiaçı2 həmin qətnamədən verdikləri apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(103)-9709/2019 saylı qətnamə ilə apellyasiya şikayəti qismən təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinin qismən, yəni mərhum Həmid Dadaşovdan miras qalmış əmlakların miras əmlak kimi Kamran Dadaşev tərəfindən qəbul edilmiş hesab olunması hissədə ləğv edilməsini qət etmişdir. Həmin qətnamənin 4-cü səhifəsində miras əmlaka iddia edən şəxslərin iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə mirasdan pay almaq hüququnun reallaşdıra bilmələri göstərilmişdir. Bundan sonra iddiaçılar miras qalmış əmlaklar ilə bağlı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilməsi üçün 35 saylı Notariat Ofisinə müraciət etmişlər. Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8 saylı və xx.xx.2023-cü il tarixli, 25 saylı məktublarla həmin miras əmlaklara dair Şəhadətnamələr verilməsindən imtina edilmişdir. Həmin imtina məktublarında göstərilmişdir ki, mərhum Həmid Dadaşovdan miras qalmış əmlaklara dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilməsindən imtina üçün əsas onların mirası qəbul etməkdən imtinaları olmuşdur. İddiaçılar bildirirlər ki, onlar tərəfindən həmin Notariat Ofisinə ünvanlanmış xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrdə iddiaçıların miras əmlakdan imtina etmələri göstərilməmiş, həmin ərizələr məhz həmin əmlaklara dair bacıları olan cavabdeh Fəridə Rəfiyevanın adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilməsi məqsədi ilə yazılmışdır. Cavabdehin adına verilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr ləğv edildiyindən iddiaçılar hesab edirlər ki, mərhum Həmid Dadaşovdan miras qalmış əmlaklar üzərində onları vərəsəlik payları müəyyən olunmalı, bunun üçün isə həmin ərizələr ləğv edilməlidir. Həmin ərizələr miras paydan imtina kimi qəbul edilsə də 2013-cü ildə verilə bilməzdi. Çünki Azərbaycan Respublikasının mülki qanunvericiliyi mirasın qəbulu və bundan imtina edilməsi ilə bağlı kəsici müddətlər müəyyən etmişdir. Qanunvericiliyin normalarının məzmunundan görünür ki, iddiaçılar, Həmid Dadaşovun vəfatından sonra 3 ay müddətində mirasın qəbulundan imtina edə bilərdilər. Lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrin surətindən göründüyü kimi, həmin ərizələr miras qoyan Həmid Dadaşovun vəfatından 17 il keçdikdən sonra verilmişdir. Göründüyü kimi, həmin ərizələr qanunvericilikdə mirasın qəbulundan imtina edilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra verilməklə mirasın qəbulundan imtina üçün əsas hesab edilə bilməz və özlüyündə həmin ərizələr heç bir hüquqi əhəmiyyət kəsb etməməklə hüquqi nəticələr yaratmır. Lakin 35 saylı Notariat Ofisi iddiaçılara “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin verilməsindən məhz xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrə görə imtina edir. b) cavabdehin və üçüncü şəxslərin iddia tələbinə dair münasibətləri barədə məlumat

5. İş üzrə Cavabdeh1 və iş üzrə üçüncü şəxs olan 35 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar edilsələr də, iclaslarda iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdə də, Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. İş üzrə üçüncü şəxs olan Kamran Dadaşev və onun vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdikləri izahatlarda bildirmişlər ki, iddiaçılar miras əmlakı nə faktiki, nə də notariusa müraciət etməklə qəbul etməmişlər. İddiaçılar məhkəmə iclasında əmlakdan istifadə etdiklərini, ona sahiblik etdiklərini iddia etsələr də bu halları təsdiq edə biləcək mötəbər sübutları təqdim etməmişlər. Əksinə, iddiaçıların ləğv edilməsini xahiş etdikləri ərizələrdən görünür ki, onlar miras əmlakın qəbulundan imtina etmişlər. Əvvəllər qüvvədə olmuş Mülki Məcəllədə və hazırda qüvvədə olan Mülki Məcəllədə mirasın qəbulundan imtinadan sonra “imtinada imtina” etmək nəzərdə tutulmamışdır. Odur ki, iddia əsassız hesab edilərək, rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.1996-cı il tarixdə vəfat etmiş ataları Həmid Dadaşovun övladlarıdır. Hazırkı mübahisə də mərhumdan miras qalmış iki daşınmaz əmlakla bağlıdır. Həmin iddiaçılar 2013-cü ildə atalarından miras qalmış əmlakı nə faktiki, nə də notariusa ərizə verməklə qəbul etmədikləri və sonradan da bununla bağlı məhkəməyə müraciət etməyəcəklərinə dair notariat ofisinə ərizə ilə müraciət etmişlər. Digər iddiaçılar İddiaçı4 və İddiaçı5 isə mərhumun digər övladı Rəfiqə Məlikovanın övladlarıdır. Rəfiqə Məlikova da 2013-cü ildə digər bacı-qardaşları kimi mirası qəbul etməməsinə dair eyni məzmunlu ərizə ilə notariusa müraciət etmiş, 2017-ci ildə isə vəfat etmişdir. Hazırda iddiaçılar tələb edir ki, mirası qəbul etməkdən imtina etmələri barədə tərəflərindən notariusa təqdim edilmiş ərizələr ləğv edilsin və mərhum Həmid Dadaşovdan miras qalmış əmlak onlar arasında paylar üzrə bölünsün. Məhkəmə, ilk növbədə qeyd edir ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh1 göstərilsə də, işin hallarından görünür ki, o, bu iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, o, atasından miras qalmış əmlak üzərində “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında mülkiyyət hüququ əldə etsə də, həmin Şəhadətnamə və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən anun adına verilmiş “Çıxarışlar” ləğv edilmişdir. Yəni cavabdeh hazırda həmin əmlakın mülkiyyətçisi deyil. Bu baxımdan da qəbul edilməlidir ki, o, hazırkı iddiaya cavab verməli olan şəxs hesab edilmir. Məhkəmə tərəfindən iddiaçılara iddia ərizəsində qeyd edilən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilsə də, iddiaçılardan yalnız İddiaçı1 vəkili (nümayəndəsi) tərəfindən cavabdehin əsl cavabdeh 35 saylı Notariat Ofisi ilə əvəz edilməsinə dair yazılı razılıq verilmiş, digər iddiaçılar isə razılıq verməmişlər. Bu baxımdan məhkəmə, digər iddiaçılara münasibətdə iddianın əsl olmayan cavabdehə qarşı qaldırıldığı nəticəsinə gəlir və hesab edir ki, onların iddiası rədd edilməlidir. Belə ki, yuxarıda da əsaslandırıldığı kimi, Cavabdeh1 bu iddiaya cavab verməli şəxs deyil. İddiaçı1 iddiasına gəldikdə isə qeyd edilməlidir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 556-cı maddəsində mirasdan imtina ilə bağlı münasibətlər tənzimlənmişdir. Lakin həmin maddə mirasdan imtinanın sonradan geri götürülməsi, yaxud sonradan məhkəmə qaydasında ləğv edilməsi ilə bağlı münasibətləri tənzimləmir. Müqayisə üçün qeyd edilməlidir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 1268.1-ci maddəsində vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməməsi imperativ şəkildə müəyyən edilmişdir. Digər tərəfdən, hazırkı işin hallarına nəzər saldıqda görünür ki, iş üzrə İddiaçı1 mirası qəbul etməkdən imtina etməsinə dair ərizə verməsinə səbəb həmin mirasın bacısı Cavabdeh1 keçməsi istəyi olmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçılar dəfələrlə bildirmişlər ki, onlar mirasdan bacıları Cavabdeh1 xeyrinə imtina etmişlər. Mirasdan imtina barədə ərizədə bu imtinanın konkret olaraq hansı vərəsənin xeyrinə edilməsi göstərilməsə də, işin halları əsasında müəyyən olunur ki, iddiaçı mirasdan imtina edərkən iradə ifadəsi həqiqətən mirasın qəbulundan imtinaya yönəlmişdir. Təsadüfi deyil ki, imtina ərizəsində də mirasın nə faktiki, nə də rəsmi müraciətlə qəbul edilmədiyi etiraf edilmişdir. Məhkəmə baxışı iclaslarında İddiaçı1 mirası qəbul etməyə yönələn müəyyən hərəkətlər etdiyini (həmin əmlaklarda müəyyən təmir-tikinti işləri aparması və s.) iddia etsə də, bu iddiasını təsdiq edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Bu baxımdan mirasdan imtina barədə verilən ərizənin iddiaçının həqiqi iradə ifadəsinə uyğun olduğu, bu imtinanın etibarlılığını şübhə altına olan hansısa halın olmadığı nəticəsinə gəlinir. Belə olan halda müəyyən edilir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. d) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işi düzgün və ətraflı araşdırmamış, zəruri sübutların əldə edilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Rayon Məhkəməsi mərhum Həmid Dadaşovun vərəsələri (övladlar) kimi İddiaçı3, İddiaçı2 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş Rəfiqə Məlikova tərəfindən xx.xx.2013-cü il tarixdə, mərhumun övladı İddiaçı1 tərəfindən isə xx.xx.2013-cü il tarixdə 35 saylı Notariat Ofisinə verilmiş “mirasdan imtina barədə” ərizələrinin, əslində Mülki Məcəllənin mirasdan imtina ilə bağlı müddətə dair imperativ normaların pozulması ilə verilməsini nəzərə almamışdır. Sözügedən ərizələr miras qoyanın ölümü və mirasın açılmasından 17 il sonra verilmişdir. Odur ki, həmin ərizələr mirasın qəbulundan imtina müddəti keçdikdən sonra verildiyi üçün mirasdan imtinaya əsas ola bilməz. İddiaçı1 xx.xx.1997-ci il tarixdə Bakı Şəhəri 10 saylı Notariat Kontorundan “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə almışdır. Odur ki, 35 saylı Notariat Ofisinə sonradan verilmiş imtinanın heç bir hüquqi qüvvəsi yoxdur, imtina ərizəsi əsassız və etibarsızdır. İddiaçının bu sənədin mahiyyətindən məlumatı olmadığından həmin sənədi işə Rayon Məhkəməsində baxılan zaman məhkəməyə təqdim olunması mümkün olmamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verilmiş izahatlar barədə məlumat

11. İddiaçı – apellyator İddiaçı1 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

12. İş üzrə üçüncü şəxs olan Kamran Dadaşev və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər.

14. İş üzrə digər şəxslər apellyasiya baxışı iclasında iştirak etməmişlər.

15. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

16. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbi tam rədd etsə də, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş İddiaçı1 isə şikayətdə qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə, o cümlədən digər iddiaçılara aid hissədə təmin edilməsini xahiş edir.

17. Bununla bağlı Məhkəmə bildirir ki, İddiaçı1 qətnamənin tam, yəni digər iddiaçılara aid hissəsini mübahisələndirə bilməz. Çünki o, digər iddiaçıların adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər iddiaçıların nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil.

18. Odur ki, Məhkəmə, MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin digər iddiaçılar aid hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 620957 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Həmid Dadaşov xx.xx.1996-cı il tarixdə ölmüşdür.

21. İş üzrə tərəflərin bildirdiklərindən və işdə olan sənədlərdən görünür ki, mərhum Həmid Dadaşovun 9 övladı olmuşdur. Onlardan 5-i, yəni Aydın, Oqtay, (üçüncü şəxs Kamran Dadaşevin atası) Hacı, Nəriman və (iddiaçılar Şahin və İddiaçı5ların anası) Rəfiqə vəfat etmişlər.

22. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 mərhum Həmid Dadaşovun övladları, iddiaçılar İddiaçı4, İddiaçı5 və iş üzrə üçüncü şəxs olan Kamran Dadaşev mərhumun nəvələridir.

23. Vəfat etməsi məqamına Həmid Dadaşovun mülkiyyətində 2 daşınmaz əmlak, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi olmuş və onun ölümündən sonra miras qalmışdır.

24. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi cavabdeh Fəridə Rəfiyeva nın mülkiyyətində olmuşdur.

25. Həmin Xidmət tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi cavabdeh Fəridə Rəfiyevanın mülkiyyətində olmuşdur.

26. İddiaçıların bildirdiklərindən və işdə olan sənədlərdən görünür ki, iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı3 və iddiaçılar İddiaçı4, İddiaçı5 anası (sonradan vəfat etmiş) Rəfiqə Məlikova 2013-cü ilin dekabr ayının beşində və altısında ərizələr (həmin ərizələr notarius tərəfindən reyestrdə 7E-9-4862, 7E-9-4863, 7E-9-4864 və 7E-09-4897 nömrə altında qeyd edilmişdir) ilə 35-ci Notariat Kontoruna müraciət edərək, miras əmlakı onlar tərəfindən nə faktiki, nə də ki, qanun üzrə qəbul edilməməsini və miras əmlakı gələcəkdə də qəbul etmək istəmədiklərini bildirmişlər.

27. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-571/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs olan) Kamran Dadaşevin cavabdeh (hazırkı iş üzrə də cavabdeh) Cavabdeh1 və cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs olan) 35 saylı Notariat Ofisinə qarşı irəli sürdüyü “mirasın qəbul edilmiş hesab edilməsi, qanun üzrə mirasın qəbul edilməsi haqqında şəhadətnamənin, həmin şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, mərhum Həmid Dadaşovdan miras qalmış və yuxarıda qeyd edilən miras əmlakların – 2 fərdi yaşayış evinin miras əmlak kimi Kamran Dadaşev tərəfindən qəbul edilmiş hesab edilməsi, Fəridə Rəfiyevanın adına xx.xx.2016-cı və xx.xx.2013-cü il tarixlərdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin və həmin Şəhadətnamələr əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Fəridə Rəfiyevanın adına verilmiş RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı “Çıxarışların” ləğv olunması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən (iş № 2(103)-9709/2019) görünür ki, həmin qətnamə ilə həmin iş üzrə üçüncü şəxslər (hazırkı iş üzrə iddiaçılar) İddiaçı1 və X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamədən verdikləri apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni mərhum Həmid Dadaşovdan miras qalmış əmlakların Kamran Dadaşev tərəfindən qəbul edilmiş hesab edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir.

29. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin qeyd edilən hissəsinin ləğv edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası onunla əsaslandırmışdır ki, miras əmlakın qəbulu məsələsi şəxsin vərəsə kimi qəbul edilməsi üçün zəruri şərtdir. Həmin hissədə iddiaçının tələbi olmadığı halda apellyasiya şikayətində qeyd olunan şəkildə iddiaçı tərəfindən miras kütləsinin yalnız onun payına mütənasib hissəsinin qəbul edilməsi barədə qətnamə qəbul edilməsi mümkün deyildir.

30. Göstərilənlərə əsasən apellyasiya baxışının predmeti olan hissədə işin halı kimi müəyyən edilir ki, apellyator İddiaçı1 atası Həmid Dadaşov xx.xx.1996-cı il tarixdə ölmüşdür. İddiaçı1 xx.xx.2013-cü il tarixdə 35 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakı onun tərəfindən nə faktiki, nə də ki, qanun üzrə qəbul edilməməsini və miras əmlakı gələcəkdə də qəbul etmək istəmədiyi bildirmişdir.

31. Bunları nəzərə alan Məhkəmə bildirir ki, xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasında qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələbləri ondan ibarət olmuşdur ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir (hissə İ.). Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur (hissə İİ.).

32. Həmin Məcəllənin 556-cı maddəsinin tələbləri isə ondan ibarət olmuşdur ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən 6 ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər (hissə İ.). Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur (hissə İİ.). Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir (hissə İİİ.).

33. Hazırda İddiaçı1 miras əmlakı faktiki surətdə qəbul etdiyini (yəni həmin əmlaklarda müəyyən təmir-tikinti işləri aparması və s.) bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir.

34. Bu hallar müəyyən edildiyindən, atasının vəfat etdiyi xx.xx.1996-cı il tarixdən sonra İddiaçı1 6 ay müddətində miras əmlakdan notariat qaydasında imtina etməməsi anlaşılandır. Çünki işin hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən yanaşdıqda müəyyən edilir ki, İddiaçı1 atası Həmid Dadaşovdan qalmış miras əmlakı hər hansı bir qaydada qəbul etməmişdir.

35. Bu baxımdan müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

36. Yuxarıda artıq qeyd edildiyi kimi, İddiaçı1, atasının vəfat etməsində təxminən 17 il keçdikdən sonra, yəni xx.xx.2013-cü il tarixdə 35 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək atasından miras qalmış əmlakı onun tərəfindən nə faktiki, nə də ki, qanun üzrə qəbul edilməməsini və miras əmlakı gələcəkdə də qəbul etmək istəmədiyi bildirmişdir.

37. Bununla bağlı Məhkəmə bildirir ki, xx.xx.2000-ci il tarixdən hazıra kimi qüvvədə olan Mülki Məcəllənin mirasın qəbulu ilə bağlı tələblərinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246.).

38. Mülki Məcəllənin mirasın qəbulundan imtina ilə bağlı tələblərinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256.). Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (maddə 1268.1.).

39. Qeyd edilən bu maddi hüquq normalarının tələblərində işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, İddiaçı1 atası Həmid Dadaşovdan qalmış miras əmlakı istər əvvəlki, istərsə də hazırda qüvvədə olan Mülki Məcəllələri ilə müəyyən edilmiş müddətdə və hər hansı bir qaydada qəbul etməmişdir. Buna baxmayaraq onun iddiasının “mirasdan imtina barədə ərizənin ləğv edilməsi barədə” hissəsi təmin edilə bilməz, çünki miras qəbul edilməyibsə, mirasdan imtina əhəmiyyətsizdir.

40. Bu baxımdan müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

41. İddiaçı1 iddia ərizəsində və apellyasiya şikayətində bildirir ki, onun tərəfindən 35 saylı Notariat Ofisinə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədə o, miras əmlakdan imtina etməsini göstərilməmiş, həmin ərizə miras əmlaklara dair bacıları olan cavabdeh Fəridə Rəfiyevanın adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilməsi məqsədi ilə yazılmışdır.

42. Məhkəmə, apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, İddiaçı1 tərəfindən yazılmış həmin ərizə onun bildirdiyi məzmunda deyil. O, həmin ərizəsində qeyd etmişdir ki, atasından miras qalmış əmlak onun tərəfindən nə faktiki, nə də ki, qanun üzrə qəbul edilməmiş və o, miras əmlakı gələcəkdə də qəbul etmək istəmir.

43. İddiaçı1 qətnamədən verdiyi apellyasiya şikayətində həmçinin bildirir ki, o, xx.xx.1997-ci il tarixdə Bakı Şəhəri 10 saylı Notariat Kontorundan “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə almışdır. Buna görə də onun iddia tələbi və apellyasiya şikayəti əsaslı hesab edilməlidir.

44. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman İddiaçı1 bu xüsusatı Rayon Məhkəməsinə bildirməmiş, bunu apellyasiya şikayətində göstərmiş və apellyasiya icraatı zamanı həmin Şəhadətnamənin 10 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilməsi ilə bağlı 2B-15 saylı notariat işinin surətini Məhkəməyə təqdim etmişdir.

45. İddiaçı1, onun tərəfindən həmin dəlilin Rayon Məhkəməsinə bildirilməməsini və 2B-15 saylı notariat işinin surətinin Rayon Məhkəməsinə təqdim edilməməsini ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.

46. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).

47. Odur ki, qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, İddiaçı1 təqdim etdiyi yeni sübut gecikdirlmiş sübut kimi qiymətləndirilməli, bu səbəbdən qəbul edilməməli və onun əsaslılığına hüquqi qiymət verilməməlidir.

48. Buna görə də, Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini əsassız hesab edir. g) apellyasiya baxışının nəticəsi

49. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

51. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh və Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş digər iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

52. İddiaçı1 apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

53. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar