Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1926/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Bakı şəhəri 06 saylı notariat ofisinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(011)-6760/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1, Cavabdeh3 MMC-yə və Bakı şəhəri 06 saylı notariat ofisinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək (sonradan tələbin həcmini artırmaqla), "xxxx" MMC ilə Cavabdeh1 arasında 26.07.2011-ci il tarixdə bağlanmış 167 saylı müqavilənin, 19.09.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın, 13.10.2020-ci il tarixli, 4Ə-1072 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin, 19.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə 100 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38 saylı evin 22-ci mərtəbə 2 saylı mənzilin) ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmin tədbiri barədə ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisə predmeti olan mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(011)- 6760/2021 saylı qərardadı ilə (hakim Sərdar Mehrəliyev) ərizə qismən təmin edilərək, mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(011)- 6760/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuş, eyni zamanda həmin tarixli qərardadla mənzilin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Qərardaddan narazı qalan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(011)- 6760/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddianın rədd olunması barədə qətnamənin qanuni qüvvəyə minməməsi və. s kimi əsaslandırmışdır. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Cavabdeh1, şikayətə etiraz təqdim edərək, bilirmişdir ki, mübahisə predmeti olan mənzil Cavabdeh3 MMC tərəfindən 26.03.2011-ci il tarixli müqavilə ilə ona satılmış və o, hər ay mənzilə gəlmiş, oranı təmir etdirmək istəmiş, lakin binada təmir işlərinə icazə verilmədiyindən edə bilməmişdir. 2018-ci ildə mənzildə başqa şəxs tərəfindən xırda təmir işlərinin aparıldığını gördükdən sonra isə MMC-yə qarşı mənzilin ona təhvil verilməsi barədə iddia ilə müraciət etmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiası təmin olunmuş, eyni zamanda, mənzilə dair iddiaçının adına tərtib olunmuş müqavilənin etibarsız olduğu müəyyən edilmişdir. Digər cavabdehlərdən isə şikayətə etiraz, həmçinin hər hansı tərəfin işə məhkəmə iclasında baxılması barədə vəsatəti daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın təmini tədbiri barədə qərardadın qəbulu zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in hazırda qüvvədə olan 162.1-ci və 162.2-ci maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. MPM-in 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Baxılan işdən görünür ki, iddiaçı mübahisəli mənzilin ona məxsus olduğuna istinad edərək, mənzilə dair cavabdehlər tərəfindən bağlanmış müqavilələrin və onların adına verilmiş çıxarışların etibarsız hesab ediləsini tələb etmiş, eyni zamanda iddianın təmin tədbiri barədə (müvəqqəti təminat tədbiri) ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qutaranadək mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ərizəsi qismən təmin edilərək, mənzilin üzərinə həbs qoyulmuş, sonradan isə iddianın rədd olunması barədə qətnamə ilə eyni vaxtda görülmüş həmin təminat tədbiri ləğv edilmişdir. Məhkəmə bu barədə qərardadını, müvəqqəti təminat tədbirlərinin cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi daşıması və iddiaçının iddia tələbinin rədd edilməklə cavabdehə məxsus əmlakın üzərində həbsin qalmasının sonuncunun hüquqlarının pozulması ilə nəticələnəcəyi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, qanunverici, iddia rədd edildiyi halda məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbirinin qətnamə qanuni qüvvəyə minənədək saxlanılmasını qayda kimi müəyyən etməklə yanaşı, məhkəmə tərəfindən qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra təminat tədbirini ləğv etmək haqqında qərardad çıxarılması imkanını da nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmeti olan mənzilə dair “Sahil-D Kompani" MMC ilə Cavabdeh1 arasında 26.07.2011-ci il tarixli müqavilə bağlanmış, bundan sonra sonuncu, müqavilə üzrə öhdəliyin icra edilməməsi əsası ilə MMC-yə qarşı mənzilin ona təhvil verilməsi barədə iddia qaldırmış və həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-7288/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Bunun nəticəsində mənzil, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyatdan keçmiş, 13.10.2020-ci il tarixdə onun tərəfindən daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında Cavabdeh2 hədiyyə edilmiş və 19.10.2020-ci il tarixdə sonuncunun adına qeydiyyatdan keçməklə, hazırda onun mülkiyyətindədir. Hazırkı iş üzrə İddiaçı Xətai Rayon Məhkəməsinin həmin qətnamədən maraqlarına toxunulan şəxs qismində apellyasiya şikayəti verərək, sözügedən mənzilin əslində MMC tərəfindən ilk dəfə 11.01.2008-ci il tarixdə X1, 16.03.2018-ci il tarixdə isə tərəfindən dəyəri K.X.Xudiyevaya tam şəkildə ödənilməklə MMC ilə arasında bağlanmış müqavilə ilə ona satıldığını bildirmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.07.2021-ci il tarixli, 2(103)-2582/2021 saylı qətnaməsi ilə şikayəti təmin edilməmiş və qətnamədə qeyd olunmuşdur ki, maraqlarına toxunulan şəxsin mübahisəli mənzilə dair bağlanmış müqaviləsi qanuni və etibarlı sayıla bilməz. Çünki, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə X3 arasında 11.01.2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı" İddiaçı ilə bağlandığı göstərilsə də, Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin Cavabdeh1 ilə bağlanmış müqavilədən tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamil Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, lakin olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatında bəlli olur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. İddiaçılə bağladığı müqaviləni təzyiq altında imzalamışdır. Lakin, sonradan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzili iddiaçıya aid olduğu göstərilmişdir. Siyahı əsasındada mənzillərin qanuni sahiblərinə çıxarışlar verilmişdir. Ona görə də, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilə dair guya MMC ilə X3 arasında 11.01.2008-ci ildə müqavilə bağlanması inandırıcı və ağlabatan olmadığından həm 11.01.2008-ci il, həm də 16.03.2018-ci il tarixli müqavilələr etibarlı sayıla bilməz. İddiaçı qeyd olunan qətnamədən verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2021-ci il tarixli, 2(103)- 6011/2021 saylı qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, “Sahil-D Kompani" MMC ilə Cavabdeh1 arasında mübahisəli mənzilə dair bağlanmış 26.07.2011-ci il tarixli, 167 saylı müqavilənin etibarlılığı (hüquqi müstəvidə keçərli olması) qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və bunun nəticəsində sonuncunun mülkiyyət hüquqları daşınmaz əmalkın dövlət reyetsrində qeydiyyata alınmaqla, onun tərəfindən qanunla müəyyən edilmiş qaydada üçüncü şəxsə özgəninkiləşdirilmişdir. MPM-in 157.5-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, qanunverici müvəqqəti təminat tədbirinin tətbiqini həmçinin iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu ilə əlaqələndirmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər arasında mənzilə dair bağlanmış müqavilələrin etibarsızlığı barədə iddianın təmin olunması üçün görülmüş müvəqqəti təminat tədbirinin (mənzilin üzərinə qoyulmuş həbsin) ləğv edilməsi qanunvericinin bununla bağlı müəyyən etdiyi məqsədlərə zidd deyildir. Çünki, bu formada təminat tədbiri adekvat olmamaqla, mülkiyyətçinin öz əmlakı ilə bağlı sahib olduğu hüquqlardan bununla bağlı qanunun tələb etdiyi şəkildə ciddi əsaslar olmadan məhrum edilməsi demək olardı. Halbuki, MPM-in 157.6-cı maddəsinin tələbinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Bakı şəhəri 06 saylı notariat ofisinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(011)-6760/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(011)- 6760/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1926/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1926/2022
15.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver