Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1928/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh2 və onun vəkili və nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(011)-1005/19 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, mənzildən çıxarılma, mənzilə mülkiyyət hüququnun tanınması, mənzilin qaytarılması, mənzildən sahiblik və istifadə hüququnun təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347- 48-ci məhəllədə yerləşən MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 68,8 kv.m olan 46 nömrəli mənzilinin tikintisi haqqında bağlanmış 04.02.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin Cavabdeh2 qeyri-qanuni sahibliyindən götürülməsi və bütün əmlakı ilə mənzildən hər hansı qeyd-şərt olmadan çıxarılması, mənzilə özünün mülkiyyət hüququnun tanınması, mənzilin ona qaytarılmasının və mənzildən sahiblik və istifadə hüququnun tam təmin edilməsinin Cavabdeh1 MMC-yə bir vəzifə kimi həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(011)-1005/19 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 68,8 kv.m olan 46 saylı mənzilinin tikintisi haqqında bağlanmış 04.02.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48- ci məhəllədə yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 68,8 kv.m olan 46 saylı mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 1-ci giriş, 7-ci mərtəbə, 1 otaq, ümumi sahəsi 68,8 kv.m olan 46 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi qət edilmiş, iddia tələbi “mənzilə mülkiyyət hüququnun tanınması” hissəsində təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(011)-1005/19 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddətini tətbiq etməklə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2(102)-7934/2019 saylı Qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 05 avqust 2019-cu il tarixli, 2(103)- 10045/19 saylı qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili və nümayəndəsi X8 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının İddiaçı vəkili və nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının 12 mart 2020-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, mübahisəli mənzili “Əzizbəyov- KM” dən almışdır. Şirkətdə “mənzilin təmizliyi”nə dair sənədlər ona göstərilmişdir. Mənzili aldıqdan iki ay yarımdan sonra evi təmir etmiş və bu zaman heç kim gəlib ona heç nə deməmişdir. Mənzili 49 500 manata almış və əlavə 27 000 manat pul qoyub, 67500 manata daşınmaz əmlakların satışına dair internet saytı vasitəsilə hazırkı iş üzrə Cavabdeh2 satmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləməklə, əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatını, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2(102)-7934/2019 saylı Qərarındakı göstərişləri nəzərə almaqla hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(011)-1005/19 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69 kv.m olan 46 saylı 1 otaqlı mənzildir. Həmin mənzilə dair Cavabdeh1 MMC tərəfindən 3 müqavilə bağlanmışdır: birinci müqavilə 26.07.2011-ci il tarixdə İddiaçı Fəhrad oğlu ilə; ikinci müqavilə 30.04.2015-ci il tarixdə X5 ilə; - üçüncü müqavilə 04.02.2016-ci il tarixdə Cavabdeh2 ilə bağlanmışdır. Mənzildə təmir işləri 2015-ci ildə Nizami Hüseynov tərəfindən aparılmışdır və 2016-cı ildən etibarən orada Cavabdeh2 yaşayır. Cavabdeh2 mübahisəli mənzildə yaşaması iddia ərizəsində də etiraf olunur. İddiaçının tələbi mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 04.02.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin Cavabdeh2 qeyri-qanuni sahibliyindən götürülməsi və bütün əmlakı ilə mənzildən hər hansı qeyd-şərt olmadan çıxarılması, mənzilə iddiaçının mülkiyyət hüququnun tanınması, mənzilin ona qaytarılması, mənzildən sahiblik və istifadə hüququnun tam təmin edilməsinin Cavabdeh1 MMC-yə bir vəzifə kimi həvalə edilməsi barədədir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139, 146, 152.1, 157.2, 324, 337, 354-cü və MPM-nin 82.4-cü maddəsini rəhbər tutaraq iddia tələbini “mənzilə mülkiyyət hüququnun tanınması” hissəsi istisna olmaqla qalan hissələrdə əsaslı saymış və təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2(102)-7934/2019 saylı Qərarında qeyd olunur ki, “apellyasiya instansiyası məhkəməsi nə qədər ki MPM-nin 82.4-cü maddəsini rəhbər tutaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.10.2018-ci il tarixli hökmünün hazırkı iş üzrə preyudisiallığını qəbul edir, iddiaçının həmin cinayət işinin istintaqı zamanı verdiyi ifadə ilə müəyyən edilən halların (faktların) preyudisiallıq keyfiyyəti daşıyıb-daşımamasına da qiymət verməlidir. Adı çəkilən hökmdən görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş kimi verdiyi ifadəsində 07.09.2016-cı ildə mübahisəli mənzilə getdiyini və orada Cavabdeh2 yaşadığını gördüyünü göstərmişdir. Hazırkı iş üzrə əqdin etibarsız hesab olunması barədə iddia isə məhkəmədə 31.10.2018-ci ildə qaldırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən İddiaçı tərəfindən hazırkı iş üzrə iddia qaldırılanadək, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin buraxılıb-buraxılmadığı bir daha ətraflı tədqiq edilməli və qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti yox, əqdi mübahisələndirmək hüququ verən “kəsici” müddətdir və bu müddətin tətbiq olunması üçün ərizəyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin, o cümlədən, “kəsici” müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009- cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin də tələbi pozulmuşdur. Belə ki, hazırkı işdə Nizami Hüseynovla bağlanmış 30.04.2015-ci il tarixli müqavilə mübahisələndirilməsə də, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində həmin əqdə qiymət verərək onun əhəmiyyətsiz əqd olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçıya mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasına dair cavabdeh tərəfin, 3-cü şəxsin və şahidin ifadələrində göstərilənlər cinayət işi üzrə hökmlə müəyyən olunmuş hallar nəzərə alınmaqla ətraflı araşdırılmalı və qiymət verilməlidir. Eləcə də, işə yenidən baxan məhkəmə mübahisəli mənzilin 2015-ci ildə Nizami Hüseynov tərəfindən təmir olunduğunu və hazırda orada cavabdehin yaşadığını nəzərə alaraq sonuncunun hərəkətlərində hər hansı qanunsuzluq olub-olmamasına, mübahisələndirilən əqd bağlanarkən hər hansı qanun pozuntusuna yol verilib-verilməməsinə, Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına da qiymət verməlidir.” Məhkəmə kollegiyasının 12 mart 2020-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, mübahisəli mənzili “Əzizbəyov- KM” dən almışdır. Şirkətdə “mənzilin təmizliyi”nə dair sənədlər ona göstərilmişdir. Mənzili aldıqdan iki ay yarımdan sonra evi təmir etmiş və bu zaman heç kim gəlib ona heç nə deməmişdir. Mənzili 49 500 manata almış və əlavə 27 000 manat pul qoyub, 67500 manata daşınmaz əmlakların satışına dair internet saytı vasitəsilə hazırkı iş üzrə Cavabdeh2 satmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 1(101)-97/2018 saylı cinayət iş üzrə hökmündə qeyd olunur ki, zərərçəkmiş şəxs İddiaçı ifadəsində bildirmişdir ki, 08 dekabr 2007-ci il tarixdə “xxxx” MTK nın ofisinə gedib. Gülmalıyevdən 46 nömrəli mənzili almış, mənzilin qiymətinin 39560 manata olması barədə razılaşıb 2010-cu ilin iyul ayına kimi ödəniş haqqını hissə-hissə olaraq tam ödəmişdir. Rusiya Fedarasiyasında yaşadığı üçün mənzilinə baş çəkə bilməmiş və 07 sentyabr 2016-cı il tarixdə mənzilə baxmağa gedəndə Vahabova soyadlı qadının orada yaşamasını görmüşdür. Mənzili aldıqdan sonra heç kimə, eləcə də Vahaboya satmamış və onun kim olmasını bilmir. (hazırkı mülki iş üzrə materialların 206-cı səhifəsinin yuxarıdan aşağıya doğru 2-ci abzası) MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ Qərarında qeyd olunur ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 07 sentyabr 2016-cı il tarixdə mənzildə Cavabdeh2 orda yaşadığını bilmiş, lakin iddia ərizəsini 30 oktyabr 2018ci il tarixdə məhkəməyə vermişdir. Beləliklə, o kəsici müddəti ötürmüşdür. Məhkəmə kollegiyası tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsininin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmçinin həmin Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı 04.02.2016-cı il tarixli müqaviləni mübahisələndirmə hüququ verən müddət ötürüldüyündən iddia tələbi rədd olunmalıdır. Ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Ona görə də 04.02.2016-cı il tarixli müqavilənin etibarsızlığı ilə bağlı tələb rədd olunduğundan bu tələbdən irəli gələn digər tələblər də təmin oluna bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunaraq, qətnamə ləğv olunmalı və iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(011)-1005/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1928/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1928/2020
21.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver