Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-193/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 15.020,64 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2004-cü ildə inşa etdiyi və Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evini inşa etdikdən təqribən 5 il sonra evə digər kommunal xidmətlərlə yanaşı qaz xətti də çəkilmiş və qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00000). Qaz sayğacı quraşdırıldıqdan sonra təqribən 2 il ərzində heç bir problem olmadan təbii qazdan istifadə etmiş və vaxtlı-vaxtında ödənişləri etmişlər. Bir müddət sonra özünü cavabdeh Birliyin Binəqədi rayonu üzrə nəzarətçisi kimi təqdim etmiş Rövşən adlı şəxs qaz sayğacını açaraq idarə tərəfindən yoxlanılması üçün özü ilə aparmışdır. Həmin gün, axşam, Rövşən iddiaçının ərinin telefonuna zəng edərək sayğacı gətirib yerinə quraşdırması üçün 100 manat pul istəmişdir. İddiaçının əri isə təbii qaza görə borcunun olmadığını və sayğacı idarəyə verməsini Rövşənə bildirmişdir. Təqribən 1 ay müddətində sayğac qaytarılmamışdır. İddiaçı Birliyə gedərək, Birliyin məsul əməkdaşlarından birinə Birliyin Binəqədi rayonu üzrə İdarəsinin nəzarətçısi olan Rövşənin hərəkətlərindən şikayətlənmiş və həmin əməkdaş iddiaçıya bildirmişdir ki, Rövşən iddiaçıdan başqa 10 nəfərdən çox abonentdən də eyni qaydada pul istədiyinə, pul verilmədiyi üçün sayğacları tulladığına görə işdən qovulmuşdur. İddiaçı dəfələrlə Birliyə və Birliyin Binəqədi rayonu üzrə İdarəsinə müraciətlər etsə də, sayğacı gətirib quraşdıran olmamışdır. Bundan təqribən 6 ay sonra qaz sayğacını gətirib həyətdəki qaz xəttinə qoşalarda, həmin xətti evə gedən qaz xəttini qoşmamışlar. İddiaçıgil bir müddət evi odunla, taxta ilə qızdırmışdır, lakin bunun mümkünsüz olduğunu görüb xəttə sayğacdan kənar qoşulmuşlar. Bundan bir müddət sonra ünvana gəlmiş Birliyin əməkdaşı iddiaçıya məlumat vermədən xəttə və sayğaca baxış keçirmiş, qaz xəttinə qanunsuz qoşulma barədə akt tərtib etmiş və aşkar olunmuş fakta görə iddiaçını cərimə edəcəklərini demişdir. 2022-ci ilin sentyabr ayında Baş idarədə olarkən iddiaçıya bildirmişlər ki, qaz istehlakına görə borcu yaranmış və ona bir neçə ilin aktlarını təqdim etmişlər. İddiaçının həmin aktlardan məlumatı olmamış, aktlar ərazidə tərtib olunmamış, aktlar tərtib olunarkən iddiaçının iştirakı təmin olunmamış və iddiaçı onlara imza etməmişdir. İddiaçı yuxarıda qeyd edilənləri əsasən hesab edir ki, Birliyin ona bu kimi borc hesablaması əsassızdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçının abonent hesabına hesablanmış 15.020,64 manat məbləğində borcun silinməsini, 135,06 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Birlikdən alınaraq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşdüyü halda, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda “sayğacdan qeyri-qanuni istifadə aşkar edildi” qeyd edilmiş, lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə 15.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, cavabdeh tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi hesabatların doğru olubolmadığını yoxlamaq üçün mühasibatlıq və faktın müəyyən edilməsi üçün trasoloji ekspertiza təyin etməmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli rəydə göstərilənləri əsassız hesab edir və buna görə də, xahiş edir ki həmin rəy Məhkəmə tərəfindən nəzərə alınmasın.
8. İddiaçı isə işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. İş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan üzrə cavabdeh Birliyinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli 309 saylı, xx.xx.2020-ci il tarixli 07/675 saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş həmin aktlarda qeyd edilmişdir ki, “sayğacdan qeyri-qanuni istifadə aşkar edildi”.
10. Həmin aktlara uyğun olaraq cavabdeh Birlik tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamələr” əsasında hesablanmış 15.020,64 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir.
11. İddiaçının yaşadığı və yuxarıda qeyd edilmiş ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu: **********00000) Rayon Məhkəməsi tərəfindən yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin evi təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir.
12. Rayon Məhkəməsi iddianın təmin edilməsi zamanı bu halı da əsas götürmüşdür.
13. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki iddiaçı, cavabdeh Birliyə qarşı irəli sürdüyü iddia ərizəsində özü qeyd edir ki, onun dəfələrlə etdiyi müraciətlərdən sonra, təxminən 6 ay sonra qaz sayğacı yerinə, yəni həyətdəki qaz xəttinə quraşdırılsa da, həmin xətti evə gedən qaz xəttinə qoşmamışlar. Bu səbəbdən də, onlar bir müddət evi odunla, taxta ilə qızdırmış, lakin bunun mümkünsüz olduğunu görüb xəttə sayğacdan kənar qoşulmuşlar.
14. Cavabdeh Birlik də apellyasiya şikayətində həmin hala istinad edir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
16. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi etirafedici ifadələri əsas götürərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması faktı təsdiq olunmuş hesab edilməlidir.
17. Bu qənaətə gəlmiş Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması faktı təsdiq olunmuş olsa belə, cavabdeh Birlik tərəfindən borcun məbləği düzgün hesablanmamışdır.
18. Belə ki, apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli, 9/8327 №-li rəyindən görünür ki, cavabdeh Birlik tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktlar üzrə iddiaçının Birliyə olan borcunun məbləği cəmi 1.635,84 manat təşkil edir.
19. Cavabdeh Birliyin nümayəndəsi ekspert rəyi ilə müəyyən edilmiş borcun məbləği ilə razı olmadığını bildirsə də, bunu təkzib edəcək hər hansı sübutu Məhkəməyə təqdim edə bilməmişdir. Ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və mötəbərliyini şübhə altına alacaq hər hansı əsas müəyyən edilməmişdir.
20. Odur ki, Məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, iddiaçının cavabdeh Birliyə ödəməli olduğu borcun məbləği həmin rəyə uyğun olaraq 1.635,84 manat müəyyən edilməlidir. Cavabdeh birliyin iddiaçıdan ödənilməsini tələb etdiyi borcun qalan hissəsi, yəni (15.020,64 – 1.635,84 =) 13.384,80 manat borc əsassız hesab edilməlidir.
21. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.).
22. Belə olan halda, iddiaçının iddiası qismən, yəni 13.384,80 manat məbləğində borcun silinməsi barədə hissəsi əsaslı hesab edilməlidir.
23. Beləliklə, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh Birliyin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış 13.384,80 manat məbləğində borc silinməlidir.
24. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Ödənilmiş tələbin məbləğini nəzərə alan Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin 11%-i iddiaçıya, 89%-i isə cavabdeh Birliyə aid edilməlidir.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçı, istehlakçı hüququnun pozulması ilə əlaqədar iddia verdiyi üçün dövlət rüsumu ödəməkdən azaddır.
27. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu 135,06 manat, apellyasiya şikayətinin verilməsi üçün isə 67,53 manat təşkil edir. Belə olan halda məhkəmə xərclərinin cavabdeh Birliyə aid hissəsi ((135,06 + 67,53) x 89% =) 180,30 manat təşkil edir.
28. Cavabdeh Birliyin apellyasiya şikayəti verərkən 67,38 manat dövlət rüsumu ödəməsi nəzərə alınarsa, son nəticədə, (180,30 – 67,38 =) 112,92 manat məbləğində dövlət rüsumu cavabdeh Birlikdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
29. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti 1.635,84 manat təşkil edir ki, həmin məbləğ beş min manatdan azdır.
31. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli qətnamə qismən, yəni iddianın tam təmin edilməsi hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********00000) hesablanmış 13.384,80 (on üç min üç yüz səksən dörd manat səksən qəpik) manat məbləğində borc silinsin. 112,92 (bir yüz on iki manat, doxsan iki qəpik ) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.