Məhkəmə qərarları › İş №2(103)-1931/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1931/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1931/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)-1734/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 manat məbləğində əsas borc, həmin məbləğə illik 5% dərəcəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmış 875 manat məbləğində faiz borcu, cəmi 30.875 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və kredit müqaviləsinin notariat qaydasında təsdiq olunmasına görə çəkilmiş 6 manat məbləğində xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə xx.xx.2019-cu il tarixədək qaytarılması şərtilə 40.000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini pozaraq Kredit müqaviləsi üzrə borcun 10.000 manat məbləğində hissəsini qaytarmış, yerdə qalan 30.000 manat məbləğində hissəsini isə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdehə qalıq borcun qaytarılması barədə telefon vasitəsilə dəfələrlə zəng edilsə də, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin bu normasına əsasən, cavabdeh Kredit müqaviləsi üzrə borc məbləğinin qaytarılmasını gecikdirdiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 875 manat məbləğinə faiz də ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 1734/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borc müqaviləsi üzrə ödənilməli olan 30000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 30030 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuzdur, iddiaçıya bir dəfə notarial qaydada 10.000 manat, bir dəfə də dostlarının iştirakı ilə 10.000 manat qaytarmış, cəmi 20.000 manat borcu qalmışdır. Məhkəmə iclasında X4 şahid qismində iştirak etmiş və göstərmişdir ki, onunla birlikdə Vidadi ilə görüşmüş və ona 10.000 manat pul qaytarmışdır. İddiaçı da məhkəmədə X4 və onunla bir yerdə görüşdüklərini etiraf etmişdir. Bu halı təsdiq edən digər şahidlər də var, lakin məhkəmə onların dindirilməsi üçün imkan yaratmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili şikayətin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxx 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən İddiaçı 40000 manat məbləğində pulu borcalan Cavabdeh borc vermiş, Cavabdeh borcu xx.xx.2019-cu il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. xx.xx.2019-cu il tarixli **********548 saylı ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı borc aldığı 40000 manatın 10000 manatını İddiaçı qaytarmışdır. İş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, onunla Rasim arasında dostluq münasibəti var. Rasim 3 il bundan əvvəl Vidadiyə 10000 manat pul qaytarmışdır. Belə ki, pulun məbləğini görməsə də, Rasim 10000 manat verəcəyi olduğunu demişdir. Tərəflər arasında borc münasibətləri mövcud olduğundan iddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Borcun 10000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Lakin cavabdeh bundan başqa da 10.000 manat verdiyini iddia edərək, cəmi 20.000 manat borcunun qaldığını qeyd edir ki, bu halı da təsdiq edən sübutlar nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı təqdim edilməmişdir, yəni cavabdeh istinad etdiyi halı sübut edə bilməmişdir. Cavabdeh apelyasiya şikayətində bu halı təsdiq edən başqa şahidlərinin də olduğunu qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəf birinci instansiya məhkəməsində də başqa şahidlər gətirə biləcəklərini bildirmiş və bu məqsədlə məhkəmə iclası təxirə salınmış (i.v.56), növbəti iclasda isə şahidin gələ bilmədiyini və bu məqsədlə yenidən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Görünən odur ki, məhkəmə tərəfindən şahidlərin gətirilməsi üçün cavabdehə vaxt verilmişdir. Kollegiya onu da qeyd edir ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2019-cu il tarixli qərarda əks olunmuş Cavabdeh izahatından müəyyən olunur ki, o, iddiaçıdan aldığı 40.000 manat borcdan yalnız 10.000 manatını qaytarmış, 30.000 manat isə borclu qalmışdır. Cavabdeh göstərdiyi halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1734/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar