Məhkəmə qərarları › İş №2(103)-1933/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1933/2023

03.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1933/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməyib) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(011)-5210/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdehnə qarşı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh tərəfindən yazılmış 1444,80 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(011)- 5210/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********10085) üzrə İddiaçı hesablanmış 1432,80 ( min dörd yüz otuz iki manat, səksən qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 34,32 (otuz dörd manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

3. Həmin qətnamədən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(011)-5210/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, prosessual müddətin bərpası barədə ərizənin də əlavə olunduğu şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

8. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(011)-5210/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Belə ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpası haqqında cavabdeh tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda, bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürübötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vürmədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir.

12. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş müddətin bərpası haqqında ərizəyə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(011)- 5210/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar