Məhkəmə qərarları › İş №2(103)-1933/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1933/2025

15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1933/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda (abunə kodu- **********10001) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın ekranının oxunmadığı və s. aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2013-cü il tarixli SH 006798 saylı, 25.02.15-ci il tarixli SH 011814 saylı, xx.xx.2015-ci il tarixli NDM 549 saylı və xx.xx.2021-ci il tarixli R230059 saylı aktlar tərtib edilmiş və bu aktlara əsasən iddiaçıya 1.176,89 manat (405,24+394,14+298,32+79,19) əlavə ödəniş hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi məbləğin qalan hissəsi onun sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi borcdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evinə (kod: **********10001) hesablanmış 1.993,36 manat cərimə borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılmış işıq sayğacı yandığı üçün "xxxx" ASC-nin əməkdaşları tərəfindən işıq sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Bir müddət keçdikdən sonra işıq pulunu ödəyən zaman onun işıq koduna 1.993,36 manat borc yazıldığını görmüşdür. Həmin borcu öyrənmək üçün işıq idarəsinə getmiş, oradan ona bildirdilər ki, işıq sayğacı yandığı üçün ona cərimə hesablanmışdır. Onun tərəfindən vaxtında elektrik enerjisinin dəyəri ödənilib. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, o, istifadə etdiyi işığın dəyərini daim vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. İşıq sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. O, istifadəsində olan işıq sayğacına müdaxilə etməmiş və istifadə etdiyi elektrik enerjisinin dəyərini artıqlaması ilə daim ödəmişdir. Bundan başqa işıq idarəsindən hesabatın necə aparaldığı barədə sənədləri istəmiş, yalnız ona abonent saldosu təqdim edilmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq "xxxx" ASC-nin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləyə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Lakin göründüyü kimi "xxxx" ASC birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış, əsaslarla iddiaçıya aid abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə yuxarıda sadalanan qanunun tələblərini pozmuşdur. Belə ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Eyni zamanda tərtib olunmuş saxta akta əsasən cərimənin hesablanmasının hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göründüyü kimi "xxxx" ASC Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir.

4. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş aktlar əsasında iddiaçıya (abunə kodu: **********10001) itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə əlavə sərfiyyat hesablanmışdır, abonentin abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx.xx.2013-cü il tarixli SH 006798 saylı akta görə 405.24 manat; 25.02.15-ci il tarixli SH 011814 akta görə 394,14 manat; xx.xx.2015-ci il tarixli NDM 549 saylı akta görə 298,32 manat, xx.xx.2021-ci il tarixli Rİ 230059 akta görə 79,19 manat. 2015-ci ilə qədər İddiaçı (abunə kodu: **********10001) borcu 663,87 manat təşkil edirdi. İddiaçı (abunə kodu: **********10001) hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbz təqdim edilmişdir. Həmin qəbzlərdə 2006-cı ildən 2024-cü ilə qədər hər ay ərzində istifadə olunmuş elektrik enerjisinin və aktlara görə hesablanmış məbləği ümumi borc kimi qeyd olunmuşdur. Lakin, iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə xx.xx.2024-cü il tarixdə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2024 saylı 26 noyabr 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Aydınbəyov küçəsindəki 1 saylı evin 1 nömrəli mənzili (**********10001 Abunə kodu) üzrə hesablanmış 1.672,99 manat (bir min altı yüz yetmiş iki manat doxsan doqquz qəpik) manat borcun silinməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli aktın iddiaçının iştirakı olmadan tərtib edilməsinin mümkünlüyü sayğacın evdən kənarda yerləşdiyini deməyə əsas verir. Qanunverciliyin tələbinə görə, evdən kənarda quraşdırılmış sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımır. Bundan başqa məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, həmin müvafiq videogörüntünün və aktın tərtib olunmasına iştirak edən şahidlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Beləliklə, həmin sözügedən akt əsasında sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə, aktda müəyyən edildiyi göstərilən qüsur əsasında İddiaçı məxsus abunə koduna 79,19 manat borcun yazılması məhkəmə tərəfindən əsassız hesab edilmişdir.

7. Həmçinin məhkəmə, abonent saldosunda öz əksini tapmış xx.xx.2013-cü il tarixli SH 006798 saylı akta görə 405.24 manat; 25.02.15-ci il tarixli SH 011814 nömrəli akta görə 394,14 manat; xx.xx.2015-ci il tarixli NDM 549 nömrəli akta görə 298,32 manat borclara və sərfiyyata görə hesablanması göstərilən məbləğlərə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəf 2007-ci ildən 2024-cü ilədək istifadə olunmuş elektrik enerjisinə və 2013 və 2015-ci illərdə tərtib olunmuş aktlara görə iddiaçıya 1.672,99 manat borc (2021-ci il tarixli akt üzrə hesablanmış məbləğ də daxil olmaqla) hesablanmasını bildirmiş, bu halda etirazının əsası olan həmin halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh işdə olan “abonent hərəkət cədvəli”ndə qeyd olunan borcların hansı əsasla yaranması, o cümlədən göstərilən aktlara görə yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

8. Məhkəmə iddiaçıya məxsus **********10001 nömrəli abunə koduna cavabdeh tərəfindən sözügedən aktlar əsasında hesablanmış 1.176,89 manat (79.19+405.24+394.14 +298.32) borcun və 2007-ci ildən istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış qalan 496.10 (1672,99-1176,89) manat borcun silinməsini məqsədəmüvafiq hesab etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 385.1, 442, 443.1, 550, 551.2.1 və 554.1-ci maddələrinə; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 3 və 13-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”n 1.2, 7.10, 7.11, 7.13, 8.17, 8.17-2, 9.1 və 9.10-cu bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4112/2024 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********10001) xx.xx.2024-cü il tarixdə istifadə olunmuş elektrik enerjisini və aktlara görə ümumi borcu 1.699 manat məbləğində hesablanmışdır. Həmin borc 2006-ci ildən 2024-cü ilə qədər yaranmışdır. 2015-ci il tarixə qədər İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin (abunə kodu: **********10001) istifadə olunmuş elektrik enerjisinin borcu 663,87 manat təşkil edirdi. 2013-cü ildən 2021-ci ilə qədər həmin abonenta müvafiq aktlar tərtib edilmişdir: xx.xx.2013-cü il tarixli SH 006798 saylı akta görə 405.24 manat ; 25.02.15-ci il tarixli SH 011814 akta görə 394,14 manat ; xx.xx.2015-ci il tarixli NDM 549 saylı akta görə 298,32 manat, xx.xx.2021-ci il tarixli Rİ 230059 saylı akta görə 79,19 manat. İddiaçı (abunə kodu: **********10001) hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbz təqdim edilmişdir və həmin qəbzlərdə hər ay ərzində isifadə olunmuş elektrik enerjisinin və aktlara görə hesablanmış məbləğ ümumi borc kimi qeyd olunmuşdur. İddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə xx.xx.2024-cü il tarixdə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş və istifadə olunmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə AR MPM-in qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasya şikayətini müdafiə edərək bildirmişdir ki, iş üzrə 4 akt vardır, 2015-ci ildə 2 akt, 2021-ci ildə də 2 akt olmuşdur. Aktlar üzrə 1176.89 manat edir. Sonuncu məhkəmədə baxılan işə invoys üzrə məbləğ dəyişmişdir. Bugünkü günə 1592 manat borc edir. İddiaçı tərəfdə smart sayğac quraşdırılmışdır, ödənişin 50 faizi borcdan silinir. İddia ilə məhkəməyə müraciət olunan zaman 1993 manat borc var idi, 1176 manat akt üzrə borc idi. Həmin akt borcları hazırda qalmışdır. Aylıq ödənişlər bazaya vurulur və ümumi hesabdan silinir. Məhkəmə işə baxan zaman borc 1672 manat idi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, əsassız işıqdan istifadə etməmişdir. Sayğac borcu ilə bağlı qeyd etmişdir ki, yaşlı adamdır, işləmir, xəstədir, pensiya da almadığı üçün yığılıb qalmışdır.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunması və iddia tələbinin tam rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

24. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. 1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun

27. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

28. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (aktların tərtib edildiyi tarixlərdə olan redaksiyada)

29. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

30. 7.10-ci bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.

31. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

32. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

33. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

34. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

38. Belə ki, işin birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarından göründüyü kimi "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda (abunə kodu- **********10001) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın ekranının oxunmadığı və s. aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2013-cü il tarixli SH 006798 saylı, 25.02.15-ci il tarixli SH 011814 saylı, xx.xx.2015-ci il tarixli NDM 549 saylı və xx.xx.2021-ci il tarixli R230059 saylı aktlar tərtib edilmiş və bu aktlara əsasən iddiaçıya 1.176,89 manat (405,24+394,14+298,32+79,19) əlavə ödəniş hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi məbləğin qalan hissəsi onun sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi borcdur.

39. Beləliklə də məhkəmə araşdırması zamanı düzgün olaraq müəyyən olunmuşdur ki, iddiaçıya aid ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki cavabdeh tərəfin zərərin baş verməsini, bunun iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin, habelə iddiaçının təqsirinin sübuta yetirə bilməməsi zərər vurmadan irəli gələn öhdəliklərin yaranmasına dair iddianın rədd edilməsini şərtləndirən hallardandır.

40. Məhkəmə kollegiyası sözügedən tələb üzrə müəyyən edilməli halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan ünvana dair tərtib edilmiş aktlara əsasən hesablanmış borcun silinməsi hissəsində qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Hazrkı iş üzrə müəyyən edilmiş digər hallardan isə görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğin qalan hissəsi onun sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi borcdur. Belə ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən cavabdeh elektrik enerjisinin istehlakına olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda elektrik enerjisi ilə təmin etməyi, iddiaçı isə enerjitəchizatı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

42. İddiaçı cavabdehin alqı-satqı müqaviləsi əsasında istehlakçılara enerjitəchizatı müəssisəsi vasitəsilə elektrik enerjisinin paylanılması ilə əlaqədar göstərdiyi xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda iddiaçı yaşadığı evdə elektrik enerjisinin verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcun iddia ərizəsində istinad etdiyi əsaslarla silinməsini tələb edə bilməz.

43. Belə ki, cavabdeh tərəfindən müvafiq xidmətlərin göstərilməsi iddiaçı-istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir.

44. Abonent saldosunun təhlilinə əsasən də müəyyən edilir ki, iddiaçıya-abonentə hesablanmış borc məbləğinin 1.176,89 manatı aktlar əsasında hesablanmış borc təşkil edir. İddiaçının abonent koduna hesablanmış qalan borc isə onun yaşadığı evdə elektrik enerjisinin verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcdur.

45. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti müəyyən etdiyi işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə iddiaçının istifadə etdiyi lakin ödəmədiyi elektrik enerjisinə görə cavabdeh-təşkilatın zərərə məruz qaldığını qəbul etmiş, buna baxmayaraq sonuncunun hazırkı vaxta qədər həmin borc məbləğini iddiaçıdan məhkəmə qaydasında tələb etmədiyinə istinadən iddianın bu hissədə təmin edilməsini məqsədə müvafiq saymışdır.

46. Halbuki öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kreditorun bu hüquqdan istifadə etməməsi və yaxud da gec istifadə etməsi onun bu tələb hüququnu aradan qaldırmır.

47. Belə olan halda da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2024 saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsi qismən - İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası “1.176,89 manat”, dəyişdirilmədən saxlanılmalı, qətnamə digər hissədə isə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia bu hissədə rədd edilməlidir.

48. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2024 saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsi qismən - “sərfiyyat borcunun silinməsi” hissəsində ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar