Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1934/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2015-ci il tarixli K\M-01 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında və xx xxxxxxx 2015-ci il tarixli K\M-02 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış kredit müqavilələri üzrə xx xxxxxxxx 2015-ci il tarixli xx xxxxxxxx 2012-ci il 02Xİ/12 nömrəli ipotekaya İM-01 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə və xx xxxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi 01 müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mallar (işlər və xidmətlər) üzrə satınalma 92/T-13 nömrəli müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində mini futbol meydançasının və idman zalının bir mərhələ üzrə tikinti işlərini yerinə yetirməyi “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəsinə götürmüş, həmin tikinti işlərinin aparılması üçün tərəflər arasında 1.555.000 (bir milyon beş yüz əlli beş min) manat məbləğində müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən ayrılmış pul vəsaitinin bir hissəsi “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilmişdir və həmin vəsait tikintiyə xərclənmişdir, vəsaitin digər hissəsi hələlik keçirilməmişdir. xx xxxxxxxx 2012-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətii arasında 90.000 (doxsan min) manat məbləğində kredit xəttinin açılması üçün 02X/12 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır. xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30.000 (otuz min) manat məbləğində kredit xəttinin açılması üçün 01X/13 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır. xx xxxx 2013- cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 85.000 (səksən beş min) manat məbləğində kredit xəttinin açılması üçün 03X/13 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır. xx xxxxxxxx 2013-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 200.000 (iki yüz min) manat məbləğində 01H/13 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilələr əsasında “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti əldə etdiyi vəsaitləri yuxarıda qeyd etdiyi tikintiyə xərcləmişdir. Eyni zamanda, müqavilələrə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə onlar tərəfindən ödənişlər edilmişdir. Bundan sonra təxminən 2015-ci ilin avqust ayında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd edilən müqavilələrə əsasən borcu tələb etmişdir. Lakin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tikinti üçün ayrılmış vəsaiti “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirmədiyindən qeyd edilən müqavilələr əsasında borcları “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəməyə imkanı olmamışdır. Buna görə də, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti həmin müqavilələr əsasında “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyi pul vəsaitini manatdan ABŞ dollarına çevirməsini tələb etmiş və demək olar ki, onları məcbur edərək xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 194.000 (bir yüz doxsan dörd min) ABŞ dolları məbləğində K\M-01 nömrəli və xx xxxxxxx 2015-ci il tarixdə 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində K\M-02 nömrəli kredit müqavilələri bağlanılmışdır. Qeyd edilməlidir ki, “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə guya cavabdeh tərəfindən verdiyi ABŞ dolları faktiki olaraq onlara verilməmişdir. Cavabdeh bank demək olar ki, onları ABŞ dolları olan kredit müqavilələri bağlamağa məcbur etmişdir və bununla da onları asılı və pis vəziyyətə salmışdır. Bundan sonra onların cavabdeh bank ilə məhkəmədə mülki mübahisələri olmuş, iddiaçılar “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti və xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)-3327/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı şəxslər tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət ilə müraciət edilmiş, qeyd edilən mülki iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə icraatına qəbul edilmiş və işin baxılması xx xxxx 2018-ci il tarixə təyin edilmişdir. Həmin iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxıldığı zaman tərəflərin arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda xx xxxxx 2018-ci il tarixli borcun ödənilməsinə dair barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin 384.000 (üç yüz səksən dörd min) manat pul vəsaitini Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə saziş bağlanılmışdır. Qeyd edilməlidir ki, göstərilən kredit müqavilələri üzrə tərəflər arasında ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair sonrakı ipoteka müqavilələri bağlanılmışdır. Lakin barışıq sazişi “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bank arasında imzalanmışdır, bundan ipoteka qoyanların hər hansı bir qaydada xəbərləri belə olmamışdır. Onlar həmin barışıq sazişini imzalamamışlar və həmin barışıq sazişində ipotekaya aid hər hansı bir mövqe bildirməmişlər. Bu isə onu göstərir ki, ipoteka qoyanların xəbəri olmadan müqavilənin mühüm şərtləri ilə bağlı razılıq əldə edilmiş, şərtlər dəyişdirilmiş və hətta müqavilə formasında rəsmiləşdirilmişdir. Hesab edirlər ki, bank tərəfindən kredit müqavilələrinin etibarsızlığı tələbi üzrə qaldırılan iddiaların nəticələri üzrə imzalanan barışıq sazişləri mühüm şərtlərin dəyişdirilməsi kimi qəbul edilməlidir və bu səbəbdən də bank ilə iddiaçı şəxslər arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Beləliklə, xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 194.000 (bir yüz doxsan dörd min) ABŞ dolları məbləğində K\M-01 nömrəli və xx xxxxxxx 2015-ci il tarixdə 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində K\M-02 nömrəli kredit müqavilələri üzrə ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair ipoteka müqavilələri etibarsız sayılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X5 şikayəti qəbul etmədiyini bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsnin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı2 məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialıborc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün borc alana illik 16% (on altı faiz) olmaqla 12 (on iki) ay müddətinə ilk 6 (altı) ay güzəşt müddəti olmaq şərtilə 194.000 (bir yüz doxsan dörd min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür (1.2-ci bənd). Bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği borc alanın dövriyyə vəsaitinin artırılması məqsədləri üçün nəzərdə tutulmuşdur (2.1-ci bənd). Borc alan müqavilə ilə ona ayrılmış krediti bu müqavilənin 2.1-ci bəndində göstərilmiş təyinat üzrə xərcləmədikdə və yaxud həmin kredit məbləğinin bir hissəsini təyinat üzrə xərdəmədikdə ona ayrılmış krediti vaxtından qabaq borc verənə qaytarmalıdır (2.2-ci bənd). Bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması xx xxxxxxxx 2012-ci il tarixli 02Xİ/12 nömrəli ipotekamüqaviləsinə İM-01 nömrəli əlavə ipoteka (girov) müqaviləsində göstərilən ipoteka (girov) predmeti ilə təmin olunur (3.1-ci bənd). İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-ipoteka saxlayan ilə İddiaçı1-ipoteka qoyan və “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli 02Xİ/12 nömrəli ipotekaya İM-01 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli əlavə ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli kredit müqaviləsinə əsasən veriləcək kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (2.1-ci bənd). İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-ipoteka saxlayan ilə İddiaçı1-ipoteka qoyan və “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli 02Xİ/12 nömrəli ipotekaya İM-01 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli əlavə ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli kredit müqaviləsinə əsasən veriləcək kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (2.1-ci bənd). İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün borc alana illik 16% (on altı faiz) olmaqla 12 (on iki) ay müddətinə ilk 6 (altı) ay güzəşt müddəti olmaq şərtilə 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür (1.2-ci bənd). Bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği borc alanın dövriyyə vəsaitinin artırılması məqsədləri üçün nəzərdə tutulmuşdur (2.1-ci bənd). Borc alan müqavilə ilə ona ayrılmış krediti bu müqavilənin 2.1-ci bəndində göstərilmiş təyinat üzrə xərcləmədikdə və yaxud həmin kredit məbləğinin bir hissəsini təyinat üzrə xərdəmədikdə ona ayrılmış krediti vaxtından qabaq borc verənə qaytarmalıdır (2.2-ci bənd). Bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması xx xxxxxxx 2015-ci il tarixli 01 nömrəli sonrakı ipoteka müqaviləsində göstərilən ipoteka (girov) predmeti ilə təmin olunur (3.1-ci bənd). İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-ipoteka saxlayan ilə İddiaçı2-ipoteka qoyan və “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 01 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli kredit müqaviləsinə əsasən veriləcək kreditin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (2.1-ci bənd). İş materillarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsinin məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçılar “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)- 3327/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsindən iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(102)-6291/2017 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)-3327/2017 nömrəli qətnaməsindən iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1, İddiaçı2 və onların vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx xxxxxx 2018-ci il tarixli qərardadının surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(102)-6291/2017 nömrəli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 verdikləri şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş və işin baxılması xx xxxx 2018-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti adından İddiaçı1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli borcun ödənilməsinə dair barışıq sazişinin surətindən və məzmunundan görünür ki, “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 647.465,25 (altı yüz qırx yeddi min dörd yüz altmış beş manat iyirmi beş qəpik) manat məbləğində kredit borcu vardır. X4 Cəmiyyəti və bank qarşılıqlı razılaşmaya əsasən göstərilən borcu silərək 384.000 (üç yüz səksən dörd min) manat məbləğində müəyyən edir. Banka olan 384.000 (üç yüz səksən dörd min) manat məbləğində ümumi borcundan borclu 70.000 (yetmiş min) manat məbləğində vəsaiti xx xxx 2018-ci il tarixinədək, yerdə qalan 314.000 (üç yüz qırx bir min) manat məbləği isə xx xxxxx 2019-cu il tarixədək tam şəkildə gecikdirməmək şərti ilə banka ödəməyi öhdəliyinə götürür. Öhdəlik tam icra edildikdən sonra həmin öhdəliklə bağlı olan ipoteka müqavilələri ləğv edilir (1.1-ci bənd). Eyni zamanda, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti gələcəkdə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərini tam yerinə yetirdiyi halda mövcud kredit müqavilələri üzrə bank tərəfindən məhkəmə instansiyalarında heç bir iddia tələbi irəli sürməyəcəyi və mövcud qətnamələr üzrə tələblərini icra mərhələsindən geri çəkəcəyi barədə öhdəlik götürür (1.2-ci bənd). Hazırki sazişlə öhdəlik götürmüş tərəflər, bu sazişin 1.1-ci və 1.2-ci bəndlərində qeyd edilmiş şərtlər üzrə öhdəliklərinin olmasını təsdiq edirlər və borcun icrasına dair öhdəlik götürürlər (2.2-ci bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 -ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1 -ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1 -ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 375-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ipoteka müqavilələrinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə münasibət bildirməsini nəzərə alaraq hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya şikayətində iddiaçıların nümayəndəsi və vəkili məhkəmənin iddia müddəti ilə bağlı mövqeyi ilə razılaşmadığını bildirsə də bu halı ümumiyyətlə əsaslandırmamış, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2020 nömrəli xx xxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1934/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1934/2021
17.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver