Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1934/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi, su borcunun orta aylıq hesabla ödənilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6967/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçının evinə smart tipli sayğac quraşdırılmışdır. Su sayğacı quruluş olaraq elektron və mexaniki hissələrdən ibarət olmuşdur. İddiaçının sayğacı ilə bağlı problem yaranmamışdan öncə ona aylıq sərfiyyatı ilə bağlı məlumat verilərkən Cavabdeh ASC-nin işçisi tərəfindən bildirilmişdir ki, sayğacında müəyyən problemlər mövcuddur. Belə ki, elektron hissə ilə mexaniki hissənin göstəriciləri arasında fərq vardır. Bu barədə məlumatı iddiaçı öz izahatında qeyd etmişdir. Daha sonra iddiaçı müəyyən müddət sayğacı bu şəkildə istifadə etdikdən sonra sayğacın elektron hissəsində problemlər yaranmış, elektron hissə sıradan çıxmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Xətai rayon üzrə idarəsinin, ünvan 1 ünvanında yerləşən, abonent kodu **********085 olan sayğaca görə yazılan 1.053,51 manat borcun tam olaraq silinməsi, yeni sayğac qoyulan tarixdən bu günə kimi istifadə olunan su borcunun orta aylıq hesabla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında abonent kodu **********085 olan sayğacla bağlı Xətai rayonu Cavabdeh idarəsi tərəfindən haqsız olaraq 1.018,51 manat borc ödənilməsi barədə çek təqdim edilmişdir. İddiaçının su sayğacı kart vasitəsilə istismar olunan sayğac olmuşdur. Təxminən 2 il bundan öncə iddiaçının müraciəti əsasında sayğacın kart hissəsində yaranan nasazlıqla bağlı Cavabdeh ASC-nin işçiləri tərəfindən yerində baxış keçirilmiş və sayğacın kart istifadə bölməsinin yararsız olması nəticəsində ləğv edilmiş, yalnız elektron formada işləyən hissəsi olduğu kimi saxlanılmışdır. Bundan sonra hər ay mütəmadi olaraq Cavabdeh ASC-nin işçisi sayğaca baxış keçirərək aylıq borcla bağlı qəbz təqdim etmək istəsə də, sistemdən çekin çıxmadığını bildirmişdir. Bir müddət sonra Cavabdeh ASC-nin Xətai rayon idarəsinə iddiaçı və həmin ünvanda yaşayan oğlu tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq problem aradan qaldırılmamış, sayğac yenisi ilə əvəz edilməmişdir. Təxminən 10 ay öncə Cavabdeh ASC-nin işçisi çek təqdim edərək bildirmişdir ki, iddiaçının 881.51 manat borcu vardır. Bundan sonra iddiaçının oğlu yenidən Cavabdeh ASC-nin Xətaidəki idarəsinə gedərək etirazını bildirmiş, lakin heç bir nəticə əldə etməmişdir. Daha sonra iddiaçı ərizə yazıb sayğacın dəyişdirilərək yenisi ilə əvəz edilməsi və köhnə sayğacın laboratoriyada yoxlanılaraq rəy verilməsi barədə rəsmi şəkil müraciət etmişdir. Ərizəni təqdim etdikləri gündən 1 gün sonra gəlib sayğacı dəyişmişlər və aktlaşdıraraq sayğacı laboratoriyaya verməyi üçün iddiaçıya təhvil vermişlər. Cavabdeh ASC-nin laboratoriyasına iddiaçının oğlu şəxsən sayğacı təhvil vermişdir. Bir neçə gündən sonra onlar sayğaca heç bir müdaxilə edilmədiyi barədə aktı Xətai rayon Azərsu idarəsindən əldə etmişlər. Hazırda bu günə yazılan ümumi borc məbləği 1053,51 manat təşkil edir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6967/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia rədd edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya yazılmış borc iddiaçının sayğac üzrə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsi nəticəsində yaranmış, lakin iddiaçı tərəfindən dəyəri ödənilməmiş borc məbləğidir. Bu hal abonent hesabat cədvəlində də öz təsdiqini tapmışdır. İddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan da göründüyü kimi, iddiaçı tərəfindən 2020-ci ildən etibarən borca görə heç bir ödəniş edilməmişdir. Odur ki, iddiaçıya yazılmış borc onun tərəfindən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətləri nəticəsində yazıldığından, həmin borcun silinməsi mümkün deyildir.
6. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”-na istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6967/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
“Su təchizatı və tullantı suları haqqında” qanun
18. 2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
19. 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir.
20. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
21. 31-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır“.
«Sudan istifadə qaydaları»
22. 1.6-cı bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
23. 1.7-ci bəndinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır.
24. 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
25. 2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
26. 6.4-cu bəndinə əsasən Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır.
27. 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. AR Mülki Prosessual Məcəlləsi
28. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir.
32. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, iddiaçıya məxsus ünvanda su sayğacı ilk dəfə xx.xx.2011-ci ildə quraşdırılmış, sonradan xx.xx.2012-cü il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir.
33. Həmin kartda olan göstəricilərdən müəyyən edilir ki, iddiaçının son 7 il ərzində illər üzrə su sərfiyyatı aşağıdakı kimi olmuşdur: 2015-ci ildə 44m3, 2016-cı ildə 60m3, 2017-ci ildə 72m3, 2018-ci ildə 74m3, 2019-cu ildə 58m3, 2020-ci ildə 27m3, 2021-ci ildə 1513m3.
34. İddiaçının 2019-cu ilə qədər istifadə etdiyi su və çirkab suyuna görə heş bir borcu olmamış, 2020-ci il üzrə isə cəmi 5,50 manat qalıq borcu olmuşdur.
35. Göründüyü kimi, iddiaçıya sudan istifadəyə və şirkab sularının axıdılmasına görə borc məbləği xx.xx.2010-cu il tarixdə onun yaşadığı ünvana yeni sayğac quraşdırıldıqdan sonra yaranmışdır.
36. İddiaçı həmin sayğacın yararsız vəziyyətdə olduğunu, bununla bağlı dəfələrlə şüfahi şəkildə Azərsu ASC-nin əməkdaşlarına müraciət etdiyini, lakin heç bir tədbir görülmədiyini, yalnız 2022-ci ilin may ayında onun yazılı müraciət etməsindən sonra sayğacı sökərək Azərsu ASC-nin laboratoriyasına aparıb yoxladıqlarını və sayğac tam yararsız olduğu üçün onu yenisi ilə əvəz etdiklərini bildirmişdir.
37. Göründüyü kimi, iddiaçıya məxsus ünvanda sudan istifadəyə görə 1053,51 manat borc məbləği yararsız vəziyyətdə olan sayğacın göstəricilərinə əsasən hesablanmışdır.
38. Cavabdeh təşkilatın nümayəndəsi bununla bağlı bildirmişdir ki, həmin sayğac həm, elektron, həm də mexaniki qaydada su sərfiyyatının hesabatını aparır və əgər, elektron ekranda hər hansı bir problem yaranarsa, yaxud yararsız hala düşırsə, sayğacın mexaniki qaydada çalışan hissəsi su sərfiyyatının hesablanmasını aparmaqıa davam edir.
39. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis kimi dəvət edilmiş Azərsu ASC-nin X7 İdarəsinin mütəxəssisi İlqar Kərimov da eyni məzmunlu izahat vermişdir.
40. Birinci instansiya məhkəməsi məhz həmin dəlillərə istinad edərək hesab etmişdir ki, sayğacın elektron hissəsi xarab olsa da, mexaniki hissəsi su sərfiyyatını qeydə aldığından, həmin sayğacın göstəriciləri əsasında qeydə alınmış sərfiyyat üzrə borcun hesablanması düzgün olmuşdur.
41. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
42. İş materiallarına əlavə edilmiş Azərsu ASC-nin X7 İdarəsinin “X3 Laboratoriyası”nın xx.xx.2022-ci il tarixli su sayğacının yoxlanılmasına dair rəyindən görünür ki, iddiaçıya məxsus ünvanda olan sayğac xx.xx.2022-ci ildə sökülərək laboratoriyada yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın kipliyə davamlılığı pozulmuşdur, elektron platosu işləmir, qapaqaltı platform hissəsi çatlaqdır, quru hesablama mexanizm hissəsinə su yığılmışdır, nisbi xətanın təyini üçün yaralı deyil. Həmin rəylə sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir.
43. Göründüyü kimi, iddiaçıya məxsus ünvanda quraşdırılmış su sayğacının yalnız elektron hissəsi deyil, bütünlükdə yararsız olmuşdur. O cümlədən, quru hesablama mexanizm hissəsinə su yığıldığı da müəyyən edilmişdir. Məhz bu səbəbdən də sayğacın istismara və təmirə tamamilə yararsız olması müəyən edilmişdir.
44. Belə olan halda, yararsız vəziyyətdə olan sayğacın mexaniki hissəsinin su sərfiyyatı ilə bağlı apardığı qeydiyyat düzgün hesab edilə bilməz.
45. Xüsusilə nəzərə alınmalıdır ki, nasaz sayğacın qeydə almış olduğu su sərfiyyatı iddiaçının əvvəlki illərdə və yeni sayğac quraşdırıldıqdan sonrakı müddətdəki sərfiyyatı ilə kəskin şəkildə fərqlənir.
46. Belə olduğu halda kollegiya hesab edir ki, iddiaçının sudan istifadə etməsi və çirkab sularını axıtması ilə bağlı hesabat «Sudan istifadə qaydaları»nın tələblərinə əsasən onun həmin müddətdən əvvəlki dövr üçün orta sərfiyyatına uyğun şəkildə aparılmalıə idi.
47. Belə ki, «Sudan istifadə qaydaları»nın 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
48. İddiaçı özü də buna etiraz etməmiş və onun borcunun qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən ediləcəyi təqdirdə, həmin borcu ödəməyə hazır olduğunu bildirmişdir.
49. Həmin qaydada (əvvəlki dövrün orta sərfiyyatı) aparılmış hesabatla müəyyən edilir ki, iddiaçının nasaz sayğacdan istifadə etdiyi müddət ərzində yaranmış borcu 128 manat təşkil etmişdir.
50. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının 2020-ci il üzün 5,50 manat qalıq borcu olmuş, habelə xx.xx.2022-ci ildə yeni sayğac quraşdırıldıqdan sonra (xx.xx.2022-ci il tarixədək) onun sudan istifadə etməsinə görə 77 manat borcu yaranmışdır.
51. Qeyd edilən məbləğləri nəzərə almaqla müəyyən edilir ki, iddiaçının sudan istifadəyə və çirkab suların axıdılmasına görə ümumi borcu 210,50 manat (128 + 77 + 5,50) təşkil etmişdir. Deməli, iddiaçıya hesablanmış borcun 843,01 hissəsi əsassız olmuşdur. Ona görə də, iddia tələbi 843,01 manat borcun silinməsi hissəsində əsaslı hesab edilməlidir.
52. Qeyd edilənləri nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olmuş, lakin işə baxmış birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, bu səbəbdən iddianın rədd edilməsinə dair səhv nəticəyə gəlmişdir.
53. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır (MPM-in 385.1.1 və 385.1.4-cü mad). Ona görə də qətnamə qismən ləğv olunmalı və iddia qismən təmin edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6967/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 1053.51 manat borcun məbləği azaldılaraq 210.50 manat (iki yüz on bir manat on doqquz qəpik) müəyyən edilsin. İddiaçıya əsassız hesablanmış 843,01 manat borc silinsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qətnamədən şikayət verilə bilməz.