Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1938/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(011)-7159/2021 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12.000 manat kompensasiya ödənilməklə hər iki cavabdehin iddiaçının şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 121 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(011)- 7159/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 12.000 manat kompensasiya ödənilməklə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin 121 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin 121 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(011)- 7159/2021 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7159/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(011)-7159/2021 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(011)- 7159/2021 saylı qərardadı ilə şikayət rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(011)-7159/2021 saylı qərardadı dəyişdirilmədən saxılanılmış, şikayətin mülki işlə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən apellyasiya şikayətlərinin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(011)-7159/2021 saylı qətnaməsindən cavabdehlər apellyasiya şikayətini kağız daşıyıcıda vermişlər və şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətində isə cavabdehlərin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktının nəticə hissəsi, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi apelyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş formaya və məzmuna uyğun şəkildə tərtib edilmədiyindən apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən apellyasiya şikayətlərinin verilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuş, lakin cavabdehlər tərəfindən həmin tələbə əməl edilməmişdir, digər tərəfdən apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş konrekt forma və məzmuna uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 361, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(011)- 7159/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1938/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1938/2022
25.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver