Məhkəmə qərarları › İş №2(103)-1939/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1939/2021

12.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1939/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X3, Bakı Şəhəri Cavabdeh4ə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə qarşı “mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” birgə iddia ərizələrinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 noyabr 2020-ci il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə birgə iddiaçılar iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, birgə mülkiyyət hüququ əsasında onlara məxsus olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 nömrəli mənzilə dair Cavabdeh1 ilə cavabdeh “xxxx” MMC arasında 15.10.2016-cı il tarixdə bağlanmış T42 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin bərpa edilməsi, hər ay üçün 300 manat məbləğində olmaqla, yeddi ay üçün 2.100 manat məbləğində kirayə cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili paylı mülkiyyət hüququ əsasında (cavabdeh) Cavabdeh1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı (1,5 kv.metr); (hazırki iş üzrə tərəf olmayan) X4 1 otaq; (hazırki iş qürə tərəf olmayan) X1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı (1,5 kv.metr) məxsus olmaqla, daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçılara məlum olmuşdur ki, 15.10.2016-cı il tarixdə cavabdehlə Cavabdeh1 ilə “xxxx” MMC arasında T42 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, “xxxx” MMC mübahisəli mənzilin yerləşdiyi binanı, binanın qəzalı, yaşayış üçün yararsız və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olması, yaşayış üçün yarasız vəziyyətdə olması səbəbindən sökməli və binanın yerləşdiyi sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, yeni binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29,9 kv.metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15- 25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.metr mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Eləcə də, həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən “mülkiyyətçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə almaq hüququ vardır”. Bundan əlavə, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək “xxxx” MMC-nin vəzifəsi olaraq müəyyən edilmişdir. Mübahisəli mənzil İddiaçı1 ilə Cavabdeh1 birgə nikahları dövründə əldə edilməyinə baxmayaraq, həmin müqavilə İddiaçı1 xəbəri və razılığı olmadan bağlanmışdır. Eləcə də, də digər iddiaçılar həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamalarına baxmayaraq, həmin müqavilə onların xəbəri və razılığı olmadan bağlanmışdır. Bundan əlavə iddiaçılara məlum olmuşdur ki, onlara məxsus olan mənzilə dair müqavilə “xxxx” MMC ilə bağlanmış olsa da, Cavabdeh3 MMC 01.05.2017-ci il tarixli, 181 nömrəli sərəncamı əldə etdikdən sonra 27.04.2017-ci il tarixli məktub ilə Nərimanov RİH başçısına müraciət etmiş və sərəncamı dəyişdirilərək Cavabdeh3 MMC-nin adına keçirilməsini xahiş etmişdir. Bu sərəncamda “xxxx” MMC-yə rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərti ilə sökülməsini və həmin binaların yerində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərəncamın Cavabdeh3 MMC-nin adına sənədləşdirilməsi üçün “xxxx” MMC-nin 25.04.2017-ci il tarixli, 78 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Həmin sərəncamla Nərimanov RİH başçısının 14.03.2016-cı il tarixli, 65 nömrəli sərəncamı qüvvəsindən düşmüş hesab edilmiş, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə həmin küçələrinin kəsişməsində 0,45 ha torpaq sahəsi Cavabdeh3 MMC-nin daimi istifadəsinə verilmişdir. Göründüyü kimi, qeyd edilən yerdə yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərti ilə sökülməsini və həmin binaların yerində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılması RİH-nin 14.03.2016-cı il tarixli, 65 nömrəli sərəncamına əsasən “xxxx” MMC-yə həvalə edilmişdir. Yuxarıda sadalanan xüsusatlardan göründüyü kimi, yuxarıda qeyd edilən 15.10.2016-cı il tarixli, T42 nömrəli müqavilə bağlanarkən iddiaçıların razılıqları alınmalı olduğu halda bu qaydaya əməl edilməmişdir. Göstərilənlərə əsasən iddiaçılar hesab edirlər ki, müqavilə etibarsız hesab edilməsi, mübahisəli mənzilin bərpa edilməli, hər ay üçün 300 manat məbləğində olmaqla, yeddi ay üçün 2.100 manat məbləğində kirayə cavabdehlərdən tutularaq onlara ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə İddiaçı1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddiaçılar tərəfindən birgə verilmiş iddia tələbi tam həcmdə təmin edilməsə də, iş üzrə digər iddiaçıl İddiaçı2 və İddiaçı3 qətnamədən apellyasiya şikayəti verməmişlər. İddiaçı V.Babayeva qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin digər iddiaçılara aid hissəsinin də ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, V.Babayevanın digər iddiaçıların adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər iddiaçıların nümayəndəsi deyil. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin digər iddiaçılara aid hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş Vİİ-JQ seriyalı 441418 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 ilə İddiaçı1 11.01.2002-ci il tarixdə nikah bağlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 nömrəli mənzili paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı (1,5 kv.metr); X4 1 otaq; X1 1 otaq (15 kv.metr), dəhliz (8 kv.metr), mətbəx (3 kv.metr) və sanitar qovşağı(1,5 kv.metr) məxsus olmaqla, daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 30.06.2012-ci il, 07.02.2012-ci il və 27.04.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2016-cı il tarixli, T42 nömrəli müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisni həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29,9 kv.metr mənzilin dövlət reyestrindən çıxarışında göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.metr mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “xxxx” MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2ci bənd). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat məbləğində kirayə almaq mülkiyyətçinin hüquq və vəzifəsi kimi qeyd edilmişdir (2.1.2-ci bənd). Bakı Şəhəri Nərimanov RİH başçısının 01.05.2017-ci il tarixli, 181 nömrəli sərəncamından görünür ki, Cavabdeh3 MMC 27.04.2017-ci il tarixli, 03 nömrəli məktubla RİH-nə müraciət edərək, RİH başçısının 14.03.2016-cı il tarixli, 65 nömrəli sərəncamının dəyişdirilərək Cavabdeh3 MMC-nin adına keçirilməsini xahiş etmişdir. Bu sərəncamda “xxxx” MMC-yə rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərəncamın Cavabdeh3 MMC-nin adına sənədləşdirilməsi üçün “xxxx” MMC, 25.04.2017-ci il tarixli, 76 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 66 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə Nərimanov RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, habelə Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq Nərimanov RİH başçısının 14.03.2016-cı il tarixli, 65 nömrəli sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, həmin küçələrinin kəsişməsində 0,45 ha torpaq sahəsi Cavabdeh3 MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. 37 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 08.05.2019-cu il tarixli, 050094 nömrəli arayışdan görünür ki, mübahisəli 8 nömrəli mənzildə 1974-cü il təvəllüdlü Cavabdeh1, 1950-ci il təvəllüdlü İddiaçı2, 1987-ci il təvəllüdlü İddiaçı3, 1978-ci il təvəllüdlü İddiaçı1, 2003-cü il təvəllüdlü X2 və 2006-cı il təvəllüdlü İddiaçı2 Ruhvan oğlu qeydiyyatdadırlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli qətnaməsindən (İş № 2(005)-3643/2019) görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər “xxxx” MMC və Bakı Şəhəri Nərimanov RİH-yə qarşı “evin bərpası, sərəncamın ləğv edilməsi, cavabdehin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması kimi hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.03.2020-ci il tarixli qətnaməsi (İş № 2(103)-2961/2020) ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.08.2020-ci il tarixli qərarı (İş № 2(102)-4190/2020) ilə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 nömrəli mənzilin 1 otağı (15 kv.metr) Cavabdeh1 məxsus olmuşdur (mülkiyyət hüququ 30.06.2012-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır). Cavabdeh1 “xxxx” MMC ilə bağlamış olduğu 15.10.2016-cı il tarixli, T42 nömrəli müqaviləyə əsasən həmin mənzil və mənzilin yerləşdiyi bina qəzəlı vəziyyətdə, yəni yaşayış üçün yarasız olduğundan MMC tərəfindən sökülməli, binanın yerində tikiləcək yeni yaşayış binasından 1 otaqlı, sahəsi 29,9 kv.metr olan mənzil dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.metr mənzil Cavabdeh1 mülkiyyətinə verilməlidir. Mübahisəli yaşayış binsasının sökülməsi mübahisə doğurmur. İddiaçı V.Babayeva, onunla Cavabdeh1 arasında 11.01.2002-ci il tarixdə nikah bağlanmasını, bununla da mübahisəli əmlakın onların birgə əmlakı olmasına istinad edərək Cavabdeh1 ilə “xxxx” MMC arasında 15.10.2016-cı il tarixdə müqavilə bağlanan zaman onun da, razılığının alınmalı olduğunu, lakin buna əməl edilmədiyinə əsaslanaraq müqavilənin etibarsızlığını tələb edir. Mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, birincisi- qəzalı vəziyyətdə olan binanın digər sakinlər ilə də, cavabdeh MMC arasında oxşar məzmunlu müqavilələr bağlanmışdır; ikincisi - iddiaçı V.Babayeva mübahisələndirilən müqavilənin tərəfi olan Cavabdeh1 arvadıdır və hazırki iş üzrə onlar arasında nikahın ləğvi və ya ailə münasinbətlərinin pozulması barədə heç bir məlumat mövcud deyil. Belə olan halda inandırıcı deyil ki, V.Babayevanın mübahisəli əmlaka dair bağlanmış müqavilədən nə Cavabdeh1, nə də ki, binanın digər sakinlərindən məlumat almamış olsun. Belə olan halda hesab edilir ki, mübahisəli əmlaka müqavilə bağlanılan zaman V.Babayevanın razılığının alınmalı olmasına və bu qaydaya riayət edilməməsinə baxmayaraq, V.Babayeva müqavilədən məlumatlı olmuş və o, müqaviləni sonradan bəyənmişdir. Bunla da, o, müqaviləni mübahisələndirmək üçün subyektiv hüququnu itirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı V.Babayeva tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür və müqavilənin etibarsız hesab edilməsi bu baxımdan da qeyri-mümkündür. Belə ki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi hazırki iddianın irəli sürülməsi üçün qanunvericilikdə 1 illik kəsici müddət nəzərdə tutulmuşdur. Cavabdeh1 ilə “xxxx” MMC arasında yuxarıda qeyd edilən müqavilənin 15.10.2016-cı il tarixdə bağlanması və V.Babayevanın 20.02.2020-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etməsi nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi V.Babayevanın iddia tələbini yuxarıda qeyd edilən əsaslar ilə təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar