Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1939/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə İş № 2(103)-1939/2023 (Açar sözlər: artıq ödənilmiş pul məbləğinin geri qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3508/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materilları ilə müəyyən edilir ki, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixi müqavilədən görünür ki, «Azərqaz” istehsalat Birliyi İddiaçı qazla təmin etməyi, İddiaçı isə istifadə etdiyi qazın əvəzini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı abonent saldosundan görünür ki, 2022ci il yanvar ayı üçün -551,36 manat borcu vardır. Yəni avans olaraq hesabda 551,36 manat pul vardır. xx.xx.2022-ci il tarixli azəriqaz bildirişindən görünür ki, İddiaçı balansında 567.6 manat pul vardır. X2 çıxarışdan kimi 2012-ci ilin dekabr ayından 2016-cı il iyun ayına qədər həmin ödənişlər təyinatı üzrə yalnız qazdan istifadə üçün ödənişlər edilmişdir. Həmin ödənişlərin 2012-ci ilin noyabr ayında İddiaçı 5 manat ödədiyi, qalan məbləğin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənildiyi, xx.xx.2022-ci il tarixə 567.6 manat balansın olduğu görünür. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, İddiaçı aylıq qaz sərfiyyatının çox az olması səbəbindən onun qaz sayğacı hesanına artıq ödənilmiş 500 manat pulun çıxarılaraq şəxsi hesabına köçürülməsini xahiş etmişdir. Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, İddiaçı ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Regional Qazın Satışı Departamentinə göndərilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, İddiaçı ərizəsində qeyd etdiyi pul məbləğinin istehlakçı hesabından çıxarılması mümkün deyil.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sayğacı üzrə xx.xx.2022-ci il tarixə İddiaçı hesabında olan artıq ödənilmiş 500 manat vəsaitin hesabdan çıxarılaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şuşa rayonu, Malıbəyli kəndi qeydiyyatında olmaqla, məlum hadisələrlə əlaqədar hal-hazırda ünvan 2 ünvanda fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır. Qeyd edilən ünvanda qaz sayğacı quraşdırılmış, mütəmadi olaraq qazdan istifadə edilmiş və nəticədə, istifadə olunmuş qazın dəyəri İddiaçı tərəfindən vaxtında ödənilmişdir. Son dövrlərdə yenilənmə işləri ilə əlaqədar olaraq, İddiaçı sayğac da yenilənərək müasir tipli kartla idarə olunan sayğac quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra İddiaçı tərəfındən hər ay müəyyən məbləğdə vəsait kart hesabına daxil edilmişdir. Nəticədə, bu günkü günədək İddiaçı tərəfindən qaz sayğacının müvafiq hesabına ümumilikdə 567 manat məbləğində vəsait daxil edilmişdir. İddiaçı aylıq qaz sərfiyyatı çox az olduğundan, sərfıyyatla daxil edilmiş məbləğ arasında böyük məbləğdə vəsait artıq olaraq İddiaçı tərəfindən ödənilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3508/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2ci bəndinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilsin. xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
11. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən məcburi köçkünlərə mənzilkommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.
12. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5799/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur.Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
24. Mülki işin materiallarından müəyyən olunur ki, İddiaçı “Azərqaz” istehsalat Birliyi ilə qazdan istifadəyə dair müqavilə bağlamışdır. 2016-cı ilə kimi 5676 m3 olmaqla 567,6 manat məbləğində istifadə edilməmiş qaz qalmışdır. Həmin ödəniş tapşırığından göründüyü kimi 2012-ci ilin dekabr ayından 2016-cı il iyun ayına qədər həmin ödənişlər təyinatı üzrə yalnız qazdan istifadə üçün dövlət tərəfindən ödənilmişdir (karta yüklənmişdir). Həmin ödənişlərin yalnız 2012-ci ilin noyabr ayında 5 manat iddiaçının özü tərəfindən edilmişdir. Qalan hissəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya edilən kommunal istifadə haqqını tələb edir.
25. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən ona verilməsini tələb etdiyi pul məbləği iddiaçının abonent hesabına qaz sərfi üçün köçürülmüş və yalnız kommunal xərclər üçün nəzərdə tutulmuşdur və həmin məbləğin başqa məqsədlər üçün tələb edilməsi qanunsuzdur.
26. Belə ki, yuxarıda qeyd edilən aktlardan müəyyən olunur ki, İddiaçı qazdan istifadə üçün onun abonent hesabına dövlət tərəfindən pul məbləğləri köçürülmüşdür. Yəni ödənişlər həmin aktların icrası ilə bağlı edilmişdir. Qeyd edilən aktlardan görünür ki, həmin aktlar məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq ödənilməsi qaydalarını müəyyən edir. Yəni bu ödənişlərin təyinatı həmin şəxslərin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər təşkil edir. Bu ödənişlərin aktda nəzərdə tutulmayan təyinatlar üzrə istifadəsi qanunaziddir.
27. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
29. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3508/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.